Dənizə fırladılan daş
ETİMAD BAŞKEÇİDİN
“MİN YOL MƏNƏ SÖYLƏR...” ROMANINI OXUYARKƏN...
Çağdaş
Azərbaycan ədəbiyyatında öz yerini bəlirləmiş
şair və nasir Etimad Başkeçidin “Min yol mənə
söylər...” romanını bu günlərdə əldə
etdim. “Kitab sobası”ndan təzəcə
çıxarılmış bu romanı elə isti-isti
beynimin mədəsinə ötürməkdən
özümü saxlaya bilmədim. Çünki əvvəllər
müəllifin “Veyil dərəsi”, “Velosiped” və
“Tüklücə” hekayələrini maraqla oxumuşdum. “Min
yol mənə söylər...” romanının
başının üstünə fəlsəfədən
çətir tutulduğu elə başlanğıcdan diqqəti
çəkir. Əsəri oxuduqca F.M.Dostoyevskinin tərzi,
C.D.Selincerin üslubu gözlərim önündə
canlandı. Bir anlığa kitabın üz
qabığına yenidən nəzər saldım. Burada durna
ilə kobranın çəkişməsini təsvir edən
rəsm kitabın “Kəlilə və Dimnə” ilə ruh
qardaşı olduğundan xəbər verirdi. Etimadın bir
nasir kimi üstün cəhətlərindən biri,
insanların duyğularına bağlı əlamətlərin
onun üz-gözündə yaratdığı cizgilərlə
kiçik və ya böyük təbiət hadisələrini
məharətlə müqayisə edə bilməsindədir.
Buna misal kimi əsərdəki fraqmentlərdən birinə nəzər
salmaqla vaqonda bələdçi ilə müəllifin
atasının qarşıdurmasını xatırlamaq olar:
“Atamın üzü bir anlığa, tək bircə
anlığa dəyişdi və yenidən öz əvvəlki
halını aldı. Sanki avaranın birisi sakit havada dənizə
daş fırlatdı, amma suyun üzünün
qırışmağı ilə açılmağı bir
oldu”. Başqa bir yerdə isə bunun əksinə olaraq insan
amilinə aid olan xüsusiyyətləri təbiətin
saçlarına əlvan çiçəklər kimi
düzür: “Kəpənəkçi Qazaxdan Başkeçidəcən
uzanan ana yolun yaxasına düymələnib
düzülmüş kəndlərdən biridir.” Bu cümlələr
oxucunun qarşısına öz toyuna şövqlə bəzənmiş
gəlin kimi çıxır. Və bəri başdan deyim ki,
Etimadın təzəcə işıq üzü
görmüş bu əsəri sözün əsl mənasında
çağdaş ədəbiyyat dənizinə
fırladılan daş kimi oldu.
Etimad
roman vasitəsilə müdrikliyinin qapılarını
oxucunun qarşısında taybatay açır, yaxud da hikmət
xəzinəsini sərgiyə çevirir. Müəllifin
atasının dililə vaqon bələdçisinə dediyi
sözlər buna bir nümunə ola bilər: “deməli,
adamı döyməklə adam eləmək mümkün deyil!”.
Müəllif əsər boyu arxasını Dao nəzəriyyəsinə
söykəyir və bu vəziyyətdə özü adı
çəkilən nəzəriyyənin təsadüfən
tapılmış növbəti dəfinəsi kimi oxucunu
heyran qoyur: “Bəli, böyük Dao hər şeyi öz
kamına çəkir, hər şeyi udur və həzm edir.
Çünki dünyada dayanıqlı və hürr ola biləcək
heç nə yoxdur. Sənin əqli yetənəklərin,
heç olmasa öz şüurunda hər şeyi yerbəyer
eləmək cəhdlərin də o cümlədən.” Dediklərimizin
davamı olaraq, müəllif atasının timsalında əxlaq
etalonu, tərbiyə mücəssəməsi, məsuliyyət
dərəcəsi yaratmışdır: “O, hətta bir dəfə
sinifdə, yazı masasının arxasındaca
yuxulamışdı və bundan sonra düz otuz il müəllimi
olduğu məktəbdə sinfə girməyi özünə
ar bilirdi.”
Etimad
bəzən gerçəkliyi elə yumor hissləri ilə
dilə gətirir, onu zarafatın, gülməcənin
içindəcə oxucuya ustalıqla ötürür. Buna
misal olaraq atasının Gertsenin qranitdən yonulmuş heykəlinə
baxaraq dediyini xatırlamaq kifayətdir: “Adamı
malından-mülkündən eləyirlər, sonra da
özünə heykəl qoyurlar, yaxşı işdi vallah!”.
Müəllif həmin ardıcıllıqla bəhs etdiyi
dövrün tənqidi məqamlarını da boşa
buraxmır: “Bakıda ali məktəbə girmək
üçün ya gərək vunderkind olasan, ya da müəllim
“qa” deyəndə ona ət, “qu” deyəndə isə su vermək
imkanın ola.”
Etimad
Başkeçid “Min yol mənə söylər...”
romanının ayrı-ayrı fabulalarında oxucunu hikmətlə
doyurmağa çalışır. Belə hissələrdən
birində həyatda hər bir şeyin zəncirvari
bağlılığını göz önünə gətirərək,
bir işgəncənin hansısa bir çirkinliyə görə
törədiyini, yaxud da əzabın mənəvi
çirkabla düz mütanisib olduğunu izah etməyə
çalışır. Bu minvalla o, itin dar qəfəsdə
aqressiv böyüdülməsinin səbəbini
oğurluğun mövcudluğu ilə bağlayır. Həmin
epizodda Qarapet adlı it oğruya belə deyir: “Sən
olmasaydın, çox güman, məni aylarla paslı ləyənin
altında saxlamazdılar.”
Etimad
bu əsərində bəzən faciəli epizodlara
ustalıqla məzhəkəli hadisələr qataraq onu daha
maraqlı etməyi bacarıb, necə deyərlər oxucunun
bir gözünü ağladıb, o birini güldürməkdə
həm də mahir aktyorluq edib. Əsərdə ermənilərin
Şuşanın işğalını bayram etmələrini
təsvir edən müəllif belə bir səhnə
yaradır: “Onların şövqlü
çığırtılarına heç bir reaksiya vermədiyimi
görən ermənilər duruxdular. Onlardan biri bir addım
dala qoyub üzümə zilləndi:
– Erməni
deyilsən?
–
Yox, Allah eləməsin! Mən türkəm!”
Bundan
sonra, əsərin qəhrəmanı olan müəllif
mübahisə zəminində canfəşanlıq edərək
Puşkinin ermənilər barədə dediyi məşhur ifadələri
də dilinə gətirərək, canının
ayışığını çıxartmağa
çalışsa da, təbii ki, bu, düşmənlər tərəfindən
qəzəblə qarşılanır və onu nə ki var əzişdirirlər.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu
epizodun bədii təfəkkür məhsulu və ya gerçəklik
olmasından asılı olmayaraq, insidentin Etimad tərəfdən
başqa cür cərəyan etməsi heç cürə
mümkün də deyildi. Çünki müəllifin
doğulduğu Borçalı torpağında bir donuzun, bir də
erməninin adı çəkilməzdən əvvəl
“haşa hörmətdən” və ya “iraq üzündən”
ifadələri hər zaman dilə gətirilir.
Bu
danışdığımız həmin fabulanın dramatik
hissəsidir, onun komedik hissəsinə gəldikdə isə,
müəllif işgəncədən sonra özünə gəldikdə
instituta yollanır. Yol uzunu stressdən azad olmaq
üçün onun içindən nərə çəkmək,
var gücü ilə qışqırmaq, səsi batana kimi
bağırmaq istəyi keçir. Elə bu fikirlə də
institutun qarovulçusuna yaxınlaşaraq, ona bir manat verib
otaqdan çıxmasını xahiş edir. Bundan sonra üzüqoylu
çarpayıya uzanıb, ağzını balışa dirəyərək
səsi gəldikcə bağırıb özünü
boşaltmağa, hikkəsini yox etməyə
çalışır. Sonda isə hələ bir
qarovulçuya gələcək planlarından da
danışır: “Bilirsən, Kostya dayı, mən
haçansa böyük adam olsam, şəhərlərdə
bağırmaq üçün xüsusi yerlər
ayıracağam. Təbii ehtiyaclarını ödəmək
üçün tualetlər varmı? Var! Bəs
bağırmaq üçün niyə olmasın? Hə, niyə
olmasın?”. Bu ifadələr göstərir ki,
bağırmaqla nə qədər özünü boşaltsa
da intiqam hissi onu tərk edə bilməyib...
Buna
oxşar daha bir lətifəvari misal isə başqa bir fabulada
dostu Xıdır İlyaslının avtomobilində gedərkən
baş verir. SSRİ-nin dağılması və Moskvada xaotik
bir həyatın başlanmasına rəğmən
keşişin yaxasından asılmış plakatda “Sizin
hamınız uçuruma yuvarlanırsınız!”
şüarını oxuduqdan dərhal sonra Xıdır
ehtiyatsızlıq edərək avtomobilini yolun ortasında
peyda olan beton maneəyə çırpır.
Sürücü hadisəylə bağlı yolu təmir edən
fəhlələrlə mübahisəyə girişib
onları suçlamağa çalışsa da, fəhlələr
əks hücuma keçərək
ehtiyatsızlığına görə Xıdırın
özünü günahlandırırlar. Çarəsiz qalan
Xıdır, – yaxşı, yaxşı! Bilirsiniz nə var?
Burada günahkar bir nəfərdir, o da o keşişdir, –
deyir. Sonra da, – əgər müqəddəs ata
“Hamınız uçuruma yuvarlanırsınız” əvəzinə
“Qarşıda beton maneə var” deyə xəbərdarlıq
etsəydi, burada heç bir qəza-filan olmazdı, – deyə əlavə
edir.
Əsərin
qəhrəmanı – müəllifin ayıltma məntəqəsində
tanış olduğu Yura ilə olan söhbətləri də
son dərəcə maraqlı və
düşündürücüdür. Burada insan və həyat
fəlsəfəsi Etimadın öz dərrakəsindən
süzülür, onun öz dilindən eşidilir. Təbii
ki, Platon, Aristotel, Sokrat, Abdullah İbn Sina, Əbu Nəsr Əl-Fərabi
və s. kimi filosofların fikirləri, xristian panteizmi, Əndəlüslü
Mühyiddin İbn Ərəbinin vəhdəti-vücud fəlsəfəsi
Etimad Başkeçidə təsirsiz ötüşməmişdir.
Bundan başqa, Etimadın dünya ədəbiyyatına
yaxşı bələd olduğunu onu tanıyan hər kəs
çox gözəl bilir. Bütün bunların nəticəsidir
ki, “Min yol mənə söylər...” romanı son dövr
yazılmış əsərlərin içində ən
mükəmməllərin sırasında görünür.
Elə
bu münasibətlə dostum-qardaşım Etimad
Başkeçidi canu-könüldən təbrik edirəm.
Elbəyi Cəlaloğlu
525-ci qəzet.- 2013.- 9 yanvar.- S.8.