Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(Əvvəli ötən
şənbə saylarımızda)
Magellanın
ölümü bütün komandanın sonu ola
bilərdi. Lakin Elkano komandanlığı
öz üzərinə götürdü və onlar Ədviyyat
adalarına üzdülər. Onlar
adaları tapdılar. Axı hər şey
bu ədviyyatlardan başlamışdı. Onlar gəmilərini ədviyyatlarla yüklədilər.
İspanlar isə Magellanın sahilinə qədəm
basdığı Filippinlərdə sonralar özlərini
möhkəmləndirdilər, oradan həm sərvət əldə
edir, həm də Asiya regionunda məskunlaşırdılar. Bura Sakit okean ətrafında
ispanların başlıca bazasına çevrildi. İspan gəmiləri ipəyi və digər qiymətli
malları Meksikaya aparır, əvəzində isə Meksika mədənlərindən
gümüş daşıyırdılar.
Magellanın ölümündən sonra gəmilərdən
yalnız ikisi – “Trinidad” və “Viktoriya” Molukkalara gəlib
çıxmışdı. Ədviyyatla dolu bir gəmini
portuqaliyalılar tutub, özlərinə götürdülər.
Yalnız bir gəmi – “Viktoriya” Elkanonun
komandanlığı altında İspaniyaya qayıtdı.
Yolda yenə də onlar böyük çətinliklərlə
üzləşmişdilər. Sınmış
dor ağacını bərpa edə bilmişdilər. Yenə də qida yox idi. Dənizçilər
sinqa ilə xəstələnir, sinqadan və aclıqdan
ölürdülər. Gəmidəki ədviyyatlardan
mixəyin tərkibində “c” vitamini olduğundan, o sinqadan dənizçiləri
qoruya bilərdi. Lakin onlar bu sirri bilmirdilər,
agah olsalar özlərini müalicə edərdilər.
Kapitan Elkano gəmidəki heyva mürəbbəsini yeməklə
sinqadan xilas ola bilmişdi.
8 sentyabr
1522-ci ildə zədələnmiş, lakin ədviyyatla
yüklənmiş gəmi başlanğıcdakı 277
komanda üzvündən sağ qalmış yalnız 17
avropalı və 4 hindli ilə vətənə gəlib
çatdı. Onlar Sevilyaya gəlib çatanda
40 min km. uzunluğunda dəniz yolu qət etmişdilər.
“Əvvəllər mövcud olmuş adamlardan zəif
olan” Elkano imperatordan hədiyyə kimi qlobus aldı, onun üzərində
“Primus circumdedisti me” – “Siz mənə ilk dəfə dövrə
vurdunuz” sözləri nəqş edilmişdi. Lakin dənizçilər gətirdikləri ədviyyatdan
varlana bilmədilər. Ədviyyatın
hamısı satıldı, satışdan əldə edilən
pul bütünlüklə krala çatdı.
Magellandan sonra 1577-ci ildə ingilis dənizçisi
Frensis Dreyk ikinci dünya ətrafı səyahətini
uğurla başa çatdırdı. Bu hadisədən on bir il sonra, 1588-ci ildə ispan “Məğlubedilməz
Armadasının” ağır məğlubiyyətə
uğradılmasında keçmiş dəniz qulduru, sonralar
admiral titulu alan Frensis Dreyk xüsusilə fərqlənmişdi.
Magellanın xidməti təkcə Yer ətrafına
üzməsi deyildi, həm də cəsarətli konsepsiya
hazırlaması və bu işi ustalıqla başa
çatdırması idi. İlk dənizçi
Sakit okeanı Qərbdən Şərqə keçmişdi və
belə bir fikri boşa çıxarmışdı ki, Yeni
Dünyadan qərb tərəfə bir neçə
günlüyə üzdükdə gəmilər Şərqi
İndiyalara gəlib çıxacaqdır. Bunun əvəzinə Sakit okeandan keçid
üç aydan çox çəkdi.
Magellan
mürəkkəb xarakterə malik idi və ziddiyyətli adam idi. O, bir müəmma kimi qala bilərdi. Psixoloji cəhətdən o, özünə yer tapa
bilmirdi. Onun öz ağasına
loyallığı Allaha loyallıqdan sonra ikinci yerdə idi.
Portuqaliyalıların hamısı onu
“özününkü” hesab edir.
Bu olduqca görkəmli bir səyahət idi, böyük
coğrafi, iqtisadi və siyasi əhəmiyyət kəsb etdi. Belə səyahətlər
bütün dünyada siyasi, iqtisadi və mədəni həyatın
radikal şəkildə dəyişilməsinə aparan
prosesin başlanğıcı idi. XVI əsrin
əvvəlində Avropa macəraçıları Magellan
kimi kiçik donanmada Atlantik okeanın geniş həddlərinə
daxil olurdular. Onlar çətinliklə agah ola bilərdilər ki, yeni eranın
başlanğıcındadırlar. Özü də
bu yeni era təkcə Avropa üçün deyil, Asiyanın,
Afrikanın və Amerikanın xalqları üçün idi.
1500-cü və 1800-cü illərin
arasındakı dövrdə avropalıların hakimiyyəti
bütün dünyanı əhatə etdi. Amerikalarda avropalılar müstəmləkələr
yaratdılar və bu, onların qanunlarını, dillərini,
mədəniyyətlərini yaydı.
Cənubi-Şərqi Asiyanın ada regionlarında
avropalılar öz möhkəm idarəçiliyini qurdular. Asiyanın digər
hissələrində və Afrikada onların fəallığı
ticarət mallarından tutmuş qul ticarətinə qədər
təsnifləşirdi, daim yerli xalqların həyatlarını
dəyişdirirdi. Avropa
ekspansiyasının toxunduğu bütün regionlarda xalqlar
yeni xəstəliklərə sirayətlənməklə
yanaşı, dillərinin və adətlərinin dəyişilməsi
ilə və həmin ərazilərdə yeni qanunların bərqərar
olması ilə üzləşdilər.
Onu da qeyd
etmək lazımdır ki, Magellanın dünya ətrafına
səyahətindən sonra Yeni Dünyanın bölünməsi
barədə Papa bullası, onun əsasında yeni
torpaqların iki dövlətin təsir zonasına
bölünməsi və demarkasiya xətti öz əhəmiyyətini
itirdi. Bu müqavilə hər iki tərəfə
dar gəlirdi, onun ziddinə Portuqaliya Braziliyanı tutdu.
İlk dəfə 1504-cü ildə Ameriqo
Vespuççi belə bir fikir söyləmişdi ki,
Amerikadakı torpaqlar Asiyanın bir hissəsi olmayıb yeni
materikdir və o, Kolumbun fikrini təkzib etməklə
yanaşı, bu torpaqları “Yeni Dünya” adlandırdı. Alman
kartoqrafı Martin Valdzmyuller isə özünün tərtib
etdiyi dünya xəritəsində materiki Vespuççinin
şərəfinə “Amerika” adlandırdı. Vespuççinin ideyasını Ferdinand Magellan,
1519-1522-ci illərdə həyata keçirdiyi ilk Yer ətrafı
səyahətdə təsdiq etdi. Cənubi
Amerikanı və Odlu torpaq adalarını dolaşıb
keçən Magellan Sakit okeana aparan boğazı tapdı,
Sakit okeanın sularında Magellan Asiya sahillərinə etdiyi
uzun səfər boyu heç bir qasırğa ilə üzləşmədiyindən
okeanı belə adlandırmışdı. Buradan isə Asiya sahillərinə çatmaq
mümkün oldu. Yerin kürə şəklində
olması qərb yolu ilə də Asiya qitəsinə və
Molukka adalarına çatmağın mümkün olduğunu
sübut etdi.
Magellan bəşəriyyətə böyük xidmət
göstərmiş oldu, lakin o, bu qeyri-adi nailiyyətinin bəhrəsini
dada da bilmədi. Tarix isə onu unutmadı. Hötenin “Həqiqi ləyaqət heç vaxt öz
kölgəsi olan şöhrətə baxmaq üçün
geri boylanmır” sözləri onun taleyinin timsalında
açıqca öz təsdiqini tapır.
XIV Lui
Tardiora sunt remendia quammala (lat.) – Müalicə xəstəlikdən
ləng gedir.
Tatsit
Bir
boşboğaz cəsarətdən danışanda Sparta
çarı Kleomon onun sözlərinə istehza ilə
gülərək dedi: “Əgər cəsarət barədə
qaranquş söhbət açsaydı mən gülərdim,
ancaq bu barədə qartal danışsaydı, mən ona diqqətlə
qulaq asardım”.
Plutarx
XIV Luinin şöhrəti və nüfuzu ona Günəş
Kral adını qazandırmışdı. O, Fransanı ölkənin
parlaq dövrlərindən birində idarə etmiş və
klassik eranın mütləqiyyət monarxiyasının simvolu
kimi tarixdə qalmışdır. Ölümündən
sonra da o, bütün Avropanı əhatə edən
yaşayış üslubu və tərzi vasitəsilə
insanları ilhamlandıra bilmişdi. Ona
müstəsna qaydada vurulur və nifrət edirdilər. Onun tarixi böyük nailiyyətlərlə və
acı səhvlərlə doludur, bunlar isə əlbəttə
ki, qələbələrin sevinci kimi, həm də məğlubiyyətlərdən
əzab çəkməklə əlaqədar idi. Avropada ağalıq etdikdən sonra o, öz ölkəsini
zəifləmiş və dilənçi vəziyyətində
qoyub getdi, lakin onun hökmranlığı altında Fransa bir
neçə əyaləti aldı və əslində,
sivilizasiya modelinə çevrildi.
O, 1638-ci
ildə XIII Luinin və onun ispan mənşəli
kraliçası Anna Avstriyalının ailəsində
doğulmuşdu. 1643-cü ildə XIV Lui
atasının ölümündən sonra fransız
taxt-tacına çıxdı, bu vaxt onun 4 yaşı var idi.
Regent XIII Luinin dul arvadı, öz anası Anna Avstriyalı
olsa da, bu dövrdə Fransanın dövlət siyasətini
birinci nazir, kardinal Culio Mazarin müəyyən edirdi (bu italyan
keşiş öz vətənində Mazarini kimi
tanınırdı). Dörd yaş səkkiz
aylığında XIV Lui, krallığın qanunlarına
müvafiq olaraq 19 milyon adamın təkcə ağası
deyildi, həm də onların canının və mülkiyyətinin
sahibi idi. Onu “görünən ilahi” kimi
salamlamalarına baxmayaraq, o, əslində nökərlərin
qayğısına buraxılmış və laqeydlik hiss edən
bir uşaq idi. Heç kəs ona nəzarət etmədiyindən
bir dəfə az qala kiçik gölməçədə
batmışdı.
Bu laqeydliyə görə məzəmmətə layiq
olan Anna Avstriyalı isə oğlunu yalnız “Allaha
qarşı edilən cinayətlərdən” daim qorxuzmaqla
kifayətlənirdi.
Luinin doqquz yaşı olanda nifrət edilən kardinal
Culio Mazarin tərəfindən təqib edilən kübarlar və
Paris parlamenti (bu, qüdrətli qanun məhkəməsi idi)
1648-ci ildə taxt-taca qarşı mübarizəyə
qalxdılar. Bu, Fronda kimi tanınan uzun müddətli vətəndaş
müharibəsinin başlanğıcının nişanəsi
oldu. Bunlara görə Lui yoxsulluqdan, bədbəxtlikdən,
qorxudan, alçalmaqdan, soyuqdan və aclıqdan əziyyət
çəkdi. Fronda (hərfi mənada
“sapand” deməkdir) sadə parisliləri, Paris parlamentinin (məhkəmə
palatası) üzvlərini və imkanlı adamları əhatə
edirdi, onları isə kraliça-ana bir sıra imtiyazlardan məhrum
etmişdi.
XIII Lui 1643-cü ilin martında öldükdən sonra
Mazarin kraliça-ananın siyasətinə nəhəng
qaydada təsir göstərirdi. Daim artan xərclərin
öhdəsindən gəlmək üçün kəndlilərdən
yığılan vergini tez-tez artırmaq lazım gəlirdi.
Nazir kürsüsündə nifrət edilən
“yada” (Mazarin italyan idi) qarşı çox sayda üsyanlar
qalxırdı. Lakin Mazarinin böhranlı vəziyyəti
o vaxt baş verdi ki, Paris parlamenti
(qanunvericilik hakimiyyətinə malik deyildi) parlamentin vergi siyasətində
iştirakı ilə yanaşı, polisin və məhkəmələrin
islahatı barədə də tələblər irəli
sürdü. Kraliçanın parlamentin bəzi
liderlərinin həbs edilməsi barədə verdiyi göstərişə
cavab olaraq Parisdə üsyan (“Barrikadalar günü”)
qalxdı. Xalq həbs edilənlərin azad olunmasına
nail oldu, lakin bu yalnız müvəqqəti qələbə
idi. Hər halda Fronda Mazarini 1649-cu ildə
Fransanı tərk etməyə məcbur etmişdi, lakin o,
1653-cü ildə Köln sürgünündən geri
qayıtdı.
Bu hadisənin izi yeniyetmə kralın sonralar xarakterinə,
davranışına və düşüncə tərzinə
öz təsirini göstərməmiş qalmadı. O, heç vaxt nə Parisi,
nə kübarları, nə də ümumən həmin
adamları yaddan çıxarmadı.
Frondaçıların üsyanı fransız mütləqiyyəti
üçün ciddi sınaq olsa da, onu bərkitdi və
möhkəmləndirdi. 1653-cü ildə Mazarin qiyamçılar
üzərində qələbə çaldı və bu vaxt
Lui ilə birlikdə öz şagirdlərindən qeyri-adi
inzibati aparat düzəltməyə girişdi.
Gənc kral Mazarindən həmçinin incəsənətə,
eleqantlığa bağlılıq və özünü
nümayiş etdirmək xüsusiyyətlərini
götürmüşdü. Dövrünün
ağası kimi elan edilməsinə baxmayaraq, kardinalın
mütləq hakimiyyətinə qarşı etiraz etməyi
kral heç ağlına da gətirə bilməzdi.
Fransa ilə İspaniya arasında 1635-ci ildə
başlanan müharibə özünün son fazasına daxil
olmuşdu. Müharibənin nəticəsi Avropada hegemonluğu
Habsburqlardan Burbonlara keçirəcəkdi. Fransa kralı sərkərdə olmalı idi və
Lui döyüş səhnəsində şagird kimi xidmət
edirdi.
1658-ci ildə o, məhəbbətlə taxt-tac borcu
arasındakı böyük münaqişə ilə üzləşdi. Bu, həmin
dövrün hökmdarlarının əksəriyyəti
üçün oxşar bir hadisə idi. İki il ərzində o, Mazarinin qohumu olan Mariya
Mançini adlı qıza məhəbbəti naminə
özü ilə mübarizə aparırdı. Nəticədə o, siyasətin zərurətinə
tabe oldu və 1660-cı ildə Mariya Tereza Avstriyalıya evləndi.
Bu qız İspaniya kralı IV Filippin
qızı idi və nikah iki ölkə arasındakı
sülhün ratifikasiya edilməsinə xidmət etdi. Onların nikahı çox dəbdəbəli
qaydada bayram edildi. Fransız
monarxının Habsburq sülaləsindən olan ispan
infantası ilə nikah ittifaqı Pireney sülhünü
möhkəmləndirdi. Fransa ilə
İspaniya arasında 1659-cu ildə bağlanan bu sülh iki
dövlət arasında sərhədləri qəti şəkildə
müəyyənləşdirdi.
XIV Luinin uşaqlığı sona çatdı, lakin
heç kəs inanmırdı ki, o, hakimiyyət yüyənini
əlində saxlamağa qadirdir. Sonrakı dövrlər
göstərdi ki, onun ambitsiyaları daha böyükdür.
O, öz memuarlarında yazırdı: “Mən ürəyimdə
hər şeydən çox şöhrəti seçirəm,
hətta həyatın özündən də. Şöhrət
sevgisi ehtirası seçmək kimi bir şeydir...
bütövlükdə Yer üzərində ilahi
funksiyanı yerinə yetirdikdə, biz onu alçaldan
qarışıqlığın
bacarıqsızlığını üzə
çıxarmalıyıq”.
1661-ci ildə Mazarin öldü. Bir gün sonra,
martın 10-da saray dramatik bir zərbə ilə üzləşdi.
Kral təəccüblənən nazirlərinə
bildirdi ki, krallığın idarə edilməsinin
bütün məsuliyyətini öz üzərinə
götürmək niyyətindədir. IV
Henrinin hökmdarlığından sonra belə bir şey
olmamışdı. Bu o demək deyildir ki, XIV Luinin hərəkəti
ənənəyə uyğun gəlmirdi. İlahi
hüquqla icra edilən diktatorluq konsepsiyası isə onun
özünə məxsus idi. İnamına
görə Lui özünü Yer üzərində
Allahın təmsilçisi kimi görürdü və hesab
edirdi ki, bütün növ tabe olmamaq və qiyam günah sayılmalıdır.
Bu inamdan o, təkcə təhlükəli
günahsızlıq hissiyyatını qəbul etmədi, həm
də xeyli sakitlik və mülayimlik qazandı. Fronda başa çatdıqdan sonra fransızların
böyük əksəriyyəti belə bir qərara gəlmişdi
ki, Fransanın stabilliyi üçün ümid taxt-taca əsaslanır.
Həmin vaxt 23 yaşlı monarx əsl kral olmaq barədə
öz qətiyyətini belə ifadə etdi:
“Bu vaxta qədər mən öz işlərimin idarə
edilməsini mərhum kardinala etibar etməkdən
faydalanırdım. Bu vaxtdan isə onları özüm idarə
edəcəyəm. Siz (katiblər və
dövlət nazirləri) yalnız özüm xahiş etdikdə,
məsləhətçilərim kimi mənə kömək
edəcəksiniz. Mən tələb və əmr edirəm
ki, mənim göstərişim olmadan heç bir qayda sənədinə
möhür vurmayasınız... Mən əmr
edirəm ki, heç nəyə, hətta mənim göstərişim
olmadan pasporta da imza atmayın, hər gün heç kəsi
yox, şəxsən məni nəzərə alaraq hərəkət
edin”.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2013.-
12 yanvar.- S.18.