And olsun
And olsun gecənin bu vaxtına ki,
əsgər yarasında
qurşun kimiyəm
Sizə
öz dərdimi deyə bilmirəm
Quruyam, yoxsulam, qəribəm daha
And olsun o günlərə ki,
mən öz dizimə baş qoyub yatmışam
İndi
quru çay misalı
yağışlar doldurar boşluqlarımı
Ağrıdan elə ağırlaşıb
canım,
Elə bil şair yox,
şair arxasınca atılmış daşam.
And olsun məni
içimdə MƏN edən
PADŞAHA
O padşaha ki, göz yaşlarım da
onun əsgərləridi.
Mən indi nə deyim,
nə deyim ONA,
Deyimmi bu gecə, elə
bu axşam
O qədər dərdliyəm
ONA deyiləsi “şükür”
kəlməsindən özgə
Heç nəyim yoxdu?
Yeni Şeir
Gözüm əlin uzadıb
qara torpağa sarı
ömrümüz dərman
adı öyrənməyə
çatar ta,
unutmuşam gülməyi,
hərdən dodağım
qaçır.
dərdlərim dilənçidi,
sevinclərə əl
açır
sən də o qızsan elə, dəyişən paltarındı.
mənim səndən
yoxumdu, sənin məndən varındı.
Mən yenə
həminkiyəm, sən
yenə də başqasan.
səni dərd eləməkdən içimdə
qocalmısan
getməyə tələsmə
sən yollar onsuz zindandı.
səni doğa bilməyən gözlərim
ikicandı
yenə yola düşürsən, yenə
başa düşmürsən.
bilmirsən ki, bilmirsən
mənim səndən
yoxumdu, sənin məndən varındı.
Sual-cavab
Zindan nədir sorsan məndən
Anamın
arxamca düşən
göz yaşlarıdı
deməsəm,
Allaha xoş getməz
Desən
ki, ən çox kimdən darıxırdın,
yolumu gözləyənimdən
deməsəm
bağrım çartlar
sorsan ki, qadınların
ən vəfalısı
kimdi
məni dilbilməz vaxtlarımdan sevən
anamdır deməsəm
olmaz
istəsən ki, ayrılığa tərif
verəm
Çörəyimi göz yaşımla
ovduğum günlər
düşər yadıma,
İçimdə qapı döyülər
və məni çağırıb
apararlar xatirələr,
Səssiz
sözlər dolar
mənim boş qalmış yerimə
Könül üçün yazılmış
şeir
Bizi öldürmədilər,
sevmirlərmiş deməli,
Qəlbimizi tısbağa kimi
arxası üstə
çevirdilər.
Yaşaya
bilmədik qəlbimizin
bu tərəfiylə,
Öyrəncəli ola bilmədik.
Namərdlər
qəlbinin hər üzü üstə yaşayanlardı.
Qadının canında can alanda
ana olur.
Kişinin canından can alanda
ölü.
Qadını çox vaxt özü yıxır,
Kişini özgələri.
Sənin gözlədiyin yollar
əl açıb
o qız da hər
gecə satır özünü
gecənin kimsəsiz
ucuz vaxtına
sənin gözlədiyin
yollar əl açıb
mənim yetişməyən,
mənim gəlməyən
bu susqun, bu zalım ayaqlarıma.
Sənə sarı özüm
gəlləm...
Qaracaoğlana
Tanrı sənə lazımammı?
Sözüm şeirə lazımı?
Məndən dünyada nə
çoxdu
Bu dünya mənə
lazımmı?
Mənə o dünyanı göstər
Yükümü götürüb gəlim.
Anamın
o laylasını,
Cənnətə ötürüb gəlim.
Çayımı soyudub gəlim
Nazlımı uyudub gəlim
Nolar bu çeynək sevgini.
Aman elə udub gəlim.
Gözüm sənlə dolub
yenə
Onsuz olan olub mənə
Sənə sarı özüm
gəlləm
Əzrail Qoşulub mənə.
Fərid Hüseynin
525-ci qəzet.- 2013.- 12 yanvar.- S.30.