Ali təhsil müəssisələrində
Mətbuat xidməti: məlumatın ötürülməsində
sosial şəbəkələrin rolu
Yaşadığımız dövr bütün sahələrdə,
o cümlədən ictimai-siyasi, sosial və mədəni həyatın
inkişafında informasiya kommunikasiya texnologiyalarının tətbiqinin
zəruriliyini ortaya qoyur. Məlumat, xəbər və hadisələrin
operativ, obyektiv və qərəzsiz
işıqlandırılması isə kütləvi
informasiya vasitələrinin qarşısında duran vəzifələrin
əsasını təşkil edir. KİV-in əsas
meyarı olan və jurnalistikanın 3 əsas funksiyalarından
birincisi – məlumatlandırmaq funksiyası, bütün
zamanlarda jurnalistlərin həqiqəti yaymaq və peşəkarlığa
söykənərək həmin həqiqətləri obyektiv
şəkildə yaymaq məsələsi müasir zamanda
informasiya texnologiyaları vasitəsilə daha operativ, tez və
asan həll olunur. Lakin bu gün nəhəng
informasiya maşınından çıxan, xəbərə
çevrilən, ictimai-sosial həyata birbaşa təsir edən
məlumatların seçimində əsas götürülən
meyarlar məhz KİV tərəfindən müəyyənləşir.
Cəmiyyətin tələbatı, ictimai rəyin,
bəlli bir auditoriyanın zərurət duyduğu xəbər
və məlumatların müasir insanın
zövqünün, maraqlarının, dəyər və
düşüncələrinin təmin olunmasında KİV
öz seçimini müxtəlif cür müəyyənləşdirir.
Əgər müəyyən bir müşahidə
aparsaq, bu gün qəzet və TV-dən çox önə
keçmiş informasiya sayt və portallarına nəzər
salsaq, elm, təhsil, mədəniyyət və incəsənət
sahəsində xəbərlərin monitorinqini aparsaq, hər
şey aydın olar. Hansısa təhsil müəssisələrinin
xəbəri sayt rəhbərliyi tərəfindən daha az oxucu toplayacağına görə, çox
zaman ictimai marağı az olan material kimi qiymətləndirilir.
Təəssüf ki, bu cür yanaşma
KİV-in maarifləndirmək funksiyasını kölgə
altına salaraq, çox zaman məhz əyləncənin
üst qata çıxmasına yol açır.
Bildiyimiz kimi, jurnalistin, KİV-in ictimai rəyə təsir etmə
imkanları çox güclüdür, bunu heç kim dana bilməz. Bəllidir ki,
KİV-in, medianın ictimai rəyi təkcə yönəltmək
deyil, həm də formalaşdırmaq xüsusiyyətləri
var. Ali təhsil müəssisələri üçün isə,
onun fəaliyyətinə verilən qiymət, cəmiyyətin
mövqeyi, ictimaiyyətin rəyi mühüm bir yer tutur. Ali məktəbin imicini
düzgün formalaşdırmaq, cəmiyyətdə
tutduğu mövcud nüfuzunu daha da yüksəltmək
mütləq ali təhsil müəssisəsinin
media ilə əlaqələrini lazımınca qiymətləndirməyi
zəruri edir. Bu da, təbii ki, ali təhsil
müəssisələrinin Mətbuat xidməti strukturunun
KİV-lə əməkdaşlığı sayəsində əldə
oluna bilər.
Azərbaycanda
ali təhsil müəssisələrinin Mətbuat
xidməti strukturu ilə geniş mənada KİV-in
tanışlığı 2008-ci ildə ADU-da İctimaiyyətlə
əlaqələr və Mətbuat xidmətinin yaranmasından
sonraya təsadüf edir. Belə ki, ilk dəfə Azərbaycanda
ADU Mətbuat xidməti strukturunun işinin bir qurum olaraq önə
çəkilməsi mühüm hadisəyə çevrildi və
mətbuatla əlaqənin ali təhsil
ocağı üçün nə qədər vacib
olduğunu ortaya qoydu. Heç də təsadüfi deyil ki,
uzun illər ali təhsil məktəblərində
yaradılmış analoji stukturlar və ya məhz bu sahəyə
məsul qurumlar KİV-lə əlaqəni lazımınca qiymətləndirməmişdilər
və bu sahədə boşluq hökm sürürdü. Məhz
ADU Mətbuat xidmətinin fəaliyyəti və işi digər
ali təhsil müəssisələrinə
nümunə olmuş və bizim Mətbuat xidmətinin həyata
keçirdiyi layihələrin təcrübəsindən
qaynaqlanmışlar. Bu çox sevindirici haldır,
çünki ali təhsil müəssisəsi
cəmiyyətin bütün zümrələrinin, sosial mənsubiyyətindən
asılı olmayaraq hər bir vətəndaşın bu və
ya digər formada bağlı olduğu bir müəssisədir.
İstər işçi, istər müəllim,
istərsə də tələbənin, hər birinin ailə
üzvlərindən kimsə mütləq hansısa təhsil
müəssisəsi ilə bağlıdır. Ali təhsil müəssisələrinin
auditoriyası bu baxımdan çox genişdir. Tələbə
kontingentinin maraq dairəsində olan və cəmiyyətin hər
zaman əsasını təşkil edən gənc nəslin əsas
məkanı məhz ali təhsil müəssisəsidir.
Ali məktəblər ictimaiyyətin, cəmiyyətin
hər zaman maraq duyduğu yerdir. Ali təhsil
müəssisəsinin fəaliyyəti nə qədər
ictimaiyyət üçün açıq və cəmiyyət
üçün əlçatan olacaqsa, o zaman həmin təhsil
ocağı öndə gedəcək. Təbii ki, burada əsas
iş və vəzifənin icrası müəssisələrin
Mətbuat xidmətinin üzərinə düşür.
Mətbuat xidməti bütün müəssisə, qurum
və təşkilatlarda eyni funksiya daşıyır və ən
əsası işini KİV-lə əlaqənin həyata
keçirilməsinə yönəldir. Ali təhsil
müəssisəsinin mətbuat xidmətini, fikrimcə, bu
baxımdan bir qədər səciyyələndirmək olar.
Çünki ali məktəb həyatını
əks etdirən məlumatlar daha rəngarəng və fərqlidir.
Ali məktəblərin Mətbuat xidməti əməkdaşları
bir gün universitet rəhbərliyinin rəsmi
görüşünü yayırsa, o biri gün məhz tələbə
gənclərin keçirdiyi hansısa tədbiri
işıqlandırmaq istəyir. Gənclərin tərbiyəvi,
mənəvi istiqamətdə yetişməsində məhz tələbələrin
özünün irəli sürdüyü təşəbbüslərin
reallaşması və bu məsələlərin mediada
işıqlandırılması ali məktəbin
cəmiyyətdə tanınmasına yol açır. Mətbuat xidmətinin işi bütün hallarda
ölkə KİV-i ilə əlaqələrdən
keçir. KİV-in köməyi ilə Mətbuat
xidmətinin təmsil etdiyi qurumu təbliğ etməklə,
onun fəaliyyətini işıqlandırmaqla öz
auditoriyasına ünvanlanır. Ali təhsil müəssisəsinin
Mətbuat xidmətinin işi təmsil etdiyi ali
təhsil ocağını bir sıra istiqamətlərdə,
o cümlədən gənc nəslin tədris, təhsil, tərbiyəvi,
ali məktəbin beynəlxalq əlaqələri və
universitetin ictimai fəaliyyəti ilə tanış və təbliğ
etməkdir. Ali təhsil
müəssisəsinin Mətbuat xidməti olaraq ADU Mətbuat
xidməti öz işini vacib olan bu əsas istiqamətlər
üzrə qurur. Piar işinin təşkilində
rəqabətin meydana çıxması üçün
şəraitin olması vacib məsələlərdir. Ali təhsil ocağı, istər universitet, istər
elmi tədqiqat instititu, istər kollec və peşə məktəbinin
fəaliyyəti cəmiyyətin diqqətinə mütəmadi
çatdırılmalıdır. Mətbuatla əlaqə
və KİV-in imkanlarına uyğun inkişaf strategiyası
həyata keçirən ali təhsil
ocaqları bundan bəhrələnməlidirlər,
çünki cəmiyyətlə ən yaxşı ünsiyyət,
gənc nəslə birbaşa müraciət üsulu media ilə
qurulur. Gələcəkdə tələbə cəlb etmək,
öz qapılarını savadlı, bacarıqlı və
çalışqan gənclərə açmaq istəyən
ali təhsil ocağında media ilə
iş ön sıralarda durur.
Bu gün danılmaz faktdır ki, İKT-ın
inkişafı KİV-in sürətli inkişafını
qabaqlayır.
Artıq KİV-in ən operativ yayımı sayt
və portallarla həyata keçirilir. Əgər
keçən əsrin sonlarına qədər televiziya daha
operativ xəbər daşıyıcısı və yayan
KİV hesab olunurdusa, hazırda TV kanalların “Xəbərlər”
informasiya proqramı gün ərzində saytlarda, portallarda
yayımlanan xəbər və məlumatlara əsasən efirə
çıxır. Bununla yanaşı, sosial şəbəkələr
artıq xəbər paylaşma, xəbər oxuma və bəyənməyə
görə öndə gedir, Saytlarda KİV-ə
ötürülən xəbər, məlumat, hətta fotolar
facebook, twitter kimi sosial şəbəkələrdə,
müxtəlif səhifələrdə daha tez
yayımlanır. Məlumatın
ötürülməsi və yayılması, sosial şəbəkələrdə
daha operativ və asan olur. Rəy bildirən oxucu
mövqeyi, fikirləri
ilə də elə yerindəcə tanış
olmaq olar. Əgər saytlar şərh hissəsi vasitəsilə
yayımladığı məlumata münasibət öyrənirsə,
bu sayt redaktorunun “yoxlama” sından, bəlli bir süzgəcdən
keçib yerləşdirilirsə, sosial şəbəkədə
xəbərə, məlumata, hadisə və şərhə
rəy (comment) bir anda öz əksini tapır. Ali
təhsil müəssisəsi üçün də bu,
çox vacibdir. Sosial şəbəkələr
KİV-in özünün fəaliyyətini bir növ idarə
edir. Belə ki, facebook,
twitter və digər sosial şəbəkələrdə
paylaşılan hansısa xəbər linki (xətti) bizi həmin
mənbənin (sayt və ya portalın) özünə
yönəldir, paylaşmaqla özünə yeni oxucu toplaya
bilir.
Ali məktəblər
içərisində ilk dəfə olaraq ADU-nun Mətbuat xidməti
sosial şəbəkələrdə də fəaliyyətini
qurmuşdur. Belə ki, ADU Mətbuat xidməti facebookda
xüsusi olaraq AUL Press Service (ADU Mətbuat xidməti) səhifəsi
yaratmış və burada universitet haqda məlumatlar, tədbirlər,
görüşlər, tələbələrin
yazıları öz əksini tapır. Gənclərin
maraq göstərdiyi və vaxtlarının çox hissəsini
keçirdiyi sosial şəbəkələr bu gün hər
birimizin həyatına elə daxil olub ki, bu aludəçilikdən
“yaxa qurtarmaq” artıq mümkün deyil. AUL
Press Service ADU Mətbuat xidməti tərəfindən KİV-ə
ünvanlanan, işıqlandırılan materialların linkini
paylaşmaqla yanaşı, həmin materialları bütöv
şəkildə yerləşdirir, fotoşəkillər
paylaşır. Bu gün gənclərə
nüfuz etmək, onları anlamaq, duymaq üçün
onların aləminə daxil olmaq labüddür. Bu gün onlar sosiallaşaraq şəbəkələrdə
birləşirlərsə, demək, biz orada olmalıyıq.
Mətbuat xidməti sosial şəbəkədə
mütləq şəkildə KİV-lə
qarşılıqlı əlaqəyə girə bilir.
Media Mətbuat xidmətinin xəbərinə, məlumatına
biganə qalmadığı təqdirdə Mətbuat xidmətinin
təmsil etdiyi ali təhsil
ocağının həm tələbələri, həm
müəllimləri, həm işçiləri, həm rəhbərliyi,
həm məzunları həmin elektron KİV-in oxucusuna
çevrilirlər.
Zeynab Kazımova,
ADU-nun İctimaiyyətlə əlaqələr
və Mətbuat xidmətinin rəhbəri,
jurnalist-tərcüməçi
525-ci qəzet.-
2013.- 10 yanvar.- S.2.