Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru

 

Ədalət naminə qeyd edilməlidir ki, dinlərarası dialoqun və əməkdaşlığın reallaşması istiqamətində həm regional, həm də beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərin əsas təşəbbüskarlarından və təşkilatçılarından biri Şeyxülislam Allahşükür Paşazadədir. Bu sahədə keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrin və İslam dünyasının bir araya gəlməsində, eləcə də beynəlxalq təşkilatlar səviyyəsində dinlərarası dialoqa dəstək verilməsində, yüksək statuslu müvafiq qurumların yaradılmasında, xüsusilə dünyanın Dini Liderlərinin sammitinin ardıcıl təşkil olunmasında Şeyxülislam həzrətlərinin xidmətləri inkaredilməzdir.

Şeyxülislam Allahşükür Paşazadə 2009-cu il iyunun 17-də, yəni SSRİ dağıldıqdan 18 il sonra ilk dəfə olaraq postsovet məkanındakı ölkələrin müsəlman dini liderlərinin “MDB müsəlmanları konfessiyalarası və millətlərarası həmrəylik uğrunda” mövzusunda Moskvada keçirilən Beynəlxalq elmi-praktiki konfransında MDB müsəlmanlarının Məşvərət Şurasının sədri seçilmişdir. Keçmiş Sovetlər Birliyi daxilində müsəlman əhalisinin sayına görə heç də birinci olmayan ölkədən azərbaycanlı şeyxülislamın belə bir vəzifəyə seçilməsi həm onun şəxsi nüfuzundan, həm də müsəlmanların, ümumiyyətlə, bütün dinlərin həmrəyliyinə necə əhəmiyyət verməsindən irəli gəlir.

Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, rus pravoslav kilsəsinin, yəhudi dini icmalarının, Roma-katolik icmasının, molokan icmalarının, onların rəhbərlərinin də tolerantlıq mühitinin möhkəmlənməsində, dinlərarası və mədəniyyətlərarası münasibətlərin yaxşılaşdırılmasında məqsədyönlü fəaliyyəti xüsusi vurğulanmalıdır. Onların bu istiqamətdəki fəaliyyəti təkcə Azərbaycan deyil, bütün region üçün böyük əhəmiyyət daşıyır. 

İnformasiya texnologiyalarının sürətlə inkişafının fonunda “kiçik bir kəndi xatırladan” müasir dünyada cəmiyyəti ictimai-siyasi təşkilatlarsız təsəvvür etmək qeyri-mümkündür. Təsadüfi deyil ki, bu qurumların mövcudluğu və sərbəst fəaliyyət imkanları hər bir cəmiyyətin demokratik dəyərlərə nə dərəcədə sahib olmasının göstəricisi kimi qiymətləndirilir. Azad və demokratik cəmiyyətlərdə ictimai-siyasi təşkilatların və dini-mədəni müxtəlifliyin olması təbii və labüddür. Bu baxımdan ictimai təşkilatlar cəmiyyət və insanlarla işləyən bir qurum kimi dinlər və mədəniyyətlərarası dialoq məsələsinə biganə qalmamalıdırlar.

Cəmiyyətdə sabitliyin və sağlam siyasi rəqabətin yaranmasında maraqlı olan partiyalar dinlər və mədəniyyətlərarası dialoqun gerçəkləşməsi məsələsində də eyni dərəcədə maraqlı olmalıdırlar. Çünki hər bir cəmiyyətin, ümumilikdə bəşəriyyətin gələcək taleyi və sabitliyi müəyyən mənada dinlər və mədəniyyətlərarası dialoqun baş tutmasından, eləcə də birgə əməkdaşlığın genişləndirilməsindən asılıdır. Dinlər və etnik qruplar arasındakı münasibətlərin gərgin olduğu bir cəmiyyətdə ictimai-siyasi sabitlikdən, sağlam rəqabət mühitindən danışmaq əbəsdir. Deməli, bu qurumlar dinlər və sivilizasiyalararası dialoqun baş tutması istiqamətində səylərini əsirgəməməli və bunun reallaşmasının müəyyən mənada onlardan asılı olduğu nəzərdən qaçırılmamalıdır.

Lakin o da qeyd edilməlidir ki, dindən və insanların inanc hissindən siyasi məqsədlər, şəxsi və partiya maraqları naminə istifadə etmək yolverilməzdir. Bu cür cəhdlər nəinki dinlərarası dialoqun reallaşmasına mane ola, hətta cəmiyyətdə və bütün dünyada onu gərginləşdirə bilər. Ona görə də, ictimai-siyasi təşkilatlar, cəmiyyətdə söz sahibi olan partiyalar, dinlər və mədəniyyətlərarası münasibətlərə həssas yanaşmalı, bu sahədə atdıqları addımların cəmiyyətin təhlükəsizliyi baxımından nə qədər böyük əhəmiyyət kəsb etdiyinin fərqinə varmalıdırlar.

Təbii ki, din xadimləri də bu məsələdə ehtiyatlı olmalı, siyasət meydanına can atmamalı və heç bir siyasi iddia irəli sürməməlidirlər. Əks təqdirdə, ciddi problemlərin yaranması qaçılmaz hala çevrilə bilər. Çünki “dinin” siyasi hakimiyyətə gəlməsi indiyədək heç bir cəmiyyətə xoşbəxtlik gətirməyib.

 

AZƏRBAYCAN – TOLERANTLIQ BEŞİYİ

 

Keçmişini öyrənmədən sağlam gələcək qurmağın mümkün olmadığını tarix çoxdan sübut edib. Minilliklərin sınağından çıxmış bu sadə və adi qaydanı müdriklər elə sadə ifadə ilə də tarixin yaddaşına həkk ediblər: keçmiş gələcəyin bünövrəsi, gələcək isə keçmişin davamıdır. Bəlkə, elə buna görədir ki, keçmiş insana həmişə cazibədar və əlçatmaz görünür. Amma bəzən istisnalar da olur. İnsan keçmişinə baxanda köks ötürür, hətta, xəcalət çəkdiyi məqamlar da ola bilər.

Xalqlar, toplumlar da insanlar kimidir: keçmişi, bu günü və gələcəyi var. Lakin keçmişinə sahib çıxmayan xalqlar gələcəyin qurbanına çevrilir. Bəzən də, xalqlar bəzi insanlar kimi keçmişə baxmağa cəsarət etmirlər. Çünki arxaya boylandıqda qaranlıq və ləkəli keçmişlə qarşılaşacaqlarından ehtiyatlanırlar.

Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, gələcəyinə ümid və inamla baxdığı kimi, keçmişinə də alnıaçıq və şərəflə baxır. Xalqımızın tarixində çətin və əzablı dövrlər çox olub, lakin heç bir zaman ümidsizliyə qapılmayıb, qaranlıq günlər yaşamayıb.

Bəzən xalqlar iki qrupa ayrılırlar: tarix yaradan və tarix yazan xalqlar. Azərbaycan xalqı bütün dövrlərdə tarix yaradıb, amma nədənsə yaratdıqlarını tarixə köçürməyə diqqət yetirməyib. Bəlkə, elə buna görədir ki, tariximizi bəzən başqalarının yazdıqları əsasında öyrənmək məcburiyyətində qalırıq. Başqalarının yazdığı tarix isə bir çox hallarda ya saxta, ya da təhrif olunmuş faktlara əsaslanır.

Azərbaycan xalqı dəfələrlə işğala, soyqırımlara məruz qalıb, tarixi ərazilərini itirib, milyonlarla soydaşımız didərgin həyatı yaşamalı olub. Çünki xalqımız tarixdən ya gec və az nəticə çıxarıb, ya da ümumiyyətlə, nəticə çıxarmayıb, zaman keçdikcə unutqanlaşıb, bəlkə də, məqsədli şəkildə unutqanlaşdırılıb. Bu baxımdan, bizim üçün tarix yazmaq, tarix yaratmaq qədər zəruri və labüddür.

Başqalarından fərqli olaraq, Azərbaycan xalqının sağlam gələcək qurmaq üçün saxta tarix yazmağa, dumanlı keçmiş uydurmağa ehtiyacı yoxdur. Sadəcə, keçmişə boylanmağımıza, məqsədli şəkildə saxtalaşdırılmış tariximizi yenidən vərəqləməyimizə, nəticə çıxarmağımıza ehtiyac var. Bu, bizə təkcə tariximizi doğru-dürüst bilmək və gələcəyimizi sağlam təməllər üzərində qurmaq yox, həm də saxta tarix uydurub, onun arxasında gizlənənlərin maskasını yırtmaq üçün lazımdır. Çağdaş ifadə ilə desək, Azərbaycan xalqının tarixini reklam etməsinə gərək yoxdur, amma haqlı olduğunu sübut etmək üçün həqiqəti təbliğ etməyə ehtiyacı böyükdür. Bəlkə də, bu, gələcəyimiz üçün labüd və zəruridir. Çünki zərurət ehtiyacdan doğur, ödənilmədikdə ciddi fəsadların yaranması qaçılmaz hala çevrilir. 

 

MÜXTƏLİFLİKDƏN DOĞAN MƏDƏNİ ZƏNGİNLİK

 

Dünyada iki mindən artıq xalq yaşayır. Amma onlardan yalnız iki yüzünün dövləti mövcuddur. Azərbaycan xalqının müstəqil dövlət qurmuş iki yüz xalqdan biri olması qürurverici faktdır. Lakin o da nəzərə alınmalıdır ki, Azərbaycan xalqının coğrafi sərhədləri bugünkü Azərbaycan dövlətinin sərhədlərindən çox-çox böyükdür və bu xüsusiyyətinə görə, bəlkə də, azərbaycanlılar heç bir xalqla müqayisə oluna bilməzlər. Çünki bu gün dünyada 60 milyona yaxın azərbaycanlı yaşasa da, onlardan cəmi 9 milyona yaxını Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, tariximizin yaranma coğrafiyası Azərbaycan Respublikasının ərazisindən dəfələrlə böyük, bu tarixi yaradanların sayı isə onun vətəndaşlarının sayından qat-qat çoxdur.

 Azərbaycan Şərqlə Qərbin, Cənubla Şimalın qovşağında yerləşdiyi üçün müxtəliflikdən doğan zənginlik təkcə onun mədəniyyətində deyil, eyni zamanda təbiətində də açıq şəkildə özünü büruzə verir. Ölkəmizin ərazisinə nəzər yetirdikdə, Azərbaycan təbiətinin iqlim, relyef, hətta fauna və flora baxımından rəngarəngliyini görməmək mümkün deyil. Şübhəsiz, bu rəngarənglik Azərbaycanın tarixi-coğrafi ərazilərinin timsalında daha qabarıq nəzərə çarpır. Təsəvvür edin ki, tarixən Azərbaycana məxsus olmuş ərazilərdə əksər iqlim tiplərinə – subtropik və mülayim qurşaqlara, səhra və yarımsəhra, eləcə də yüksək dağlıq və meşə relyefinə rast gəlmək mümkündür. Bu cür əlverişli təbii-coğrafi şəraitə, zəngin fauna və flora aləminə və mülayim iqlimə malik olan Azərbaycanın Yer kürəsində ibtidai insanın formalaşdığı bölgələrdən biri olması təsadüfi deyil.

 

 

(Ardı var)  

 

525-ci qəzet.- 2013.- 10 yanvar.- S.6.