Azərbaycan tarixinə ehtiram
nümunəsi
AKADEMİK
RAMİZ MEHDİYEVİN “ŞAH İSMAYIL SƏFƏVİ
ALİ MƏRAMLI TARİXİ ŞƏXSİYYƏT
KİMİ” MƏQALƏSİ ADMİU-DA MÜZAKİRƏ
EDİLİB
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi
Ali məramlı tarixi şəxsiyyət
kimi” məqalənin geniş müzakirəsi keçirilib.
Müzakirəni
giriş sözü ilə
açan ADMİU-nun rektoru, filologiya elmləri doktoru,
professor Timuçin Əfəndiyev məqalənin nəzəri-tarixi
əhəmiyyətini, onun cəmiyyətdəki müəyyən
ideoloji boşluqların
aradan qaldırılmasına
xidmət etdiyini qeyd edib: “Məqalənin əvvəlində
epiqraf kimi Şah İsmayıl Xətainin özünə məxsus
olan müdrik sözləri yer alır: “Müdrik əcdadlarımızdan
miras qalmış üç şeyi sizə vəsiyyət
edirəm: ana dilimizi, vicdanımızı, Vətənimizi”.
Tarixi varlığımızı yüksək dövlət səviyyətində
təcəssüm etdirən bu müdrik vəsiyyət
müasir dövlətçiliyimizin yaşı yüzillərlə
ölçülən təməl daşlarına istinad etməsindən
xəbər verir. Məqalənin ana xəttini tarixi mənbələrə
əsaslanaraq Azərbaycan dövlətçiliyinin zəngin ənənələrə
malik olmasının əsaslandırılması, bu məlum həqiqətə
hələ də şübhə ilə yanaşanların məntiqsiz
düşüncələrinin faktlarla təzkib edilməsi
prinsipi təşkil edir. Hörmətli akademikin qələmindən
çıxmış bu tutarlı yazı
inkişafımızı gözü götürməyən
bəzi xarici qüvvələrin dəyirmanına su tökən,
nəinki dövlətçilik tariximizi, hətta milli
varlığımızı, soy-kökümüzü inkar edənlərin
yanlış düşüncələrinə layiqli cavab verərək
onları faktlar qarşısında qoyur. Şübhəsiz
ki, bu yazı günümüzün reallıqları
baxımından olduqca böyük siyasi-ideoloji, maarifçi-tərbiyəvi
əhəmiyyətə malikdir. Bu tutarlı yazı bir tərəfdən
milli şüurumuzun daha da cilalanmasına xidmət edir, digər
tərəfdənsə nailiyyətlərimizi həzm edə
bilməyənlərə çoxdan layiq olduqları
qulaqburması verir. Məqalədə
görkəmli alim və tədqiqatçıların, Xətainin
siyasi və ədəbi fəaliyyətinə obyektiv qiymət
verən tanınmış ziyalıların fikirləri öz
əksini tapır. Bununla da müəllif irəli
sürdüyü fikirlərin havadan asılı
olmadığını, Azərbaycanın və xarici ölkələrin
nüfuzlu elm xadimlərinin obyektiv mülahizələri ilə
həmahəng olduğunu, onlara əsaslandığını
bir daha vurğulayır. O, göstərir ki, Şah
İsmayıl Xətainin dövlətçilik tariximizdəki
xidmətləri çağdaş dönəmdə tərəfimizdən
şişirdilməyib. Xətainin milli dövlətçiliyimiz
qarşısındakı xidmətləri həm ötən əsrlərin,
həm də müasirlərimiz olan tədqiqatçıların
əsərlərində dəfələrlə
vurğulanıb. Akademik Ramiz Mehdiyevin bu məqaləsi tarixi
varislik və çağdaş siyasi inkişaf kontekstrində
hazırlanmış proqram sənədi kimi dəyərləndirilə
bilər”.
Müzakirədə
filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə
çıxış edərək deyib: “Akademik Ramiz Mehdiyev Səfəvi
dövlətinin banisi Şah İsmayıl Xətainin xidmətlərini
azaltmaq istəyənlərə
vaxtında və olduqca mükəmməl elmi-siyasi cavab
verib. Məqalə Səfəvilər dövləti ilə
bağlı ciddi araşdırmalar əsasında yüksək
intellektual təfəkkürlə yazılıb. Burada Şah
İsmayılın əsas xidmətləri: Mərkəzləşmiş
dövlət yaratması, Azərbaycan dilini dövlət dili səviyyəsinə
qaldırması, diplomatiya mənbəyi yaratması, ədəbi-mədəni
irsi mühafizə və inkişaf
etdirməsi tamamilə doğru qeyd olunur”.
Universitetin “Sosial-siyasi fənlər” kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev çıxış edərək məqalədə həm tarixiliyin güclü olduğunu, həm də onun bəzi bədxahlarımıza tutarlı cavab olduğunu vurğulayıb.
“Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Aqşin Babayev akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı məqaləsinin milli ictimai düşüncəni sözün gerçək anlamında silkələdiyini böyük rezonans yaratdığını qeyd edib.
Universitetin humanitar işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva çıxış edərək məqalənin məziyyətlərindən danışıb: “Məqalənin qayəsi tarixi kimliyimizi müasir-qloballaşan dünyaya tarixən doğru təqdim etməkdir. Qeyd edim ki, bu qiymətli əsərin üslubuna əzəmi bir qürur hissi də xasdır. Bu isə milli iftixar və dövlətçilik məsuliyyətindən irəli gəlir. Akademik Ramiz Mehdiyevin “ Şah İsmayıl Səfəvi Ali məramlı tarixi şəxsiyyət kimi” məqalələsi bizim humanitar və ictimai elmlər sahəsində prioritetimizi müəyyən edən əsəridir”.
Müzakirələrdə çıxış edən ADMİU-nun prorektoru, professor Rafiq Sadıqov, “Sənətşünaslıq” fakültəsinin dekanı, dosent Vəfa Əliyev çıxış edərək Azərbaycan tarixinə, xalqın keçmişinə ehtiramla yazılmış məqalənin ciddi elmi pedaqoji əhəmiyyətə malik olduğunu vurğulayıb, gənc nəsildə tarixi keçmişə ehtiram, gələcəyə inam hissi formalaşdıran məqalənin müddəalarının ali məktəblərin tədris proqramlarına daxil edilməsi zərurətini bildiriblər.
525-ci qəzet.-
2013.- 10 yanvar.- S.7.