Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
Ön
söz
Azərbaycan
milli qurtuluş hərəkatının ideoloqu və
tanınmış lideri Məhəmməd Əmin Rəsulzadənin
əsərlərinin IV cildinə onun 1917-ci ilin yanvar 1918-ci
ilin aprelinə qədərki dövrdə mətbuatda dərc
edilmiş əsərləri, çıxışları, məruzə
və müsahibələri, nitqləri və s. daxil
edilmişdir. Bir il üç aylıq zaman zərfi təkcə
Azərbaycan, Qafqaz və Rusiya tarixində deyil,
ümumdünya tarixində çox təhlükəli, faciəli
hadisələr və qarşıdurmalar, iqtisadi, ictimai-siyasi
böhranlar, həm də sürətli milli oyanış,
azadlıq və istiqlal hərəkatları ilə
müşayət olunmuşdur.
Rusiya və dünyada cərəyan edən mürəkkəb
hadisələri diqqətlə izləyən M.Ə.Rəsulzadə
hələ 1916-ci ilin oktyabrında “Açıq söz” qəzetində
yazırdı.
“Ey qadiri-küll olan zaman sən nələr
yapmaz, nələr yapamazsan, görülən hallar bahar olmasa
da, baharın gəlməsini göstərən günlərdir,
intibah dövrünün sürətlə başa gəlməkdə
olduğu görülməkdədir”.
Məlumdur
ki, 1917-ci ildə Rusiyada iki - fevral və oktyabr aylarında
inqilablar baş verdi. M.Ə.Rəsulzadə
bunlardan birincisini Rusiya inqilabı, ikincisini isə rus
inqilabı hesab edirdi. Fevral inqilabı Azərbaycan
türk xalqı üçün də xilasedici səciyyə
daşıyırdı və onu çarizm dövründə
boğulduğu tilsimləşmiş dairədən xilas yolu
açırdı. M.Ə.Rəsulzadə yazırdı:
“Hürriyyət günəşi doğmuş, azadlıq
baharı gəlmişdir”.
M.Ə.Rəsulzadə xatırladırdı ki, Rusiyada
demək olar ki, vətəndaş yoxdur. Ancaq rəiyyətlər
vardır. Bütün Rusiya millətləri
çarizmin rəiyyəti idilərsə, qeyri-rus deyilən
millətlər rəiyyətin rəiyyətləridir. “Qula qul olmaq iştə Rusiyada yaşayan müsəlmanın,
yəhudinin... sair “ögey” millətlərin çəkilməz
faciəsi” olmuşdur.
Rusiyada Romonovların mütləqiyyət rejimi devrilsə
də bu onun əsrlər boyu yaratdığı qlobal problemlər
qalmaqda idi. Həm də Əlimərdan bəy
Topçubaşovun 1917-ci ilin mayında Ümumrusiya müsəlmanlarının
qurultayında söylədiyi kimi “6 yüz ildən bəri
Rusiya tabeiyyətində bulunan müsəlmanlar bu günə
qədərdə hökumətdən bir xoş söz və
iltifat görməmişlər”.
Dövlət
müstəqilliyini, ərazi bütövlüyünü
itirmiş, hətta zaman-zaman fiziki mövcudiyyəti belə təhlükə
altında olan Azərbaycanı xilas etmək məsələsi,
yaranmış əlverişli şəraitdən istifadə
edərək Vətəni və milləti xilas etmək
üçün nə etmək və nədən başlamaq
lazımdır sualı qarşıda durmaqda di.
Milli
istiqlal və azadlığa qovuşmağın dünya,
xüsusilə Avropa təcrubəsinə əsaslanan M.Ə.Rəsulzadə
belə hesab edirdi ki, millətin bütün sağlam qüvvələrini
vətən və xalqı xilas etmək uğrunda mübarizəyə
hazırlamaq üçün birinci növbədə
güclü və nüfuzlu bir siyasi partiya təçkilatı
yaratmaq vacibdir. O yazırdı: “Siyasi firqələri olmayan bir
millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz.
Siyasət meydanına hər milləti siyasi firqələr
çıxarar, siyasi fikirlər siyasi firqənin ehtimamı ilə
(səyilə) xalq arasında intişar
tapar. Fəqət bir firqə xalqın
hüsni-rəğbətini o vaxt qazanar, milləti öz
başına o vaxt toplaya bilər ki, cəmaətin milli amal və
arzularına müvafiq proqramı yürüdərək təşkili
təbiətə (həyata) yaxın olsun”.
(“Açıq söz” 1917, 599)
Qeyd edim ki, indiyədək tarix ədəbiyyatında belə
bir mülahizə mövcuddur ki, milli-demokratik “Müsavat”
partiyası 1911-ci ildə gizli olaraq Bakıda keçmiş
hümmətçilər A. Kazımzadə,
T.Nağıoğlu və Məhəmməd Əli Rəsulzadə
tərəfindən yaradılmışdır. M.Ə.Rəsulzadənin əsərlərinin
bu cildinə daxil edilmiş, onun 1917-ci ilin martında Lənkəran
və Astaraya rəsmi səfəri münasibət ilə
“Açıq söz” qəzetində dərc edilmiş “4
gün xalq içində” sərlövhəli məqaləsindən
görünür ki, M.Ə.Rəsulzadə 1911-ci ildə gizli
surətdə Lənkəranı keçib paroxodla Bakıya gəlmişdi.
Məqalədə oxuyuruq: “Lənkərana bu ikinci dəfə
gəldiyim idi. Bir kərə dəxi 1911-ci ildə
gəlmişdim. O zaman da bir gün Lənkəranda
qalmışdım. İrandan Bakıya gəlirdik.
Fəqət qorxu ilə, əndişə ilə
səfər edirdik. Hər saət və hər
dəqiqə gözlüyorduq ki, tutacaqlar. İştə, işlərimizi,
bacardığımızı bitirdiyim zaman bilaixtiyar bu iki səfər
arasındakı təfavütü müqayisə etdim.”
Belə
bir mülahizə söyləmək olar ki, Tehranda Avropa tipli
gündəlik siyasi, ictimai “İrani- Nov” (Yeni İran) qəzetini
yaradan, onun baş redaktoru olan, İran Demokratik
Partiyasının yaradıcılarından M.Ə.Rəsulzadə
Rusiyanın təzyiqi ilə İranı tərk etməyə
məcbur edildiyi vaxt İstanbula getmədən əvvəl
gizli surətdə Bakıya gəlmiş və burada da
köhnə hümmətçi dostları ilə “Müsavat”
partiyasını yaratmışdı.Hətta partiyanın
proqramını da özü yaratmışdır.
1917-ci ilin mart günlərindən açıq fəaliyyətə
başlayan “Müsavat” partiyasının yuxarıdakı əsaslar
üzrə yenidən təşkil edilməsi M.Ə.Rəsulzadənin
bütün fəaliyyətinin əsasını təşkil
edirdi. Əsərlərinin IV cildindəki yazılar da bunu
göstərməkdədir. Qısa bir
zaman kəsiyində öz məslək arkadaşları ilə
M.Ə.Rəsulzadə belə bir partiyanı yaratdı.
Hətta daşnak-bolşevik güruhunun
başçısı Şaumyan belə etiraf edirdi ki: “
Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkil
edilən, heç bir təşkilatı, heç bir partiya ənənəsi,
heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində
heç bir yol oynamayan “Müsavat” ikinci ilin əvvəllərinə
yaxın Zaqafqaziyada ən güclü siyasi partiyaya
çevrilmişdir... Bütün Zaqafqaziyanın
taleyini həll edir” (“Bakinski raboçi” 30 may1918).
M.Ə.Rəsulzadə
“Açıq söz”də yazırdı ki, hazırkı
vaxtdan istifadə edib Azərbaycanın 110 il
bundan əvvəl qəsb edilmiş müstəqilliyini,
istiqlalını bərpa etmək mümkündür. Budur
hamam sətirlər:
“Azərbaycan 110 il bundan qabaq havayı-rüzigardan təqsim
olundu və Araz çayının Şimal tərəfində
olan qitələri rus aldıqdan sonra Azərbaycan adını
götürüb Zaqafqaziya adlandırdılar ki, Məvarayi-Qafqaz
olsun”.
“Müsavat”
diyor: bəşəriyyət aləmini təşkil edən
millətlərin biri də Qafqaziya Azərbaycan türkləridir.
Azərbaycan türkləri də bəşəriyyət
gülüstanında özlərinə məxsus bir
baxça ayırıb Rusiya istibdadının zülm pəncələri
altında məhv və nabud olan mədəni, ədəbi,
ictimai və siyasi güllərini əkib özlərinində
varlıqlarını bütün dünyaya bildirmək
isiyorlar”.
“Müsavat”
Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən
ibarət olan Qafqasiya Azərbaycanı üçün
muxtariyyət və istiqlal istiyor” (“Açıq söz” 2
fevral 1918, 671)
Qeyd edim ki, Azərbaycan tarixinin nəzərdən
keçirdiyimiz dövrü ən çox tədqiq olunan və
ən çoxda təhrif olunan, saxtalaşdırılan
dövrüdür. 1917-1920-ci illər Azərbaycan tarixinə
dair ən azı 6-7 doktorluq və 30-a yaxın namizədlik
dissertasiyası müdafiə edilmiş, xeyli monoqrafiya və əsərlər
nəşr olunmuşdur. Lakin bunların
heç biri M.Ə.Rəsulzadənin tədqiqləri qədər
qısa, dəqiq və tutarlı deyildir. Bunu nəzərə
alaraq mən M. Ə. Rəsulzadənin 1919-cu ilin dekabrında
Bakıda toplanmış “Müsavat” partiyasının II
qurultayının 50 minlik üzvlərinin göndərdikləri
500 nəfərlik qurultay nümayəndələri
üçün “Azərbaycan təşəkkülündə
“Müsavat” mövzusunda oxuduğu mühazirəsinin mətnini,
sonralar –yəni 1954-cü ildə “Azərbaycan” jurnalında dərc
olunmuş “Azərbaycan davası” məqaləsini də əsərlərinin
bu növbəti IV cildində oxuculara təqdim etməyi vacib
saydım.
M.Ə.Rəsulzadə
qurultay iştirakçılarına müraciətlə
demişdir: “Mən sizə, sizin də
yaşadığınız, bərabər içində
bulunduğumuz və kəndimiz (özümüz)
yaratdığımız tarixdən söhbət edəcəyəm.
Bu da bir türk tarixidir. Türk
tarixinin bir parçasıdır”.
Ümid edirk ki, xalqımızın böyük mütəfəkkir
oğlu, görkəmli siyasət və dövlət xadimi,
müstəqil demokratik Azərbaycan Cümhuriyyətinin
yaradılmasına başçılıq etmiş M.Ə.Rəsulzadənin
əsərlərinin növbəti IV cildi də oxucu kütləsi
tərəfindən rəğbətlə qarşılanacaq.
AZƏRBAYCAN
TƏŞƏKKÜLÜNDƏ “MÜSAVAT”
(M. Ə.
RƏSULZADƏ ƏFƏNDİNİN MÜHAZİRƏSİ)
(1917-aprel
1918)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
qrafikasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi Şirməmməd
HÜSEYNOV
Transliterasiya
redaktorları:
professor
Şamil VƏLİYEV, elmi
işçi Samir MİRZƏYEV
IV cild
Əfəndilər!
Bəndən əvvəlki arkaqaşımız sizə
türklügün uzaq tarixindən bəhs elədi. Bən sizə
sizin də yaşadığınız, bərabər
içində bulunduğumuz və kəndimiz
yaratdığımız tarixdən söhbət edəcəgəm.
Bu da bir türk tarixidir. Türk
tarixinin bir parçasıdır.
Müvərrixin ən böyük məziyyəti bitərəflikdir. Fəqət
“Azərbaycan təşəkkülündə “Müsavat”
mövzuini Sizə anlatdığım əsnada bir
müsavatçı və həm də anladacağım
tarixdə iştirak eləmiş bir şəxs olmaq həsəbilə
nə qədər bitərəf qala biləcəgəm, biləmiyorum.
Yalnız bu qədər ərz edə bilərəm
ki, bir firqəçinin yapa biləcəgi qədər bitərəf
olmaya səy edəcəgəm. Müvəffəq
olarsam, məmnun qalaram.
Əfəndilər, Azərbaycan Cümhuriyyəti
böyük Rusiya imperatorluğunun inqazi üzərində
qurulmuş siyasi bir binadır. Rusiyanın o
böyük, onların fikrincə böyük Rusiya gərək
zamanın hakim bir fikri olan milliyyətə istər-istəməz
hesab verə idi. Milliyyət isə
yalnız mədəni məsələlərin idarəsilə
təmin olunamazdı. Lazım idi ki, milliyyət
bir hökumət şəklində təzahür etsin. Bunun üçün də Rusiya milli-məhəlli
muxtariyyətlərdən təşəkkül etməli idi.
Rusiya türklügü dəxi bir parça
degil, müxtəlif muxtariyyətlərdən ibarət
olmalı idi. Azərbaycan, Türkistan,
Başqırdıstan, Qırğızıstan, Krım və
sairə birər muxtariyyət halında qurulmalı idi. Bu türk muxtariyyətləri daxili işlərində
sərbəst qalmaqla bərabər, ümumi işlər
üçün bütün Rusiya muxtariyyətləri ilə,
milli və dini işlər üçün də türk və
müsəlman muxtariyyətləri ilə federasyona girər və
əqdi-ittifaq edərlər.
Şəkl
etibarilə bir az fərqli olaraq bu fikir
bütün türk ellərində az-çox mövcud olub,
getdikcə kəsb-nüfuz etməkdə idi.
Az
zamanda bütün Rusiya türklügüni qazanmış
olan bu fikir, ilk öncə Qafqasiyada təbəələr
etmişdi.
Gəncədə
yeni təşəkkül edən Türk Ədəmi-Mərkəziyyət
firqəsi, Bakıda nəşr olunan “Açıq söz” qəzetəsi
və o zamanə qədər milli bir proqramla gizli olaraq icrayi-fəaliyyət
etmiş bulunan “Müsavat” firqəsi bir anda biri-birlərindən
pək o qədər xəbərləri olmadığı
halda bir dürlü düşünmüş: Qafqasiya qurultayında
bənim məruzəmlə Gəncənin proqramı və
müsavatın təklifi tamamilə bir mənada zühur eləmiş,
Rusiya üçün federasyon, burası üçün də
Azərbaycan muxtariyyəti tələb edilmişdi
(alqışlar).
Qafqasiya qurultayı hər
nə qədər Rusiyanın federasyon əsası üzərinə
qurulmasına qərar vermişdisə də, qurultayda
müxalif bir nəzər müdafiə edən digər cərəyanlarla
bir etilaf yaparaq hərflərin nöqtəsini qoymaqdan
özünü saxlamış; milli-məhəlli muxtariyyətlər
və əzcümlə Azərbaycan muxtariyyəti həqqində
sərih bir söz söyləməmişdi.
Bu xüsusdakı qəti
sözü daha şümullı bir məclis olan Moskva
qurultayı söyləmiş oldu.
Moskva qurultayı həqiqətən
də möhtəşəm və tarixi bir məclis idi.
Minə qədər mürəxxəs vardı.
Rusiya türklügünün bütün elləri,
bütün sinifləri, bütün cinsləri burada təmsil
olunuyordu. Qurultay kürsüsünə
çıxınca hakim bir qələyə
çıxmış da bütün türk aləmini eyni ilə
seyr ediyor kibi bir mənzərə görürdünüz.
İştə bu möhtəşəm məclisdə
türk xəlqinin idealı bulunan istiqlal qədəməsini
təşkil edən milli-məhəlli muxtariyyət nəzəriyyəsinin
müdafiəsi şərəfi – nə qədər məsudam
ki, – bəndənizə nəsib olmuşdu (alqışlar).
Yeddi
günlük mübarizədən sonra türk federalizmi naminə
müdafiə elədigim qərarnamənin, dan yeri
sökülənə doğru, əzim bir əksəriyyət
qazandığı zaman o zahiri qiyafələri, müxtəlif,
fəqət batinləri böyük duyğu ilə möhtəd
türk elləri mürəxxəslərinin ətrafı
alıb “bən təslim!” – deyə
yapdıqları təqdirlərdən aldığım səmimi
zövqü heç bir zaman unutmam! (alqışlar).
Əvət, əfəndilər, Rusiya çarizminin
yerində türklügi təmin edə biləcək idarənin
mətlub bir şəklini Rusiya türklügi türk ellərinə
məxsus milli-məhəlli muxtariyyətlər təmin edəcək
bir federasyon şəklində görmüşdü. Bu cüzidən
olaraq Azərbaycan ləvai cümhuriyyəti dəxi
açılmış idi (alqışlar).
Azərbaycan şüarı ortaya atılmış, fəqət
bu şüarı bənimsəyən firqə “Müsavat”
olmuşdu.
O zaman
federalizm və sonra da azərbaycançılıq pək də
mərğub fikirlərdən degildi. Bu kərə
Qafqasiyada federalizmdən bəhs eləmək böyük
Rusiya inqilabına qarşı bir ihanət idi. Kəndilərini böylə bir ihanətdən
mühafizə və müdafiə edə bilmək
üçün bu gün ən qatı bir istiqlalçı
keçinən gürcü sosial-demokratları gürcü
federalistlərini “gözüm çıxdı”ya
salmışlardı.
Qafqasiya
müsəlman qurultayında isə bu məsələyi
açıq məclisdə degil, qapalı iclasda müzakirə
etmək təklifi vaqe olmuş və bu ehtiyatlı tədbir az qala qəbul edilmişdi. Çünki,
bu “nankor” fikrin əvvəlcə Qafqasiya müsəlmanlarından
zühur etməsi Rusiyaya qarşı bir təmərrüd və
küfran kibi tələqqi oluna bilərdi.
Nasıl ki, bəzi siyasi məhfillər tərəfindən
öylə də tələqqi edildi. Bu yolda gərək soldatlar və gərək
rus əmələləri arasında az təftin
edilmədi... Fəqət onsuz olacaqmıdı?!...
Azərbaycan muxtariyyət
şüarını artıq günün məsələsi
halına qoymuş olan “Müsavat” firqəsi hər vasitə
ilə bu məqsədə doğru getməkdə idi. İlk dəfə toplanan “Müsavat” firqəsinin
qurultayı kəndi qərarı ilə artıq Azərbaycan
muxtariyyətinin əsasını vəz edəcək məclisi-müəssisan
dəvəti üçün qərar çıxarıyor və
bunu Qafqasiya müsəlman milli komitəsindən tələb
ediyordu. Eyni zamanda müsəlman korpusu təşkili
üçün o zamanki hökumətlər nəzdində təşəbbüs
ediyordu.
Azərbaycan muxtariyyəti
şüarının düşməni dostundan çox idi.
Bir kərə türk olmayan bütün rus firqələri
və rus təmayülündə olan digər xristian firqələr
bu fikrə tamamilə müariz idilər. Rus
burjua firqələri Bakı sərvətindən əl
çəkmək fikrilə heç bir növlə ülfət
edə bilmiyorlardı. Məsəla, kadet
firqəsinin nümayəndələrindən eşitmişdik
ki, Abşeron yarım cəzirəsini hesabdan
çıxarınız da, gerisində nə istəyirsiniz təmin
edəlim. O zaman məhkum millətlərə
müsaidkar görünən bolşeviklərin yerli nümayəndələri
isə düşünüyorlardı ki: “Azərbaycan xəlqi
daha inqilabla təmas etməmişdir. Onun
üçün də buraya veriləcək muxtariyyət
demokrasinin degil, bəglərin, xanların və
ağaların muxtariyyəti olacaq, buna isə Rusiya
demokratiyası qətiyyən razı olamaz. Rusiya burjuaziyası dəxi başqa səbəblərlə
də olsa, yenə bu fikrə razı olamaz. Nəticədə müsavatçılar Azərbaycana
xarabazardan başqa bir şey alamazlar”.
Xatirimdədir, Bakı bələdiyyəsində
hökumət təşkili məsələsi müzakirə
olunuyordu. “Müsavat” naminə buranın hökuməti yerli xəlq
əlində olmalıdır, dedigim zaman bütün firqələri,
bilxassə Rusiyanı təmsil edən sol firqələri
acıqlandırmışdım. O günə qədər
bizimlə bir dərəcəyə qədər yola gedən məhəlli
bolşeviklər o gündən etibarən başqa
dürlü rəftar etməgə başlamışlardı.
Axır böylə idi. Fəqət yar az
da vəfakar degildi. O zaman müsəlman sosialistlərin ələmdarı
bulunan “Hümmət” firqəsi başda doktor Nəriman olmaq
üzrə Azərbaycan muxtariyyətinin ədüvv-canı
idi. “Hümmət”ə görə biz milləti
fəlakətə çəkiyor və mən qeyri həqq
millət naminə söz söyliyormişik. Azərbaycan fikri, türklük iddiaları xəlqin
degil, bir taqım burjuapərəst “boşboğaz”ların
imiş. Müsəlmanların mənfəəti
“qırmızı əmələ bayrağının”
altına toplanmaq və “Rusiya demokratiyasından” ayrılmamaqda
imiş.
İslamçılar nəzərində də biz həqsiz
idik. O
zamankı “Rusiyada müsəlmanlıq” bizi təfriqəçilikdə,
milləti-islamı parça-parça eləməkdə
ittiham ediyordu.
Fəqət
biz bütün bu hücumlara, bütün bu ittihamlara rəğmən
diyorduq: Yaşasın Azərbaycan! (alqışlar).
Bolşeviklərin hökuməti əllərinə
alıb Məclisi-Müəssisanı dağıtmaları
üzərinə Rusiya əhvalı başqa bir şəklə
girmişdi. Vətəndaş müharibəsi
başlamışdı. Bu başlanan vətəndaş
müharibəsi nəticəsində zühur etmiş və
bizə sirayəti də mühəqqəq bulunan anarşidən
Zaqafqasiyayı qurtarmaq məsələsi mövzui-bəhs idi.
Nə yapılacaqdı? Zaqafqaziyadan intixab
olunan Rusiya Məclisi-Müəssisan əzası Tiflisdə
toplanmış, hasil olan vəziyyəti müzakirə eləmiş,
dört milləti (türk, gürcü, erməni və rus) təmsil
və bütün siyasi firqələrin nümayəndələrindən
təşəkkül edən bu məclis Zaqafqasiyayi felən
mərkəzi idarədən ayrı bir vəziyyətdə tələqqi
edərək bolşevik hökumətini tanımamaya qərar
vermiş və məmləkəti idarə etmək
üçün Tiflisdə Rusiya Məclisi-Müəssisan
intixabistələrini artırmaq surətilə bir “Seym” təşkil
etməyi münasib görmüşdü. 1918 sənəsi
fevral ayının onunda Zaqafqasiya “Seym”i
açılmışdı.
120-ə qədər varan Zaqafqasiya “Seym” əzasının
44-ü müsəlman idi. Burada Müsavat və
bitərəflər sosialistlər bloku, “Hümmət” və “İttihad”
namilə dörd siyasi zümrə var idi.
Hər nə qədər milli məsələlərdə
“Seym”dəki müsəlman əza müttəhidən hərəkət
ediyorlardısa da milli əməl mövzuinda azərbaycançı
olan yalnız Müsavat idi. O birilər Rusiya miqyasında
düşündüglərini bu dəfə o qədər yapa
biliyorlardı ki, Zaqafqasiya miqyasında
düşünüyorlardı. “Müsavat”
“Seym”ə Məclisi-Müəssisan nəzəri ilə
bakıyordu. Bəyannaməsində Azərbaycan
muxtariyyətini qəti bir şəkildə qoyub Zaqafqasiya
konfederasyonunu müdafiə ediyordu. Digər
firqələrcə Rusiya yok, qarşıda Zaqafqasiya denilən
bir əmri-vaqe vardı. Yalnız o əmri-vaqei qəbul
edərək yenə “demokratiya”, yenə “islam”– deyə ancaq
milli muxtariyyətdən bəhs etmək “cəsarətində”
bulunuyorlardı.
Zaqafqasiya “Seym”i getdikcə Rusiyadan ayrılmaq fikrini ilərlilətiyordu. Bu isə
Rusiya hakimiyyətini təmsil edən Bakı bolşeviklərini
təlaşa düşürüyordu. Digər
tərəfdən də cəbhələrdə bulunan rus
soldatları Qafqasiya hüdudunu boşaldıb evə
dönüyorlardı. Bunlar evlərinə
döndükcə türklər əllərindən
çıkmış topraqları birər-birər geri
alıyorlardı. Bu isə rusların
müttəfiqi olaraq Türkiyə ilə hərb etmiş olan
erməniləri qorkutuyordu; bunun üçün də onlar
Bakıda bolşeviklərlə anlaşaraq Türkiyənin təbii
müttəfiqi bulunan Azərbaycan türklügünün qəlbgahında
bir fitnə hazırlıyorlardı.
Bakıdakı daşnaq-bolşevik ittifaqı Azərbaycan
muxtariyyət fikrinin mənbəyi və Azərbaycan
türklügünün qəlbgahı olan Bakıyı əldə
edib burasını rus bolşevizminin bir üssülhərakəsi
halına qoymaq istiyordu.
Bütün Qafqasiyaya fövqəladə bolşevik
komissarı təyin olunan Şaumyan Tiflisdə dikiş
tutduramamış, qaçaraq özünü Bakıya
salmışdı.
Soldatlar nizəsinə istinadla Müsavat əksəriyyətini
qaldırıb süni bir surətdə
bolşevik-daşnaqsaqan əksəriyyətindən təşəkkül
edən sovet gundə bir növ ilə Bakı müsəlmanlarını
təzyiq, milli hissiyyatlarını təhqir, siyasi
hüquqlarını təhdid etməkdə və bu vasitə
ilə xəlqi acıtmaqda idi.
Milli komitəyə təzyiq olunuyor, milli əskər təşkilinə
müsaidə edilmiyor, bir gün iştab tutuluyor, o biri gün
də əskərlərin silahları alınıyordu. Halbuki eyni
zamanda erməni əskərlərinin nə silahına, nə
də iştabə bir söz söyləniyordu.
Digər tərəfdən də zamanı, məkanı,
hal və hissiyyatı, qüvvət və imkanı qalə
almayan bəzi ümum firiblər xəlqi körükliyor
düşmənin arzu elədigi toqquşma üçün
müsaid bir zəmin hazırlıyordu.
Nəhayət, martın 17-si hülul ediyor. Müəssif
vaqei-hadis oluyor. O gün çıkan “Açıq
söz” qəzetəsinin bir nüsxəsi önümdədir.
Burada bir məqalə var ki, müsəlmanları
sükunə dəvət ediyor. Başda
“Müsavat” olmaq üzrə bütün müsəlman firqələrinin
dəvətnamələri var. Bunlar həyəcana düşməməgi
tövsiyə ediyorlar. Fəqət bu
nüsxə “Açıq söz”ün son nüsxəsidir.
Çünki ondan sonrakı gün və ya bir gün daha
sonra binasını yakmış, yurdunu viran etmişlər....
Əvət, bolşeviklər
sözlərini tutmuş, daşnaqlarla birləşmiş, “Müsavat”a elani-hərb edərək Azərbaycan xəlqinə
muxtariyyət əvəzinə “xarabazar” vermək istəmişlərdi.
Hər bir vasitə ilə “hərbin”
önünə keçmək istəmiş olan “Müsavat”
bir əmri- vaqe qarşısında qalınca istər-istəməz
mübarizə edən millətindən ayrıla bilməmiş,
həman səngərlərə yatmış, bacara bildigi qədər
müdafiə etmişdir. Fəqət burjuilərə elani-hərb
edən qatillər füqərayi-nası və münhəsirən
müsəlman füqərasını üç
günün müddətində mərhəmətsizcəsinə
qılıncdan keçirdikdən sonra “sülh
bağlamış”, yakdıqları “İsmailiyyə”
binasındakı idarəmizdən apardıqları
“Müsavat” bayrağını sovet dairəsində ayaqlar
altına salaraq: “Türkiyənin Bakı cəbhəsi
yarıldı!” demişlərdir.
Bakı Türkiyənin
cəbhəsi degildisə də, türklügün qəlbi
idi. Türklügün qəlbinə gələn zərbəyi
bittəbii Türkiyə soyuqqanlılıqla tələqqi edəmiyəcəkdi...
Türkçülər
bu ümiddə ikən Azərbaycan fikrinə səhl bakan
siyasilər bu ümidə gülüyor, ona istehza
ediyorlardı. “Hümmət”in məfkurəçiləri
məğlubiyyət acısını çəkməkdə
olan Azərbaycan əfkari-ümumiyyəsinə təlqin
ediyorlardı ki: “müsavatçılar türkə ümid
bağlayıb, Rusiyanın darbadağın
olacağını düşündülər. Onlar türklərə ümid bağlayıb tarixi
qonşu millətləri özlərindən nifrət etdirdilər.
İkinci Rusiya inqilabını əlçatmaz cəzirədə
görüb daha bununla tamam işlər bitdi deyərək
“babam bənə kor dedi, hər gələnə də vur
dedi” politikalar ilə iş gördülər”.
Görünüyor yoldaşları
tərəfindən yalandan bizə bağlanan “müharibə”
nəticəsində “İsmailiyyə” binasının,
“Açıq söz” yurdunun başımıza uçurulan
inqazı təsirilə “bolşevik”lər kibi zavallı
hümmətçilər də düşünmüşlərmiş
ki, doğrudan da müsavatçılar muxtariyyət əvəzinə
“xərabəzar”larını aldılar; kəndiləri də,
fikirləri də məhv oldu getdi.
Fəqət zavallı
adamlar, başqalarının sifrei-mərifətindən rizəxar
olan bu “mütəfəkkirlər” heç olmasa bunu dərk
etməli idilər ki, “sovet hökumətinin qüvayi-nariyəsi”
hər halda həqqaniyyətini isbat etməz. Niqolayın da qüvayi-nariyəsi çok idi.
İnqilabçı ikən bunu xatırlamalıdılar ki:
“Xune-ərbabe-həmiyyət qərq
edər zalimləri
Məşəle-əfkare-əhraranə
sönməz xunilə” (alqışlar).
Fəqət deyəsən
ki, bütün Azərbaycan xəlqi də artıq hümmətçilərin
təbliğ elədigi yasa inanmışlardı. Deyəsən
ki, doğrudan da azərbaycanlılar muxtariyyət degil,
yalnız bir xərabəzar görəcək və arzui-milliləri
yaralı yürəklərində qalacaqdı!
Çünki qüvvətli
düşmənin ani surətdə endirdigi zərbə
müdhiş idi. Bakıdan pərakəndə
düşən qaçqınlar səfilanə bir surətdə
ətrafa yayılıyor, hər tərəfdə qüvveyi-mənəviyyənin
azalmasına səbəb oluyorlardı. Ümid
Tiflisə idi. Bivəfa Tiflis, Bakı hadisəsinə
laqeyd qaldı. Məsəla, müsəlman məbusların
dad və fəryadlarına rəğmən o zaman vəziyyətin
həqiqi hakimləri olan gürcülər və ermənilər
işi təbiri-məxsusla “vələzzalinə” saldılar.
Ötədən təcavüz etməkdə
olan Türkiyəyə qarşı Batumni müdafiə etmək
istəyən gürcü müttəfiqlərimiz bu məsələdə
kəndilərinə zəhir olacaq, deyə
düşündükləri bolşevikləri incitmək istəmədilər.
“Demokratik Bakı”ya qarşı “reaksioner” Gəncəyə
rəsmi surətdə kömək verməkdən
qaçdılar. Fəqət qeyri-rəsmi
surətdə vəd elədigləri müavinəti də
“leytülhalə”yə saldılar. Nəticədə
Bakı kibi mühüm bir qüvvətə qarşı
müdafiə dəxi təslihat və təşkilatca naqis
milli komitənin kəndi himmətinə qaldı.
Bakı qüvvəti isə fəsadlarını ilərilətiyor:
Şamaxı, Salyan, Lənkəran və Nəvahi qəsəbələri
təkrir ediyor, az qala Gəncə də süqut
ediyordu. Bütün Şərqi Zaqafqasiya
anarşi içində idi. Kişilər
papaqlarını, qadınlar çarşaflarını
başlarında saklaya bilmiyordu. Bütün
bu fəlakətlərə məruz qalan azərbaycanlılar
“Seym”dəki nümayəndələrini ittiham ediyordular.
Onlar bu bəlalara çarə etmiyor, deyə
düşünüyorlardı. Böylə
ümidsizlik içində xəlqə öylə fikir gəliyordu
ki, bu haldan kəndilərini qurtaracaq bir qüvvət var isə
o da qardaş Türkiyə qüvvətidir. Türkiyə qüvvətinə müraciət
olunmuş, istimdad edilmişdi. Fəqət
onun da vəqti vardı. Gəlinəcək
yollar halbuki uzun idi. Cana doymuş xəlq
bunu dərk edəmiyordu. Zənn ediyordu ki,
“Seym”dəki xainlər istiqlal, muxtariyyət və kəndimizə
məxsus hökumət şüarlarıyla türkləri
Qafqasiyaya burakmaq istəmiyorlar.
Bu zəmində millət nümayəndələri ilə
millət arasında bir yanlışlıqdır gediyordu. Bu
yanlışlığı süni surətdə
körükləyənlər və əfkari-ümumiyyədə
bilxassə “Müsavat” firqəsinə qarşı cərəyan
hasil etdirənlər də az degildi.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2013.-
12 yanvar.- S.26-27.