Dinlərarası
dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa
doğru
Səmavi
dinlərə qədər Azərbaycan ərazilərində
müxtəlif inanclara etiqad edilib, daha konkret desək, bütpərəstlik
hökm sürüb. Amma bu dövrdə bəzi inanclara,
xüsusilə, oda, suya, ağaca və səma cisimlərinə
inam daha güclü olub. Ən maraqlısı da odur ki, min illərin
keçməsinə baxmayaraq, bu inamın əlamətləri
insanların yaddaşında mühafizə olunub və bu
gün də onların həyat tərzində
özünü biruzə verir. Məsələn, ilk insandan
üzü bəri əcdadlarımızın müqəddəs
hesab etdikləri oda bütün dövrlərdə qoruyucu,
müqəddəs təmizləyici qüvvə kimi
baxılıb. Ümumiyyətlə, həyatın
mövcudluğunu şərtləndirən əsas komponentlər
kimi od, su, torpaq və hava (külək-yel) İslamın
yayılmasına qədər Azərbaycan ərazilərində
yaşayan insanların etiqadında önəmli yer tutub. Səmavi
dinlərin meydana çıxmasına qədər, belə demək
mümkünsə, bütpərəstliyin bünövrəsini
təşkil edən bu dörd mühüm komponent, əslində,
Azərbaycan xalqının min illər ərzində
formalaşmış dünyagörüşünün
kodlaşmış simvoludur. Bəlkə, elə buna görədir
ki, İslamı qəbul etməsindən 13 əsr keçməsinə
baxmayaraq, xalqımızın adət-ənənələrini,
xüsusilə milli bayramlarımızı bu simvollarsız təsəvvür
etmək qeyri-mümkündür.
Mədəniyyətlər adətən
milli zəmində yaranır, formalaşdıqları bölgənin
və xalqın sərhədlərini aşdıqda ümumbəşəri
dəyərlər sisteminə daxil olurlar. Azərbaycan
xalqının min illər ərzində
formalaşdırdığı mədəniyyətə də
bu prizmadan yanaşılmalıdır. Çünki yalnız
belə olduğu təqdirdə o, əsl qiymətini ala bilər.
Zərdüştilik. Tarixən Azərbaycan
ərazilərində yaranmış və yayılmış
dinlərdən, ümumiyyətlə, mədəni dəyərlərdən
danışarkən atəşpərəstliyə, xüsusilə
zərdüştiliyə toxunmamaq qeyri-mümkündür. Adətən,
atəşpərəstliyi zərdüştilik dini inamı
ilə eyniləşdirirlər. Halbuki, hər iki inam müstəqil
din sahələri kimi meydana gəlib və onların
yaranması bilavasitə Azərbaycan əraziləri və
xalqı ilə bağlıdır.
Odu müqəddəs hesab edən və kahinləri “maq” adlandırılan atəşpərəstlər ilk zamanlar zərdüştilik dini ayinlərini həyata keçirmirdilər. Ehtimallara görə, məhz eramızdan əvvəl VI əsrin sonundan etibarən maqlar zərdüştiliyə kahin kimi xidmət göstərməyə başlamışlar.
Zərdüştiliyə qədər dünyada müxtəlif dinlər və inanclar olub, amma onların hamısı məhəlli xarakter daşıyıb və demək olar ki, yarandığı bölgənin sərhədlərini aşa bilməyib. Üç böyük imperiyanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli din anlayışının sərhədlərini aşmış, hətta ilk dəfə qədim dünyada mükəmməl din, dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu yaratmışdır. Bu dinin yaradıcısı sayılan Zərdüştün böyüklüyü ondadır ki, özünə qədər mövcud olan allahların hamısını rədd edərək yeganə Allah – Hörmüzü kainatın və bütün canlı varlıqların yaradıcısı kimi irəli sürüb. Bu baxımdan, bütpərstlikdən fərqlənən Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir.
Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və Yaxın Şərqlə məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və hind mədəniyyətinə ciddi təsir göstərmişdir. Tarixi faktlar, eləcə də bizə gəlib çatmış yunan tarixçi və filosoflarının əsərləri sübut edir ki, zərdüştiliyin müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı yaradan maqlar, onların təlimində və atəşpərəstlik dinində islahat aparmış Zərdüşt yunan mədəniyyətinin inkişafında böyük rol oynayıb. Bəlkə, elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys Zərdüştiliyin bəşəriyyətə bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir göstərdiyini iddia edir.
Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə – Platona, Aristotelə, Hermippinə və başqalarına güclü təsir göstərib. Uzun tarixi dövr ərzində dövlət dini statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni İslamın yayılması ilə əlaqədar zəifləməyə başlayıb. Təsir dairəsi bu qədər geniş olan, Hindistanda və İranda indiyədək mənsubları yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranmış və Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərmağan etdiyi ilk böyük tövfədir.
Zərdüştiliklə bağlı önəmli məqamlardan biri də odur ki, bu dinin tarixi ilə Azərbaycan fəlsəfəsinin tarixi demək olar ki, həmyaşıddır. Çünki zərdüştiliyin ayinlərini yerinə yetirən maqlar həm də Azərbaycanın ilk filosofları hesab edilirlər. Əslində, bu gün müxtəlif dövrlərə və qruplara ayırdığımız dünya fəlsəfəsinin bünövrəsində maqların təbliğ etdiyi ideyalar dayanır və bu baxımdan dünya fəlsəfəsi onlara çox şey borcludur.
Yəhudilik. Əlverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə malik Azərbaycan bütün dövrlərdə cəlbedici və diqqət mərkəzində olub. Şübhəsiz ki, Azərbaycan ərazilərində müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların məskunlaşmasında bu amil böyük rol oynayıb. Amma inkaredilməz faktdır ki, bu məsələdə coğrafi şərait yeganə amil deyil. Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Bu, elə bir sərvətdir ki, min illər boyu heç bir qüvvə onu Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və möhkəmlənib.
Azərbaycan xalqının bu zənginliyini təsdiqləyən və min illər ərzində ondan faydalanan xalqlardan biri də yəhudilərdir. Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxan yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair bir dənə də olsun fakt yoxdur. Amma müxtəlif tarixi dövrlərdə Azərbaycan xalqına qarşı aparılmış soyqırım siyasətinin qurbanları arasında yəhudilər də olub.
Yəhudilər Azərbaycana gəlməmişdən əvvəl bu ərazilərdə müxtəlif dinlər və inanclar olub, lakin onların heç biri kənardan gəlməyib, burada formalaşıb. Bu baxımdan, Azərbaycana kənardan gəlmiş ilk din olan yəhudilik həm də bu ərazilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan məbədin sökülməsi nəticəsində vətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər.
Yəhudi dininə mənsub insanlar təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində yaşayırlar və məlum məsələdir ki, onlara münasibət hər yerdə eyni deyil. Amma Azərbaycanda bu dinin mənsublarına bütün tarixi dövrlərdə münasibət birmənalı olub, hansısa yəhudi nə vaxtsa özünü “ögey övlad” kimi hiss etməyib, əksinə, böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və inkişafı üçün çalışıb. Ümumiyyətlə, yəhudilərə göstərilən münasibətə görə Azərbaycan yalnız İsraillə müqayisə oluna bilər. Bu fikir təkcə azərbaycanlıların və bu ölkədə yaşayan yəhudilərin yox, həm də başqa dövlətlərin, o cümlədən, İsrail vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir.
Heç kimə sirr deyil ki, yəhudilərin burada yaşadıqları 26 əsr ərzində Azərbaycan ərazilərində müxtəlif dinlərə və xalqlara mənsub insanlar çoxsaylı dövlətlər qurublar, hətta Azərbaycanın əsrlər boyu işğala və təcavüzə məruz qaldığı dövrlər də olub. Ancaq Azərbaycan xalqı yəhudiləri heç vaxt taleyin ümidinə buraxmayıb, əksinə, ona pənah gətirmiş digər dini və etnik qruplara olduğu kimi, yəhudilərə də himayədarlıq edib. Əgər belə olmasaydı, bu gün dünyada dağ yəhudilərinin kompakt halda yaşadıqları yeganə yaşayış məntəqəsi olan Qırmızı qəsəbə indiyədək mövcudluğunu qoruyub saxlamazdı.
Dağ yəhudiləri ilə yanaşı Azərbaycanda aşkinazi (Avropa) və gürcü yəhudiləri də yaşayırlar ki, onların ölkəmizə gəlişi əsasən XIX əsrin sonuna, sənaye bumu dövrünə təsadüf edir. Bu gün uzun illər öncə əsasən işləmək məqsədi ilə ölkəmizə gəlmiş bu yəhudilər artıq Azərbaycan üçün layiqli vətəndaş, onlar üçünsə Azərbaycan əbədi Vətən deməkdir.
Əsrlər boyu Azərbaycanda yaşamış və yerli əhali ilə qaynayıb-qarışmış, hətta qohumluq əlaqələri qurmuş yəhudilər, şübhəsiz ki, Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak ediblər və bu gün bütün dünya üçün nümunə göstərilən ölkəmizdəki tolerantlıq mühitinin formalaşmasında onların xidmətləri danılmazdır. Ümumiyyətlə, əsrlər boyu ölkəmizdə mövcud olmuş yüksək dözümlük mədəniyyəti təkcə azərbaycanlıların deyil, bu ölkədə yaşayan bütün dini-etnik qrupların və xalqların ortaq mədəni sərvətidir. Təbii ki, bu sərvətdə yəhudilərin də böyük payı var.
Xristianlıq. Bəşər tarixində dinlərin və fəlsəfi cərəyanların sıxışdırıldığı, insanların inancsızlığa və allahsızlığa məcbur edildiyi dövrlər olub, amma bu siyasət və inancsız ideologiyalar heç vaxt özünü doğrultmayıb.
(Ardı var)
525-ci qəzet.- 2013.- 12 yanvar.- S.22.