“İşimizdə heç bir siyasi kriteriya yoxdur...”  

 

Pərvinin həmsöhbəti Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının sədri Marat Kalandarovdur.

Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyası (BYPA) dünyanın ən böyük yaradıcılıq təşkilatlarından biridir. Assosiasiyanın mərkəzi Latviyanın paytaxtı Riqa şəhərində yerləşir. BYPA təxminən 50-dən çox ölkədən 1300 yazıçını birləşdirir. Vatslav Qavel (Çexiya), Umberto Eko (İtaliya) kimi dünyada tanınmış, nüfuzlu yazıçılar, Oskar mükafatçısı, ssenarist, rejissor Stiven Spilberq(ABŞ) bu təşkilatın üvləridir. Assosiasiya artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Sədri hələ sovet dövründə jurnalist, indi isə hərbi mövzularda 14-dən çox roman müəllifi kimi məşhur olan yazıçı Marat Kalandarovdur. Bundan əlavə Kalandarov “Nastoyaşeye vremya” jurnalının təsisçisi və baş redaktoru, “Biblioteka MAPP” kitab seriyasının baş redaktoru, Rusiya Yazıçılar Birliyinin idarə heyətinin üzvüdür.

Bu günlərdə “Sabit inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” Beynəlxalq konfransında iştirak üçün Bakıya gəlmiş Marat Kalandarovla söhbətimizi oxuculara təqdim edirəm.

Pərvin: Dünyada kifayət qədər nüfuzu olan böyük bir təşkilata rəhbərlik edirsiniz. Amma təəssüf ki, Azərbaycanda Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyası az tanınır. Ona görə istərdim, bir az əvvəldən başlayıb, təşkilatın yaranma tarixçəsi barədə məlumat verəsiniz.

Marat Kalandarov: Səbəb çox sadədir. Bəlkə də əslində mürəkkəbdir. Biz yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışdıq. Belə ki, bildiyiniz kimi Sovetlər Birliyi dağılanda bir çox rusdilli yazıçılar dünyanın müxtəlif ölkələrinə köçüb orada yaşamağa başladılar. Maddi imkanları geniş olanlar əsərlərini çap etdirir, yollarına davam edirdilər. İmkansızlar isə yazılarını çap edə, yaya bilmirdirlər. Siz təsəvvür edə bilməzsiniz ki, bu necə böyük faciədir?! Yazıçı hər il çap olunur, qonorar alır və bununla yaşayır, amma birdən-birə həmin imkan onun əlindən alınır.

...Sovet dövründən sonra Avropada müxbir işləyəndə ofisim Praqada yerləşirdi və tez-tez bu cür adamlarla tanış olurdum, bəziləri haqqında dostlardan eşidirdim. O ərəfələrdə belarus yazıçısı Vasili Bıkov Praqada yaşayırdı, o da mənim kimi müharibə mövzusuna meyl etdiyindən tez-tez müzakirələrimiz olurdu. Eyni zamanda uzun illər qərbdə yaşayan və dediyim emiqrant yazıçı talelərini müşahidə edən məşhur yazar Vladimir Maksimovla da bu mövzuda söhbətlər edirdik. Nəhayət bir gün qərar verdik ki, bu cür yazıçılara kömək etmək üçün bir yol tapaq... Və tapdıq!

Pərvin: Amma bu proses də uzun çəkdi. 2002-ci ildə yarada bildiniz BYPA-nı...

Marat Kalandarov: Doğrudur. O dövrdə heç bir Avropa ölkəsində belə  təşkilat yox idi. Biz işə təmiz, səhifədən başladıq və bu da şübhəsiz ki, vaxt aldı. Sonralar mənim dostlarım Vasili Bıkov və Vladimir Maksimov dünyalarını dəyişdilər və ağır, məsuliyyətli işi mən özüm tək davam etdirməli oldum.

Pərvin: Təşkilatın yaranma tarixçəsindən danışanda əsas məqsədiniz də aydın oldu. Amma buna nə qədər nail ola bilirsiniz?

Marat Kalandarov: 10 il o qədər də böyük vaxt deyil. Amma xeyli nailiyyətlərimiz olub. Hər il proza və poeziya almanaxları çap olunur və dünyanın bir çox ölkələrində yayılır. Eyni zamanda BYPA-nın “Nastoyaşeye vremya” jurnalını da xüsusi vurğulamaq istərdim. İndiyə kimi bu jurnalın artıq 43 nömrəsi çapdan çıxıb. Bu nömrələrdə 53 ölkədən yüzlərlə müəllifin mindən çox əsəri işıq üzü görüb. Bütün bu işləri aylıq “Pisatel i mir” qəzetimiz çox gözəl tamamlayır.

Pərvin: Almanaxlarınıza nəzər saldıqda Braziliya, hətta Avstraliyada da yayıldığınızı və burada yaşayan müəlliflərin rusca əsərlərini gördüm. Əsərləri necə seçirsiniz? Ümumiyyətlə bu böyük sistemi, strukturu nə cür qurmusunuz?

Marat Kalandarov: Əvvəla onu deyim ki, bizim işimizdə heç bir siyasi kriteriya yoxdur. Hesab edirik ki, hər bir yaradıcı adama siyasi baxışından asılı olmayaraq öz düşüncəsini  ortaya qoymağa meydan vermək lazımdır. Nəyin düzgün, nəyin səhv olduğunu isə oxucu özü müəyyənləşdirir. O ki, qaldı əsərlərin toplanmasına, bizə göndərilməsinə, bu böyük bir şəbəkədir. Qırxdan çox ölkədə nümayəndəliklərimiz var, koordinatorlarımız işləyirlər. Özü də koordinatorlarımız bu ölkələrdə kifayət qədər nüfuz sahibi olan adamlardır. Məsələn, Gürcüstanda koordinatorumuz mədəniyyət naziri Quram Odişariyadır. Başqa ölkələrdə də ciddi və ədəbiyyatı bilən, dəyərləndirən adamlarla işləməyə çalışırıq. Müxtəlif ölkələrdən 240-a qədər qəzetin redaktoru təşkilatımızın üzvüdür. Materialların toplanmasında qarşılıqlı əməkdaşlıq edirik. Əsərlərin seçilməsində də koordinatorlarımızın zövqünə arxalanırıq, amma eyni zamanda özüm almanaxlara redaktorluq edirəm və yalnız ciddi ədəbiyyatı, səviyyəli əsərləri çap edirik.

Pərvin: Nədənsə, sizinlə söhbət edəndə məndə belə fikir yaranır ki, bütün bu işlərinizin, nailiyyətlərinizin kökündə rus dilinə sevgi dayanır...

Marat Kalandarov: (gülür) Haqlısınız. Mənə tez-tez sual verirlər: “Yoldaş, Kalandarov siz milliyyətcə özbəksiniz, Latviya vətəndaşısınız, bəs niyə yapışmısınız bu rus dilindən?!” Mən cavab verirəm ki, rus dili mənim iş alətimdir. Mən rus yazıçısıyam. Bəli mən Latviyada yaşayıram və latış dilini gözəl bilirəm, milliyyətcə özbəyəm və öz dilimdə də danışıram... Amma yazmağa, düşünməyə gələndə rus dili önə keçir.

Pərvin: Yəqin ki, eyni vaxtda müxtəlif ölkələrlə işləmək sizə ümumi mənzərəni görməyə imkan yaradır. Çağdaş dünyada ədəbiyyata münasibəti necə dəyərləndirərdiniz?

Marat Kalandarov: Şükür ki, oxucu ciddi ədəbiyyata qayıdır. Yüngül, bayağı, ucuz ədəbiyyata meyl xeyli azalıb dünyada. Hətta mən bəzən oxucularımızla söhbət edirəm. Müasir zamanda insanlar ciddi, səviyyəli ədəbiyyata görə yaxşı pullar da xərcləməyə hazırdılar. “Trali-vali-festivali” səviyyəsində əsərlər yorub oxucunu. Amma bu, sadə bir proses deyil. Bir neçə ay öncə Parisdə çox böyük kitab mağazalarından birində mənzərəni müşahidə edirdim. Yüngül, bulvar ədəbiyyatı adlandırdığımız kitablar rəflərdə tozlanır. Böyük və inkişaf etmiş ölkələrdə bu proses tez keçdi, kiçik dövlətlərdə isə görünür bir az uzun zaman lazım olur. Post Sovet ölkələrinin hamısında indi ədəbiyyat öz çətin zamanını yaşayır. Rusiyanın özündə Yazıçılar Birliyi demək olar ki, dövlətdən heç bir yardım görmür. Moskvada olanda mütləq gedirəm Birliyə və binaya daxil olanda elə bil bütün divarlar üstümə gəlir. Sovet dövrünün təmiri, daha doğrusu təmirsizliyi, işçilər aylarla maaş almır, qonorardan söhbət gedə bilməz... Hamısı da ona görədir ki, hökumət ədəbiyyata pul ayırmır.

Pərvin: Siz dövlətin yaradıcılıq təşkilatlarına maddi dəstək göstərməsinin tərəfdarısınız?

Marat Kalandarov: Əlbəttə! Ən azı ona görə ki, Sovet vaxtı bu təşkilatlar hökumətin ayırdığı vəsait hesabına fəaliyyət göstəriblər. İndi belə demək olarsa bu birliklər ən azı “bazara” çıxana, pul qazanana qədər onlara dəstək mütləq olmalıdır.

Pərvin: Azərbaycanda dövlət Yazıçılar Birliyinə vəsait ayırır. Amma sizin düşündüyünüzün əksini də düşünənlərimiz var...

Marat Kalandarov: (gülür) Bu cür fikirləşənlər hər yerdə var. Deyirlər ki, bu yolla hökumət yaradıcı adamı öz təsiri altında saxlayır. Siyasi məsələlərdən uzaq olmağa çalışıram. Lakin doğrusu, inanmıram ki, yaradıcılıq təşkilatına maddi yardım etməklə yazıçını, şairi təsir altına salmaq mümkün olsun.

Pərvin: Poeziya və proza almanaxlarınızda azərbaycanlı yazıçı, şairlərində rus dilinə tərcümə olunmuş əsərləri çap olunub. Azərbaycan ədəbi mühiti ilə əlaqələri necə qururdunuz indiyə kimi? Bildiyimə görə ilk dəfədir Bakıya gəlirsiniz...

Marat Kalandarov: Bəli ilk dəfədir. Azərbaycan ədəbiyyatına sizin Yazıçılar Birliyinin Rusiyadakı filialı vasitəsi ilə çıxa bildik. Daha doğrusu əsərləri onların vasitəsi ilə əldə etdik. Amma doğrusu bir az uzun çəkdi. Çünki onlar da yalnız Rusiyada yaşayan azərbaycanlı şair, yazıçıların əsərlərini bizə göndərə bilirdilər. Amma sonralar onların vasitəsi ilə Elçin Hüseynbəyli, Rəşad Məcidin də ruscaya tərcümə olunmuş hekayələrini əldə etdik, almanaxda çap olundu.

Pərvin: Bayaq dediniz ki, almanaxlarla bağlı emeylinizə dünyanın müxtəlif yerlərindən məktublar gəlir. Azərbaycanlı müəlliflərə aid rəylər maraqlıdır...

Marat Kalandarov: Bir neçə ay öncə Monrealda bizim “Planeta poetov-5” poeziya almanaxımız işıq üzü görüb. Həmin Almanaxda azərbaycanlı Nəsib Nəbioğlunun ruscaya tərcümə olunmuş şeirləri çap olunmuşdu. Təqdimatdan sonra bir nəfər mənə yaxınlaşıb dedi ki, azəridir, 40 ildir orada yaşayır və bu illər ərzində ilk dəfədir, müasir Azərbaycan şairindən şeir oxuyur. Bundan çox təsirlənmişdim. Növbəti proza və poeziya almanaxlarımızda Azərbaycan şair və yazıçılarına daha çox yer ayıracağıq.

Pərvin: Təşəkkür edirik, Marat Axmetoviç. Son olaraq gələcək planlarınız barədə məlumat verməyinizi istərdim...

Marat Kalandarov: Mənim dostlarımın belə bir zarafatı var: “Kalandarov varsa, BYPA var. Olmasa, olmayacaq...” İndi mənim arzum BYPA-nı qoruyub saxlayacaq, inkişaf etdirəcək adamlar yetişdirməkdir. Bu istiqamətdə çalışıram. Eyni zamanda müxtəlif konfranslar, şeir, nəsr axşamları keçirmək də planlaşdırırıq. Yeri gəlmişkən Azərbaycandan da müxtəlif şair, yazıçıların yaradıcılıq günlərinin müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulur.

 

 

525-ci qəzet.- 2013.- 12 yanvar.- S.16.