Tiflis arxivlərində olan tarixi sənədlərimiz çox həqiqətlərdən xəbər verir                        

 

1936-cı ildən sonra “Tbilisi” adlanan qədim Tiflis şəhəri Qafqazın ən gözəl və unikal şəhərlərindən biridir. VI əsrdən etibarən gürcü çarları özlərinin siyasi mərkəzlərini qədim Msxetadan Tiflisə köçürmüşlər. Və Tiflis VI yüzillikdən bu günədək böyük tarixi yol keçmişdir. Gürcüstan tarixinin səhifələrini vərəqləsək, görərik ki, 1801-ci ildən başlayaraq çar Rusiyası Gürcüstanı və bütövlükdə Qafqazı (şimallı və cənublu) öz idarəçiliyinə tabe etdirib. Həmin vaxtdan Tiflis Qafqazın inzibati mərkəzinə və Rusiya imperiyasının Yaxın Şərq üçün hərbi bazasına çevrilmişdir.

Gürcü milləti öz aralarında bir-biri ilə qohum olan tayfalardan yaranmışdır. Onlardan əsasları kartlar, meqrel-çanlar (lazlar) və svanlardır. Kartlara aid olan tirələr aşağıdakılardır: kartlinlər, kaxetinlər, imeretinlər, quriyalılar, acarlar, xevsurlar, pşavlar, moxevilər, mtiulilər, raçinlər. Gürcülər özlərini bunların içərisindəki ən böyük tirənin adı ilə “Kartveli” adlandırırlar. Gürcüstana isə “Sakartvelo” (“gürcülər yaşayan ölkə”) deyirlər. Qədim Roma mənbələrində “İberiya”, rus mənbələrində isə “İveriya” kimi yazılan Gürcüstan 1991-ci ildən “Georgiya” adlanmaqdadır. Tiflis isə yenə də Gürcüstanın paytaxtıdır.

Hər dəfə Tiflisə yolum düşəndə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gedirəm. Buradakı skamyalardan birində əyləşirəm və axtarış planlarını dəftərçəmə qeyd edirəm. Onu da deyim ki, tarixi sənəd axtarışlarına gedən ərəfədə ümummilli liderimizin məruzələrini, müsahibələrini diqqətlə oxuyuram, hətta onun haqqında yazılan kitabları da: xüsusilə ukraynalı yazıçı N.Zençenkonun “Ziqzaq sudbı” (“Taleyin dolanbaclarında”) kitabını. Bu, məni axtarışlara hazırlayır.

Tiflisin XVII əsrdən üzübəri “Seyidabad” adlanan məhəlləsindən üzüyuxarı – “Azadlıq” meydanına doğru gedirəm. Tiflisdə çox olduğumdan bu yerlər mənə yaxşı tanışdır. Vaxtanq Qorqasali adına meydandan Koto Abxazi küçəsi başlayır. Yəhudilərin Sinaqoqu, gürcülərin Cvaris Maması, yəhudi tarixi muzeyi və bir az aralıda, küçənin sağında bir vaxtlar Qafqaz Şeyxülislamının oturduğu əzəmətli bina burada yerləşir. Çox təəssüf ki, bələdçi kitablarında Qafqaz Şeyxülislamının bu əzəmətli idarəsini qeyd etməyi “unudublar”. Elə azərbaycanlıların da çoxu unudub. Bu fikirlərlə “Azadlıq” meydanına çatıram.

Tarixin dolanbac yollarında bir az dərinliyə enək. Orta əsrlərdə bu meydan “Karvansara”, XIX yüzillikdə “Qafqazın fatehi” adlanan İvan Paskeviçin şərəfinə “İrəvanski” adlandırılıb. Naxçıvanlı ağsaqqallar bura “İrəvan meydanı” deyirdilər. 1850-ci ildə burada böyük bir karvansara (mehmanxana) tikilir. Eyni zamanda səyyahları heyrətdə qoyan Tiflis Teatrı da burada fəaliyyət göstərir. Fransız yazıçısı Aleksandr Dümanın və rus yazıçısı Lev Tolstoyun ürəkdolusu fəxrlə söhbət açdıqları bu teatr binası 1874-cü ildə yanıb. Qalıqlarını isə 1934-cü ildə silib-süpürüblər. Rus rəssamı Q.Qaqarinin çəkdiyi rəsm əsərində bu bina maraqlı memarlıq üslubunda təsvir olunub.

Bu da V.Pşavela küçəsi. Əzəmətli, köhnə Gürcüstan Milli Arxivi. Bütün Qafqazın tarixi sənədləri qorunan bina. Rəsmi qeydiyyatlardan sonra buraxılış vəsiqəsi alıram və Naxçıvanın tarixi sənədlərinin axtarışına başlayıram.

Bir həftə lazımlı fondları və siyahıları diqqətlə oxuyuram, seçirəm. Nə qədər öyrənilməmiş, araşdırılmamış sənədlər xəzinəsi açılır önümdə: sənədlərin içərisində sənəd. 1763-cü ildə Badamlı kəndinin I Kalbalı xanın atası Ehsan xana məxsus qəbaləsinə, onun və övladlarının möhürlərinə  rast gəlirəm. Bax bu sənədlər ola-ola niyə yazılsın ki, “o, Diyarbəkirdən gəlmiş Murad xanın oğludur”? Bu sənəd o yalanları təkzib yox, tar-mar edir. Sənədi Nəzərəli xan XIX əsrin ikinci yarısında Qafqaz Canişinliyinə göndərib.

Hər gün maraqlı, orijinal, həqiqətləri əks etdirən sənədlər tapıram. I Ehsan xana və Şahtaxtinskilərə aid arxiv tapıntıları olduqca əhəmiyyətlidir. Böyük alim Məhəmmədağa Şahtaxtinskinin öz dəsti-xətti ilə yazdığı ərizələr, məruzələr alimin Vətən sevgisindən və təəssübündən xəbər verir. Şahtaxtinskilərin ulu babalarının möhürləri vurulmuş sənədlər çox qiymətlidir: tariximizdir, taleyüklü məsələlərdir. General-mayor II Kalbalı xan Naxçıvanskinin atçılığın inkişafı (Gəncə və Bakı quberniyalarında) haqqında 15 səhifəlik yazısı bu gün çox mütəxəssisləri heyrətdə qoyar. Burada söhbət döyüş atlarından gedir. Sənədlərdə generalın Ordubadda, Culfada faydalı mədənlər yaratmasından və Naxçıvanın geologiyasından bəhs edilir. I Ehsan xanın vəfatından sonra gənc qardaşlar İsmayıl xan və II Kalbalı xan Naxçıvana köçürülən ermənilərin Naxçıvanskilərə məxsus Təzəkəndin və Qızılvəngin torpaqlarını mənimsəmələri haqda Qafqaz Canişinliyinə göndərdikləri şikayət ərizəsi (ərizə fars dilindədir, rus dilinə tərcümə olunub) aktuallığı etibarilə çox mühüm bir tarixi sənəddir. Bəhram xan Naxçıvanskiyə aid 38 səhifəlik sənədlər toplusunu tapanda yorğunluğumu unutdum. Sənədlər toplusunun birinci səhifəsində general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburqdan Qafqaz canişininə göndərdiyi (öz əli ilə imzaladığı) məktub Naxçıvanın xan Kəngərlilərinin Rusiya imperiyasında çox yüksək nüfuzundan xəbər verir. Əgər XVIII əsrdə I Kalbalı xan, XIX əsrdə        I Ehsan xan belə nüfuza malik idilərsə, artıq XX əsrin əvvəllərində estafeti Hüseyn xan ləyaqətlə daşıyırdı. Və bütün bunlar sənədlərdə əks olunub. Hamısını ardıcıl şəkildə oxucularımıza təqdim etməyə çalışacağıq. Hər bir tarixi sənəd analiz edilməli və müqayisələr aparılmalıdır ki, öz gücünü ortalığa çıxara bilsin. Bu isə tədqiqatçının ən başlıca iş prinsipidir.

Türkmənçay müqaviləsi ilə bağlı fonddakı sənədlər isə orijinaldan orijinaldır. Necə deyərlər, burada “arxivin içində arxiv var”; fondun siyahısının içində siyahı var: 1828-1830-cu illərdə yazılıb bütün bu sənədlər. Yenə də təəssüf edirəm ki, bu sənədlərin çoxu araşdırılmayıb. Həmin sənədlər elmi təhlildən keçirilərək öz xronologiyası ilə gənc nəslə çatdırılmalıdır.

Axtarışlar zamanı I Kalbalı xanla bağlı tapdığımız bir sənəd də cəsur sərkərdənin həyatının bəzi məqamlarına işıq salır. Həmin sənəddən bəzi sətirlər yaddaşımda əzbər qalıb: “...Kalbalı xan həqiqəti sevirdi, ədalətli idi, hərbi işin əla bilicisi idi və müharibədə aslan kimi güclü idi. O, şəxsən çox müharibələrdə qoşunlara sərkərdəlik edib, uca Yaradanın köməyilə həmişə qələbə qazanıb...” Sənəd 12 yanvar 1796-cı ildə yazılıb, 1901-ci ildə rus dilinə tərcümə edilib.

Əziz oxucular, sənədləri çox sadalayıb sizi yormaq istəmirəm.

Sonrakı günlərdə axtarışlarımı fotoarxivdə davam etdirdim. General-adyutant Hüseyn xanın Ərzincanda və Qarsda çəkdirdiyi fotoşəkilləri tapdım. Bir gün də Ədəbiyyat və İncəsənət Arxivində görkəmli rəssamımız Bəhruz Kəngərlinin Tiflis mühiti ilə bağlı axtarışlar apardım...

Noyabrın 4-də Kartli-Kaxetiya çarlığının bir vaxtlar mərkəzi olmuş Telaviyə yola düşürəm. Əslində, məqsədim knyaz, general A.Çavçavadzenin ev-muzeyinin yerləşdiyi Sinandaliyə getmək və orada bəzi məsələləri öyrənməkdir. Axı o, 1828-1829-cu illərdə Naxçıvan və İrəvan yürüşlərinin və danışıqların iştirakçısı olub, başabəla, qondarma “erməni vilayəti”nə bir müddət rəhbərlik edib və sonra “böyük oyun”dan uzaqlaşdırılıb...

Sinandali Tiflisdən 150 kilometr aralıda yerləşir.

“İsani” metrosunun yanındakı dayanacaqda Telaviyə gedən taksi sürücüsü Teymurazla yol yoldaşı oluram. Tarixə çox maraqlıdır. O, hər bir kənd və qəsəbə, dağ haqqında məlumat verir. Ona 1979-cu ildə buraları gəzdiyimi demirəm ki, həvəsdən düşməsin.

Gözəl Bakurçixe meşəsinin əsrarəngiz gözəlliyi mənə doğma Batabatı xatırladır. Elə bil ki, Ərikli gədiyindən Biçənək kəndinə yenirsən... Qəribə bir çən bürüyüb meşəni. Bir andaca yorğunluğumuz çıxdı.

Gürcüanidən keçib sağa, Alazan çayı istiqamətinə dönürük. Yolumuz Kvareliyədir. Orada Bəhruz Kəngərlinin tələbə yoldaşlarından birinin ev-muzeyinə baxmaq istəyirəm. Sonra Telaviyə qayıdacaq və dağların sinəsində yerləşən məşhur Sinandaliyə gedəcəyik. Alazan vadisi ötənləri xatırladır mənə. Avtomobilimiz Kvareliyə doğru hərəkət edir. Şəhər Dağıstan sərhədinə çox yaxındır. Sürücü Teymuraz bu haqda danışır. Mənimsə 1979-cu ilin iyulu yadıma düşür. O vaxt turist dəstəmiz buradakı aşırımı aşıb Çeçenistana adlamışdı. Fikrim o illəri dolaşır...

Kvarelidən Telaviyə qayıdırıq. Yolun sağında görülən Nekresi məbədi IV əsrin sonunun yadigarıdır. Bir az irəlidə məşhur Qremi monastrı görünür. İndi tarixi-memarlıq abidəsi kimi muzey-qoruqdur. Dağların sinəsində qəribə bir palıd meşəliyi var: hamısı bir biçimdə!..

Bu da qədim Telavi, gürcü çarlarının məkanı. Naxçıvan xanlığı ilə dostluq müqavilələri burada bağlanıb.

Nəhayət, köhnə knyaz malikanəsinə – Aleksandr Çavçavadzenin ev-muzeyinə gəlib çatırıq.

Parka və ev-muzeyə daxil olmaq üçün bilet alıram. Bir çox rus yazıçı və şairlərinin ilhamla vəsf etdikləri bağı gəzirəm. Olduqca gözəl dağ havası var. Suyuna da söz ola bilməz. Bələdçi ev-muzeyin salonlarını gəzdirir, məlumat verir. Ürəkdən danışır. Qonaq otağında Şeyx Şamilin fotoşəkilləri asılıb. Yadıma Mirzə Kazımbəyin məşhur kəlamı düşür: “Şamilin adında bir çox tarixi və vətənpərvər fikirlər gizlənib... o, qəhrəmandır və qəhrəmanlar yaradandır”.

Bələdçi həyəcanla Şeyx Şamilin bu evin sakinlərini əsir aparmasından danışır. Çavçavadzenin iş otağında döşəmədə və divarda Azərbaycan xalıları var. Çeşnilərə baxıram, Naxçıvan xalçalarıdır. Məni muzeyin fondu maraqlandırır. Amma rəsmi məktubum olmadığı üçün fonda girməyə icazə vermirlər. Bir də ki, heç yerdə muzeylərin fond qapılarını tədqiqatçıların üzlərinə açmırlar. Elə bizdə də. Çox qəribədir. Direktorlara elə gəlir ki, ancaq özləri bu sənədləri, fotoşəkilləri çap etdirməlidirlər. Olsun belə, ancaq gərək tədqiqatçı olasan... Nə isə, atımızı dördnala çapmayaq, yüyənini çəkək.

Muzeyin birinci mərtəbəsindəki salonda çay dəstgahı var. Bu dağların bulağının suyundan dəmlənmiş çaydan içməmək günah olar.

Sinandali ilə sağollaşıb Qambor aşırımından keçən yol ilə Tiflisə qayıdıram.

İki-üç gün də arxivdə işləməyə vaxtım var. Bunun bir gününü Gürcüstan Milli Təhlükəsizlik Nazirliyinin Arxivində işləyirəm. Bütün ölkələrdə olduğu kimi, bu arxivin də ciddi qanun-qaydaları var. Arxivin direktoru çox səmimiyyət göstərir və deyir ki, Azərbaycandan ilk tədqiqatçısınız, arxivimizdə işləməyə gəlmisiniz. Mənim axtarışlarıma kömək etməyi başqa bir əməkdaşa tapşırır. Burada hər şey müasir qaydadır. Arxivdəki sənədlər kompyuterin yaddaşındadır. 1930-cu ilədək Zaqafqaziyanın Baş Siyasi İdarəsinin sənədləri bu arxivə göndərilib. Fonddan şərqşünas K.N.Smirnovun və ərəbcədən tərcüməçi C.Qayıbovun güllələnmə protokollarını tapırlar və möhürləyib mənə təqdim edirlər. K.Smirnovla axtarışlarımda məqsəd Naxçıvandan apardığı Kəngərli arxivinin sənədlərinin harada olduğundan bir məlumat bilməkdir. Sənəddə göstərilir ki, bütün əmlakı müsadirə edilsin. Deməli, bütün arxiv Beriya NKVD-sinin əlinə keçib... İndi K.N.Smirnovun fondunda qalan sənədləri dostları gizlədib saxlayıblar. 1962-ci ildə gətirib Gürcüstan Əlyazmalar İnstitutuna təqdim ediblər. Bu tarixi sədaqəti Kolomiyçevlər ailəsi göstərib. Digər fonddan Cəfərqulu xan Naxçıvanskiyə aid 1926-cı ilin sənədini gətirirlər. Burada onun həmin ildə İranda yaşaması haqda rəsmi məlumat var.

Arxivin direktoru onlara 3-4 ay vaxt verilməsini arzulayır və söz verir ki, Naxçıvanla bağlı sənədləri tapan kimi Naxçıvana məlumat verəcək. Təki belə olsun.

Milli Arxivdə axtarışlar çoxlu sayda elmi dövriyyəyə daxil edilməyən tarixi sənədləri üzə çıxarır. Hətta Gəncədən saray müşaviri Ələkbər bəy Rəfibəylinin yazdığı və imzaladığı bir orijinal tarixi məktub da diqqətimdən yayınmır. Unudulmaz şairimiz Nigar xanım Rəfibəylinin babası Ələkbər bəyin məktubu onun hünərindən və vətənpərvərliyindən xəbər verir.

Tiflisdə olduğum müddətdə Canaşia adına Milli Tarix Muzeyində və Milli Əlyazmalar Mərkəzində də axtarışlarımı davam etdirdim.

Görkəmli rəssam Lado Qudialşvilinin adını daşıyan küçədəki Gürcüstanın Milli Mərkəzi Kitabxanasında nadir kitabları, qəzetləri oxumaq bir çox tarixi məsələlərə aydınlıq gətirməkdə tədqiqatçıya əvəzsiz köməkçidir. Yeri gəlmişkən, bir məsələ mənim çox marağıma səbəb oldu. Səhər saat 11-dən sonra oxucu zallarında növbə gözləyirsən. Oxucuların əksəriyyəti gənclərdir. Bəzən deyirlər ki, internet var, kitab nəyə lazımdır? Amma Gürcüstanda belə demirlər. Məgər oradakı cavanların kompyuterləri yoxdur?! Var. Özü də lap əlasından. Amma kitabın əvəzini heç nə verə bilmir. Kaş hər bir yerdə kitabxanalar belə qədir-qiymətə yüksələrdi.

Tiflisdə bir məsələ məni çox sevindirdi. Onu oxucularla bölüşmək istəyirəm. Böyük dramaturq M.F.Axundzadənin bütün malikanəsi bir zamanlar orada yaşayan sakinlərdən satın alınıb və əla təmir edilib. Bunu Azərbaycan dövləti edib. Buradakı polislər bildirdilər ki, ev-muzeyin rəsmi açılışı olacaq. Öz-özümə deyirəm ki, kaş böyük ustad Mirzə Cəlilin də yaşayıb-yaratdığı evin taleyi belə olaydı. Besiki 24-də yerləşən binaya baxanda adam özünə gələ bilmir.

Təəssüratımı Rustaveli prospektindən başlamışdım. Sonda yenə oraya dönürəm. Buradakı tarixi əzəmətli keçmiş Qafqaz canişininin sarayı və bağı, Opera və Balet Teatrı, “Tbilisi Marriott” mehmanxanası, klassik kişi gimnaziyası, Rustaveli Teatrı, 1875-ci ildə yaradılmış hərbi gimnaziya (indi Konstitusiya Məhkəməsi), Parlament binası, XIX əsrin digər tikililəri memarlıq baxımından göz oxşayır. Bir də məşhur hərbi muzey yerləşən bina. İndi orada Milli Şəkil Qalereyası yerləşir. Bu binanın müəllifi alman memarı Zalsmandır. Muzeyin əsl adı “Şöhrət Məbədi” olub. Hətta Sovet hakimiyyəti illərində bu binanın önündə Abbas Mirzədən qənimət gətirilmiş döyüş topları da vardı. Binanın arxasında Aleksandrovski bağı Kür çayına qədər uzanır. Elə yerli əhali indi də o bağa “Aleksandrovski” deyir.

Tiflis şəhəri sürətlə inkişaf edir. Şəhərin ətrafında uca binalar tikilir. Avropaya güclü inteqrasiya tələb olunsa da, milli nə varsa, saxlamaq üçün bütün imkanlardan istifadə edirlər. İnsanlarda yüksək dünyagörüşü var. Əgər gürcü dilini və əlifbasını bilirsənsə, heç bir çətinliyin olmayacaq.

Tiflisdə ən çox xoşuma gələn Etnoqrafiya Muzeyi oldu. Bu muzey 1966-cı ildə yaradılıb. Ərazisi təxminən 65 hektardır. Akademik-etnoqraf Georgi Çitaiyanın yaratdığı bu muzeyi gəzəndə elə bil ki, bütün Gürcüstanı gəzirsən.

Beləcə, Tiflisdə elmi axtarışlarımın hələlikdə vaxtı başa çatdı. Gömrük məntəqəsindəki valyuta məntəqəsində lariləri manata çevirirəm. Gürcüstanda əldə valyuta dəyişmək qəti qadağandır. Dönüb Tiflisə tərəf baxıram. Tale, bəlkə də, bizi bir də görüşdürdü. Elmi axtarışlarımızın ünvanları çoxdur. Amma bütün yollar gəlib qədim Tiflisdən keçir.

 

 

Musa QULİYEV,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

 tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2013.- 9 yanvar.- S.7.