“Gəl gör, mənə eşq neylədi...”
“NAZIMIN ÇAĞDAŞLARI”
SİLSİLƏSİNDƏN
Yunis İmrənin adını ilk dəfə atamgildə Nazım Hikmətin dilindən eşitmişəm. Nazım təkrarsız şeir oxumaq məharətiylə, məlahətli səsiylə Yunusun misralarını deyirdi:
Ben Yunusu biçareyim
Aşk elinden
avareyim
Başdan
ayağa yareyim
Gel
gör, bana aşk neyledi
Bu misraları oxuyarkən şair üzünü
özündən çox-çox cavan olan sevgilisinə, “son
eşqi, son ağrısı” (Rəsul Rza) Veraya tuturdu. Vera türkcə
bilmirdi. Bəlkə Nazım bu misraları
onunçün çoxdan tərcümə etmişdi.
Bəlkə də yox. Bəlkə sevgilinə
müraciət edərkən səni anlayıb
anlamayacağı önəmli deyil. Vacib
olan özünün özünə etdiyin etirafdır.
Sevdalanan insan çox vaxt duyğularını şairlərin
diliylə izhar edir. Özləri şair olanlar belə bəzən
daha əvvəl yaşamış şairlərin sözlərinə
müraciət edirlər. Yunislə
Nazımı yeddi əsr ayırır, amma o da Cəlaləddin
Rumi kimi Nazimin çağdaşıdır.
Nazım
Hikmətə həsr olunmuş, Türkiyədə artıq nəşr
edilmiş, indi Bakıda çapa hazırladığım “Kərəm
kimi” kitabına “Nazımın çağdaşları”
adlı bir bölüm də əlavə etmək istəyirəm.
Bu bölümə böyük şairin zamandaşları və
ona mənən yaxın olan insanlar – Zəkəriyyə , Səbihə
və Yulduz Serteller, Mikayıl Rəfili, Konstantin Simonov, Orxan Vəli,
Əziz Nesin, Fazil Hüsnü Dağlarca, İbrahim Balaban,
Yaşar Kamal, Əkbər Babayev (Orxan Vəlidən başqa
hamısıyla şəxsən tanış idim) haqqında
esselərimi daxil etdiyim kimi “Çağdaşımız
Mevlana” və Yunis İmrəyə aid bu yazımı da daxil
edəcəm.
Böyük şairlər hansı əsrdə
yaşamalarından asılı olmayaraq bir-birinin
çağdaşlarıdır. Hamısı eşq
heyranlığı və sevgi aldanışları, məhəbbət
iztirabları haqqında, ölüm qorxusu, ayrılıq
acısı, tənhalıq nisgili, qəriblik həsrəti, xəyal
qırıqlığı və ümid təsəllisi barədə , eyni əbədi duyğuları
ifadə ediblər. Əlbəttə hərəsi
öz diliylə, öz üslubuyla, öz deyim tərziylə...Öz
zamanının lisanında.
Mənim
fikrimcə, Oğuz şeirində, yəni Anadolu və Azəri
türklərinin möhtəşəm şeir
dünyasında ən uca beş zirvə var: Dədə Qorqud
söyləmələri, Yunis İmrənin
yaradıcılığı, Füzulinin türkcə
Divanı və “Leyli Məcnun”u, Sabirin “Hophopnaməsi”,
Nazım Hikmətin poeziyası...
Yunis İmrə haqqında çoxdan yazmaq istəyirdim. Görünür
vaxtı yetişmədiyindən niyyətimi gündən
günə ötürürdüm. 2013-cü
ilin ilk günlərindən Yunis İmrə nədənsə
qəlbimin ən munis həmdəmi oldu, demək istədiklərimi
onun diliylə ifadə etməyə ehtiyac duydum.
“Kitabi Dədəm Qorqud” “Xanım Hey!” xitabıyla
başlayır. Yunis İmrə:
Sən
bura qəribmi gəldin
Neçin ağlarsan bülbül, hey? – deyir
Yarından
ayrımı düşdün,
Neçin ağlarsan, bülbül, hey? – deyir.
Yunis
İmrənin poetik irsi “Kitabi Dədəm Qorqud”-dan sonra zaman
etibariylə dilimizin ən böyük bədii abidəsidir,
bugünkü dilimizi – Azəri və Anadolu türkcəsini
formalaşdıran, biçimləşdirən,
büllurlaşdıran bir dildir:
Nedim, əlim
yetməz yara,
Bulunmaz dərdimə
çara,
Oldum elimdən
avara,
Məni burda əylərmisən?
Bu
qarşıma köküs gərən
Daş bağırlı dağlarmısan?
Mən
yarımdan ayrı düşdüm
Sən yolumu bağlarmısan?
Qarlı
dağların başında
Salxım-salxım
olan bulud!
Saçın
yolub mənim üçün
Yaşın, yaşın ağlarmısan?
Nəfəsi
Dədə Qorquddan gələn Yunis şeirinin əks-sədası
özündən sonrakı şairlərimizin və
aşıqlarımızın yaratdıqlarında da
eşidilir – Aşıq Paşadan, Nəsimidən, Füzulidən,
bayatılarımıza qədər, Aşıq Veysələ,
elə Nazım Hikmətin özünə qədər –
hamısının müəyyən sətirlərində
Yunislə səsləşmələr tapmaq olar.
Yunis İmrə(1238-1320):
Gəldi
keçdi ömrüm mənim
Ol yel əsib
keçmiş kimi
Hələ
mənə boylə gəldi
Bir
göz yumub açmış kimi
İşbu
sözə haq tanıqdır
Bu can köküsə qonuqdur
Bir
gün olar uçar gedər
Qəfəsdən
quş uçmuş kimi
– deyirsə,
Aşıq
Paşa(1272-1333) da:
Nazənin
bu ömrümüz bir göz yumub açmış kimi
Gəldi
keçdi, duymadıq bir quş qonub uçmuş kimi –
deyir.
Yunis:
Əvvəl
mənəm, axır mənəm
Canlara can
olan mənəm
Gözsüz
məni necə görsün
Könüllərə
girən mənəm
– deyir.
Bu misralar
Nəsiminin yalnız məşhur “Məndə sığar
iki cahan, mən bu cahana sığmazam” şeirində deyil,
Mən
mülki-cahan, cahan mənəm mən,
Mən həqqi-məkan,
məkan mənəm, mən...
qəzəlində də əks-səda verir.
Füzulinin :
Eşq
imiş hər nə varsa aləmdə,
Elm bir
qeylü qall imiş ancaq
– beytində də Yunus İmrə ruhu var.
Gəldin,
keçdin, biləmmədim,
Ah neyləyim,
ömrüm səni...
– bu, Yunis İmrədir
Əfsus
ki, yarım gecə gəldi, gecə getdi
Heç
bilmirəm ömrüm necə gəldi, necə getdi...
– bu da Ağabəyim Ağadır.
Deyə bilərsiniz ki, bu motivlər əsrlər boyu
şeirimizidə yayğın olan, dönə-dönə
işlənmiş təşbehlərdir. Doğrudur,
amma o da həqiqətdir ki, axı bunları və buna bənzər
onlarca obrazlı ifadəni İLK DƏFƏ, hamıdan əvvəl
Yunis İmrə deyib. Yazılı ədəbiyyatımızda
da, aşıq şeirində də “dünya” rədifli
çox sayda gözəl şeirlər var. Amma Yunis İmrə
hamıdan öncə deyib ki:
Bilirəm
mən səni – yalan dünyasan,
Şahları taxtından salan dünyasan.
Yaxud
Yeri, yeri,
yalan dünya,
Yalan dünya deyilmisən?
Yeddi yol
boşalıb, yenə
Dolan dünya deyilmisən?
Yeddi əsr
sonra Səməd Vurğunun məşhur şeirində də
dünya “bir yandan boşalır, bir yandan dolur”...
Yeri gəlmişkən dünyanın boşalıb,
“yeddi yol yenidən dolması” fikri ən müasir elmi fərziyyələrlə
– yer üzündə uyqarlıqların (sivilizasiyaların) dəfələrlə
dağılması və yenidən yaranması mülahizələriylə
həmahəng səsləşir.
Yunisin:
Yüz Kəbədən
yeyrəkdir
Bir
könül ziyarəti
yaxud
Daş
olsan da əriyərsən
– misraları bizim bayatalırda da əks olunub.
Hər bir sənətkarın müəyyən yaşda
istər-istəməz ölüm haqqında düşünməsi
və yazması təbiidir.
Nazım
Hikmət:
Nə
ölümdən qorxmaq ayıb
Nə də
düşünmək ölümü
– yazırdı
Ölüm Yunis İmrə
yaradıcılığının da israrla təkrar olunan
mövzularındandır.
Vaxtınıza
hazır olun
Əcəl
vardır, gələr bir gün
– deyə xəbərdarlıq edən Yunus
ölümün tərifini də verir:
Bir kimsənin
belin bükər,
Bir kimsənin
mülkün sökər,
Bir kimsənin
yaşın tökər,
Əzasını əzər ölüm.
Ölüm
haqqında bu ümumi, mücərrəd düşüncələri
şair get-gedə öz yaxın aqibəti kimi qavrayır:
Bir qorxu
düşdü canıma,
Əcəb
nola mənim halım?
Dərman
işləməz qanıma
Əcəb
nola mənim halım?
Şeir boyu
bu ölüm xofu tükürpərdici, əyani səhnələr
şəklini alır:
Dünya
birdən soyuyacaq,
Yuyucu tənim
yuyacaq
Axır
ki, qəbrə qoyacaq,
Əcəb
nola mənim halım?
Əzalarım
söküləcək,
Gözə
torpaq töküləcək,
Münkirlə
İnkir gələcək,
Əcəb
nola mənim halım.
Nə
ayaq tuta, nə əlim,
Nə ağlım qala, nə bilim.
Cavab verməz
olar dilim,
Əcəb
nola mənim halım?
Bu misralar
isə artıq sanki qəbrin içində uzanmış
adamın dilindən deyilib:
Beş
qarış bezdəndir donum
İlan-çayan
yeyə tənim
Hara
dönsəm, daşdı yönüm...
Unudulmuş
olam bir gün
Bu
zindanın dəhşətinə
Təkbaşına
dalam bir gün...
Amma
böyük sənətin ölümsüzlüyü və
Yunis İmrənin sənətkar kimi zəfəri ondadır
ki, o Ölümün özünü belə həyatın
sonu kimi deyil, misralarda yaşayacaq bədii obraz kimi dəyərləndirir,
dünyayla mərd-mərdana, erkək kimi,
ağlayıb-sızlamadan vidalaşmağı bacarır:
Biz
dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim
üçün xeyir-dua
Qılanlara
salam olsun
Bir
qaydadı: Gələn gedər,
Əcəl
ki var, bizi güdər...
Bizim
halımızdan xəbər
Soranlara salam olsun!
Şəxsi
kitabxanamda Yunis İmrənin Türkiyədə, Azərbaycanda
nəşr olunmuş əsərlərinin müxtəlif nəşrləri,
onun haqqında yazılmış tədqiqatlar var. Türkiyədə
olarkən oradakı dostlarıma zarafatla deyirdim ki, yeddi əsr
bundan qabaq yaşamış Yunisin kitabını asanlıqla
oxuyub anlayıram, amma bu kitaba günümüzdə
yazılmış Önsözlə tanış olarkən
tez-tez lüğətə müraciət edirəm.
Sözüm
ondadır ki, Köprülünün diliylə desək,
türk ədəbiyyatının ən böyük sufisi, gah
türkmən kəndlisi, gah dərviş deyə
adlandırılan, özü özünə Miskin, Dərviş,
Aşiq deyən şairin şeirlərini irfani poeziyanın
örnəyi kimi qiymətləndirir, təsəvvüf
anlayışlarıyla yozurlar. Əlbəttə,
hər bir araşdırmaçının buna haqqı var. Bəlkə
bu yanaşma Yunis İmrənin bədii niyyətinə, yaradıcılıq
məqsədinə daha doğru-dürüst şərhdir.
Amma hər oxucunun da mütaliə etdiyi əsərləri
öz təəssüratlarıyla qavramaq, izah etmək, duymaq
haqqı var.
Yunis
İmrənin bəlkə də ən məşhur beyti belədir:
Məni məndə
demə, məndə deyiləm,
Bir mən
vardır məndə məndən içəri
yaxud
(başqa variantda):
Beni sorma
bana, bende degülem,
Surətim boş yürür dondan içeri.
Bu misraları, hər halda Azəri türkcəsində
gətirdiyim beyti Sufizm təbirləriylə təfsir etmək
istəmirəm, mənimçün bu beyt çağdaş
insanın varlığını dəqiq əks etdirən
psixoloji portretdir. İnsan cəmiyyət, mühit, ailə
içində yaşayır, çalışır,
başqalarıyla görüşür, söhbət edir,
kiminləsə dalaşır, kiminləsə
barışır. Amma bütün bu zahiri, dekorativ bəlirlərin
içində İnsanın bir dəruni “mən”i var ki, o
bambaşqadır, öz daxili aləmində öz
duyğularıyla, düşüncələriylə
yaşayan, dış dünyasında heç kəsin
görmədiyi, bilmədiyi, xarici aləmlə heç bir
ilişgisi olmayan insanın həqiqi, əsl, gerçək “Mən”idir.
Məhz bu “Mən” zahiri “Mən”dən içəridədir.
Keçən əsrin iyirminci illərində Azərbaycanda
pedaqoji fəaliyyətlə məşğul olan və ədəbiyyatımıza
müəyyən xidmətlər göstərmiş
İsmayıl Hikmət elə o illərdə Bakıda iki
kitab nəşr etdirib – “Azərbaycan ədəbiyyatı
tarixi” və “Türk ədəbiyyatı tarixi”. Bu kitablarda
Orta əsrlərdə dili, ədəbi biçimləri, ruhu
etibariylə ayrılmayan şairlərimizi türk şairləri
və Azərbaycan şairləri deyə iki qismə
ayırıb. Nə Anadoluda, nə Azərbaycanda
yaşamamış, “Əsiri-möhnəti-Bağdad” olan
Füzulini Azərbaycan ədəbiyyatından heç kəs
ayıra bilməz. Görkəmli ingilis şərqşünası
Uilkinson Gibb kimi mötəbər alim Füzulinin dilinin
Çağataycadan və Osmanlıcdan fərqli bir dil, yəni
Azərbaycan türkcəsi olduğunu təsdiq edir, onu məhz
Azərbaycan şairi sayır, amma eyni zamanda ondan “Osmanlı
Şeir tarixi” adlı monumental kitabında bəhs edir. Və bu da etiraz doğurmur. Çünki
Bağdad sakini və Azərbaycan şairi Füzuli həm də
Türkiyə ədəbiyyatının iftixarı sayıla
bilər. Sivas hökmdarı Qazi Burhanəddin
də haqlı olaraq Azərbaycan ədəbiyyatına aid
edilir. Çox əcəb. Belə olan surətdə Yunis İmrəni – dilimizdə
yaratdığı zəngin irsi olan bu böyük
şairimizi nəyə görə ədəbiyyat tariximizə
salmamalıyıq?!
Bir
neçə il bundan qabaq “Kitabi Dədəm
Qorqud”un 1300 illiyini təntənəylə qeyd etdik. Məlumdur
ki, dastandakı bəzi motivlər çox daha qədimdir, amma
mətndə Dədə Qorqudun məhz Həzrət Məhəmmədin
müasiri olduğu göstərildiyinə görə buna əsaslanaraq
dastan Vİİ əsrə aid edildi. Unudulmaz
Öndərimiz Heydər Əliyevin dəstəyi ilə bu
tarix Azərbaycanda təsdiq olundu, YUNESKO da, Türkiyə alimləri
də bu rəqəmi qəbul etdilər. Bu faktın
böyük əhəmiyyəti ondadır ki, indi ədəbiyyat
tariximizi ərəb və fars dillərində yazan şairlərimizin(onların da Azərbaycan ədəbiyyatına
aid olmaları heç bir şübhə
doğurmamalıdır) əsərləriylə deyil, öz
ana dilimizdə yaranmış əzəmətli abidəylə
başlaya bilirik.
Ənənəvi olaraq İzzəddin Həsənoğlunun
iki qəzəlini dilimizdə yaranan ilk şeirlər
sayırıq.
Həsənoğlunun müasiri Yunis İmrənin
yaratdığı zəngin irsi ədəbiyyat xəzinəmizə
daxil etmədən ondan sonra yaranan heca şeirimizin inkişaf
yollarını necə müəyyənləşdirə bilərik?
Vaxtilə bu sahədə səmərəli təşəbbüslər
olub. 1928-ci
ildə görkəmli yazıçımız Abdulla Şaiq
“Ədəbiyyatdan iş kitabında” yazırdı: “Yunus
İmrə Sakarya ətrafındakı kəndlərdən
birində yetişmiş bir türkmən kəndlisidir. O,
burada rəncbərliklə keçinən çox fəqir
bir adam idi. Tapdıq İmrə
namında bir pir dərvişə intisab edərək illərlə
onun qapısında çalışmışdır”.
1982-ci ildə “İki zirvə. Yunus İmrə,
Aşıq Veysəl” adlı kitab yanılmıramsa Yunis
İmrənin Azərbaycan oxucularına təqdim olunan ilk nəşri
idi. Kitabı şair Məmməd Aslan tərtib
etmiş, Bəxtiyar Vahabzadə kitaba Önsöz
yazmışdı.
Türkiyənin müxtəlif guşələrində,
on yerdə Yunis İmrənin məzarı (maqamı) göstərilir. Məmməd
Aslan qeyd edir ki, “son zamanlar Azərbaycanın Qax rayonu ərazisində
dərviş Yunus İmrəyə ünvanlanmış bir məzar
da aşkar olunub. Bu da şairin istər
Anadoluda, istər Azərbaycanda hələ də xalq zehniyyətində
nə qədər önəmli yet tutduğunun göstəricisidir”.
Türkiyənin sabiq mədəniyyət naziri, qiymətli
ziyalı Namik Kamal Zeybək Yunis İmrənin Türkiyə nəşrlərindən
birinə yazdığı Önsözdə haqlı olaraq
qeyd edir ki, “Türkiyədə Yunus İmrəni sevməyən
varmı? Yunus İmrə sevgisi bizi bir-birimizə bağlayan ən
dəyərli bağlardandır. Azərbaycanlı
böyük şair Vahabzadə “Bir yerdə öldüyü
halda, niyə min yerdə məzarı olduğunu” soruşur və
bunun cavabını verir:
Hər gün qazılır çünki könüllərdə
məzarı.
Otlarda,
çiçəklərdə və güllərdə məzarı
Əfsanəmi
gerçəkmi, bir insan neçə insan,
Varlıq səsidir qopmuş o Türkün qopuzundan”.
“İki
zirvə” kitabına yazdığı Önsözdə isə
Bəxtiyar Vahabzadə xüsusi vurğulayır:
“Özlərini mühitə, cəmiyyətə
uyğunlaşdırmağı bacarmayan, əslində istəməyən
fikir adamları öz içində yaratdığı xəyalı
həqiqət dünyası ilə təskinlik tapırlar. İç dünyası ilə
çöl dünyası, dildəki yalanla ürəkdəki
həqiqətin əbədi savaşında insan
özünü axtarır, bu zaman: “Necə olur əzmi-səfər?”,
“Qorxu qiyamətdəndir, ya mən neçin qızaram?” “Adəmin torpağını dörd fərişdə
götürdü, suyunu nədən qatdı?” kimi suallar
qarşısında dayanmalı olur”.
Xalq şairi Zəlimxan Yaqub “Yunis İmrə dastanı”
adlı maraqlı poema yazmışdır.
Yunis İmrəni Türk ədəbiyyatı tarixindən
heç vəchlə çıxarmadan (bu mümkün də
deyil), Azərbaycan ədəbiyyatı tarixinə də qatmaq,
onu ona mənsub olan yerdə təsdiq etmək bizim şərəf
borcumuzdur.
Dəfələrlə demişəm ki, şairlik iddiam
yoxdur. Amma hərdənbir
klassik şairlərin şeirlərindən qidalanaraq onlarla səsləşmələr
yazmağı kim mənə qadağan edə
bilər?
Böyük
Yunis İmrəyə həsr etdiyim bu yazımı da onun
yuxarıda gətirdiyim məşhur gəraylısı ilə
səsləşən şeirimlə – vaxtiylə
yazılmış misralarla bitirmək istəyirəm:
Ötüb
getdi ömrüm mənim
Yellər əsib keçmiş kimi.
Ömrün
sonu qaçılmazdır
Fələk kəfən biçmiş kimi.
İstədim
dəryada üzəm,
Qartal tək göylərdə süzəm.
Elə
bildim ölümsüzəm,
Abi-həyat içmiş kimi.
İllər
keçdi bir an kimi,
Cəllad yoxdu Zaman kimi.
Həyat
bir yuxuymuş demə,
Bizə gəlir “olmuş” kimi.
Anar
525-ci qəzet.-
2013.- 10 yanvar.- S.4.