Gözü yolda qalan
var
Yenə payız gəldi. Yenə köçəri
quşların köçü başlandı.
Üzü günəşə doğru boy göstərən
yarpaqların
torpağa sarı uçuşu kədərli bir
simfoniyanı xatırladır. Həm də
“Şur”dəsgahı kimi kövrək və düşüncəlidir.
Qarabağın bu payızını da görə
bilmədik. Elə bu nisgil də bizi
sıxır, incidir. Elə bil yurd həsrətimizin
harayı dağlarda ilişib qaldı. Dağlarda
əsirlikdə. Özümüz isə fikirlərin,düşüncələrin əlində əsir-yesir
olmuşuq.
Günəş dan yerindən bir qarış boyu
aralanıb. Sübh sazağının üz-gözümüzdə
izi qalır. Dayandığımız yerdən
qabağa getmək mümkün deyil. Bir qədər
aralıda erməni səngərləridir və düşmənlərin
qaraltısı açıq-aşkar görünür. Göz işlədikcə baxıram. Şelli, Kolanı, Şahbulaq dağları, boş
qalmış yurd yerləri qərib-qərib bizə sarı
boylanır. Sanki nəsə demək istəyirlər.
Lap yəqin bilirəm ki, kəndimizdəki
Çinarlı bulağının gözündə
beşbarmaq şəkilli bir çinar yarpağı yuyunur.
Bir də onu bilirəm ki, həmin o
bulağın başında nakam bir sevginin izi qalıb.
Sözün əsl mənasında içimdə od tutub yanıram, dağlara sarı baxa bilmirəm.
Xəcalətimdən başımı
aşağı salıram, daha doğrusu, başımız
onsuzda aşağıdır. Xarabalığa
çevrilmiş yurd yerlərinin iniltisini eşidir, şəhid
ruhlarının məzəmmətini duyuram. Bu cənnət torpaqlara necə qıydıq? Bu amansız sual içimdəki dərd
ağacına iynə kimi sancılır və durduğum yerdə
qıvrılıram. Zəhəri, kini, küdurəti, qəzəbi,
nifrəti, qisası öləzimiş ilan kimi...
Üzü Ağdama sarı baxıram. Bu dünyada
bircə təsəllim buna çatır. Bir
saat, iki saat keçir, yerimdəcə donub, elə hey baxıram.
Xəyalım ildırım sürəti ilə erməni səngərlərindən
keçib o taya adlayır, tanış
cığırlardan keçir, on il nəfəsimiz ilə
qızınmış, uşaqlığımızı
daş-divarlarına həkk etmiş məktəbin yanından
keçib ilk sevginin sətəlcəminə tutulduğum
küçə ilə qaçaraq öz evimizə
çatır. Bir vaxtlar iməklədiyim
torpağın üstünə çökürəm. Torpaq yanıb, qarsalanıb, təəccüblü
orasıydı ki, bu yanmış torpağın sinəsində
neçə-neçə payız çiçəyi
boylanırdı. Əvvəlcə
karıxdım. Yanmış torpaq hara,çiçək
bitirmək hara? Qəflətən bütün bədənim
titrəyir,ürəyim
çırpınır. Yəqin bu
çiçəklər şəhid ruhlarıdır,
yanmış torpağın bağrını yararaq üzə
çıxıblar. Bəs indi onlara nə
cavab verəcəyəm, onların ittiham dolu suallarına
söz tapa biləcəyəmmi?!
Yaxşı ki, ruhların dili yoxdur, yoxsa
soruşardılar ki, öyündüyünüz, qürur
duyduğunuz, babaların əmanəti olan Ağdamı niyə
itirdiniz?! Mənim ruh qardaşlarım daha qəzəblə
deyərdilər ki, daş-qaya olaydınız, odun-ocaq
olaydınız, qırılıb tükənəydiniz, əlil-şikəst
olaydınız, amma bu yurdu qıymayaydınız?!
Xəyalım
kor-peşiman geri qayıdır və erməni səngərlərinin
üstündən keçəndə onu gülləborana
tuturlar, xəyallarım yaralanır, nə qanım
tökülür, nə ağrı hiss edirəm... Yaralı xəyallarla haracan getmək olar?!
Bilmirəm...
1991-ci il. Azərbaycanın bu qədim və
gözəl şəhəri Ermənistan-rus qoşunları tərəfindən
müntəzəm olaraq bombardmana məruz qalırdı.
Şəhər atəş altında nəfəs
alırdı. Martın 8-dən 19-na kimi
ermənilər Naxçivanik, Xanabad, Əsgəran istiqamətindən
Ağdam şəhərinə 200-dən artıq raket
atmışdılar. Ən şiddətli
bombardman martın 12-də gecə saat 4.30 dəqiqədə
olmuşdur. Fasiləsiz raket zərbələri
saat 6-ya qədər davam etmişdi. Həmişə
canlı,qaynar, gur olan Ağdam erməni-rus
hərbi birləşmələri ilə təkbətək
qalmışdı.
Sadə bir epizoda nəzər saldıq. Bunun
arxasında isə yüzlərlə insanın məhv
olmuş taleyi dayanır. Ağdamlılar ötən
müharibənin bütün ağırlığını
öz çiyinlərində həmişə hiss ediblər,
altı min nəfərə yaxın şəhid veriblər. Qarabağın toy otağı hesab olunan Ağdam
kimi gözəl bir şəhəri itiriblər. Yurd yeri, torpaq yoxdursa, demək, heç nə yoxdur.
Heç nə...
Çox mahir və qəddar bir “sehrbazın”sehrli
çubuğu Ağdamın məhvinə hökm
çıxardı. Ağlımız kəsə-kəsə,gözümüz
görə-görə beşiyimizi və qəbir evimizi
itirdik.
Birdən elə bil Ağdamın xarabalıqlarından,
“ruhlar şəhərindən” “Çahargah” yüksəlir,
onun çılğın və cəsur sədaları
eşidilir, haray qoparır. “Çahargah”od-alov
püskürür, gah zilə qalxır, gah da bəmə enir,
sanki pıçıltı ilə bizə deyir: iki şəhidlər
qəbirstanlığında ruhların harayı göylərə
bülənd olub. Niyə
qayıtmırsınız?! Bu suala cavab
vermək mümkün deyil. Bizi dədə-baba
torpağımızdan, yurd yerimizdən,
uşaqlığımızdan, gəncliyimizdən, ilk
sevgimizdən, mənəviyyatımızdan, adət-ənənələrimizdən,
xeyir-şərimizdən, bir sözlə
özümüzü-özümüzdən zülümlə,
sitəmlə, xəyanətlə ayırdılar. Mərdi qova-qova namərdə çevirdilər.
Qisas aldılar. Ağdam
sarsıldı, bu cənnət diyar şəhid oldu. Neyləmək olar, bu da bir tale oldu, dözdük,
kösöv kimi içimiz qaraldı, ayrıldıq,
beşiyimizdən, qibləmizdən ayrıldıq.
İyimi ildir bu ayrılığın yaşı,bu qəddar ayrılıq bizi yadlaşdırdı,
bizi qocaltdı, bizi ruhu uçmuş bir məxluqa
çevirdi. Məğrurluğumuza,
ağayanalığımıza, adımıza kölgə
saldı. Fəqət bizi əysələrdə,
sındıra bimədilər.
“Rast”ağır batman avazı ilə Ağdama
ağı deyir. Xaraba qalmış bir yurdun
hıçqırıqlarını, ağrı-acısını
dilə gətirir.
–
Hardasınız, haralara üz tutdunuz, ocağınız yansa
da, işığınız gəlsə də,
danışıb-gülsəniz də,
özünüz-özünüzdə deyilsiniz. Qərib-qərib gəzib dolaşsanızda ürəyiniz,
qəlbiniz, nəfəsiniz, sözünüz-söhbətiniz,
gülüşünüz, hayınız-harayınız, göz
yaşlarınız məndədir, Ağdamdadır.
Qayıdın, oturmaqdan ayağınız, uzanmaqdan beliniz,baxmaqdan gözünüz yorulmadı?
Qayıdın, qayıdın, üzü Ağdama sarı,
üzü yurda sarı, üzü beşiyə, ana
qucağına sarı,üzü qibləyə
sarı. Gəlin. Dişiniznən,
dırnağınıznan, qanınıznan yol açın,nə olar. Darıxmışam,
çox darıxmışam, səsiniz üçün,
özünüz üçün, gələcək nəsillər
üçün darıxmışam. Qayıdın, gəlin,
insafınız olsun,gözü yolda
qalmışam. Qayıdın...
Biz, o yerlərə qayıda bilmədik. Bizi o cənnət
yurda “Şur”qaytardı. Yenidən həyata qayıtmış,
sözün əsl mənasında,ikinci
bir ömür yaşayan “Şur” xalq çalğı alətləri
ansamblı. Ağdamın musiqi, muğam rəmzi.
Bu ansambl 1952-ci ildə yaradılıb. Azərbaycanın muğam sənətinə görkəmli
ifaçılar bəxş edib. Zaman-zaman
Ağdamı, ölkəmizi əcnəbilər qarşısında
ləyaqətlə, yüksək peşəkarlıqla təmsil
edib. Ermənistanın hərbi təcavüzü
nəticəsində Ağdam işğal ediləndən sonra
bu ansamblın da taleyinə ağır zərbələr dəydi.
Çox ağır günlər yaşadı,illər
uzunu qazandığı şan-şöhrət kölgədə
qaldı, bu müqəddəs ocağın başına səməndər
quşu kimi yığışan xanəndələrin hərəsi
bir səmtə üz tutdu. Böyük tarixə
malik ansambl sözün həqiqi mənasında
dağıldı. Böyük bir ənənə,zəngin bir məktəb, dəyərli bir
ifaçılıq ocağı ən ağır günlərini
yaşadı. Dəqiq olmasada,təxminən
iki il bundan əvvəl yerli icra hakimiyyətinin
başçısı Nizami Sadıqov vaxtilə böyük
şöhrət qazanmış, doğma şəhəri kimi
sözün əsl mənasında tarmar olmuş ansamblın
üzvlərinin axtarışına başladı. Gərgin
keçən axtarışlar öz bəhrəsini verdi. Hərəsi bir tərəfə
üz tutmuş ifaçılar Quzanlı qəsəbəsinə
dəvət olundular. Məşqlər
başlandı. Bir neçə ay davam edən
məşqlərdən sonra ilk baxış konsert
keçirildi. Nəticə qənaətbəxş
olsada hələ kəm-kəsir çox idi.
Sözün əsl mənasında gecə-gündüz məşqlər
ara vermədi. Ansamblın bir
neçə məşqində məndə iştirak etdim və
şahidi oldum ki, Nizami müəllim necə həyəcan
keçirir, hər sözün üstündə neçə
dəfə düzəliş edir, ansamblın üzvləri ilə
birlikdə nəfəs alırdı. Nəhayət
məşqlər başa çatdı. Rayon
ictimaiyyəti qarşısında ilk konsert proqramı ilə
çıxış edən ansambl sürəkli
alqışlar qazandı. Həmin vaxt o
insanların gözlərinə baxanda göz yaşları
içərisində bir sevinc dan ulduzu kimi parlayırdı.
Bir anlığa olsada həmin insanlar
keçmişdəki o bəxtəvər günlərə
qayıtmışdılar, Ağdamlı günlərə
qovuşmuşdular. Bu yerdə Nizami Sadıqovun bir deyimi
yadıma düşdü: – ermənilər bizim
torpaqlarımızı işğal etdilər, ruhumuzu
işğal etməyə onların gücü
çatmadı.
Zaldakı
insanlar həmin an bir nəfər kimi
döyüşə getməyə hazır idilər. Sonra
Bakıda, Filarmoniyada “Şur”ansamblının
çıxışı böyük bir sənət
imtahanı oldu Ölkənin görkəmli sənətkarlarının
iştirak etdiyi konsert yəqin ki,uzun
müddət yaddaşlarda yaşayacaqdır. Sözün
düzü, Ağdamın işğalından sonra bu qədər
duyğu və həyəcan keçirməmişdim. Həmin
konsert bizə öz adımızı, ruhumuzu, ümidimizi,sabaha inamımızı, son döyüşə
mütəşəkkilliyimizi, doğma Ağdama qayıtmaq
inamımızı bir daha özümüzə qaytardı. Bizə ağdamlı olmağın ilk əlifbasını
qaytardı.
Ağdam başdan-ayağa bir cənnət idi. Demək,biz
bəxtəvər olub cənnətdə
yaşamışıq. Sonra həmin cənnətdən
qovulduq. Cənnətdən
qovulmuşların nə alqışı, nə də
qarğışı eşidilmir.
Salman Alıoğlu
525-ci qəzet.- 2013.- 9 yanvar.- S.5.