Xalqın xalqşünas oğlu

 

Milli-mənəvi və əxlaqi dəyərlərimizin, minilliklərin süzgəcindən süzülüb gələn zəngin milli adət-ənənələrimizin fədakar tədqiqatçısı, görkəmli ziyalı, Azərbaycan etnoqrafiya elminin banilərindən biri, arxeologiya, tarix, folklorşünaslıq elmlərinə dair çoxsaylı əsərlərin müəllifi, ictimai xadim, bütün varlığı ilə Azərbaycan dövləti və dövlətçiliyinə bağlı olan böyük vətəndaş, müdrik insan, el ağsaqqalı Teymur Əmiraslan oğlu Bünyadovun bugünlərdə 85 yaşı tamam olur.

Azərbaycan elmi-ədəbi ictimaiyyəti onu gözəl alim, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, şair, nasir, bədii-fəlsəfi publisistikanın mahir ustası kimi tanıyır.

 O, 1928-ci il yanvar ayının 20-də sazlı-sözlü Qazax mahalının İkinci Şıxlı kəndində nüfuzlu ziyalı və dövlət qulluqçusu Əmiraslan bəyin ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı tay-tuşlarının sadə uşaq həyatından fərqli, təlatümlü olub. Kiçik yaşlarından anasını itirib. 1938-ci ilin əvvəllərində isə atası Əmiraslan Nazar oğlu sonralar bəraət qazansa da yalançı ittihamlaxalq düşməni” adı ilə güllələnmişdir.

Teymur müəllim taleyin ona bəxş etdiyi ömrün illərini zəngin sərvətə çevirməyi bacaran şəxsiyyətlərdəndir. Uca Allah bu insandan heç nəyi əsirgəməyib-istedad, zəhmətsevərlik, güclü məntiq, sadəlik, həssaslıq, saf əqidəlilik, ədalət hissi onun yüksək keyfiyyətləridir.

Sanki onun alnına çox şeydə birinci olmaq yazılmışdır. 1946-cı ildə orta təhsilini tamamlayanda məktəb yoldaşları arasında ilk dəfə ona orta təhsil attestatı ilə birlikdə  qızıl  medal verilib. 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil alaraq 1951-ci ildə Azərbaycanda ilk dəfə olaraq  Moskvaya, SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub. Elə buradaca, dünya şöhrətli Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

 Teymur Bünyadov Azərbaycana qayıtdıqdan sonra Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətinə başladı, müəllimlik sənətini layiqincə yaşadaraq, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”,  Arxeologiya”, “Qədim dünya tarixi” fənlərindən mühazirələr oxudu,  zəkasını, biliyini, məntiqinin gücünü sevimli tələbələrindən əsirgəmədi, zəngin bilik və bacarığını tələbələrinə verməkdən şərəf duydu.

Akademik T.Bünyadov  ilk dəfə olaraq “Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib,   ilk elmlər doktoru, professor olub. AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunda  AMEA-nın ilk müxbir üzvü, 2001-ci ildə isə ilk həqiqi üzvü seçilib, 2005-ci ildə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə institut üzrə ilk dəfə “Şöhrət” ordeninə, 2008-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1995-ci ildə yenə də həmin institutda ilk dəfə Teymur müəllim Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib, parlamentin Elm və Təhsil Məsələləri Daimi Komissiyasına sədrlik edib, Azərbaycan-İrlandiya Parlamentlərarası Komissiyasının üzvü kimi fəaliyyət göstərib.

  Bütün bunlarla yanaşı daha bir fəxri adın daşıyıcısıdır. Bu adı-görkəmli xalqşünas adını ona Azərbaycan elmi ictimaiyyəti verib, yetirdiyi elmlər doktorları, elmlər namizədləri verib.

Şərqin böyük mütəffəkiri Sədi Şirazi yazır: “Bir gün padşah oğlunun əlindən tutub mədrəsəyə gətirdi. Gümüş lövhənin üzərinə qızıl hərflərlə:-mən valideynlərimin nəvazişindən çox müəllimimin tələbkarlığına borcluyam”.

Hər tələbə müəllim ömrünün silinməz bir səhifəsidir. İllər keçdikcə, zaman dəyişdikcə o səhifələr şirin bir xatirə kimi keçmişə çevrilir və zamanın axarında “itirilən”, yaddan çıxan ömrün qayğılı, bəzən də qayğısız anları o səhifələrdə tapılır. Onda ömür daha da bütövləşir, məzmunlu və mənalı olur. Teymur Bünyadov o xoşbəxt adamlardandır ki, ömrünün 50 ildən çoxunu müəllimliklə baş-başa yaşayıb, tələbkarlığı, qayğıkeşliyi və səmimiliyilə tələbələrinin doğması, əzizi və sevimlisinə çevrilib. Tələbələri onun elm naminə çəkdiyi zəhməti yüksək  dəyərləndirib.

Hər bir alimin yazdığı əsər təlim prosesində istifadə olunursa, o, xoşbəxt alimdir. T.Bünyadov məhz belə xoşbəxt alimdir.  Onun 1960-cı ildə nəşr etdirdiyi “Azərbaycan arxeologiyası oçerkləri” adlı kitabı indiali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur, yüksək qiymətləndirilir. Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki tarixi  işıqlandırılan  bu əsərdə Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu, onun məskunlaşdığı ərazinin isə zəngin və təbii muzey kimi formalaşdığı sübuta yetirilir.

 Onun 1993-cü ildə nəşr edilmiş “Əsrlərdən gələn səslər” əsərində Azərbaycan muğamları, aşıq musiqisi xüsusi peşəkarlıqla araşdırılmış, xalqımızın musiqi mədəniyyəti irsini ilk dəfə tarixi- etnoqrafik baxımdan qələmə alınmışdır.

Teymur müəllim  bunlara yuxusuz gecələri, gərgin elmi axtarışları sayəsində nail olub.

Onun qələmindən çıxmış 30-dan artıq monoqrafiya, 1000-dən artıq elmi əsəri Azərbaycan elminə dəyərli töhfədir. Bunlar isə deməyə əsas verir ki, Azərbaycan etnoqrafiya elminin son 50-60 illik inkişaf tarixi Teymur Bünyadovun adı ilə bağlıdır.

 Teymur müəllim öz ardıcıllarını yetişdirmiş, etnoqrafiya elmimizin gələcəkdə də tədqiq olunmasını təmin etmişdir. Cəsarətlə demək olar ki, Azərbaycan etnoqrafiya elmində Teymur Bünyadov məktəbi formalaşmışdır.Onun rəhbərliyi ilə ilk dəfə üçcildlik fundamental “Azərbaycan etnoqrafiyası”  hazırlanmış və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə yüksək poliqrafik üsulla, çoxsaylı tirajla nəşr edilmişdir. Bu fundamental tədqiqat işinin baş redaktoru və əsas müəllifi də Teymur müəllimdir. 

Məhəmməd(s.) Peyğəmbərin alimlər haqqında dediyi:”Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”, “ Alimlərin digər insanlardan üstünlüyü on dörd gecəlik ayın ulduzlar üzərindəki üstünlüyü kimidir” kəlamlarında böyük hikmət vardır. Doğrudan da bu gün cəmiyyətdə alim sözünün, alim tövsiyəsinin xüsusi çəkisi, sanbalı vardır.

Dağlıq Qarabağda baş verən hadisələr dövründə görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və s. kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış, radioteleviziya efirlərində çıxış etmişdir. O, Azərbaycanın bir sıra bölgələrində əsgərlərlə, qaçqın və məcburi köçkünlərlə görüşür, əhali arasında təbliğat və ideoloji informasiya işini davam etdirir. T.Bünyadov müxtəlif illərdə Goranboy, Ağstafa, Qazax, Bərdə, Ağdam rayonlarında düşmənlə üzbəüz mövqelərdə olmuşdur.

Teymur Bünyadov qələmini bədii yaradıcılıq sahəsində də sınamışdır. Göz yaşları”, “Qız var oğuldan qeyrətli”, “Bir qız bir oğlanındır”  üçcildlikXan çinar kölgəsində”, “Anam birdi, Vətən tək”, “Başı çalmalı dağlar  adlı bayatılar kitabları ilə həm də özünü nasir, şair kimi təsdiq etmiş, ədəbiyyatımızı zənginləşdirmişdir. 

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunda ilk dəfə Teymur müəllim Azərbaycan Yazıçılar Birliyinə və Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib. Hazırda onun rəhbərliyi ilə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş üçcildlik “Qəbələnin tarixi”, “Qəbələ folkloru”, “Qəbələnin etnoqrafiyası” əsərləri nəşrə hazırlanmış, rusingilis dilinə tərcümə edilmişdir. Bu əsərlərin ərsəyə gəlməsi və Qəbələ bölgəsinə məhəbbət Teymur Bünyadovun ümumazərbaycan sevgisinin tərkib hissəsidir.

Akademik Teymur Bünyadov el ağsaqqalıdır, xalq arasında deyildiyi kimi “xeyir-şər” adamıdır. Tələbələri, aspirantları, yoldaşları-həmkarları, onunla sıx ünsiyyətdə olan adamlar tərəfindən şəxsiyyət bütövlüyünə, həssas qəlbə, yüksək insani keyfiyyətlərə və mədəniyyətə malik olması ilə Teymur Bünyadov həmişə sevilir.

Teymur müəllimin 85 illik yubileyini ürəkdən təbrik edir, ona cansağlığı arzulayırıq. Əminik ki, Azərbaycan etnoqrafiya elminin ağsaqqalı olan akademik Teymur Bünyadov bundan sonra da yazacaq, yaradacaq, elmə gətirdiyi yeniliklərlə, təbinin gücü ilə onu sevən milyonlarla oxucularını sevindirəcək, düşündürəcək, riqqətə gətirəcək, qəhrəmanlıqlarla dolu tariximizlə fəxr etməyə sövq edəcəkdir.

Ulu Tanrı bu işdə ona yar olsun! 

 

 

Maisə RƏHİMOVA,

AMEA Arxeologiya Etnoqrafiya

İnstitutunun direktoru,

tarix elmləri doktoru;

 

Solmaz MƏHƏRRƏMOVA,

tarix elmləri doktoru,

əməkdar mədəniyyət işçisi.

 

525-ci qəzet.- 2013.- 10 yanvar.- S.4.