Yeddi etüd və ya böyük yolun yolçusu...

 

İlk etüd: Qısa tanışlıq

 

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində mən rayon statusu bərpa olunmuş Siyəzəndə yenicə nəşrə başlayan “Çıraq” qəzetinə redaktorluq edirdim. 1992-ci ilin axırlarının soyuq ayları, gərək ki, dekabr idi. Qəzetimizin işi ilə bağlı o zaman fəaliyyət göstərən Respublika Mətbuat və İnformasiya Nazirliyinin aparıcı mütəxəssisi redaksiyamıza ezamiyyətə gəlmişdi. Bu, boylu-buxunlu, üzü gülər, nurlu, gözləri duru, elə ilk ünsiyyətindən qəlbinin saflığı, sadəliyi, səmimiliyi açıq-aşkar sezilən, sonralar tanınmış türk yazıçısı İmdat Əfşarın onun haqqında yazdığı kimi, “əzəmətli, dirayətli, babayigid bir insan” olan Novruz Novruzov idi!

Elə ilk görüşdən tanışlığımız sanki illər uzunu oturub-duran adamların yaxınlığına, mehribanlığına çevrildi. Burası da mənə məlum oldu ki, yaşının qırxının tamamına hələ iki il qalan Novruz müəllim elə gənclik yaşlarından müxtəlif rəhbər vəzifələrdə çalışıb. Görüşlərimiz o vaxtlar müntəzəm olaraq iki iləcən davam etdi.

Aradan illər keçəndən sonra, nəhayət, Novruz müəllimlə yenidən 2007-ci ilin isti yay günlərində bu dəfə bizim Şabranda görüşdük. Və bu dəfə də bunun şahidi oldum ki, ötən illər Novruz müəllimin vəzifələrini dəyişib, halı-xasiyyəti isə elə əvvəlki kimi yerli-yerindədir. Sadə, səmimi, istiqanlı, ünsiyyətcil...

Bir neçə il bundan qabaq avtoqrafla yazıb mənə bağışladığı “Bir qış gününün xatirəsi” kitabına yazdığı ürək sözlərində də o, dosta sədaqətini səmimiyyətlə dilə gətirir: “İllər öncə həyatımın kövrək məqamlarında tanış olduğum, elə o vaxtdan da işıqlı bir insan kimi yaddaşıma hopmuş, Tanrının qisməti ilə yenidən rastlaşdığımız gündən sevimli bir qardaşım kimi həmişə bağrıma basmağa hazır olduğum Aydın müəllimə.

20 may, 2010-cu il”.

Şabranda çalışdığı bu illər ərzində mən həm də müasir nəsrimizin Novruz Nəcəfoğlu imzalı istedadlı, tanınmış bir nümayəndəsi ilə də “tanış” oldum.

Beləliklə, yazıçı-publisist Novruz Nəcəfoğlu!

Novruz Nəcəfoğlu “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Qobustan”, “Ulduz” kimi dərgilərdə, “Xalq”, “Respublika”, “525-ci qəzet”, “Kaspi” və digər nüfuzlu mətbuat orqanlarında dərc etdirdiyi povest və hekayələri, esse və publisistik yazıları ilə oxucuların, ədəbi ictimaiyyətin nəzər diqqətini artıq cəlb edən tanınmış yazıçılarımızdandır.

Novruz Nəcəfoğlunun Türkiyədə “Çarəsiz yolçu” adlı sanballı povest və hekayələr toplusu işıq üzü görüb.

Qardaş ölkədəki “Kardeş kalemlər”, “Neçə”, “Veçceste”, “Çınqı” kimi çeşidli ədəbiyyat dərgilərində yaradıcılığından nümunələr yayımlanıb.

Novruz Nəcəfoğlu təkcə istedadlı nasir deyil, həm də bir-birindən maraqlı publisistik yazıların müəllifidir. Onun bir dövlət məmuru kimi işgüzar səfərlərdə olduğu Almaniya, İsveçrə, Sinqapur, Malayziya ilə bağlı səfər təəssüratlarından bəhs edən “Dünya duracaq yer deyil...”, “Sinqapur-böyük dünya şəhəri, iddialı ölkə” kitabları publisistikamızın son illər bu janrda yazılmış ən dəyərli nümunələrindəndir.

 

İkinci etüd: “Yolçu yolda gərək...”

 

Burasını da deyim ki, dostum Novruz Nəcəfoğlu öz əsərlərini çap olunmaq üçün mətbuata təqdim etməyə heç vaxt tələsmir. Ya əringənlik edir, ya da  təvazökarlıq. Yəqin ki, təvazökarlıq olar.

Nə isə... Bakıya yolum düşəcəkdi. İlk oxucusu olduğum, məni möhkəm tutan “Çarəsiz yolçu” povestini müəllifin razılığını alıb “Azərbaycan” jurnalına, onun baş redaktoru, hörmətli qələm dostumuz İntiqam Qasımzadəyə təqdim etdim.

Əlbəttə,  müəllif üzə vurmasa da, hansısa bir mətbuat orqanına təqdim olunan əsərinin çapını təbii ki, intizarla gözləyir, əsərin redaktor tərəfindən bəyənilib-bəyənilməməsi də öz yerində.

Novruz müəllim isə povestinin çapının intizarından çox, redaksiyada necə qarşılanacağının nigarançılığını çəkirdi. Əsərin çapının intizarını isə, açığını deyim ki, mən çəkirdim. Öyünmək olmasın, heç olmasa peşəkar bir oxucu kimi bilirdim ki, əsər redaksiyada da bəyəniləcək, çap da olunacaq və oxucular tərəfindən yaxşı da qarşılanacaq....

Mənim intizarıma, müəllifin isə nigarançılığına axır ki, bir gün İntiqam müəllim son qoydu: Povesti jurnalımızın gələn ilki 2-ci sayında (onda 2010-cu il idi) çap etməyi nəzərdə tutmuşuq, – dedi.

Sonra isə qəlb genişliyi ilə, səxavətlə baş redaktor kimi əsər haqda öz təəssüratlarını mənimlə bölüşdü: – Müəllifi mənim adımdan təbrik edərsən, – dedi, – uğurlu əsərdir. Povesti oxuduqca sanki elə mənim özümü də yazıçının təsvir etdiyi çölün istisi vurur, nəfəsimi təngidirdi. İlan elə bil əsərin qəhrəmanı Qıztamamı deyil, məni də qorxudub üşəndirirdi. İsti və qorxu məni karıxdırsa da, elə bil birdən-birə məni meh vurdu, sərinlədim, toxtadım. Yadıma dahi fransız yazıçısı Kamyunun “Yad” povesti düşmüşdü. Hələ digər yazı-pozusuna bir elə yaxından bələd olmadığım Novruz Nəcəfoğlu və onun “Çarəsiz yolçu” povesti nədənsə mənə yaxşı mənada məşhur fransız yazıçısını və onun elə özü qədər də məşhur olan bu əsərini xatırlatmışdı...

Qələm dostumun povestinin peşəkar bir baş redaktor, söz sərrafı tərəfindən belə maraq və rəğbətlə qarşılanmasına qəlbimdə sevinə-sevinə Bakıdan Şabrana qayıdıb onu muştuluqladım. İndi açığını deyim ki, bəlkə də Novruz Nəcəfoğlu o zaman mənim az qala sinxron kimi İntiqam müəllimin dilindən çıxanları dediklərimə – zövqlü bir naşirin, dünya ədəbiyyatının bilicilərindən birinin povestini belə yüksək dəyərləndirdiyinə inanmamışdı. Və mən də and içib onu inandırmayacaqdım ki?!

Aradan bir neçə il keçəndən sonra bizim Şabran şəhərində, möhtəşəm mədəniyyət sarayında görkəmli yazıçı və ictimai xadim, MM üzvü Hüseynbala Mirələmovla yerli oxucuların təntənəli görüşü keçirilirdi. Bu tədbirə yazıçı ilə birgə qatılan görkəmli ədəbiyyatşünas, professor, Dövlət Mükafatı laueratı Nizaməddin Şəmsizadə, Xalq artisti Nurəddin Mehdixanlı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə öz çıxışlarında dönə-dönə vurğuladılar ki, bəs biz paytaxt Bakıdan tutmuş respublikamızın müxtəlif bölgələrində də Hüseynbala müəllimlə çox görüşdə olmuşuq. Ancaq etiraf edək ki, Şabrandakı bu görüş öz səviyyəsi ilə hamısından yaxşı mənada fərqləndi. Bu görüşün fərqlənən yaxşı cəhətini səbəbkar Hüseynbala Mirələmov öz çıxışında aydınlaşdırdı.  Əslində belə də olmalıdır, – dedi, – axı, bu görüşün belə səviyyəli keçirilməsində xidməti olanlardan biri – Novruz müəllimin özü də gözəl bir qələm əhlidir.

Və sonra da Hüseynbala müəllim bu səfərboyu yol yoldaşı olduğu “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin neçə il bundan qabaq Novruz Nəcəfoğlunun “Çarəsiz yolçu” povestini oxuyub qurtarandan sonra mənə dediklərini təkrarlayıb yada saldı.

Mən bir daha başa düşdüm ki, İntiqam müəllim əsər haqqında təəssüratlarını bir təkcə mənimlə yox, yaxın qələm adamları ilə də bölüşübmüş.

Yuxarıda da qeyd etdiyim kimi, Novruz Nəcəfoğlunun yaradıcılığı haqqında qələm dostları gen-bol, xoş sözlər deyiblər.

Bu da sözə qüvvət kimi onlardan bəzi nümunələr...

“ Novruz Nəcəfoğlunun “Azərbaycan” jurnalının (2011-ci il) ikinci nömrəsində “Çarəsiz yolçu” povestini oxuyandan sonra bu əsər haqqında təəssüratımı bölüşməkdən başqa çarəm qalmadı...

...“Çarəsiz yolçu” povestinin məzmununu sizə danışmaq fikrində olsam belə, bunu əsərin müəllifi Novruz Nəcəfoğlu qədər gözəl, sərrast, əhatəli şəkildə bacarmayacağıma inanıb bu istəyimdən vaz keçirəm.

...Bu povest Azərbaycan nəsrinin şəksiz uğurudur, onun irəli atılmış halal addımıdır. İndiki halda bu uğurlu, irəliyə atılmış halal addımın bir səbəbi yazıçının istedadıdırsa, ikinci səbəbi-kəndi gözəl bilməyi, bütün qatları ilə duymağı, dərk etməyidir. Ay Novruz Nəcəfoğlu, sən nə boyda kəndçi imişsən? Mənə elə gəlir ki, sən öz içində kənddən şəhərə gətirdiklərini yüz il “xərcləsən” də tükənən deyil. Bu, sənin bir yazıçı kimi ən böyük, tükənməz, “devalvasiyaya” məruz qalmayacaq bir dövlətindir”.

Vəcdlə deyilən bu sətirlər görkəmli yazıçımız Seyran Səxavətin ürəyindən gələnlərdəndir...

Bunlar da tanınmış tənqidçimiz Vaqif Yusiflinin qələmindən çıxanlar:

“Novruz Nəcəfoğlunun povestlərində (eləcə də hekayələrində) dil sadə və anlaşıqlıdır. Müəllif klassik nəsr üslubuna sadiq qalaraq süjetin inkişafında ardıcıllığa riayət edir. Hər povestdə bir əhvalatla digər əhvalat arasında qırıqlıq, yarımçıqlıq hiss olunmur. Əhvalatlar arasında zaman keçidləri də diqqəti xüsusi ilə cəlb edir. Keçmişlə indi qovuşur və elə hesab edirsən ki, təsvir olunan əhvalatlar indiki zamanda baş verir. Ən başlıcası odur ki, müəllif yaddaqalan obrazlar yaratmağa nail olur. Burada təsvir olunan hadisələrin heç birinin uydurma olmadığına inanırsan”.

Novruz Nəcəfoğlunun “Çarəsiz yolçu” adlı povest və hekayələr toplusunu türkcəyə uyğulayıb qardaş ölkədə çap etdirən tanınmış yazıçı İmdat Əfşarın kitaba yazdığı “Ön söz”dən:

“Toxunulan mövzuları və insanın iç dünyasının təsvirinə yönələn bədii detalları ilə Novruz Nəcəfoğlunun hekayələri orta nəsil Azərbaycan nəsrinin bütün məziyyətlərini özündə əks etdirir.

Novruz Nəcəfoğlunun sadə və təbii üslubu, axıcı təhkiyəsi və rəvan dili bu mətnləri oxucunun ürəyinə istilik gətirən, ona doğma olan duyğu və hisləri özündə əks etdirən maraqlı hekayələrə çevirir.

O, hekayələrində doğulduğu torpağa duyduğu böyük sevgi və torpağa bağlılıq hissinə mümkün qədər geniş yer vermişdir. Aid olduğu torpağı – ağacı, çiçəyi, gülü, yarpağı, dərəni, dağı, qurdu, quşu, kəndi və şəhəri ilə birlikdə sevən yazarın bu xüsusiyyəti sətirlərin arasından bir vulkan kimi püskürərək Vətən sevgisinə çevrilir.

Onun hekayələrindəki gənc, qoca, qadın, kişi, uşaq-bir sözlə, bütün insanlar mərhəmət və sevgi ilə əhatə olunublar”.

İstedadlı nasirimiz, “Ulduz” dərgisinin baş redaktoru Elçin Hüseynbəyli isə elə o kitabda Novruz Nəcəfoğlunu oxuculara belə tanıdır:

“Azərbaycan nəsrinin orta nəsil təmsilçilərindən və bu nəslin tanınmış yazarlarından olan Novruz Nəcəfoğlunun ədəbi fəaliyyəti çoxyönlü və rəngarəngdir.

Hekayələrində və digər əsərlərində zəngin həyat təcrübəsindən və dərinlikli gözləmlərindən yararlanan yazar həm axıcı bir dilə və üsluba, həm də dinamik bir təhkiyə gücünə sahibdir.

Duyğulu, hüznlü, həssas və qırılqan xatirələr təməlində qurulan bu hekayələrində yazıçı dünyanın faniliyinə də işarə edir. Ancaq Novruz Nəcəfoğlu bu fanilik içində belə insan ləyaqətini və vicdanını daima yüksəldir.

 

Üçüncü etüd: Yaddaş yarpaqları

 

Görkəmli sənətkarımız, Xalq yazıçısı Mövlud Süleymanlı ilə gənclik illərində, daha doğrusu, o, hələ “Ulduz” dərgisində nəsr şöbəsinə başçılıq edərkən yaradıcılıq söhbətlərimiz zamanı dediyi sözlər, söylədiyi ədəbi fikirlər ustad dərsləri kimi indi də yadımdadır:

Bu gözəl nasir deyirdi ki, əsl ədəbiyyat qapının arxa tərəfində görünməyənləri yazıçının qələmə aldıqlarıdır.

– Çiçəklər, otlar birdən-birə dizə qalxmırlar ki?! Onlar an-an, saat-saat, gün-gün böyüyə-böyüyə, nəhayət, əməlli-başlı boy verib görünürlər, ətir saçırlar. Əsərdə də süjet, hadisələr, obrazlar beləcə cücərə-cücərə yetişməli, ətə-qana dolmalıdır.

Bəzən də görürsən ki, yola çıxan bir yolçu səfərin lap əvvəlindəcə ağır bir yükü aldı çiyninə. Və təəssüf ki, mənzil başına çatdıranacan öz yükünü yolboyu dağıda-dağıda, yerə salıb itirə-itirə gedir, nəhayət, mənzil başında baxıb görür ki, o ağır yükdən  bir elə əsər əlaməti qalmayıb.

Yazıçı da əlinə qələm alıb hər bir əsərinin ilk cümləsindən sonuncu cümləsinəcən oxucuya çatdırmaq istədiyi ədəbi yükü, mətni axıra kimi qoruyub saxlamağı bacarmalıdır! Bax, onda əsər də oxucunu tərpədər!

Novruz Nəcəfoğlunun istər hekayələrində, istərsə də povestlərində oxucu nə vaxt baxsa, ancaq görmədikləri əhvalatlar, hadisələrlə zəngin süjet xətti ilə qarşılaşır, yanından bəlkə də saymazyana ötüb keçdiyi adi adamların qeyri-adiliklərinin şahidi olur. Süjetin əvvəlindən axırına kimi yazıçının “qaldırdığı yükü” nəfəsi təngimədən mənzil başına çatdırdığına yəqinlik hasil edib o da rahat nəfəs alır.

 

Dördüncü etüd: Yazıçı “mən”i

 

Ustad sənətkarımız İsa Hüseynovun çox-çox illər öncə çapdan çıxmış “Ömrümdə izlər” adlı nazik bir kitabçasında unudulmaz Xalq yazıçımız Mehdi Hüseynlə bağlı maraqlı bir xatirəsi var.

Görkəmli ədib cavan yazıçını məzəmmətləyir ki, səni təngid edəcəyəm, niyə atandan yazmısan?

İsa Hüseynov məşhur yazıçının bu iradının qarşısında təxminən belə bir cavab verir ki, bəs onu daha yaxşı tanıyıram...

Maraqlıdır ki, Novruz Nəcəfoğlunun hekayə və povestlərində həm də öz obrazı var.

Bəzən bu obraz bədii mətni nəql edən “mən”- birinci şəxs, bəzən də əsərdəki üçüncü şəxs – “o”dur.... Ancaq hər birində də bəzəksiz-düzəksiz, səmimi, uşaq yaşında uşaq kimi sadəlövh, saf, ömrün müxtəlif çağlarında da elə yaşı boydaca, yaşı qədərindəcə təbii, yaşından nə cavan, nə böyük, nə də zahirən müdrik görünməyə can atan bir insan...

Ona görə də oxucu Novruz Nəcəfoğlunun tezliklə məktəbə, birinci sinfə gedəcək yeddi yaşlı balaca oğlanına da, qarlı bir qış günündə atası ilə bir yerdə kolxoz sədrini rayon mərkəzinə yola salıb atları yedəyində kəndlərinə qaytaran yeniyetməsinə də, dostluğa etibarlı çıxıb məktəbdən yayınan əlaçı şagirdə də, nəvələri üstündə əsim-əsim əsən babaya da (“Keçən cavan çağım ola...”, “Atüstü bir nağıl”, “Bu dərənin uzunu”, “Köhnə kişilər”) inanıb rəğbət bəsləyir, qəbul edir.

Burasını da deyim ki, yazıçı sözlə yanaşı obrazları həm də mahir bir rəssam kimi fırça ilə, boyalarla-rənglərlə təsvir edir və oxucu da özünü çətinə salmadan yazıçının yaratdığı uşaq, cavan, istər ahıl, qoca – istənilən obrazı aydınca gözləri önünə gətirə bilir. Bəlkə də elə buna görə də o obrazlar, qəhrəmanlar oxucuya belə yaxın və doğma olurlar.

Novruz  Nəcəfoğlunun povest və hekayələrində təsvir etdiyi kənd həyatda, reallıqda olduğu kimidir. Lakin o kəndi çoxumuz görməmişik, daha doğrusu, görə bilməmişik. O kəndi bizə tanıdan məhz istedadlı yazıçı qələmidir. Bax, elə buradaca oxucu həm də Sözün qüdrəti haqqında düşünəsi olur.

Lev Tolstoy yazırdı: “Bədii əsərin təsir qüvvəsi onun mətninin-mövzusunun təzəliyindən-köhnəliyindən deyil, yazıçının həmin mətnə-mövzuya mənəvi münasibətinin nə dərəcədə təzə və özünəməxsus olmasından asılıdır...”

Və fikrimcə, Novruz Nəcəfoğlunun əsərlərini oxuculara sevdirən bir məziyyət də elə budur.

 

Beşinci etüd: Nur

 

...Günlərin bir günü təkcə insanların deyil, cəmi canlı məxluqatın həm də hökmdarı olan Süleyman peyğəmbər taxtına əyləşmişdi, hökmranlığı altında olanların hamısını hüzuruna toplayıb haqq-ədalət divanı qurmuşdu. Hökmdar peyğəmbər şikayətə, ərzi-hala gələnləri bir-bir dinləyib yerindəcə hökm çıxarır, fərman verirdi.

Beləcə növbə qoca bir şahmar ilana çatdı. İlan peyğəmbərin hüzurunda kamal-ədəblə baş endirib dilə gəldi ki, ey Allahın rəsulu, adil hökmdar, bəs filankəs neçə il bundan qabaq qardaşımı vurub öldürüb, indi gəlmişəm ki, qisasım yerdə qalmasın...

Süleyman peyğəmbər ilanın soraq verdiyi şəxsi hüzuruna çağırtdırdı. Baxıb gördülər ki, üz-gözündən işıq, nur yağan nurani bir kişidir. Peyğəmbər sual etdi ki, ilan deyənlər doğrudurmu? Nurlu kişi ehtiramla cavab verdi ki, bəli, ya peyğəmbər, ilan öz iddiasında haqlıdır ki, var. İzdihamdan bir şivən qopdu, heç kəs üz-gözündən nur yağan belə bir şəxsin cəzalanmasını istəmirdi. Adil hökmdar üzünü şikayətçiyə tutdu:

– İndi sən qardaşının qan bahası yerinə bu şəxsdən nə istərdin?deyə xəbər aldı.

Süleyman peyğəmbərdən, hökmdardan belə bir sual eşidən şahmar ilan da tələm-tələsik: – Ey adil və ədalətli şah, – dedi, – iddiam bir elə böyük şey də deyil. Qoy qardaşımın bu qanlısı gedib yeddi qapıda əl açıb dilənsin, yığdıqlarını gətirib mənə versə bəsimdir...

İlandan belə bir şərt eşidən kişi dərhal peyğəmbərin ayaqlarına düşüb yalvar-yaxar etdi ki, ey Allahın rəsulu, məndə o üz yoxdur ki, bircə qapıya da olsa gedib ağız açım. Ən yaxşısı budur ki, qoy bu qoca şahmar məni sancıb öz qardaşının hayfını alsın...

Meydana yığılanlar yer-yerdən onun üstünə düşdülər ki, əşi, yeddi qapıya gedib əl açmaq nə ağır, nə çətin işdir ki, indi bundan ötrü şirin canına qıyırsan?..

Nurlu insan isə dediyindən dönmədi ki, dönmədi.

Belədə qoca şahmar quyruğu üstdə dik qalxaraq kişinin ayaqlarına sarılıb yenidən dilə gəldi:

– Mən öz intiqamımı bu şəxsdən çoxdan elə özüm də alardım, – dedi, – dəfələrlə bu qəsdlə onun ardınca düşüb sürünmüşəm. Ancaq hər dəfə onu çalmağa əlimə girəvə düşəndə sifətindəki, gözlərindəki nur məni öz niyyətimdən saxlayıb. Onu yeddi qapıya dilənməyə göndərməkdə məqsədim var idi, əgər ki, o yeddi qapıya gedib əl açıb dilənsəydi, sifətindəki bu nur da çəkilib gedəcək, mən də bundan sonra “uf” demədən onu sancıb həlak edəcəkdim...

Novruz Nəcəfoğlunun hekayə və povestlərini oxuduqca nədənsə bu hədis yadıma düşdü.

“Atamı oğulsuzmu görübsüz?”, “Kövrək pıçıltılar”, “Dünyası nur ömürlər”, “Yollar uzanan gün...”, “Fərəhruzi qonaq”, “Mələk kimi uçub getdi...” hekayələrini oxuduqca həm də müəllifin özünün nurlu çöhrəsini xatırladım...

 

Altıncı etüd: “Mənsə arzulayıram ki...”

 

Bizim Şabranda klassik şairimiz Xaqaninin möhtəşəm heykəlinin və müasir memarlıq üslubunda inşa edilmiş “Poeziya evi”nin təntənəli açılışı idi. Ötən ilin yay ayları, iyunun əvvəlləri idi. Bu rəsmi tədbirə respublikamızın tanınmış, adlı-sanlı qələm adamları, ictimai xadimlər də dəvət olunmuşdu.

Bu tədbirdən az əvvəl Novruz Nəcəfoğlunun mənim haqqımda sevdiyimiz “525-ci qəzetdə” “Aydın: həm özü, həm də sözü...” adlı geniş bir essesi çap olunmuşdu.

Bu rəsmi mərasimə dəvət olunanlardan MM üzvü, görkəmli yazıçımız, millət vəkili Aqil Abbas Şabran rayon İcra Hakimiyyəti başçısının, Xaqaninin heykəlinin şəxsi təşəbbüsü ilə ucaldan Novruz müəllimin mənəvi dəyərlərimizə verdiyi bu töhfəni yüksək qiymətləndirərək, sonra da az qala vəcdlə vurğuladı ki, bir dövlət məmuru rəhbərlik etdiyi rayonun bəlkə də sıradan biri olan qələm adamı haqqında səmimiyyətlə dolu iri həcmli bir yazı yazıb onu mətbuatda çap etdirirsə, adam bu işə mat-məəttəl qala-qala həmin rayonun sakinlərinə qibtə edir...

Rəsmi tədbirdən sonra açılışı olan “Poeziya evi”ndə gözəl bir muğam dəstgahı keçirildi. Bu da Novruz müəllimin “ssenari”si idi, Bakıdan adlı-sanlı muğam ifaçısı dəvət etmişdi və şərti də bu olmuşdu ki, muğam üstdə məhz Xaqaninin qəzəlləri səslənsin...

Nə isə, yadda qalan bu tədbir çay süfrəsi arxasında davam etdirildi. Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digər qonaqlar sözə-sənətə bir dövlət məmuru kimi bu diqqət və qayğısına görə Novruz müəllimə bir daha təşəkkür etdilər.

Novruz müəllim də bu xoş sözlərə görə minnətdarlığını bildirib təvazökarlıqla:

– Bunlar bizim borcumuzdur, – dedi, – axı, bu işlərdə, mənəvi dəyərlərimizi qiymətləndirib dəyərləndirməyimizdə bizə örnək olan ümummilli liderimiz və onun davamçısı olan Möhtərəm Prezidentimiz var...

Məclisdə iştirak edən qələm dostlarımızdan “Ulduz”un baş redaktoru, yazıçı Elçin Hüseynbəyli ürəyindən gələn səmimi hisləri gizlədə bilmədi: – Kaş, heç olmasa beş-on rayonumuzda Novruz müəllim kimi söz sərrafı, sözə qədir-qiymət qoyan başçılarımız olaydı...

Rəşad Məcid Elçinin sözlərinə qüvvət verdi: – Elçin, sən az dedin. Mənsə arzulayıram ki, belə dövlət məmurlarımızın sayı daha çox olsun.

 

Yeddinci etüd:

Son söz əvəzi

 

Floberin sözləridir: “Yazıçılıq-həyat tərzidir”. Məşhur “Madam Bovari” romanının müəllifinin sözlərini 2010-cu ildə Nobel mükafatına layiq görülən Peru yazıçısı Mario Varqas Lyosa öz Nobel nitqində iqtibas gətirərək belə demişdi: “Bəli, məhz həyat tərzidir, xəyallarla, sevinclə, qığılcımları başımıza ələnən odla, ram etməyə çalışdığımız sözlərin axtarışıyla dolu həyat; o həyat ki, doğulan fikrin, böyüdükcə başqa əhvalatları udmaq istəməyən hər əhvalatın sönmək bilməyən iştahını doyurmaq üçün sanki bir ovçu kimi yola çıxırsan”.

Mən də söz “ovçusu” olan qələm dostumuz Novruz Nəcəfoğluya bundan sonra da “sərrastlıq” arzulayır, bir də görkəmli fransız yazıçısı Jül Renanın “Gündəliy”indiki belə bir fikri xatırladıram: “Nə qədər ədəbiyyata inam bəsləyirsən, dahiyanə əsər yaratmağı ləngitmə: bu inam həmişəlik qalmayacaq...”

Əlinə qələm aldığı gündən qəlbində ədəbiyyata, onun bədii təsir gücünə inam hissi ilə yazıb yaradan Novruz Nəcəfoğlu yəqin ki, bundan sonra da öz oxucularını yeni-yeni əsərləri ilə sevindirəcək.

 

Dekabr, 2012-ci il.

 

Şabran.

 

 

Aydın Tağıyev,

Prezident təqaüdçüsü

 

525-ci qəzet.- 2013.- 12 yanvar.- S.20-21.