Qəzənfər müəllimgilin
Şuşaya yürüşü
(Hekayə)
Bu günlərdə
Türkiyənin paytaxtı Ankarada İkinci Uluslararası
Mahmud Kaşqarlı Hekayə yarışmasının beynəlxalq
mərhələsinin qaliblərini mükafatlandırma mərasimi
keçirilib. TÜRKSOY-un iştirakı, Türkiyə
Mədəniyyət və Turizim Nazirliyinin dəstəyilə
Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi, Türk
dünyasının ilk və hələlik yeganə ortaq ədəbi
yarışması olan müsabiqə bu il paralel şəkildə
Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Başqırdıstan, Krım,
İran, İraq və Rusiya Federasiyasının
Qaraçay-Çərkəz respublikalarında gerçəkləşdirilib.
Sevindirici hadisədir ki, İkinci Uluslararası
Mahmud Kaşğarlı Hekayə yarışmasının
beynəlxalq mərhələsinin qalibi tanınmış Azərbaycan
ədibi Əjdər Ol seçilib. Əjdər
Olun müsabiqəyə təqdim etdiyi “Qəzənfər
müəllimgilin Şuşaya yürüşü” hekayəsi
beynəlxalq müsabiqədə birinci yerə layiq
görülüb. Xatırladaq ki, Əjdər
Olun “Qəzənfər müəllimgilin Şuşaya
yürüşü” hekayəsi bundan əvvəl də
sözügedən beynəlxalq yarışmanın Azərbaycan
üzrə keçirilən birinci mərhələsində
müəllifinə birincilik qazandırmışdı.
Bu əsərində yazıçı müharibələrin
insan həyatına təsirini, savaşdan sonrakı proseslərin
adamların mənəvi aləmində, işğalın
onların psixoloji durumunda yaratdığı dəyişiklikləri
məharətlə əks etdirib. Hekayədə təsvir
edilən insan obrazları düşdükləri tragikomik
situasiyadakı davranışları, həm situasiyanın, həm
də öz xarakterlərinin diktə etdiyi qəribə hərəkətləri
ilə diqqəti çəkirlər. Təqdim
etdiyimiz bu hekayədə müəllifin müharibəyə,
onun nəticələrinə, vətənpərvərliyə
və dövrün, mühitin qaçılmaz
reallıqlarına orijinal baxışı xüsusi maraq
doğurur.
Bakıdan
bir qoşun adam tökülüb gəlmişdi.
Aralarında hər cür tip var idi. Bazburuttusu,
şaqqalısı, xaşalqarını, süddənyanığı,
mayıfı, qozbeli, ağcası, qarayanızı, kürəni...
Çoxusu da kəkilli-məkilli, dimdiyinin
sarısı getməmiş cavan-çoluq.
Bir az aralıda maşından düşən kimi
“hurrey”lə axışıb topalaşmışdılar
hündür təpənin qaşqasına. Nərə
çəkib üçcə kilometr özlərini qabağa
atsaydılar, erməni əsgərləri ilə bizimkilərin
səngərdə burun-buruna dayandığı təmas xəttini
basdayacaqdılar. Kim idilər, nəçi
idilər bu adamlar?! Kim olacaqdılar, nəçi
olacaqdılar, bəzi ağzıgöyçəklərin
dili ilə desək, “dəli yığıncağı”, yəni
bir neçə il bundan irəli Bakıda
yaradılmış “Qeyrət” təşkilatının
üzvləri... Yarandığı gündən
“Qeyrət”in hirsi-hikkəsi soyumurdu, “qan-qan” deyirdi,
coşub-kükrəyirdi, ağzından od-alov
püskürürdü. Təşkilatın üzvləri
Qarabağ məsələsində BMT-nin, ATƏT-in dediyini nəinki
hərləmirdilər, hətta efirdə, mətbuatda gündəmdən
düşməyən “Sülh-mülh” söhbətlərini yerli-yersiz lağa qoyub döşlərinə
döyə-döyə Qarabağı silah gücünə
basmarlayıb geri qaytarmaqdan dəm vururdular.
Bayaqdan
burada bərk hazırlıq gedirdi, dəstə üzvləri
hay-həşirdə idi, gətirdikləri şüar
yazılmış transparantları səliqəyə
salır, bükülmüş bayraqları açır, meqafonu
yoxlayır, ora-bura göz gəzdirirdilər. Şeypurları
da vardı, şeypurçalanları da. Böyürdə
yüyənindən yapışılmış dörd at
baş-başa vermişdi. Atlar qonşu kəndlərdən
gətirilmişdi, təşkilat üzvlərindən birinin dədəsinindir
deyirdilər. Heyvancığazlardan
üçü heç, amma biri çox gözəgəlimli
idi. Yerində dingildəyən bu atın rəngi
qızıla çalırdı. Seçmə
ata, yüzdə yüz, təşkilatın
başçısı minəcəkdi. Keçmişdə
şahlar, xanlar, sərkərdələr, özündən
deyən, qabağından yeməyən kişilər belə
qəşəng atları minərmişlər.
Doğrudan da bir azdan təşkilatın
başçısı Qəzənfər müəllim həmən
ata yaxınlaşaraq qaşovlanıb yuyulmuş bu
yaraşıqlı məxluqun ipək yalını
sığallamağa başladı. Sonra ayağını
üzəngiyə basıb, bir quş cəldliyi ilə sıçrayıb
atın belinə qondu.
Bəh! Bəh!
Qəzənfər müəllimin imkanı olsaydı,
zamanı çox yox, bir yüz əlli, iki yüz il geri fırladardı və olardı məsələn,
Qəzənfər xan, onda bilərdi neyləyərdi.
Canından gizilti keçdi, başıaçıq olsa da, başında xanlara
layiq naxışlı dəmir dəbilqə, əynində
döyüş qaftanı, qollarında qolçaq, belində
qızıl kəmər, bir əlində qalxan, bir əlində
qılınc hiss elədi. Bir anlıq o, atın
belindən seyrə daldığı boş çölləri
döyüş meydanına oxşatdı. Ax, indi atı
nə şahə qaldırıb kişnədərdi və
başının dəstəsinə əmr edərdi ki...
Bu vaxt Qəzənfər müəllimin cib telefonu səslənib
bəstəkar Üzeyir bəyin “Uvertüra”sını
guruldatmağa başladı. O, telefonun ekranına baxıb
qımışdı. Zəng edən
qızı Günel idi. Günel on beş
yaşın içərisində olsa da vətənpərvərlik
məsələsində tam yetkinləşmişdi,
atasından geri qalmırdı. Atasının
doğrayıb tökdüklərini bir-bir
yığışdırmışdı. Canla-başla “Qeyrət” təşkilatının təşkil
etdiyi bütün yığıncaqlara qatılırdı.
Srağagün ayağı burxulub
şişdiyinə görə yürüşə gələ
bilməmişdi. Ancaq atasının mobil
telefonunun adi zəngini Üzeyir bəyin “Koroğlu”sunun
uvertürasına dəyişmişdi ki, yürüş
vaxtı zəng atıb atasını ruhlandırsın.
Qız bilirdi ki, atası “Koroğlu”
uvertürasının dəlisidir. Uvertüra
səslənəndə Qəzənfər müəllim buna
görə qımışmışdı. Üzeyir bəyin musiqisi bir anda Qəzənfər
müəllimin qanını coşdurmağına coşdurdu,
amma cəngavər xəyallarını dağıdıb onu
bugünə qaytardı. Kişi sanki
yuxudan ayıldı, telefonun səsini kəsdi. Silkinib rəhbərin
qımıldanmağını gözləyən təşkilat
üzvlərinə dedi:
– Sonuncu
iclasımızda qərara aldığımız kimi bu
gün nəyin bahasına olursa-olsun, təmas xəttini
keçib Şuşaya doğru irəliləyəcəyik!
Heç kəsdən və heç nədən qorxmuruq! Artıq bıçaq sümüyə dirənib.
Ölmək ölməkdirsə,
xırıldamaq nə deməkdir? Biz “Qeyrət”
təşkilatı olaraq dəfələrlə bəyanat
vermişik ki, Qarabağın nicatı öz əlimizdədir.
Ermənilərin və onların
havadarlarının qeydsiz-şərtsiz ərazilərimizi tərk
etməsi barədə BMT-nin çıxartdığı
dörd qətnaməni cibimizdə gəzdirməkdən
yorulduq. O dörd qətnamənin hərəsi bir pud daş
olub asılıb boynumuzdan. Artıq bu
yükü çəkə bilmirik. Qarabağ
məsələsi ATƏT-lik-matətlik deyil. Neçə ildir Bakıya və İrəvana dəstə-dəstə
missionerlər gəlib-gedir. Noolsun?! Birinin dırnaq ucu boyda bizə xeyri dəyib?
Yox! “Qarabağ” adı gələndə
Moskvanı, Parisi, Vaşinqtonu qaşınma tutur. Hıqqana-hıqqana qalıblar, gah nala döyürlər,
gah mıxa. Nə isə... Bilirsiniz ki, mən
ağızdan bir az yavayam, amma indi yeri
deyil, artıq-əskik danışmaq istəmirəm. Kəsəsi, biz bugünkü aksiyamızla xalqı
ayağa qaldırmalıyıq. Öldü var,
döndü yoxdur!
Qəzənfər
müəllim pauza verib təşkilat üzvlərinə
göz gəzdirdi və deyəsən
axtardığını tapmadı. O, atlardan birinin
yanında dayanmış gənc müavini Qəribağadan
soruşdu:
– Qəribağa,
Almazla Nailə gözümə dəymir.
Qəribağa
dilləndi:
– Onlar
maşında oturub, noutbukdan aksiyamızın başlanması
barədə məlumatı saytlara ötürməklə məşğuldurlar.
Qəzənfər müəllim atın üstündən
öz qara rəngli köhnə cipinə sarı boylandı. Doğrudan da,
Almazla və Nailə arxa oturacaqda əyləşib gözlərini
“noutbuk”dan çəkmədən partapart yazırdılar.
Sədr işlərin qaydasında getdiyini
düşünüb dodaqucu gülümsündü və
sözünə davam etdi:
– Bir azdan
sonra dünyanın bütün informasiya agentlikləri
aksiyamızdan xəbər tutacaq. Onda
qarşı tərəf də bizdən çəkinəcək.
Biz öz dədə-baba torpaqlarımıza
gedirik. Heç kəs bizi qınamaz! Hamı yerini tutsun!
Beş dəqiqəyə aksiyamıza başlayırıq!
Üstündə “Qarabağa azadlıq!”, “Hamı
Şuşaya!”, “Haqq işimiz mübarək!”
şüarları yazılmış transparantlar, dövlət
bayrağımız, təşkilatın bayraqları havaya
qovzandı. Dəstə uğuldadı. O biri atlara da yiyə
tapılmışdı. Təsəvvür edin, təşkilatın
sədri Qəzənfər müəllim özünü
qurudub oturub at belində, öndə gedir, onun arxasında da
yan-yana irəliləyən üç atlı
kamera qabağında başlarını necə də dik
tutublar. Yürüşçülər əzmlə
addım ata-ata şüar deməyə
hazırlaşırlar. Şeypurçu
şeypura üç-dörd nəfəs füləyib
qulaqlara boşaldır və aranı
qızışdırmağa çalışır.
Lap arxada isə içərisində Almazla Nailənin
oturduğu avtomobildən başqa hamısı boş olan
maşınlar quyruq-quyruğa düzülüb tısbağa
kimi sürünərək dəstəni təmtəraqlı
göstərməkdədir.
Dəstə elə bir qədər irəliləmişdi
ki, “qıy” düşdü. Rayonun polis
maşınları ulaya-ulaya qaranəfəs özlərini
çatdırdılar hadisə yerinə. Polislər
səs-küylə maşınlardan düşüb dəstənin
qabağını kəsdilər. Yürüşçülər
dövrəyə alınınca bir mərəkə
başladı ki, gəl görəsən. Ağız deyəni qulaq eşitmədi. Polislərin gəlişi aksiya
iştirakçılarını əməlli-başlı
hövlləndirmişdi. Qabaqları kəsilsə
də, onların çoxusunun gözlərinin içi
gülürdü. Sanki özlərini göstərməyə
adam axtarırlarmış. Əlbəttə,
yaxşı, yaman, nə fərqi, adama qarşı münasibət
göstəriləndə o, daha da fəallaşır. Siyasətçi
üçün diqqət mərkəzinə
çıxmaqdan gözəl nə ola bilərdi?!
Harada olur-olsun, polisin gəlməyi hər bir aksiya
iştirakçısını səfərbərliyə
alır, hamının ürəyinə od
salır, özünə inamını artırır.
Qəzənfər müəllimin də içində
toy-bayram idi.
Zarafat deyildi, hökumət qüvvələri onu adam bilib, tərəf kimi qəbul etmişdilər.
Heç şübhəsiz, boynuna
götürdüyü məsuliyyəti dərk edirdi. Risq edib bu qədər adamın qabağına
düşmək, vurub təmas xəttini keçmək,
özünü və yoldaşlarını güdaza vermək
təhlükəsi... – düşünəndə adamın
tükü biz-biz olur. Olmadı elə, oldu belə, birdən
səni bir kopoyoğlu saymadı, hökumət adamları da
Allahından dönüb özlərini görməməzliyə
vurdular və yaxud dedilər ki, Qəzənfər müəllim,
buyur, başının dəstəsilə keç get ermənilərin,
nə bilim, onların “çaşqa-loşqa” olduqları əmisiuşaqlarının,
dayısıuşaqlarının
üstünə, can sənin, cəhənnəm
tarının. Bu müharibədə bir qoşun adam qırılıb, əlli-altmış nəfər
də artıq ölsə, dünya dağılmayacaq ki...
Hər halda Qəzənfər müəllimdə bir
anlıq da olsa özündən razılıq əmələ
gəlmişdi. Polislərin gəlişi onun təşkilatının
yürüşünü təmtərağa mindirmişdi.
Düşünürdü ki, o, ömrünün son iyirmi
ilini yelə sovurmayıb, çəkdiyi zəhmətlər,
keçirdiyi yuxusuz gecələr, yaşadığı həyəcanlar, aksiyalar vaxtı soyuqda
üşüməyi, bürküdə kürəyinin
arasından tər axıtmağı, yaxın-uzaq ölkələrdə
Qarabağla bağlı iclaslarda qəzəblə
danışıb boğazını yırtmağı
boşuna getməyib. Deməli, onun təşkilatının
adı gələndə kürkünə birə düşənlər
var. Bu təşkilat sayılıb-seçilirsə, geri
çəkilmək olmaz, haqq işini axıra qədər
davam etdirmək lazımdır.
Polislər hərəkətə keçmirdilər, elə
bil kimisə, nəyisə gözləyirdilər. Getdikcə
ortada qara verənlərin sayı artırdı. Ətraf kəndlərdən eşidən-bilənlər
axışıb tamaşaya gəlirdi. Qulaqları
çalanda ki, “Qeyrət” təşkilatı Şuşaya
yürüş etmək istəyir, həyəcanlanırdılar,
açıq-aşkar sevinirdilər, qürrələnirdilər.
Az
keçmiş bir karvan polis maşını da təşrif
buyurdu. Polislərin sayı çoxaldı.
Burada böyüyün-kiçiyin, hətta Bakıdan gələnlərin
də yaxşı tanıdığı yerli polis idarəsinin
rəisi, hörmət-izzət yiyəsi Yengibar müəllim
sağ əlini yuxarı qaldıran kimi hamı sakitləşdi,
elə bil qurbağa gölünə daş atdılar.
Sanki bayaqdan gözləyirmişlər ki, bu leylanın
düzündə piketdir, iclasdır, şəbehdir,
tamaşadır, davadır, axır hər nədirsə,
başlasın.
Polis rəisi,
Qəzənfər müəllimin pişvazına
çıxdığını göstərirmiş kimi
iki-üç addım irəli atıb dayandı və ucadan
dedi:
– Qəzənfər
müəllim, başınızın dəstəsilə bu
yerlərə xoş gəlib səfa gətirmisiniz!
Qonağımsınız!
Qəzənfər müəllimin qaşları
düyünləndi, başından tüstü
çıxdı, üzünün damarları titrədi. Yengibar müəllim
elə birinci cümlədən onu və təşkilatını
nə yerinə qoyurdu? Bu nə müraciətdir?
Nə qonaqlıqbazlıqdır? Bakıdan basa-basa gəlib bu sözləri eşitməliydikmi?
Yoxsa polis rəisi
bizi barmağına dolayır?
Siyasətçi
olduğu yadına düşdü, özünü zorla ələ
aldı və hamının onun ağzına
baxdığını görüb cavab verdi:
– Yengibar
müəllim, qonaqlıq burada yox, Şuşada, Cıdır
düzündə... – o, pauza verib sonuncu sözü qəsdən
təzədən söküb-yığdı – olajax! “Olacaq”
sözündən “c” ilə “q” hərfini çıxardıb
ora “j” və “x” hərflərini soxdu ki, qonaq yox,
köklü-köməcli qarabağlı olduğunu
buradakılara qandırsın və əlavə etdi:
–
İndidən sizi də ora dəvət edirəm!
Yengibar müəllim bu qədər adamın
qabağında hirsini uda bilməzdi. Yerində qəddini düzəldib Qəzənfər
müəllimi sancdı:
– At belinə
qalxmaqla özünüzü Cıdır düzündə
hesab eləməyin! Tribunaya çıxmamısınız!
İclasda-zadda deyilik!
Təşkilat sədri ilə polis rəisi
götürüşdülər.
Təşkilat
sədri:
– Bizi
heç kəs yolumuzdan saxlaya bilməz! “Şuşa” deyib gedəcəyik!
Vətəni qorumaq vətəndaşlıq borcumuzdur, iradəmizi
göstərmək isə konstitusiya hüququmuz...
Qəzənfər
müəllim hiss etdi ki, çox yekə danışdı,
amma tövrünü pozmadı, ağızdan çıxan
çıxmışdı.
Polis rəisi:
–
Düşmən bizim konstitusiya ilə hərəkət etmir.
Tank üstünə atla gedirsiniz?
– Tank
verin, tankla gedək!
–
Tankı biz vermirik.
– Onda
qabağımızı kəsməyin!
– Sizin
fikriniz-zikriniz şuluq salmaqdır.
–
Xahiş edirəm, danışığınıza fikir verin!
Xuliqan deyilik. Biz şuluq salmırıq,
dava salırıq! Davamız da Qarabağ davasıdır!
Qəzənfər müəllim xoruz kimi pipiyini
qızardıb rəisin növbəti cavabını gözləməyə
başladı.
Növbəti dəfə daha sərt
danışmaq üçün özünü tarıma
çəkdi.
Ancaq
Yengibar müəllim dünyagörmüş adam
idi, cavabdan vaz keçib susdu. Bildi ki, belə
danışığın axırı yaxşı
qurtarmayacaq. Həm də dil-dodağının təpməyindən
hiss elədi ki, deyəsən yavaş-yavaş şəkəri
qalxır. Toxdamağa çalışdı, ürəyində
öz-özünə dedi ki, ay Yengibar, səbrli ol,
qızışıb özündən çıxma, belə
hay-küyçüləri az
görmüsən?! Bunlar Şuşaya gedəndir?
Elə bilirlər rəqib üstünə getmək
halvadır. Bambılı kimi
düşüblər ortalığa. Şuşaya
getmək mümkün olsa, elə birinci özün gedərsən
də. Bir vaxt babalarıngilin
Şuşanın Xoca Mərcanlı, Qurdlar məhəllələrindəki
evlərinə getdiyin kimi. Şəkəri
doxsan ikinci ilin qışında orada tapmadın? Onda Şuşadan qaçanların qabağına
keçirdin, indi Şuşaya getmək sevdasına düşənlərin.
Görəcəyin varmış!
Xəyaldan ayılıb Qəzənfər müəllimə
baxdı. Qımışdı ki, bəxtəvər oğlu
şah oğlu Şah Abbas kimi atın belində gör nə
arxayın oturub.
Polis rəisi “Qeyrət” təşkilatının sədrini
az-çox tanıyırdı, haqqında gendən-genə
az-para şeylər qulağına çatmışdı. Bilirdi ki, Qəzənfər
müəllim də könüllü kimi Qarabağ müharibəsindən
keçib. Hansı cəbhədə vuruşduğundan
xəbərsiz olsa da, döyüşdə can qoyduğunu, hətta
bir-iki dəfə yaralandığını da
eşitmişdi.
Qəzənfər
müəllim polis rəisinin susmasını işi soyutmaq cəhdi
kimi yozdu və özünkülərə him eləyib hazır
olmalarına işarə verdi. Özü
isə dilə gəldi:
– Yengibar
müəllim, sizə hörmətimiz var, xahiş edirəm,
göstəriş verin, yolumuzu kəsməsinlər!
Polis rəisi bir istədi yolu açdırsın, “Qeyrət”çilərin
köpü alınsın, onsuz da təmas xəttində
öz hərbçilərimiz bunların burnunun üstündən
vurub qaytaracaqdı geri. Ancaq onda özünü gözdən
salacaqdı, eşidən-bilən deyəcəkdi ki, Yengibar
müəllim bir dəstə yelbeyinin, başıpozuğun
öhdəsindən gəlmədi.
Polis rəisi məsələni sakitçiliklə həll
etmək istəyirdi. Əlində kifayət qədər
canlı qüvvə vardı, iki rayonun polisini
yığmışdı bura. Mütləq
yürüşü dağıtmalı idi. Vaxt gedirdi. Məsələ qəlizləşə
bilərdi. Düşündü ki, sonuncu
cəhdini etsin, danışıqla “Qeyrət”çiləri
yoldan döndərsin. İşdir,
inadlarından əl çəkməsələr, onda hə,
dəyənəkləri salar işə.
O, Qəzənfər
müəllimə yenidən girişdi, amma bu dəfə bir qədər
sərt tonda:
– Qəzənfər
müəllim, yolunuzu açırıq...
“Qeyrət”çilər polis rəisini axıra qədər
dinləməyib sinədolusu nəfəs aldılar, təşkilatlarının
rəhbərlərinə heyran-heyran baxdılar. Zarafat deyildi, kişi
dediyini yeritmişdi. Az qaldı Qəzənfər
müəllimi alqışlasınlar. Ancaq polis rəisi
onları qabaqladı...
– Amma
sizinlə təklikdə beşcə dəqiqəlik söhbətim
olacaq, zəhmət olmasa, atdan düşün, bir
qırağa çəkilək.
Bu zaman dörd polis yerindən tərpənib Qəzənfər
müəllimin atına sarı getdi.
Təşkilat sədri ildırım sürətilə
düşündü ki, özbaşına atdan enməsə,
işi korlayacaq. Polislər onu dartıb aşağı
salsa, hörmətdən düşəcək, bu səbəbdən
danışığa gedən bərabər tərəf kimi
başını dik tutub ayaqlarını üzəngidən
götürdü və yüyəni köməkçisinə
uzatdı.
Yengibar müəllim ərklə onun qoluna girdi və
onlar adamlardan bir qədər uzaqlaşıb
ağaclığa sarı getdilər.
Səs
çatmayacaq məsafəyə gəlib çatanda polis rəisi
dilləndi:
– Qəzənfər
müəllim, istəyirəm açıq danışaq!
Təşkilat
sədri düşünmədən cavab verdi:
–
Danışaq!
–
Biri-birimizi başa düşməliyik!
Yenə Qəzənfər müəllim key-key
başını tərpətdi.
– Əlbəttə...
– Zəhmət
olmasa, əvvəlcə bir sualıma cavab verin!
– Buyurun!
–
Tutalım, vurub lap təmas xəttini keçdiniz,
qarşı tərəf də atəş açmayıb
hamınızı əsir götürdü. Ondan
sonra nə olacaq? Heç nədən birdən-birə
əlli-altmış əsir verəkmi?
–
Sonrasını düşünəndən qəhrəman
olmaz!
– Qəhrəman
olmaq istəyirsiniz?
Qəzənfər müəllim ilişdi. Ancaq polis rəisi bu
sualın üstündən keçib, başqa sual verdi:
– Əsir olub neyləyəcəksiniz?
–
Bütün dünya biləcək ki, bizi öz
torpaqlarımızda əsir alıblar.
Yengibar
müəllim gülümsədi:
– Bəyəm
bütün dünya bilmir ki, iyirmi ildir Qarabağda
başımıza nə oyun açırlar?
Qəzənfər
müəllim mısmırığını salladı:
– Bilirlər.
Noolsun? Ağzımıza su
alıb oturmalıyıq? Heç olmasa
dünyaya, düşmənlərimizi göstərək ki,
narazıyıq, dinc oturmuruq, torpaqlarımıza can
atırıq.
Yengibar
müəllim axtardığını tapmış kimi dedi:
– Göstərək
də!
–
Qoymursunuz, axı?!
– Niyə
qoymuruq? Qoyuruq!
Qəzənfər müəllim döyükə-döyükə
polis rəisinə baxdı. Öz-özunə dedi ki, bu
kişini heç başa düşmək olmur. Yolumuzu açandırsa, daha məni niyə xəlvətə
çəkir?! Bu nəm-nüm,
“mıs-mıs” nəyə gərəkdir? Kənardan baxanlar da deyirlər görəsən
bunlar nə barədə sövdələşirlər.
Polis rəisinin
dillənməsi Qəzənfər müəllimin
düşüncəsini qırdı:
– Qəzənfər
müəllim, mən vəziyyətdən
çıxış yolu təklif edirəm!
– O nə
çıxış yoludur elə?
– Belə
danışırıq: Nə siz dərinə gedirsiniz, nə
biz. Qayıdıb özünüzküləri
yürüşə davam etməyə
çağırırsınız. Qorxmayın, irəli
atılın! Mən də özümkülərə
komanda verəcəyəm ki, yürüşü
dağıtsınlar. Ola bilsin görüntü xatirinə
sizinkilərdən on-on beş nəfəri
tutub basdıq polis maşınına. Narahat
olmayın, şöbədə bir-iki saat saxlayıb
buraxacayıq. Videokamera gətirmisiniz?
– Gətirmişik!
– Qəzənfər müəllim tilsimə
düşmüşdü sanki.
– Bizdə
də videokamera var. Qarşıdurma yarananda sizinkilər də
çəkər, bizimkilər də. Sonra siz
çəkdiklərinizi dünyaya göstərərsiniz, biz
də xidməti işimizlə bağlı lazımi yerlərə.
Həm siz deyən olar, həm də biz.
– Oyun
oynayırıq?!
–
Başqa əlacımız yoxdur. Əks halda mən,
güc tətbiq edib asayişi bərpa etməliyəm.
– Məni
nə yerinə qoyursunuz?
– Bu sirr
ikimizin arasında qalacaq!
Qəzənfər müəllimin boğazı qurudu. Tələyə
düşdüyünü anladı. Gərək
polis rəisi ilə danışığa girməyib dəstəni
hərəkətə gətirəydi. Harda
qırılardı, qırılardı. Onsuz da polislər
o qədər onun təşkil etdiyi piketi,
yığıncağı dağıtmışdılar ki...
İcazəsiz hərəkətlərinə
görə dəfələrlə neçə sutka həbsə
alınmışdı. Siyasətçi
üçün bunlar adi şeylərdi.
İndi Qəzənfər müəllimin ürəyinin
başını sızıldadan polis rəisinin təklif
etdiyi məzhəkə idi və o, miskincəsinə bu
tamaşada oynamağa məhkum edilmişdi. Yoldaşlarını
sakitcə, suyu süzülə-süzülə Bakıya
qaytara bilməzdi. Təşkilat mütləq
özünü göstərməli idi. Yoxsa
qorxub meydandan qaçdığı düşünülər
və bir rəhbər kimi gözdən düşərdi.
Amma boş yerə üzvlərindən birinin də
burnunun qanamasını istəmirdi. Birdən
polislər acığa düşüb təxribat törətdilər?
Məsələn, yürüşə
qatılanların üstündən yalandan silah, narkotik maddə
tapdılar? Təşkilat üzvlərinə cinayət
işi qaldırsalar, gəl indi onların ailəsinə,
uşağına cavab ver! Arvadı Qənirənin Qəzənfər,
cəncəl işlərinlə vallah axırda
uşağı yetim qoyacaqsan!” sözləri həmişəki
kimi yenə də beynini deşdi... Eh, nahaq
danışığa getdi.
Qəzənfər
müəllim başına cin vurmuş adam
kimi qəfildən qayıdıb atın belinə qalxanda onun təşkilatının
üzvləri də, polislər də hesab etdilər ki,
danışıq baş tutmadı. Hər iki tərəf
gərginləşdi. “Qeyrət” təşkilatının
sədri atın cilovunu bərk-bərk sıxaraq səsini
ucaltdı:
–
Yürüşə başlayırıq! İrəli!
O,
atın başını çəkdi. Dəstə
hərəkətə gəldi və qarışıq səslər
ətrafı bürüdü. Polislər
qalxanlarını sinələrinə sıxaraq dəyənəklərini
hazır tutub qırğı kimi baxmağa başladılar.
Tamaşaçılar polisin farağat vəziyyəti
aldığını görüb kənara çəkildilər. Yengibar müəllim zabitlərlə
xısınlaşandan sonra vur-çatlasın
düşdü. Ara qarışdı, məzhəb itdi,
dartışma, süpürləşmə,
qıy-qışqırıq... Altda qalanın canı
çıxsın!
Artıq tərəflərin videoçəkənlərindən
biri böyürdəki təpənin başına, o biri təxminən
25-30 addımlıqdakı palıd ağacına
dırmaşıb, özlərinə əl
qatmışdılar. Polislər başlarını qaldırıb onlar tərəfə
heç
baxmırdılar da. Sanki “Qeyrət”çilərin
operatoru toxunulmazlıq statusu almışdı. Polislərin
sayı yürüşçülərin sayından çox
olduğuna görə proses bir qədər sadə gedirdi.
Polislər yürüşçüləri bir-bir dənləyib
hop götürür, itaət göstərənlərlə
sakitcə davranır, çığır-bağır
salanları isə qol-qıç eləyib maşınlara
dürtürdülər. Maşınlar dolduqca
işə düşüb vıyıldaya-vıyıldaya
hadisə yerindən uzaqlaşırdılar. Bir tozanaq
qalxırdı ki... Axırda Qəzənfər
müəllim də, o biri atlılar da atdan salındılar.
Qəzənfər müəllimi polis rəisinin
maşınına sarı dartdılar. Çünki
o da müqavimət göstərirdi. Polislər
maşının qapısını açıb təşkilat
sədrini zorla maşına pərçimlədilər.
Bu məqamda Qəzənfər müəllimin ağzından
paravozu “Oğraş!” olmaqla bir qatar
söyüş çıxdı. Sanki o,
ağzını yumruladıb avtomat lüləsinin
çıxacağına oxşatmaqla rəqibə,
düşmənə cavab atəşi açırdı.
Hansı rəqibə, hansı düşmənə?
Elə hamısına!
Polislər söyüşə məhəl
qoymadılar.
Gərginlik onların işini daha da urvata
mindirirdi. Qapı çırpılıb
bağlanandan sonra Qəzənfər müəllim
üst-başını qaydaya salanda böyrünə
baxıb gördü ki, Yengibar müəllim də
maşındadır.
– Ürəkdən
söydünüz! Heç kəsdə
şübhə yeri qalmadı.
– Polis rəisi dedi.
–
Söyüşüm də kara gəldi? –
Təşkilat sədri acıqla soruşdu.
Polis rəisinin
dodağı qaçdı:
– Bəs
necə? Çəkilən videokadrlar
inandırıcı olacaq.
Maşın yerindən götürülüb yola
düşdü. Qəzənfər müəllim susurdu,
danışmağa sözü yox idi.
Yarıyolda
Yengibar müəllim dilləndi:
–
Yürüşünüz baş tutdu, Qəzənfər
müəllim! Təbrik edirəm!
Qəzənfər müəllim polis rəisinin
eyhamını anladı. Mitinqin, piketin, yürüşün
baş tutması siyasətçilərin çox işlətdiyi
ibarə idi. O özü də dəfələrlə
beş-on tərəfdaşını bir yerə
yığmaqla hansısa ölkənin səfirliyin
binasının qabağında üçdəqiqəlik bəyanat
oxuyub, işini bitmiş hesab etmişdi və jurnalistlərə
qazı-qazı intervülər vermişdi ki, bugünkü
piket mütəşəkkil keçdi.
Qəzənfər
müəllim acı-acı cavab verdi:
– Siz də
öz işinizin öhdəsindən bacarıqla gəldiniz. Sizə yuxarıların təşəkkürünü
qazandırdıq. Amma...
– Ammalar
çoxdur!
– Arada
qalan Qarabağ oldu.
Polis rəisi
ah çəkdi:
– Təəssüf
ki, elədir!
Rəisin maşını “Cıdır düzü”
restoranının qarşısında dayandı. Maşından
düşdülər. Əl-üzlərini
yuyub özlərini sahmana salandan sonra polis rəisi Qəzənfər
müəllimi restoranın kabinələrindən birinə
apardı.
Süfrəyə çay gəldi.
Qəzənfər müəllim polis rəisinin iti
baxışlarına, güclü iradəsinə tab gətirə
bilmirdi. Polis rəisi hadisələri istədiyi istiqamətə
döndərirdi. Onun qabağında
söz demək sanki mümkün deyildi. Lap
donuxub qalmışdı.
Yengibar
müəllim armudu stəkanından bir qurtum çay alıb
dedi:
– Qəzənfər
müəllim, Qarabağın açarının hansı
ölkənin əlində olduğunu bilmirsiniz?
– Bilirəm!
– Qəzənfər müəllim həm də
başını tərpətməklə cavab verdi.
–
Görmürsünüz ki, biz bir “Cıqq” eləyən kimi rəqiblərimizi
dizinin üstünə oturdanlar necə əl-ayağa
düşürlər?
–
Görürəm!
– Onda
özünüzü bilən kimi, görən kimi aparın də!
– Düşmənimiz
güclüdür deyə, ayaqlarımızı uzadıb
ölək?!
– Ölməyək,
yaşayaq! Ancaq gücünü bilməyən
gücsüzdür, axı!
Bu vaxt süfrəyə yemək düzüldü. Ancaq Qəzənfər
müəllim ürəyində özünə söz verdi ki, əlini yeməyə vurmayacaq. İçsə, bir stəkan çay içəcəkdi,
çünki ürəyi yanırdı.
Onun
mısmırığını salladığını
görən Yengibar müəllim dedi:
–
Yoldaşlarınızdan nigaran qalmayın! Heç
birinin burnu da qanamayıb. Onları
rahatlayacaqlar, tapşırmışam.
–
Xahiş edirəm, atları yiyəsinə qaytarsınlar!
–
Arxayın olun! Bəlkə bir qismət
çörək kəsək?!
Qəzənfər
müəllim üzünü yana tutub əzvay-əzvay
cavab verdi:
– Mən
sözümü demişəm, sizinlə çörəyi əsl
Cıdır düzündə kəsəcəyəm, restoran
“Cıdır düzü”ndə yox.
– Ya qismət!
Polis rəisi təkid etmədi. Heç özü də
süfrəyə əl uzatmadı, həm iştahası pozulmuşdu,
həm də şəkərinə görə pəhrizdə
idi.
Handan-hana Qəzənfər müəllim çay stəkanına
əl atıb bir qurtum aldı. Çay buza
dönmüşdü.
Lal dinməz həyətə çıxdılar.
Bu vaxt yenə Qəzənfər müəllimin cib
telefonu Üzeyir bəyin “Üvertura”sını
çalmağa başladı. Qızı idi, cavab
verməyi münasib bilmədi. Həm də
istədi uşağı elə bilsin ki, hələ aksiya bitməyib,
ona görə telefonu açmır.
Telefon
susandan sonra Qəzənfər müəllim qəfildən
soruşdu:
– Yengibar
müəllim, eşitmişəm siz üç ay
Şuşanın müdafiəsində olmusunuz?!
Yengibar müəllim ya Üzeyir bəyin musiqisinin təsirindən,
ya Şuşanın adı ayrı cür çəkildiyindən,
ya da nədənsə özünü saxlaya bilməyib bərk
tutuldu və doldu. Qəzənfər müəllim də
kövrəldi. Elə
mağmın-mağmın dayanmışdılar ki, bu vəziyyətdə
onları yezid də görsəydi, dözməyib
yumşalardı. Hələ bəlkə
hönkürtü vurub gözlərindən gildir-gildir yaş
da tökərdi və deyərdi ki, neynək, siz deyən
olsun.
Bir dəqiqə sonra vəzifə borcları yadlarına
düşdü, ciddiləşdilər.
Onlar ayrılanda şəkərdən süstləşmiş
polis rəisi tabeçiliyində olanlardan birinə
tapşırdı ki, qonaqları hörmətlə Bakıya
yola salsınlar.
“Qeyrət”çilər gecə saat üçə
işləmiş Bakıya çatdılar. Qəzənfər
müəllim öz açarı ilə mənzilinin
qapısını açıb içəri girəndə
tamam əldən düşmüşdü. Gördü ki, qızı paltarlı-palazlı divanda
yuxuya gedib. Yəqin atasını gözləyib-gözləyib
tab gətirməmişdi. Düşündü
ki, nə yaxşı, qız oyaq deyil. Yoxsa
onu yürüş barədə möhkəm sorğu-suala
tutacaqdı. O, yüngülcə qızının
üzündən öpdü. Yataq
otağına boylandı. Arvadı Qənirə allah bilir, haçandan yuxu bişirirdi. Yuyunub
bir az nəfəs dərəndən sonra,
ürəyi durmadı, kompyuteri açıb, “Qeyrət”in
saytına baxdı. Bugünkü
yürüşləri barədə təşkilatın
jurnalist üzvləri Almazla Nailənin “Şuşaya
yürüş!” başlıqlı şəkillərlə bəzədilmiş
reportajvari məqaləsi verilmişdi. Birinci
şəkil Qəzənfər müəllimin at belində
olan şəkli idi.
Qəzənfər
müəllimin hövsələsi daraldığı
üçün məqalənin yalnız son cümləsini
oxudu:
“Günortaya qədər davam edən “Şuşaya
yürüş!” aksiyası rayon polisi tərəfindən
amansızcasına dağıdılmış, “Qeyrət”in sədri
Qəzənfər Alıyev və təşkilatın fəal
üzvləri polis şöbəsində altı saat ac-susuz
saxlanıldıqdan sonra buraxılmışdır”.
Saytda təşkilatın polislə
qarşıdurmasını əks etdirən
videogörüntü də yerləşdirilmişdi.
Xəcalətdən Qəzənfər müəllimin
başı sinəsinə düşdü.
2012, yay
Əjdər OL
525-ci qəzet.- 2013.-
12 yanvar.- S.24-25.