Sözün dörd havası varmış...

 

“Onda Kür çayı evimizin yanıyla axırdı...

 

Axşamüstü çimib evə qayıtmışdıq. Uşaqlar şeir yazdığımı anama xəbər verdilər.

Anamın düyünlənmiş qaşlarını görəndə,- biləmmədim, sevincdən idi, ya heyrətdən, “doğrudanmı şeir yazırsan” sualı qarşısında susub qaldım, çünki səsim qırılıb içimə dağılmışdı, cavab verə bilmədim.

İlk şeirlərim çıxmışdı, anam yazıları oxuyub üzümə baxdı:

– A bala, bunları Səməd Vurğundanmı köçürübsən?

Utandığımdan içimə çəkilib niyə şeir yazdığımı sorğuladım, cavab verə bilmədim”.

Bu səmimi etirafın müəllifi şair Nurafizdir. o, “sən niyə şeir yazırsansualına cavab vermiş olsaydı, mənim zənnimcə, ona şair demək qətiyyən düz olmazdı. Çünki bu dünyada bircə şairliyin mənbəyi olmadığı kimi, mənsəbi yoxdur. Dünyanın heç bir şairi şeir yazmağa başlayanda bunu nədən ötrü etdiyini, onu vəcdə gətirən bu ilhamın haradan gəldiyini tədricən, günlər, aylar, illər keçdikcə ürəyindəki sözləri poeziya dili ilə əyan etdiyini biləmmir. Bircə onu bilir ki, şairlik peşə deyil, lap elə sənət deyil, bu Allah tərəfindən sənə göndərilən ilahi bir əzabdır. Elə bir əzab ki, səni ağrıdan qədər sevincə qərq edir, səni saflaşdırır.

Nurafizin şeirlərini oxuyanda da (“Sözün dörd havası”, Bakı, 2012) qəlbini, hissini, ruhunu şeirə təslim edən bir insanın səsini, pıçıltısını eşitdim. Sən niyə şeir yazırsansualı onun kitabının sonuncu səhifəsini qapayanda mənim üçün daha suala dönmədi. Çünki qarşımda həm bütün şeirlərin ruhunu bir araya gətirə biləcək bir obraz hasil oldu-bu şairin öz obrazıdır ki, ondan hər bir şeirinə hissə-hissə paylaya bilib.

BİRİNCİ HAVA: “Dərdini qalın elə”. Bu şeirləri bütövlükdə PAYIZ LİRİKASI adlandırmaq olar. Burada xatirələr, ömrün keçən günlərindən acılı-şirinli nyüanslar diqqəti cəlb edir. Rüstəm Kamal demişkən: “Nurafizin keçmişə qayıdışı evə, ilkinliyə qayıdışdır. Çünki əzələ, ilkinliyiə qayıdış bugünlə bütün keçmişin əlaqəsini yaşamaqdır”.

Nurafiz deyir ki:

 

Ömrümüzdən vaxt üyütdük

Özümüzə yol varmağa.

Dərd faizsiz kreditdi,

Ömür çatmaz qaytarmağa.

 

Özümüzü aldatmışıq,

Batmışıq neçə günaha.

Kor qisməti adlatmışıq,

Demə, bu gündən sabaha.

 

İçiləsi and yerimiz,

Söyməyə baxt qalmadı.

Sənsizlik dözmək öyrətdi,

Yaşamağa vaxt qalmadı.

 

Əlbəttə, şəxsən mən şeirdəkreditsözünün işlənməsinin tam əleyhinəyəm. Amma həmin söz bu şeirdə yerinə düşür.Doğrudan da, insan özünü dərk edənə qədər böyük bir ömür yolu keçir, şübhələr, tərəddüdlər, yerli-yersiz nigarançılıq hissləri, gah sevinc, gah da qəm gətirən günlər, aylar...bunlar bir-birini əvəz edir bir görürsən ki, ömrün sonudur. Yaşamağa vaxt qalmayıb”. Əslində, elə bütün bunlar,elə yaşamaq imiş...

Nurafiz dərddən çox yazır, amma mən ona qətiyyən DƏRDLİ ŞAİR deyə bilmərəm. Deyir ki: “Dərdi çəkə bildinsə, buna da şükür elə”.

Nurafizin şeirlərində adı tez-tez çəkilən çəkilən,onun əksər şeirlərinin ruhuna hopan bir obrazın görüntüsü var. Bu, AYRILIQ obrazıdır. (Bu adda üç şeiri var). Onun alim həmyerlisi Vəli Musayevin,qələm yoldaşları Arif Mustafazadənin, Valeh Hacıların, Akif Səmədin, Eyvaz Əlləzoğlunun, Rafiq Tağının xatirəsinə həsr etdiyi şeirlər ənənəvi vida-nekroloq şeirlərinə oxşamır. Dediyim AYRILIQ obrazını tam təsəvvürə gətirir. Rafiq Tağıya həsr etdiyi şeir budur:

 

İçimizdə yatmışıq,

Kim oyatsın yatanı?!

Günah sözü ah çəkir,

Qələm sözdən utanır.

 

Bıçaqlanan ümidin

Gözləri qan çanağı.

Güldürməyin sükutu,

Söz olar qançır, axa.

 

Bu yerin üstü şaxta,

Hər vaxtı, anı tilsim.

Torpağı çək üstünə,

Torpağın qanı gülsün.

 

İKİNCİ HAVA: “Ömür sıxıntısı”.Nurafizə ŞAİR deməyə tam haqqımız çatır doğma kəndi Təhlə, o kənddəki anası, o kəndə doğru yol gedən qatar, oradakı ağaclar, quşlar kəndlə özü arasında yaranan ayrılıqlar bu şeirlərdə poetik səmimiyyətlə diqqəti cəlb edir. Yeri gəlmişkən deyim ki, kənddən ayrılan ömrü boyu şəhərdə yaşamağa məhkum olan oğulların hissləri, duyğuları, kədərli sıxıntıları 70-80-ci illərdən çox şairlərin(özü əksərən cavanların) şeirlərində öz əksini tapmışdı. Nurafizin şeirlərində bu motivlər diqqəti cəlb edir. Amma təkrarçılıq elementləri nəzərə çarpmır, Nurafiz çalışır ki, təzə söz desin, hissini, duyğusunu, ayrılıq həsrətini obrazlı şəkildə ifadə eləsin.

 

Təhləlilər, bircə günlük yığışın,

Təhlədəki bu ocağın başına!

Qoy, çox olsun burda tünlük, yığışın,

Əl söykəsin, qocaları qaşına.

 

Bağlı qalan qıfılların pasını

Yusun sevinc gözyaşları bu axşam.

Perik düşsün qapılardan lal sükut,

Palçıq olsun ayaqlara bulaşan.

 

Hər qapıya bir açardan muştuluq,

Hər dodağaşükürsözü pay olsun.

Hürməyi yadırğayan itlərin

Kal səsindən yollarımız bayılsın.

 

Nurafiz şeirlərində qətiyyən filosofluq etməyə can atmır. Buna ehtiyac da qalmır. Çünki onun olum-ölüm, varlıq-yoxluq, xeyir-şər bu tipli əbədi təzadlar üzərində düşüncələri Şairin içində bir Filosof əyləşdiyini bizə əyan edir. Amma bu Filosof təzə birfəlsəfəyaratmır, yaşadığı ömrün, günün həyat təcrübəsini ümumiləşdirir. Deyir ki:

 

Qurbanlıq toğlu tək sığınıb ömrüm

Bıçaq tiyəsindən səbrimə qədər.

Özümdənözümə minillik yol var,

Bir addım yol qalır qəbrimə qədər.

 

ÜÇÜNCÜ HAVA: “Vaxtın yedəyində”. Bu bölmədəki şeirlər ruhən ikinci bölmədəki şeirlərin davamıdır. Yenə kəndlə, ana ilə bağlı xatirələr dil açır.AncaqÖmür sıxıntısı”nda gündəlik həyatdan gələn reallıqlar diqqəti cəlb edirsə, “Vaxtın yedəyindəbölməsində biz romantik duyğularla qarşılaşırıq. Yuxusu bal dadan bir kənd axşamınınseyrinə dalırıq, bu kənd axşamıDaş, ağac diliylə nəğmə oxuyur”.Xüsusilə KÖÇlə bağlı şeirlər romantik duyğulardan yaranıb.

Öncə qeyd etdim ki, Nurafiz payız duyğulu şairdir. O, payıza çoxlu şeirlər həsr edib. Amma təkcə buna görə yox, hissləri, duyğuları etibarilə payızlı şairdir, ötüb-keçən, amma izi hələ ürəklərdə qalan xatirələr, Təhlə ilə bağlı düşüncələr, analı hisslər...bütün bunlar elə bil sarı yarpaqlara, xəzan çiçəklərinə bənzəyir.

 

Elə ki, payız gəlir,

Sınır gözün kilidi.

Ağaclar köks ötürür,

Yarpaqlar ah kimidi.

 

Durna qatarlarının

Səfində yol göz yorur.

Gümanların əlində

Əsir olur söz yolu.

 

Dönüb baxdım arxaya,

Bir duman yol gəlirdi.

Dağlar da anam kimi

Arxamca dikəlirdi.

 

Nəhayət, DÖRDÜNCÜ HAVA: “Ömrün gözləmə zalı”.Bu bölmədə Nurafiz özünü çox sərbəst hiss edir. Sanki oxucu ilə söhbətinin başa çatmasına tələsirmiş kimi həyat, vaxt, zaman, söz, təbiət, ayrılıq, həsrət-ümumiyyətlə onu düşündürən bütün məsələlərə bir qayıdır, bir urvatlı bir söz deməyə cəhd edir. Xüsusilə, anasının ölümüylə bağlı şeirlər təzə bir kədərlə səni çulğalayır. Maraqlıdır ki, o biri bölmələrdə ANA sağ idi, dipdiriydi, oğul yolu gözləyirdi, doğrudan da bilinmirdi ölümü. Amma burada Anasızlıq havası vurur səni.

Nurafizin şeirlərinin əksəriyyəti bizim doğma hecamızdadır. Amma o, sərbəstdə özünü sərbəstçi kimi apara bilir.

 

İnadımın

göz yaşı damır

səbrimin ovcuna,

Təsəllimin qıçı sınıb

gələ bilmir

dilimin ucuna.

Bu bıçağın ucunda

sükut intihar edib,

ağzından qan iyi gəlir.

 

Nurafizin şeir dilində, ifadə tərzində ara-sıra nahamvar ifadələr, sözlər, kal-küt misralar olsa da, ümumən şeir ləfzi səni təmin edir. Olsun ki, onun bir çox şeirlərində obrazlılıq zəif nəzərə çarpsın, amma istər öz səviyyəsində yaxşı ortabab şeirlərinin hamısında bir istilik var. Onun adı SƏMİMİYYƏTDİR.

Kitabdakı ən sonuncu şeirin adıƏllərimin göz yaşı”dı. Bu şeirdə şair günlərin birində bağçada güllərin qol-qanadını sındıran bir uşağa sillə vuran əllərin...sonradan dərin peşimançılıq hissi keçirməyindən söz açılır. Əlbəttə, olsun ki, bu mövzuda haçansa şeirlər yazılıb. Ancaq o şeirdə ƏLLƏRİN GÖZ YAŞI ifadəsi var. Nurafizi bir şair kimi həyatda, gerçəklikdə, dünyaya, bu dünyadakı gözəlliklərə, xatirələrə, dünənə, sabaha baxışında belə şairanə ləfzi saxlamağı arzu edirik.

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2013.- 11 yanvar.- S.7.