Dinlərarası
dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa
doğru
Dinə
bəşəri, tolerant və dünyəvi münasibət
baxımından Azərbaycan heç bir ölkə ilə
müqayisə oluna bilməz. Çünki Azərbaycanın
milli, dini və coğrafi xüsusiyyətlərindən irəli
gələn tolerantlıq keyfiyyəti artıq
xalqımızın genefondunda özünə yer tapıb. Deməli,
tolerantlıq ənənələrinin inkişafına görə
müsbət mənada fərqlənən cəmiyyətlərdə
və ölkələrdə dinlərarası dialoq və əməkdaşlığın
səviyyəsi digər ölkələrdən daha yüksəkdir.
Ona görə də, bu sahədə nümunəvi sayılan
cəmiyyətlərin təcrübəsindən həm yerli,
həm də regional və beynəlxalq səviyyədə
istifadə etmək yalnız işin xeyrinə ola bilər.
Nümunəvi ölkələrin seçilməsinə gəlincə, təbii ki, bunun konkret meyarlarını müəyyənləşdirmək çətindir. Amma hansı ölkələrin təcrübəsinin nümunəvi olduğunu müəyyən etmək üçün xüsusi proseduraya da ehtiyac yoxdur. Ona görə ki, müasir dünyada hansı ölkələrdə zəngin və qədim tolerantlıq ənənələrinin olduğunu, demək olar ki, beynəlxalq aləm çox gözəl bilir. Məsələn, böyük tarixi dövr ərzində tolerantlığın xalqımızın xarakterik keyfiyyətinə çevrilməsi, ölkəmizin bölgədə dinlərin bir-biri ilə mehriban yaşadığı unikal məkan olması və bu sahədə Azərbaycanın təcrübəsinin dünya miqyasında öyrənilməsinin və tətbiq edilməsinin zəruriliyi beynəlxalq təşkilatlar, nüfuzlu din xadimləri və diplomatlar səviyyəsində etiraf olunan həqiqətdir. Hətta bu təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində konkret təkliflər verən və gərəkli addımlar atan beynəlxalq qurumlar və tanınmış din xadimləri də var. Bu işlərin nəticəsidir ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə, İslamın aparıcı din olmasına baxmayaraq, digər dinlərin mənsublarına da bərabər şərait yaradıldığını, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün bütün lazımi tədbirlərin görüldüyünü dünya ictimaiyyəti çox gözəl bilir.
Qafqazda sülhün yaranması və qorunması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirən Azərbaycanda mövcud dinlər, məzhəb və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək burada dini zəmində hər hansı münaqişə baş verməyib. Bu gün Azərbaycan dindarları din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər.
Təbii ki, bu sahədə yalnız Azərbaycanın təcrübəsinin öyrənilməsi və tətbiq olunması fikrini irəli sürmək doğru deyil. Çünki zəngin tolerantlıq ənənələrinə malik ölkələr var və onların da təcrübəsindən istifadə olunmalıdır. Hətta bu ölkələr də bir-birilərinin təcrübəsindən yararlana bilərlər.
Müxtəlif ölkələrin tolerantlıq təcrübəsindən istifadə edilməsində beynəlxalq təşkilatlar daha maraqlı olmalıdırlar. Ona görə ki, bu məsələdə onların üzərinə daha böyük məsuliyyət düşür. Son illər beynəlxalq təşkilatların dinlərarası dialoq və əməkdaşlıqla bağlı məsələlərə diqqəti artırması müşahidə olunur. Sevindirici haldır ki, bu sahə bir neçə regional və beynəlxalq qurumun fəaliyyətində prioritet istiqamətlərdən birinə çevrilib. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı – BMT “Sivilizasiyaların Alyansı” təşəbbüsü ilə çıxış edib və bu mötəbər qurumun Baş katibi yanında dinlərarası dialoq üzrə məşvərət şurasının yaradılması ideyası meydana gəlib.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Türkiyə və İspaniyanın təşəbbüsü ilə yaranmış “Sivilizasiyaların Alyansı” ideyasını ilk gündən dəstəkləmiş, onun reallaşmasına çalışmış və bu istiqamətdə həyata keçirilən tədbirlərdə aktiv iştirak etmişdir.
Hələ də dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanların olduğu dövrdə beynəlxalq qurumların bu cür təşəbbüslərlə çıxış etməsi, eləcə də konkret addımlar atılması dinlərarası dialoqun və əməkdaşlığın reallaşacağına olan ümidləri daha da artırır.
Lakin beynəlxalq təşkilatlar təkcə təşəbbüslə çıxış etməməli, eyni zamanda dinlər və sivilizasiyalararası əməkdaşlığa mane olan halların aradan qaldırılması, xüsusilə münaqişələrin həll edilməsi istiqamətində ciddi səylər göstərməlidirlər.
Örnək kimi qeyd edək ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlaması, nəticədə bir miliyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır. Ona görə də, bu məsələ təkcə Azərbaycanı yox, inkişaf etmiş demokratik dövlətləri, dünya ictimaiyyətini, xüsusilə də beynəlxalq təşkilatları yaxından düşündürməli və təxirəsalınmaz tədbirlər görülməlidir.
Din xadimlərinin və ictimai təşkilatların imkanlarının səfərbər olunması. Digər insanlarla müqayisədə bəşəriyyətin və yaşadıqları cəmiyyətin taleyüklü məsələlərinin həllində, o cümlədən dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda onların arxasınca gedən yüzlərlə, minlərlə, hətta milyonlarla möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.
Tarix boyu mütərəqqi ruhanilər cəmiyyətdə lokomotiv rolunu oynayan ziyalılarla birgə üzərlərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmiş, taleyüklü məsələlərin həllində yaxından və aktiv iştirak etmişlər. Deməli, dinlərarası dialoqun və əməkdaşlığın baş tutmasında və daha da möhkəmləndirilməsində fəal iştirak etmək din xadimlərinin tarixi missiyalarından irəli gələn müqəddəs vəzifələridir.
Bu gün hansı dinə mənsubluğundan asılı olmayaraq, bütün ruhanilər, xüsusilə nüfuzlu din xadimləri geniş təbliğat imkanına, daha konkret desək, milyonlarla insan üçün əlçatmaz sayılan dini tribunaya – ibadət evlərində söz kürsüsünə malikdirlər. Bəzən ən ali kürsülərdən səslənən fikirlər və edilən çağırışlar kifayət qədər effektli olmur, hətta bir çox hallarda etinasız və qeyri-ciddi qəbul edilir. Lakin möminlər ibadət ocağında söylənilən fikirlərə nəinki ciddi yanaşır, hətta bu fikirlərə dəqiq və səhvsiz əməl etməyə çalışırlar. Bu baxımdan din xadiminin dialoqla bağlı həm mövqeyi, həm də fikirləri doğru və mənalı olmalı, bəşəriyyətin və cəmiyyətin maraqları nəzərə alınmalıdır ki, dindar insanlar yanlış yola yönəlməsinlər, dini ayrı-seçkliyə, ədavətə yol verməsinlər.
Dinlərarası dialoqda iştirak etmək, ona dəstək vermək hər kəsin insanlıq borcudur. Lakin bu, dindar və din xadimi üçün həm insanlıq, həm də mənəvi borc deməkdir. Çünki din xadimi bu prosesə qoşulmaq və dəstəkləməklə həm insanlıq, həm də dini borcunu yerinə yetirmiş olur. Bu baxımdan ruhanilərin cəmiyyətin önəmli təbəqələrindən biri kimi bu prosesdə daha aktiv iştirak etmələri zəruri və təbii haldır.
Digər sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan və onun dini rəhbəri
xüsusilə fərqlənir. Ölkəmizdə
tolerantlıq, dini dözümlük
ənənələrinin qorunub
saxlanılmasında, müxtəlif dini
konfessiyaların nümayəndələri arasında
qarşılıqlı etimad və
hörmət hissinin möhkəmlənməsində
böyük beynəlxalq nüfuz
sahibi olan Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür
Paşazadə həzrətlərinin xüsusi
xidmətləri var. Möhtərəm
Şeyxülislam həzrətlərinin bu istiqamətdə apardığı və Azərbaycan
dövləti tərəfindən həmişə yüksək
qiymətləndirilən, eləcə də dəstəklənən
işlərin miqyası ölkəmizin hüdudlarını çoxdan aşıb.
(Ardı var)
525-ci qəzet.- 2013.- 9 yanvar.- S.6.