Oralarda kimlər var:
Hamlet Qoca
BU O HAMLET QOCADIR Kİ...
Altımışıncı
illərdən bu yana tanıdığım və hər zaman
böyük hörmətlə sevdiyim bir yazarın da 70 yaşı
oldu. Mən bunu “525-ci qəzet”dən çox
hörmət etdiyim yazar Sevinc Mürvətqızının
yazısından oxudum. Mənə görə bu “kədərli”
və gözəl hadisəni qiymətləndirdiyi
üçün ona xüsusi təşəkkürümü
də bildirim.Və sonra həmin ziyalını və
yazarı,orjinaldan ilk tərcüməçilərdən
və ustalarından birini şifahi olaraq təbrik də etdim.
Onun 70 yaşına həsr olunacaq bir məclis olacaqmı, olmayacaqmı və
mən o məclisdə ola bilcəyəmmi ya yox, bunu mən
bilmirəm. Amma o buna layiqdi. Kimdi bu
çox sevdiyim ziyalı yazar:
Adamın soyadı QOCA. Demək bir səksən
yaşı olmalı Adamın. Amma onun 70
yaşını indi qeyd eləyirlər.Adam deyəsən tərsinə
yaşayır ömrünü, vallah.Geri sayır günləri.Qocalıqdan
orta yaşa, sonra gəncliyə, sonra uşaqlığa
doğru gedir deyəsən... ]
...Düşünürəm
ki, böyük bir toplantıdayam.Mənə söz verilə
bilər deyə
düşünürəm : Yox, mən mütləq
bu qorxunu adlamalıyam.Nə vaxtadək qardaş, belə
çəkinəcəm bu işdən.Amma insafən təkcə
mən deyiləm belə “qorxaq və çəkingən”.
Deyirlər ki,bəs zəmanəmizin
böyük bəstəkarı Qara Qarayev bu mikrafonnan yaman
çəkinirmiş. Yanına gələn jurnalistin əlində
mikrafon görən kimi gülümsünürmüş və
deyirmiş: Allah xatirinə ( radi boqa) bunu bəlkə
mənə göstərməyəsiniz. Vallah, mən
eşitmişəm bunu, bilmirəm olub ya olmayıb. Amma
bunu bilirəm ki,mən həqiqətən
bu mikrafondan yox, bu tribunadan yaman qorxuram. Elə belə
üçlükdə-dördlükdə dilotu yemiş kimi
dostlarıma aman vermirəm,amma elə ki,
bu rəsmi bir toplantı olur, bu yaşda da dilim topuq vurmağa
başlayır və yazılarımda olduğu kimi,
danışanda da bir pərakəndəlik
boğur məni.Bəlkə belə deyil.Heç bir
sınadım ki, bilim.
Bax, on il əvvəl də belə olmuşdu.Bu
yaradıcının altmış yaşı tamam olurdu.Mən,
onun haqqında danışmağı özümə borc
bilirdim, amma yenə də o Yazarlar Birliyinin klubunun zəhmi məni
basdı və içimdəki qaldı içimdə. Amma
yaxşı ki,bu yazı yazmaq var və elə
orada nə danışacağdımsa...yazıram.
NƏ DANIŞACAQDIM:
Məsələn,
mən deyəcəydim ki,mənə bir qılınc versəydilər
bu Hamlet Qocanı yuxarıdan aşağıya ikiyə bölərdim,
“o ikiyə bölünmüş Hamlet Qocanın bir hissəsindən xəbərim
yoxdur”- deyərdim və mən ancaq “o ikinci hissədən
danışmaq istəyirəm”- deyərdim. Birinci hissədən,yəni onun fransız hissəsindən
heç xəbərim yoxdur,çünki mən o dili bilmirəm.
Amma “bu biri yarısı” mənə doğmadır və elə
doğmadır ki,mən hətta Hamlet Qocadan çox yox, bir
bayram böyük olduğuma baxmayaraq müəyyən mənada
“bu yarıdan” az şey öyrənməmişəm.Birbaşa
belə deyəcəkdim və Anar müəllim orada
olmasaydı və mən də çıxış eləsəydim
onu da deyəcəkdim ki, Anar müəllim bir zamanlar
fransız bir rejissor Klod Lelüş haqqında, onun məhşur “Kişi və Qadın” filmi barədə yazdığı
bir yazıdan necə öyrənmişdimsə ( və mən
o məqamları indi də xatırlayıram) o məqamlar indi
də mənim qələmimə şirə verir, şairanə
desək, bax Hamlet Qocanın da bir tərcümə əsəri
mənim qələmimə şirə vermişdir.Şairanə
desək, arı pətəyinə çiçəklərdən
bal yığdığı kimi mən də bu
yazılardan,daha başqa yazılardan şirə çəkmişəm
və bunu kişi kimi etiraf edəcəkdim və deyəcəkdim
ki, Hamlet Qoca bir daha heç bir şey yazmasaydı və bir
daha heç bir şey tərcümə etməsəydi belə
o yalnız və yalnız bir tərcümə əsəri ilə
bizim tərcümə ədəbiyyatımızda və
PUBLİSİSTİKAMIZDA qala bilərdi. Amma kimsə o ƏSƏRİN
adını çəkmədi və mən çox təəssüf
edirəm.Təbii ədəbiyat bir zövq məsələsidi
və mən bilən o gözəl əsərdən bir
çoxunun heç xəbəri yoxdu. Dümadan
bərk-bərk yapışıblar.Düma təbii
Dümadır.Mədəni xalqların onu tanıması və
oxuması vacibdir.Amma mədəni xalqların bu dünyada
Jerar Filip kimi bir aktyorun olmasını bilməsi də bir
şərtdir.
“BİR GÖZ QIRPIMI...”
Mən
bilmirəm, Hamlet nə zamandan başlayıb fransızcadan tərcüməyə
və onu da bilmirəm ki, mənim adını
yarımbaşlıq olaraq istifadə etdiyim o əsər
Hamletin neçənci tərcümə əsəridir (
xronoloji sıra mənə bəlli deyil), amma mən Hamleti bir yazar və bir tərcüməçi
olaraq o əsərlə kəşf etmişəm.Bu əsər
haqqında söz düşəndə Hamlet Qoca rəhmətlik
Vidadi Paşayevin xidmətini də çox rahat və ürəkaçıqlığı
ilə xatırlayır.Bir çoxları belə xidmətlərin
( redaktor və redaktə xidməti) üstündən bir
qurtum araq içib unutduqları təqdirdə və onlara olan
bu sayğıları öz adlarına çıxmaq kimi bir
şakərə boyun əydikləri halda Hamlet Qoca bir
ZİYALI ailəsindən olduğunu da bax buradaca beləcə
aşkara çıxarmış olur.
İnanın,
mən o əsərdən bir çox məqamları əzbər
bilirəm (amma özüm yazdığım bir şeiri sona qədər
deyə bilmərəm,bu şakərim də var) və
ümumiyyətlə bir publisistik roman olaraq o əsər bizim
sənət dünyamızın ən gözəl tərcüməsi
olmaqla (başqa gözəl tərcümələr var, məsələn,
rəhmətlik İslam İbrahimovun “Martin İden”
çevirisi necə gözəl
və alicənab idi, o əsərin də kök
variantından xəbərim yoxdur) Hamlet Qocanın da bu “BİR
GÖZ QIRPIMI” (Yazarı Anna Filip, aktyor Jerar Filipin həyat
yoldaşı) adlı əsəri
bir göz qırpımında tərcümə olunmuş və
bir göz qırpımında oxunulası əsərdir.Və
oxunur da...
Bu əsər
çevrilməyib bu əsər bizim dildə yazılıb.Məni
öldürün, bu əsərin orijinalı bu qədər
şirin,bu qədər detallı,bu qədər
insafsız ola bilməz.Mən güman ki, dəyərləndirmədə
hissə qapılıram.
60 İLLİK YUBİLEYDƏ MƏCLİSƏ
RƏNG VERƏN İNSANLAR VARDI
Təbii
fransız ədəbiyyatını və dilini milyon dəfə
məndən gözəl bilən və bu dilin
acılığını çəkə-çəkə
şirin əsərlər tərcümə eləmək
çox böyük bir zəhmət
və hövsələ tələb edir.Hamlet Qoca
çox böyük bir hövsələ sahibi olmalı ki,
bunu mütəmadi davam etdirmiş və mən bu xudmani yubiley
gündüzündə (təbdir saat 14-də idi o zaman ) bir
şeyin də şahidi oldum : tədbirdə Fransa səfiri və
Anar müəllim özü şəxsən iştirak
edirdi.Niyə mən şəxsən deyirəm: Yazarlar
Birliyində hər gün olmasa da, hər gün tədbir var.
Və bir çoxları da Anar müəllimin bütün tədbirlərdə
iştirak etməsini umur məncə, amma ummaq ayrı bir
şey, ədalət ayrı bir şey. Bunu da nəzərə
almaq lazımdır. Və hətta onu da
düşünmək lazımdır ki, hər hansı bir
yaradıcının bu cür tədbirlərində onun
iştirakı və iştirak etməməsi bir
artıqlıq və əksiklik gətirmir məncə,baxmayaraq bunu da
yozanlar var. Bütün ədəbi ağırlıqdan
qırağa bir az şans məsələsi də var: Hamletin
altımış yaşı saatlarında o hardasa ola bilərdi,məsələn
xaricdə. Əgər bir çoxlarının yorumunu nəzərə
alsaq, bu da Hamletin bəxtinin ona yar olması kimi qiymətləndirilməlidir.Bizi
anarçılar hesab eləyən dostların qulaqları
cingildəsin:Anar müəllimin bu
gündüzü aparması da ayrı bir dad verirdi.Və hətta
bir çox adamlar tanıyaram ki,içi də özüm
daxil Hamlet Qocaya çox böyük sayğı duyaraq son ana
qədər oturdular.
Və
Hamlet Qoca sonradan... çox sonradan Fransanın ən
şöhrətli mükafatlarından birini alsa da, halal xoşu olsun, hələ
çox-çox illər öncə,hələ tələbəykən
bu işin ardınca gedəndə bilmirdi ki,zaman gələcək
və bir gün bu ölkə azad olacaq və dünyaca məhşur
bir ölkənin Fransanın səfiri gəlib onun şəhərində,
onun torpağında, onun Yazarlar Birliyində qabar olmuş əlini
sıxacaq və hətda onun xanımı ərinin gözləri
qarşısında Namletlə
yanaq-yanağa öpüşəcək.Baxın, mən bunu
şərəf sanmıram, amma uzun illər dərdimizi
anlatmağa bağlı qapılar açıq olmasa da, indi artıq
yalan-gerçək bunu deməyə imkan tapırıq və
bu imkanı gözləmədən
Hamlet Qoca çox mühüm bir işin ardınca gedib ki,
orada çıxış eləyən dost doğma
dayısı dedi : mən belə bacı oğlu ilə fəxr
eləyirəm...
Kim fəxr
eləməz ki....
Və
Fikrət müəllim,Hamlet Qocanın
böyük qardaşı,gözəl şarimiz Fikrət
Qoca dedi ki, istedadsıza min
kömək elə bihudə,amma istedad sənsiz də, mənsiz
də pöhrə verib boy atacaq.Mən ona heç zaman kömək
eləmədim.Hamlet özü ÖZ YOLUNU tutdu...(Bu həqiqəti
zalda məndən qabaq sırada oturan ŞAİR Abbas Abdulla da
başı ilə və sözlə təsdiq etdi.)
Nə
kömək Fikrət müəllim siz fransızcanı
bilmirsiz ki...
“İSTANBULDAN GÖNDƏRİLƏN
ARAQ”
Hamleti bir də bilsəniz, mən niyə çox sevirəm? Uzun illər öncə
İstanbuldaykən Hamletə bir araq verdim ki, bunu apar dostum və
sənin kürəkənin, yazar Məmməd Oruca ver. Hamlet əmanətə
xəyanət eləmədən onu gətirib Məmmədə
vermişdi və Məmməd də mənim haqqımda
çox gözəl bir məqalə yazmışdı, mən
qəriblikdə olanda və o məqalə mənim gözlərimi
yaşarmışdı o acılı günlərdə.Adı
da beləydi məqalənin: “İSTANBULDAN GÖNDƏRİLƏN
ARAQ”.Sağ olsun 525-li dostlar, onlar da bu yazını çap eləmişdi
və sağ olsun Aydın
Bağırov da ( o qəzetin idman yazarı idi o vaxt, indi
müavinlərdən biridir) o
yazını e-maillə mənə göndərmişdi.Baxın,
bir az mizahi,yəni zarafat olsa da deyim: bunu yalnız bir
fransız eləyə bilər, bir azəri türkü ya
Allah deyib onu elə təyyarədə içib tükədərdi.
Bu
yazını mən o toplantının səhəri,
fevralın birində yazmışdım və sabah tezdən
cümə idi.Qalxıb gedib qəzet alacam və bir araq da
alacam, qonaqlığında iştirak edə bilmədiyim
üçün ( heç dəvət də
etmədi) onun sağlığına içəcəm bir
yüz qram. O etirafın sağlığına içəcəm
və Anna Filipin Jerar Filip haqqında yazdığı unudulmaz bir əsərin
bizim dilə çevirmənin sağlığına içəcəm...
VƏ NƏHAYƏT SONDA:
...bütün
rəsmiyyətdən qırağa üzümü
tutacaqdım Fransanın Azərbaycandakı Səlahiyyətli
səfirinə, deyəcəkdim: Çox hörmətli səfir,
şəxsən mən bu mərkəzdən, Bakıdan
çox uzaqlarda, bir kənddə doğulmuşam.Baxın mən
sizin gözünüzün qabağında sizin hansı sənət
adamlarının və ədəbiyyat
yaradıçılarınızın adını sadaladım və baxın ki, mən
Modilyani kimi rəssamın faciəsini bu xalqa, bu millətə
tanıdan yazar əhlindən biriyəm.İndi gedək
Fransaya və orda bir azəri rəssamını və ədəbiyyatçısını tanıyan bir fransızla bizi
tanış edin. Zor bir iş...Sayın Səfir!İndi
baxın, Dümasından tutmuş Modilyanisinədək
Bodlerindən tutmuş Jerar Filipinədək sənət və
ədəbiyyat adamlarınızı sevən, yalnız sevən
yox, onları min zəhmətlə öz millətinə
tanıdan bir ölkənin ziyalısının TORPAĞINI XAİNCƏSİNƏ İŞĞAL EDƏRLƏRMİ?
Hə, hörmətli səfir işğal edərlərmi?
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 12 yanvar.- S.23.