Əlimə gec düşən bir kitab haqqında düşüncələr

 

Akademik Teymur Bünyadov Azərbaycan elmi, ictimai fikir məkanında uzun müddətdir ki, istedadlı bir alim kimi, millətimizin əsrlərdən keçib gələn keşməkeşli inkişaf mərhələlərini tədqiq edən, neçə-neçə elm xadiminin yetişməsində müstəsna xidmətləri olan tarixçi alim kimi tanınmaqdadır. Tariximizin çox müxtəlif mərhələlərinin tədqiqinə həsr etdiyi onlarca kitabın, yüzlərlə elmi məqalənin müəllifi kimi tanıdığımız bu böyük alimin elmi yaradıcılığı barədə söz deməyə ehtiyac duymuram; çünki elmi ictimaiyyətin bu barədə kifayət qədər məlumatı var.

Teymur Bünyadovun daha bir yaradıcılıq istiqaməti var ki, bu barədə danışmağı zəruri hesab edirəm. Söhbət onun bədii sənət dünyası, bədii ədəbiyyatla bağlı əsərlərindən gedir. Əlbəttə, mən mətbuatda və digər informasiya vasitələrində Teymur müəllimin bədii yaradıcılığını əks etdirən bəzi nümunələrə rast gəlmişdim. Lakin etiraf edim ki, akademikin bir neçə vaxt bundan əvvəl AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Folklor İnstitutu ilə birgə nəşrə hazırladığı və “Səda” nəşriyyatında çap etdirdiyi “Anam birdi, Vətən tək” adlı üçcildlik kitabından gec xəbər tutmuşam. Üç cildlikdəki bu kitablar lap bu yaxınlarda əlimə düşdü və mən o kitabını oxuyub belə qənaətə gəldim ki, Teymur Bünyadov ortaya qoyduğu poetik əsərlərinin hamısında birbaşa folklor üslubuna, xalq yaradıcılığına söykənir, bu nümunələrdə xalq yaradıcılığının yeni bir formatını meydana qoyur. Həm də bədii ədəbiyyatın daha çox bayatı janrına müraciət edən şair yeni formatı məhz burada göstərir.

Əlbəttə, hər bir əsl sənətkara məxsus təvazökarlıqla bağlı olaraq Teymur Bünyadov oxucudan dönə-dönə xahiş edir ki, ona şair deməsin. Heç həvəskar şair adı da daşımaq istəmir. O özünü “sadəcə olaraq ürək çırpıntılarını vərəqlərə köçürən bir xalqşünas” hesab edir. Bu cümlədəki “xalqşünas” anlayışı da iki cür başa düşülə bilər: birincisi, Teymur Bünyadovun elmi tədqiqat sahəsi onu “xalqşünas”, kimi qəbul etməyə əsas verir, ikincisi, onun bədii yaradıcılığının forma və formatları birbaşa xalq sənəti, xalq təfəkkürlü ilə bağlıdır.

Bəs milli tariximizin dərin qatlarının tədqiqi ilə məşğul olan, işi-gücü başından aşan akademiki bədii yaradıcılığa nə sövq edib? Özünün dediyinə istinad etsək, onu şairliyə ölkədə baş verən qəfil hadisələr, həm də yaxın keçmişimizlə bağlı dərdli-qəmli hadisələr sövq edib. Üçcildliyin lap annotasiyasındaca oxuyuruq: “20 yanvar dəhşətindən sonra  yaman günə qaldım, sındım, sarsıldım. Çarəsiz, kimsəsiz, dəli-divanələrtək öz-özümlə danışdım. Dağlardan uçmaq, çöllərə qaçmaq, dəryalarda qərq olmaq, dünyayla vidalaşmaq istədim. Hagahan bayatılarım sinəmdə bulaqtək qaynadı...” Teymur müəllimin sonralar bir neçə kitaba sığmayan bayatıları onun yaradıcılığına xalqımızın tarixinə  faciə kimi müsibət kimi yazılan 20 yanvarla birgə gəlib. Azərbaycan xalqının mübarizələrlə dolu tarixini hamıdan yaxşı bilən Teymur Bünyadov 20 yanvarı tarixin ən ədalətsiz faciəsi hesab edir və Vətən sevgisi, xalqa məhəbbətlə dolu bayatılarının mənbəyini belə açır: “Mübarizəli tariximiz, tarixi şəxsiyyətlərimiz, mərdlərimiz misralarımın bəzəyi, gözüm, göz bəbəyim olub. Qəmə qəra olduğum, göynədiyim, kövrəldiyim, hönkürtü saldığım məqamlarım da istədiyim qədər. Laçın oda qalanıb, Şuşa alışıb-yanıb, Xocalı xaraba, Ağdam küskün, Füzuli misgin günlərini yaşayır. Xalqım köçkün, qaçqın, didərgin. Di gəl, yoz ürəyinin qəmini, qüssələrini vərəqlərə köçürmə, misralara düzmə. Hamısı da yarımçıq, qaralanmış, pozulmuş...” Müəllifin “yarımçıq”, “qaralanmış”, “pozulmuş” bu sətirlərinin hamısında Vətənin sağalmaz yaraları, onun bir tarixşünas kimi özünə daha yaxşı məlum olan faciələri var. “Alışıb-yanan Şuşanın”, “oda qalanan Laçının” dağlarını göz önünə gətirən şair ürəyinin dərdini bu sətirlərə köçürür:

 

Ey sənəmlər sənəmi,

Duman qalxır yenəmi?

Dağlar baxır, boylanır

Xəyallanır yenəmi?

 

Yaxud:    

 

Qəlbim coşur, çağlayır,

Dərd sinəmi dağlayır,

Göz-göz olur, ağlayır,

Ağlar qaldım yenəmi?

 

Teymur Bünyadovun xalqa və xalq sənətinə-xüsusilə folklora yaxından elmi bələdliyi onun bayatılara verdiyi təhlillərin son dərəcə inandırıcı və səriştəliliyinə imkan vermişdir. Müəllifin tematikaya böldüyü laylaların hər birində həmin mövzuya uyğun alim təhlilləri  yer alır. Ritmik nəsr üslubunda bayatılara verilən təhlillərin özü də oxucuda estetik hisslərin yaranmasına səbəb olur: “Bayatı, bayatı! Xalqımızın həyatı, tariximizin, taleyimizin yol yoldaşı, sir-sirdaşı. Əsri-əsrə calayan, minilliklərdə silinməz izi qalan, gələcəyə ümidlə boylanan hikmət dünyası, millətimizin cahana bəxş etdiyi şah əsəri...” Bu sətirlərin ifadə olunduğu kiçik mətnin sərlövhəsi: “Ana laylasıdı...” adlanır və bu kiçik mətni müəllif anasının xatirəsinə bağışlayır. Təkcə öz anasınınmı? Yox. Bu kiçik mətndə bayatının hikməti ümumiyyətlə ana hikmətilə yoğrulduğu kimi, onun bağışlandığı ana da çox-çox ümumiləşdirilmiş, tipikləşdirilmiş türk anası təsiri bağışlayır. Maraqlısı həm də orasıdır ki, Teymur Bünyadov Ana və Vətən sözlərini ritorik deyil, sözün həqiqi mənasında bir-birini tamamlayan varlıqlar kimi təqdim edə bilir. “Anamızdı-Vətəndi” bölməsində özünün dediyi kimi:

 

Vətəndi:

Yurd-yuvadı, Vətəndi.

Bu ana torpaq ki var

Anamızdı-Vətəndi!

 

Çox səmimi sətirlərdir, min illərin içindən boylanan ana-Vətən sevgisinin birgəliyinin, ayrılmazlığının gözəl ifadəsidir. Azərbaycan analarının tarixən Vətən sevgisini aydın və ibrətamiz misralarla bir tarixçi kimi qələmə alan müəllifin dediklərinə şərik çıxmamaq olmur: “Vətən səsi, ana səsi. Gözəl köçər, gözəllik qalar bu dünyada. Ana vətənləşər, Vətən analaşar bu dünyada...”

 

Dolan gəz,

Gözüm, könlüm dolan gəz,

Anam birdi, Vətən tək,

 

Dur başına dolan gəz.kimi bayatılar Vətənin ucalığına, ananın vətənləşməsinə, vətənin analaşmasına inamın dəqiq portretini yaradır.

 

Teymur  müəllimin  həm elmi, həm də poetik təfəkküründə “nə anasız vətən var, nə Vətənsiz ana”. Onun bu inkarolunmaz fikri bayatılara verdiyi elmi təhlillərdə də, təqdim etdiyi bayatılarda da öz təsdiqini tapır. Teymur Bünyadov üçün bir tarix tədqiqatçısı olaraq Vətən həm də “Dəmirqapı Dərbənddi... Urmiyadı, Cənubi Azərbaycandı, Göyçə mahalıdı...”. Tarixçi alimin Vətənə bağlı bu yerlər barədə tədqiqatları onun poetik misralarının mövzusuna çevrilir və bu yaradıcılıq birliyi elmi-estetik təsir gücü ilə yaddaşlara köçür. Həm də müəllif xalq yaradıcılığına da bayatı janrına nahaqdan müraciət etmir.

Xalq yaradıcılığının həqiqətən də “şah əsəri” (Teymur Bünyadov)  olan bayatılarımız məzmunca o qədər zəngindir ki, onların toxunmadığı sahə yoxdur. Xüsusilə qürbətə, qəribliyə aid bayatıların təsir qüvvəsi həmişə yüksək olub. Teymur Bünyadov da Vətən sevgisini müqəddəsləşdirmək üçün “Göy kişnər, bulud ağlar...” başlığı altında bu mövzuya xeyli bayatı həsr etmişdir. Bu bölməyə müəllif təhlillərindəki sətirlər hamı üçün doğmadır: “Qaydadı, Vətənin qədri-qiyməti odda yanan, külə dönən qürbətdə daha çox bilinər... Vətəndə nər, qürbətdə qəhər... Vətəndə qohum-qardaşlı, qürbətdə gözü yaşlı... Vətən candı, qürbət zindan”. Bütün bunlar aşağıdakı bayatılarda özünün zərif ifadəsini tapmışdır:

 

Vətən, sənə qurban olum,

Qoynuna bir güzarım yox.

Qürbətdəyəm, can üstəyəm,

Nişangahım, məzarım yox.

 

Yaxud:

    

Ağlamaqdan,

Ah çəkib ağlamaqdan.

Qürbətdə gözdən oldum,

El deyib ağlamaqdan...

 

Teymur müəllimin həm elmi, həm də bədii yaradıcılığı onun hadisə təsiri bağışlayan elmi, ədəbi hadisələrə çevik reaksiyalarında da özünü göstərir. Mən lap bu yaxınlarda akademik Teymur Bünyadovun çox maraqlı bir məqaləsini oxudum. Məqalə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “Əbu Turxanın hikmət dünyası” kitabı haqqında idi. Bu kitabda S.Xəlilovun təqdim etdiyi Əbu Turxanın aforizmləri və ümumiyyətlə müəllifin aforizmlərə elmi-fəlsəfi təhlilləri yer alıb. Əlbəttə, bu kitab Azərbaycan mətbuatında müxtəlif sahələrin alimləri tərəfindən xüsusi resenziyalarla ədəbi-elmi hadisə kimi qiymətləndirilmişdir. Ancaq məndə Teymur müəllimin məqaləsi xüsusi bir maraq oyatdı. Bu məqalədə Teymur müəllimin akademik üslubu ilə xalq yaradıcılığına yaxın olan sənətkar üslubu birləşir və aşağıdakı tipli publisistik məqamlar ortaya çıxır: “Səlahəddin Xəlilovun təqdimatında “Əbu Turxanın hikmət dünyası” kitabı elə bir dəryaya bənzəyir ki, bura baş vuranda çıxmaq çətindir, bu kitab bir ayna kimidir, oxucunu özünə göstərir”. Mən akademikin bu sətirlərindən sonra gələn aşağıdakı abzası oxuyuram və onun aforizmlərə qiymətinin dəqiqliyinə bir daha heyran qalıram: “Mən bir tarixçi kimi Səlahəddin Xəlilovun bizə təqdim etdiyi “Əbu Turxanın hikmət dünyası” kitabına hər dəfə diqqətlə nəzər saldıqda, burada fikirlərin qədimliyi ilə dilin doğmalığı və müasirliyi arasında bir ülfət, iltifaq görürəm və hər dəfə də belə qənaətə gəlirəm ki, bu aforizmlər nə vaxt və harada yazılmış olursa-olsun, sanki bu gün yazılmışdır və sanki içimizdəki qədimliyi üzə çıxarmağa xidmət edir. Lakin bu günkü adamın fikir qədimliyinə və dərinliyinə bu dərəcə rahat səyahət etməsi məni heyrətləndirir. Məndən yaşca xeyli kiçik olan Səlahəddin Xəlilovun özü də nəzərimdə qədimləşir və mən onu neçə min illərin fikir tarixindən bizim zəmanəmizə təşrif gətirmiş elçi kimi görürəm”. Mən Teymur müəllimin məqaləsindən bu sitatı ona görə təqdim edirəm ki, şəxsən özüm də Səlahəddin Xəlilovun “Əbu Turxanın hikmət dünyası” adı altında təqdim olunan, bu gün bizə həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan seçməkdə bizə bələdçi olan müdrik fikirlərin toplandığı bu kitabı çox böyük maraq və hətta heyrətlə oxumuşam. Yəni mən “Əbu Turxanın hikmət dünyası”na yaxından bələd bir adam kimi Teymur müəllimin məqaləsinin bütün sətirlərinə şərikəm. Ancaq məsələnin başqa tərəfini vurğulamaq istəyirəm. Sən demə, Teymur Bünyadov özü də aforizmlərə meylli müdrik bir alimdir və onun şəxsən özünə məxsus altı yüzə yaxın aforizmi var. Həmin fikirlər üçcildliyə  daxil edilmişdir.

 

Ağalıq etməyi bacaran,

nökərçiliyi də bacarmalıdır.

Alim insaflı, zalım kəmfürsət.

Ayaq yalamaqdansa,

ayaq üstə ölmək yaxşıdır.

Ana südüynən, ata çörəyiynən

 

tanınar.

 

Qeyrət qandan, ismət süddən...

Bu sətirlərin hamısında həyat fəlsəfəsi var, həyat dərsləri var.

 

Üçcildliyi oxuyub bitirirsən və fəlsəfi düşüncəyə, dünyanı dərk etməyə, insan olmağa, Vətəni, milləti sevməyə, anaya məhəbbətə... çağıran bir akademikin fikir aləmi ilə, haçansa mütləq xalq yaradıcılığı misalına çevriləcək bədii söz sənəti ilə duyğulanırsan, yeni bir aləmə, yeni hisslərə sahib olursan. Əslində müəllif təqdim etdiyi əsərlərin hamısında elə bu məqsədi qarşıya qoyur və cəsarətlə deyim ki, həmin məqsədə sona qədər nail olur.

 

 

Cahangir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2013.- 12 yanvar.- S.19.