...bu,
nə əvvəl, bu, nə son
( epistolyar şərtiliklər
çərçivəsində üç bölümlü
lirik ricət)
a. yaşıdım söz, fikir sevdalıları
və Rəsul Rzadan Anara sevginin
qədəri
...günün tən ortasında
yayın qora qovuran cırhacırında
anamızın ağartıya
bulaşmış əlləriylə
nehrədən əndərib
kasaya tökdüyü
ayranı içərdik
bu yerin uşaqları
isti nə, göydən od yağsa belə
kvas nədi bilməzdilər həyatlarında
xana-xana artıb, duran
bu böyük obanın uşaqlarından
biri də məndim
agah oldum dünyada nə var
səbirlə dinlədiyim
dərs saatlarında...
...........................................................
hər dərsin öz yeri
dil-ədəbiyyat müəllimimizdən
öyrənirdik sözün
necə
qöncə olub sonra çiçək açdığını
hər gün daha artıq
anlaya-anlaya sözün
sehrini
uzun gecələr sobanın dibində
uzanıb qoç
dərisinin üstündə
baxmayıb boyumuza,
yaşımıza
və yorğunluğumuza
böyüyə-böyüyə bilirdik hər şeyin təhrini...
.................................................................
çox sevdiyim yazıçılardan
şairlərdən biriydi Rəsul Rza
hələ də yadımdadı o illərdən
“ilk qışqırıqdan
son süküta qədər bir yol”
“yarı his, yarı
kül
kövrək, yavan çörək”
“insan şəklinə
girmiş
alovlu qadın ehtirası”
və tarixin ən böyük canisi
mayor Klod İzerlinin monoloqu
yaddaşımda yumağa
dönən
bu caninin
şüa xəstəliyinə
tutulmuş
xirosimalı qızla
dialoqu...
...............................................................
bir dərs uzunu
bu böyük şairin bütöv həyatını
bir əfsanə kimi öyrəndik kəlmə-kəlmə
yaşıdım ədəbiyyat
sevdalıları və
mən
ömür-gün yoldaşının
həlim və mehriban Nigar xanım Rəfibəyli
olduğunu da bildik
bu kübar xanımın
kitabı da əl-əl gəzdi aramızda
həyat eşqi,
Vətən və övlad sevgisi
şeirlərini “dağların
saf havası
çiçəklərin xoş ətri” kimi
qəlbimizə aldıq,
yaddaşımıza yazdıq
yaxşı misra, yaxşı roman oldu
sözə aşiq
ürəyimizin dərmanı-davası...
................................................................
kitablardan və şəkillərdən tanıdığımız
misraları dillərdə,
ağızlarda
bu iki şairə olan sevgilərdi
sənə olan sevgilərimiz bir vaxt
amma az sonra sənin də
sözlərini gördük
ağ kağızlarda
fikirlərin yeni və təzə, hər şey fərqli
qəzet və jurnalların səhifələrində
sənin ruhun kimi sənin yerinə
bir gənc yazar gəlirdi evimizə
uğrunda vuruşurdu
sənə yazılan
baxt...
içki
kimi oynaq və köpüklənən
şeirlərin nəşəsi
...dəyirman yolunda
əmim dəmirçi Əhədin at arabasında
göy otun üstündə oxudum
ilk dəfə “Bayram həsrətində” kitabını
1967 də, “Ağ limanı” oxuyanda
saxtalı və sazaqlı bir qış gecəsiydi
hamı yatmışdı
evdə
ala pişiyimiz ayağıma svanırdı
itimiz pəncərənin
qabağında
gecəni oyaq qalmağıma məəttəliydi
və yorğun gözlərimi doyuzdurardı
dan yerinin qızartısı günəşin
doğuşunda
bir dəfə də dərsə aparmadığım
köynəkdən, pencəkdən,
çantadan
mənə görə,
hər şeydən baha
xəlfətdə yazdığım
bir can dəftərim
vardı
mənim gizlin yerim
qart və qoca palıd ağacının koğuşunda...
..................................................................
on üç yaşım vardı o il
türkçü atamın
kitabxanasında
dahi Əbdülhəqq
Hamiddən
üzü bəri
Tofiq Fikrətdən Nazim Hikmətə qədər
hamısını bir-bir su kimi içmişdim
bu qoca dədəmin kitab rəfində
uzaq Amerikadan Avropaya
bütün böyüklər
vardı
şahanə və gözəl Kassini “Ağ kölə”də
sözün qüdrətiylə
çox möhtəşəm
yaradan
hər kəsə hürriyyət istəyən
Riçard Xildret
edam olunmuş qadında Düma və bir tərəfində
əxlaqsız Marion de Lormda
Hüqo
fransız şairlərin
milli içkiləri kimi
oynaq və köpüklənən şeirləri
o illər indi bir şirin xatirə
və artıq əfsanə, bir kitab dastan
necə sığa bilər mənim yazdığım
bir vərəq kağıza, beş, on sətirə...
həyatımız günə
bir roman
və nəşəli
şeirlər
bunnan dahilərə könül verib, baş əyirdik
onlar uzaq, sən özümüzünkü
və gənc
sənin qədər
və Əli Kərim qədər
biri olmaq istəyirdik...
qəlbimizdə uca Allah
bu əl mənim, ətək sənin
düşdük bu yolun ağına
heç yoruldum söyləmədik
nə düzünə,
nə dağına
gündüz gödək,
gecə uzun
üzülən əl, ayaq oldu
babam İsmayıl Səfəvi
ona ağır döyüşlərdə
din və iman dayaq
oldu...
...yenə amalımız Vətən
bu sevdayla yüyürən biz
nadan, naşı qabaqladı
yıxılıb, duran dostlara
can sızladı, qəlb ağladı
yaxşı yamana qarışıb
hərə bir hava istəyir
yaxşıları sülh
və barış
yamanı dava istəyir...
...söz sərrafı yaxşı bilir
kimdi hətərən-pətərən
kimdi gerçək yazı yazan
çox baş qoşma, boş ver, getsin
indi nə çox yolun azan
dolub, daşan ürəyində
qəm yelləyir aşıq, ozan
nə çox namərd və naxələf
çox yaxşını
pisə yozan...
...mənim babam söyləyərdi
gül bükülməz
hər bələyə
andıqda və xəzinədə
ləl deyilməz hər lələyə
gözlərində qəhər
görüb
mağmın bidik hər fağırı
bir ölçüdə
olmur heç vaxt
sözün yüngülü,
ağırı
zalım sığmır
yerə-göyə
şeytana qul yolun azır
fikir vermə səbr eylə ki
mələklər olanı
yazır...
c. yazarlar birliyinə sayğı və salam
...yenə ötən əsrin
son onilliyində olduğu kimi
başlanğıcında bu yüz ilin
təzə nəsə
yazmaq ehtirasımı
yoxun qara üzü öldürmək
həvəsindədi
o zaman da neçə
romanın
canına qıydım,
fəsillərini
ilk və axır cümlələrini belə
bətnində boğdum
div boyda bir nəhəngi
cırtdan yaxşıdı,
qarışqa elədim
istəməsəm də
roman yox, şeir doğdum...
mərdi namərdə
möhtac edən
şeytana qul zalımlar
üzdə yer vermədilər
həyatın dibində
süfrəmə ruzi
istədim
nələr etmədim
yetər, dedilər
bircə karyerə getmə
hələ oradakılar
səni sıralarına
almaz, alar da
çox dedilər
az eşitdim, getdim
qarlı günlərdə,
qızmar havalarda
ilan mələyən
yerlərdə
dördkünc ağ daşları
kitabları rəfə
düzən kimi
ağır tonajlı
tırlara yüklədim
daş karxanasına əyildi
heç kimə
əyilməyən qəddim...
yoxun qara üzünü ağartmaq
üçün
traylerin ağır yükünü Binədə
neçə illər
yerə qoydum qaranlıq anbarların küncündə
hər qarşıdan gələn bayrama
bir hədiyyənin
puluna
qaldım saat ikiyə, üçə
yaza bilmədiyim
romanlara kül olduğum qədər
fikirləşdim qadınım
və qızım üçün də...
bu, nə əvvəl, bu, nə son
yadınızda varamsa sevgili dostlar
hərdən məndən
də çatdırın
on ildə bir dəfə
ayağım qapısına
dəyməyən
sırasında olduğum
yazarlar birliyinə sayğı və salam
mən Hadi deyiləm
nədə ustadımız
böyük Hamid
amma yenə də
roman yazıb Nobel mükafatı
almağa
ölmək istəməyən
ümidim var, vəssalam...
yaşaya bilsəm
sevgili dostlar...
17 noyabr 2012.
Şükür Şənolun
525-ci qəzet.- 2013.- 12 yanvar.- S.30.