Mediaya dövlət dəstəyi:
alternativsizlikdən tam müstəqilliyə
Son zamanlar Azərbaycanda mediaya dövlət dəstəyi
müstəvisində meydana çıxmış və
ayrı-ayrı qəzetlərə ünvanlanmış əks
mülahizələrlə bağlı düşüncələrimi
bölüşməzdən öncə Remarkın bir fikrini
xatırlatmaq istərdim. Görkəmli mütəfəkkir deyirdi
ki, pul insan xarakterini korlayır. Stivenson bir
qədər də sərt formada adamların pul
üçün azadlıqlarını xərclədiklərini
vurğulamışdı. Əslində
pulla bağlı deyimləri sadalamaqla bitməz və müxtəlif
ictimai-siyasi formasiyaların məhsulu kimi meydana çıxan
kəlamlar pulun mahiyyətinə dəyər baxımından
nə qədər tutarlı sayılsalar da, mütləq
deyillər. O anlamda ki, pul çox şeydir, hər
şey deyil.
Elə anlaşılmasın ki, ölkəmizdə
mediaya dövlət dəstəyi ilə bağlı
başlanılmış prosesi müdafiə etmək niyyətindəyəm. Nə
müdafiəyə ehtiyac görürəm, nə də kiminsə
baxışının qeyri-məqbulluğundan söz
açacam. Sadəcə mediamızın
ağır durumuna bu və ya digər dərəcədə təsir
göstərmək üçün dövlət dəstəyinin
alternativsizliyini düşünən və mövcud istiqamətdə
təşəbbüslər irəli sürən biri kimi bəzi
mətləblərə aydınlıq gətirəcəm.
Azərbaycanda kütləvi informasiya vasitələrinə
dövlət dəstəyinin göstərilməsi ənənəyə
çevrilib.
“Azərbaycan Respublikasında Kütləvi
informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası” və sənədə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradılıb. Kəsəsi,
tutalım, söhbət pul verilməsindən gedir. ...ki, KİV-lərimiz ictimaiyyətin maraqlarını,
daha doğrusu dövlətin ictimaiyyətə xidmət
baxımından seçdiyi prioritetləri qarşılamaq
üçün ayaqda qala bilsinlər. Elə
buradanca dövlət-media oxunun bir növ, hədəfi müəyyənləşir.
İstərdim ki, məsələ ilə
bağlı fikir bildirənlər obyektivlik üçün
öncə bu məqama diqqət yetirsinlər – Konsepsiya ilə
KİV-ə dəstək göstərmək marağı ətraflı,
konkret və detallı şəkildə ortaya qoyulur. Sənəddə bildirilir ki, dövlətin
informasiya siyasəti Azərbaycan Respublikasının
Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat
azadlığının, vətəndaşların informasiya əldə
etmək hüququnun ardıcıl və tam təmin edilməsinə
yönəlib. Müasir informasiya və
telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin
sosial-siyasi və mədəni həyatında kütləvi
informasiya vasitələrinin təsirinin güclənməsi həm
bu sahənin infrastrukturunun yeniləşməsini, həm də
jurnalistlərin peşəkarlığının
artırılmasını zəruriləşdirir. Ölkəmizin dünya informasiya məkanına daxil
olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar
şəxsiyyətin, cəmiyyətin və dövlətin
informasiya təhlükəsizliyinin təminatı xüsusi əhəmiyyət
kəsb edir. Buna görə də KİV-lərin
inkişafına və fəaliyyətinin təkmilləşməsinə
dövlət dəstəyinin göstərilməsi müasir
dövrümüzün tələbinə çevrilib.
Göründüyü kimi, məsələyə
kompleks baxış mövcuddur. Yəni, pul xidmət
üçün verilir. Xidmət isə
ictimai əhəmiyyət daşımaqla həm dövlətə,
həm də mediaya eyni dərəcədə lazımdır.
Söhbət təkcə pul verilməsindən getsəydi,
Konsepsiya qəbul olunmazdan və KİVDF yaradılmazdan öncə
də bu iş həyata keçirilirdi. Deməli,
ayrıca sənədin ortaya çıxması və qurumun
formalaşması əlahiddə mərama hesablanmış
strategiyadır. Prinsipial baxımdan qeyd
edilməli məqam həmin strategiyanın hansı metodlarla həyata
keçirilməsidir. Mövcud xüsusda
kimsə iradını, narazılığını bildirsə,
təklifini səsləndirsə, zənnimcə, ümumi
işə, alternativsizliyi dəfələrlə
isbatlanmış prosesə fayda vermiş olar.
“Güclü media, güclü dövlət deməkdir”
formulunu “media IV hakimiyyətdir” formulu ilə
qarşılaşdıraq. Totalitar Sovetlər
Birliyi dönəmində mətbuata, onun fəaliyyət dairəsinə
münasibətdə formalaşan ənənəni, habelə
güclü dövlət hakimiyyətinin mətbu prinsipləri
arxa plana atmasını yada salaraq bəlkə bir
çoxlarımız düşünürük ki, dövlət
medianı klassik hakimiyyət formaları sırasında
möhkəmlənəcək qədər gücləndirərmi?
Mülahizələr də səslənir ki,
güclü medianın mövcudluğu dövlətə alət
kimi sərfəlidir. Axı, medianın
ictimai rəyi yönləndirmək, onu müxtəlif şəklə
salmaq imkanları var və dövlət bundan yararlanmaqla istək
və məramını həyata keçirə bilər.
Əlbəttə, bu baxışların əksəriyyəti
dövlətin politoloji ədəbiyyatlarda qeyd edilən
funksiyalarına bəzən zidd olaraq da meydana
çıxır və onların qayəsində bir çox
ölkələrin idarəçilik sistemindəki arzuolunmaz
praktikaya əsaslanma dayanır. Hər halda tarix göstərir
ki, belə nəzəriyyələr də həmin sistemlərin
təkmilləşməsində, həmçinin vətəndaş
cəmiyyəti quruculuğunun dərinləşməsində
az rol oynamayıb, nəticə etibarilə
inkişafa gətirib.
Zaman keçdikcə bu inkişaf xüsusiyyətlərini
dəyişib.
Mətbuatın da istər fəaliyyətində,
istərsə də strukturunda buna uyğun fərqliliklər
yaranıb. Hazırki məqamda elektron media ilə rəqabət
və jurnalistikanın daha çox kommersiya sahəsinə
çevrilməsi mərhələsi start götürüb.
Azərbaycandan fərqli olaraq bu proses və onunla əlaqədar
digər məziyyətlər ABŞ-da, eləcə də Qərb
ölkələrində olduqca tez başlanıb və
artıq yekunlaşıb. KİV-lərə
dövlət dəstəyinin göstərilməsi də həmçinin.
Qərbdə dövlətin mətbuata dəstək
göstərməsinin hansı səbəbdən zəruriliyini
dərk edir və düzgün qiymətləndirirlər.
Məsələyə aydınlıq gətirmək
üçün bir neçə məqama diqqət yetirmək
vacibdir.
Əvvəla, dünya miqyasında ötən əsrin
60-cı illərindən başlayaraq gündəlik qəzetlərin
tirajları düşməyə başlayıb. Ümumiyyətlə,
gündəlik nəşrlərin sayları da azalmağa
doğru gedib. Hətta Avropanın oxucularının
çoxunun gündəlik qəzetlərə meyl göstərdiyi
ənənəvi qəzet ölkələrində abunəçilərin
sayı məhdudlaşıb və ya tam durğun vəziyyətə
düşüb. Qəzet oxumağın
orta davamlılığında da geriləmələr var. Təkcə
Böyük Britaniyada qəzetlərin tirajlarında
düşmələr artıq neçə onillikdir ki,
müşahidə olunmaqdadır. Ölkə
gənclərinin böyük qismi qəzet oxumağa ehtiyac
duymur, orta məktəbi bitirən dörd məzundan biri isə
qəzet oxumaqda çətinlik çəkir.
Əlbəttə, mövcud vəziyyətin
yaranmasında rəqabət amilinin böyük rolu var. Məsələ
burasındadır ki, dərin rəqabət müstəvisində
müəyyən qəzetlərin bazarda dominant mövqeyə
yiyələnməsi digərlərinin onlarla hər hansı
mübarizə aparmasını mümkünsüzləşdirir
və tədricən ikincilər sıradan çıxır. Təbii, həmin
nəşrlərlə birgə auditoriyalarında seyrəlmələr
yaranır ki, nəticə etibarilə sevimli qəzetini
itirmiş oxucu başqasına meyl göstərmir. Təsəvvür edin ki, vaxtilə oxucu tapmaqda
problem yaşamayan, reklamın böyük bazara malik olduğu
Nyu-York kimi şəhərdə 1990-cı ildən
başlayaraq özünü doğruldan qəzetlərin
sayı cəmi dörd olub. Hazırkı
dövrdə Nyu-York bazarında yalnız bir gündəlik qəzetin
– “Nyu-York tayms”ın hegemonluğundan söhbət gedir. Kommersiya reklamlarının və reklam gəlirlərinin
əsas hissəsi məhz bu nəşrdə cəmləşir.
Başqa
bir fakta diqqət yetirək: 1930-cu ildə İngiltərədə
500-dən artıq irili-xırdalı şəhərdə
bir-biri ilə rəqabət apara bilən qəzetlər
çıxırdı. İndi belə şəhərlərin
sayı 30-a çatmır. Ölkənin
digər yerlərində isə yerli qəzet bazarını
yalnız biri təmsil edir. Onu da demək
lazımdır ki, Avropada regional bölmələri olan qəzetlərin
sayında da azalmalar var. Bahalı komputerlərin və
çap texnologiyasının geniş yayılması yerli qəzetlərin
böhranını gücləndirib.
Növbəti cəhət kimi siyasi partiya
böhranlarının təsirini qeyd etməliyik. Çünki
ancaq siyasi rəqabət müstəvisində özünü
doğruldan və siyasi prosesləri işıqlandırmaqla
ömür sürən nəşrlər maddi cəhətdən
daha üstünlərinə uduzublar. Bu isə
partiya mətbuatının tənəzzülünə gətirib.
Ümumiyyətlə İkinci Dünya
Müharibəsindən sonrakı dövrdə televiziyanın
və digər kommersiyalaşmış KİV-lərin təsiri
Avropada nüfuzlu partiya mətbuatının sıradan
çıxmasında müstəsna rol oynayıb.
Ötən əsrin 90-cı illərində daha çox
yüksəktirajlı partiya qəzetlərinin
çıxdığı Qərbi Almaniyada öz gündəlik
mətbu orqanını yalnız Demokratik Sosializm Partiyası
saxlaya bildi. Digər partiyalar isə bundan məhrum oldular. Onlar ya nəşrlərini bağladılar, ya da
satdılar. Onu da deyək ki, illər ərzində
hegemon rol oynamış demokratik sosilistlər belə digər
nüfuzlu mətbu orqanlarının varlığını
qorumaqda çətinliklər yaşadı.
Nəticədə XX əsrin sonundan başlayaraq gündəlik
mətbuatın plüralist xarakterinin qorunması problemi kəskin
qoyulmağa başlayır. Əvvəl televiziya,
indi isə internetlə rəqabət fonunda mövcud cəhət
onun reklam bazası əldə etməsi və yaşaması
baxımından mühüm amil kimi dəyərləndirilir.
Qeyri-kommersiya xarakterli və gəlirsiz KİV-lərin
sıradan çıxması vətəndaşları ölkənin
daxili və xarici ilə bağlı xəbərlərdən,
ictimai əhəmiyyətli informasiyalardan məhrum edir. Bu isə cəmiyyətdə və informasiya
mühitində plüralizmin azalmasına, insanların müxtəlif
yönlü, alternativ informasiya mənbələri əldə
etmək hüququna zərbə kimi qiymətləndirilir.
Siyasi və gəlirsiz media orqanlarının
“ölümü” cəmiyyətdə medianın
“dördüncü hakimiyyət” rolunu şübhə
altına alır, belə demək mümkünsə, ideyalar
bazarında cəmiyyətin demokratik tələbatları,
özünüifadə vasitələri ödənilməmiş
qalır. Nəhayət, qəzetlərin
iflası məsələsi demokratik dəyərlərin
sıradan çıxması kimi assosiasiya olunaraq qlobal səciyyə
daşımağa başlayır.
Əslində bütün bunlar dünya ictimaiyyətini
ötən əsrin 60-70-ci illərindən
düşündürməyə başlayıb. Hələ
1978-ci ildə Avropa Şurası Parlament Assambleyasında qəzetlərə
subsidiya verilməsinin təminatına kömək göstərilməsinin
vacibliyi vurğulanıb. Avropa Birliyi
ölkələrində problemi aradan qaldırmaq və mətbuatın
dözümlülüyünü təmin etmək məqsədilə
proteksionist siyasətin yürüdülməsi nəzərdə
tutulub ki, burada da mətbuat orqanlarına və mətbəələrə
maddi dotasiyaların verilməsi, poçt, teleqraf, vergi,
gömrük və digər imtiyazların tətbiqi
başlıca tədbir kimi irəli sürülüb.
Təbii ki, mövcud siyasət ardıcıl və uzun
müddətli xarakter aldığı zaman müsbət nəticələr
əldə olundu. Məsələn, indinin özündə
də dövlət dəstəyinin 1960-cı ildən tətbiq
edildiyi Finlandiyada qəzetlərin yarıdan çoxu bunsuz fəaliyyət
göstərmək iqtidarında deyil və məsələyə
tam normal yanaşılır. Hazırda bir
çox Avropa ölkələrində dövlət gündəlik
qəzetləri bu və ya digər dərəcədə
maliyyələşdirir ki, obyektiv amillərin təsiri ilə
cəmiyyətdə nəşrlər barəsində
sıradan çıxmaqda olan yüksək ictimai rəy
saxlanılsın. Birbaşa dövlət dəstəyinin
hesabına İsveçdə iki böyük siyasi qəzet –
1887-ci ildən çıxan sosial-demokrat yönümlü
“Arbatet” (“Əmək”) və 1884-cü ildən nəşr
olunan mühafizəkar ruhlu “Svenska Dagbladet” (“İsveç
gündəlik qəzeti”) saxlanılır. Avropanın bir çox yerlərində hətta
siyasi və ictimai baxışları yayan mətbu KİV-lərin
maliyyə sıxıntılarını aradan qaldırmaq,
onlara maddi dəstək göstərmək üçün
xüsusi məqsədyönlü proqramlar fəaliyyət
göstərir.
Dünyada mediaya dəstək praktikasını labüd
edən təcrübə ilə ölkəmizdəki oxşar
zərurətin meydana gəlmə səbəblərini
müqayisəyə gətirdikdə ortaya maraqlı
nüanslar çıxır. Göründüyü
kimi, Qərbdə, eləcə də ABŞ-da mətbu
böhranı iqtisadi kataklizmalar şərtləndirib. Yəni, iqtisadiyyatın mühüm tərkib hissəsinə
çevrilən media bu mühitdə baş verən dəyişikliklərin,
tendensiyaların, rəqabətin mənfi təsirinə məruz
qalıb və sıradan çıxmağa başlayıb.
Azərbaycanda isə mətbuatın zəif
duruma düşməsi böyük mənada hansısa iqtisadi
prosesin məntiqi davamı kimi dəyərləndirilə bilməz.
Amma hər iki halda nəticə eynidir. KİV-lərin tirajı aşağıdır, oxucu
auditoriyası seyrəkdir, maddi-texniki imkanları zəifdir,
jurnalistlər sosial çətinliklər içərisindədirlər.
Deməli, Azərbaycanda dövlət dəstəyinə
ehtiyac KİV-lərin iqtisadi rəqabətdə belə desək,
itib-batmasına yol verməmək üçün deyil,
onları iqtisadi rəqabətə hazırlamaq, artan iqtisadi tərəqqiyə
adekvat yanaşmalarını təmin etmək zərurətindən
irəli gəlib. Konsepsiyada da deyildiyi kimi,
Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi
islahatların keyfiyyətcə yeni mərhələyə
daxil olması, vətəndaş cəmiyyəti
quruculuğunun dərinləşməsi və siyasi
plüralizmin genişlənməsi cəmiyyətdə
informasiyaya olan ictimai tələbatı daha da artırıb.
Sonda onu da deyim ki, Azərbaycan mediası uzun yolun başlanğıcındadır. Bu yol tam müstəqillik yoludur. Kimin necə düşünməsindən asılı olmayaraq yolumuzun məşəqqətlərinə qatlaşmağa məhkumuq. Ola bilər, indi etdiklərimizdə nələrsə çatışmır, nələrəsə yenidən nəzər salmalıyıq. Amma hədəfimiz dəyişməzdir və dəyişməzliyi müəyyənləşdirən Azərbaycan jurnalistikasının özüdür. Bu jurnalistikada isə “Yeni Müsavat” qəzeti də, “Yeni Azərbaycan” qəzeti də, “Səs” də, “Azadlıq” da peşə anlamında eyni funksiya yerinə yetirirlər. Vəziyyəti nəzərə alaraq onların daşıdıqları siyasi missiyalar da müəyyən mənada anlayışla qarşılanmaqdadır. Ölkənin jurnalist cameəsi bir-birini başa düşür. Axı, həmin cameənin hər bir üzvünün sosial, maddi-texniki durumu böyük hesabla eynidir. Eynilərin arzuladıqları həyat sözsüz ki, gələcək.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat
Şurasının sədri
525-ci qəzet.-
2013.- 11 yanvar.- S.4.