Uşaqların ailələrə verilməsi və alternativ qayğı: görülən işlər və yeni layihələr

 

 “Azərbaycan dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” 2006-cı ildə prezidentin müvafiq sərəncamı ilə təsdiq edilib. Proqram De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib. Proqramın əsas məqsədi BMT-nin “Uşaq hüquqlarına dair” konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxt, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsini təmin etməkdən ibarətdir.

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” isə uşaqların müdafiəsi sahəsində həyata keçirilən ən vacib dövlət proqramlarından biridir: “Bildiyiniz kimi, Təhsil Nazirliyi Dövlət Proqramının həyata keçirilməsində aparıcı qurumdur. Nazirlik Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz işini Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq çərçivəsində qurub. Bununla yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları Dövlət Proqramının icra olunmasında Azərbaycan hökumətinə dəstək verirlər. Onu da xüsusi vurğulamaq istərdim ki, hələ proqram qəbul edilməmişdən əvvəl Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanan “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı”na əsasən son 5 ildə ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat məktəbi və uşaq evi yenidən qurulmuş, əsaslı təmir edilib, ən müasir avadanlıqlarla təchiz olunub. Bu müəssisələrdə ailədən məhrum uşaqlar üçün ev şəraitinə yaxın mühit yaradılıb. Bununla yanaşı, Mehriban Əliyevanın həmişə qeyd etdiyi kimi, heç bir internat məktəbi, uşaq evi ən müasir tələblərə cavab versə belə, heç vaxt ailə mühitini və ailə tərbiyəsini əvəz edə bilməz. Ailədə böyümək hər bir uşağın hüququdur, ailə isə uşağın sağlam, hərtərəfli inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir”. Nazirin sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi, alternativ qayğının təşkili mexanizmlərinin yaradılmasının təmin edilməsi ilə yanaşı, cəmiyyətdə elə bir mühit yaratmaqdır ki, uşaqlar yaşadıqları ərazidə alternativ qayğı ilə əhatə olunaraq dövlət uşaq müəssisələrinə düşməsinlər. Bu məqsədə çatmaq üçün Dövlət Proqramında bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub: “Dövlət uşaq müəssisələrində uşaqların vəziyyətinin araşdırılması və mütəmadi olaraq monitorinqin keçirilməsi və məlumat bazasının yaradılması həlli vacib vəzifələrdən biri idi. Bu məqsədlə, 2008-ci ildə Dövlət Proqramının idarə olunması üzrə İşçi qrupu və UNİCEF-in ekspertləri tərəfindən səkkiz adda sorğu anketi tərtib edildi. Dövlət uşaq müəssisələrində aparılan qiymətləndirmənin ilkin məqsədi müəssisə, onun infrastrukturu, xərcləri, orada yaşayan uşaqlar, müəssisələrdə uşaqlara göstərilən xidmətin keyfiyyəti və işçi heyəti barədə hərtərəfli məlumatların toplanması və məlumat bazasının yaradılması idi. Qiymətləndirmə 55 müəssisənin hər birinə səfər edilərək həyata keçirildi. Qiymətləndirmə aparılan dövlət uşaq müəssisələri Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində fəaliyyət göstərən körpələr və uşaq evləri, internat tipli müəssisələr idi. Toplanan məlumatlar xüsusi kompyuter proqramına işləndi və Təhsil Nazirliyində hər üç aydan bir yenilənən məlumat bazası yaradıldı. Baza hər bir uşaq barədə, həmçinin hər bir müəssisənin texniki göstəriciləri, illik xərcləri barədə və müəllim-tərbiyəçi kontingenti üzrə məlumatın alınmasına imkan yaradır. Məlumatların təhlili nəticəsində Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları və UNİCEF-in ekspertlərinin iştirakı ilə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plan hazırlandı və 2009-cu ilin aprel ayında hökumət tərəfindən təsdiq edilərək icra üçün müvafiq nazirliklərə göndərildi. Baş plana əsasən, uşaqların daimi olaraq yaşamadığı müəssisələrin qısa müddət ərzində ümumtəhsil məktəblərinə transformasiya olunması planlaşdırılırdı. Dövlət Proqramının icrası istiqamətində, ümumtəhsil internat məktəblərinin bazasında məktəb, lisey və gimnaziyaların yaradılması məqsədilə 9 ümumtəhsil internat məktəbi ümumtəhsil məktəblərinə çevrilmiş və dövlət uşaq müəssisələrinin sayı 48-dən 39-a enib. Qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi idi. Qeyd olunan vəzifələrin həllinin kompleks şəkildə yerinə yetirilməsinin zəruriliyini, uşaqların müdafiəsi ilə bağlı qurumlararası koordinasiyanın effektiv şəkildə təmin edilməsinin vacibliyini nəzərə alaraq, Nazirlər Kabinetinin qərarına əsasən Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında nazirliyin nəzdində De-institusionallaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradıldı. Hesab edirəm ki, Azərbaycan Hökumətinin bu qərarı ölkədə uşaqların müdafiəsi sahəsində atılan daha bir uğurlu addım kimi qiymətləndirilməlidir. Bu qurum yarandıqdan sonra Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı iri həcmli layihələrin icrasına başlanmışdır ki, bunlardan biri də Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF tərəfindən birgə həyata keçirilən “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsidir. Layihənin həyata keçirilməsi üçün qeyd olunan təşkilatlar imzalanan birgə əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” prezidentin sərəncamı ilə təsdiq edilib. Layihənin məqsədi uşaqların bioloji və ya alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün yerli səviyyədə uşaqların müdafiəsinin təmin edilməsidir”.

 M.Mərdanov bildirib ki, layihənin icrası istiqamətində qarşıda duran ilkin fəaliyyət pilot seçilmiş Xəzər və Suraxanı rayonlarında uşaqların müdafiəsi ilə bağlı vəziyyətin araşdırılması, rayonun sosial xəritəsinin hazırlanması idi. Bu məqsədlə Xəzər və Suraxanı rayonlarında 2009-cu ilin iyun-avqust aylarında sorğular keçirilib. Eyni zamanda, hər iki rayonun ərazisində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə aparılmış sorğuların nəticələrinə əsasən, uşaqların müdafiəsi sahəsində qurumlararası əməkdaşlıq əlaqələri müəyyənləşdirilib. Sorğular zamanı hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, əlilliyi olub müavinət alan, çətin tərbiyə olunan, məktəbdən yayınan uşaqların siyahısı, eləcə də ünvanlı sosial yardım alan və himayəsində azyaşlı uşaqlar olan ailələrin, ailə başçısını itirmiş və himayəsində azyaşlı uşaqlar olan ailələrin, bu ailədəki uşaqların, risk qrupuna daxil olan, bir və ya hər iki valideynində əlillik olan ailələrin sayı barədə məlumatlar toplanıb. Bu məlumatlar xüsusi kompyuter proqramına yığılmış və təhlil olunub: “Məlumatların təhlili nəticəsində mövcud vəziyyət barədə ətraflı məlumat əldə olunaraq, rayonların sosial xəritəsi hazırlanıb. Layihənin icrası ilə bağlı pilot rayonlarda yerləşən 2 nömrəli Uşaq evində və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbində təlim-tərbiyə alan 309 nəfər uşağın bioloji ailələrinə verilməsi və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə zamanı pilot rayonlarda layihənin icrası ilə bağlı işə cəlb olunan sosial işçilər dövlət uşaq müəssisələrinin təhkim olunduqları poliklinikaların həkimləri ilə birgə uşaqların sağlamlıq vəziyyəti və psixo-sosial qiymətləndirilməsini də aparıblar. Rayonlara səfərlər edilərək Rayon İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələsinə baxılır. İclaslar uşağın bioloji valideynin və ya onu əvəz edən şəxsin, həmçinin yaxın qohumlarının iştirakı ilə keçirilir: “İclasda uşağın ailəyə qaytarılması ilə bağlı maneələr araşdırılır və mümkün hallarda ailələrə dəstək tədbirləri həyata keçirilir. Həmin iclaslarda komissiyanın üzvü olan digər yerli icra strukturlarının məsul nümayəndələri də iştirak edərək problemin həllinə öz səlahiyyətləri dairəsində müvafiq köməklik göstərirlər. Aparılan məqsədyönlü işlərin nəticəsində cari ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 105 nəfər uşaq Rayon və Şəhər İcra Hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Həmin uşaqların vəziyyətinin mütəmadi monitorinqi və Təhsil Nazirliyinə məlumatın verilməsi ilə bağlı Rayon İcra Hakimiyyətlərinə məktub ünvanlanıb. Yuxarıda qeyd edilənlərlə yanaşı uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması vəzifəsinin icrası ilə bağlı alternativ xidmətlərin yaradılması işinə başlanılıb: “Proqramın icrasından danışarkən, təəssüf ki, bəziləri daha çox onun adının birinci hissəsinə istinad edirlər. Yəni, Proqramın müvəffəqiyyət göstəricisi olaraq, ailələrə verilən uşaqların sayı onları daha şox maraqlandırır. Alternativ qayğının təşkilinin vacibliyi isə unudulur. Bu cür düşünənlər unudurlar ki, alternativ qayğı sistemini yaratmadan, uşaqların ailələrə verilməsi həmin ailələrin yenidən öz problemləri ilə üz-üzə qalmasına gətirib çıxara bilər. Bununla əlaqədar qeyd etmək istərdim ki, hazırda ölkədə uşaqlara qayğı sahəsində paralel olaraq iki istiqamətdə iş aparılır. Bunlardan biri dövlət uşaq müəssisələri sistemidir ki, həyata keçirilən tədbirlərin nəticəsində onların tədricən sıradan çıxması gözlənilir. Digəri isə, yeni yaranmaqda olan alternativ qayğı və alternativ xidmətlər istiqamətidir. Düşünürəm ki, dövlət uşaq müəssisələri hökumət tərəfindən təsdiq olunmuş transformasiya üzrə Baş plana əsasən tədricən alternativ qayğı xidmətlərinə çevriləcəkdir. Alternativ qayğı xidmətlərinin bütün ölkə ərazisində mövcud olacağı halda dövlət uşaq müəssisələrinə düşən uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalacaq. Proqram çərçivəsində alternativ xidmətlərin təşkilinə yönəlmiş tədbirlər həyata keçirilib. Dövlət Proqramının Tədbirlər Planına və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plana əsasən, 4 günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzi yaradılıb. Mərkəzlərin binaları Təhsil Nazirliyi tərəfindən yenidən qurulmuş və ya əsaslı təmir edilmişdir. Eyni zamanda, mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlar və uşaqların daşınması üçün mini avtobuslar verilib”.

Nazir vurğulayıb ki, “Uşaqların Xilası” təşkilatı tərəfindən yaradılan “Mingəçevir uşaq və ailələrə dəstək mərkəzi” Nazirlər Kabinetinin sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyinə verilib. Mərkəz sağlamlıq imkanları məhdud uşaqlara günərzi və reabilitasiya xidmətlərini göstərməklə yanaşı, müəssisəyə düşmək riski qarşısında olan uşaqlar və onların ailələri ilə profilaktik iş aparır. Onlara psixoloji dəstək, valideyn bacarıqlarının artırılması və hüquqi müvəkkillik kimi xidmətlər göstərirlər. Bu mərkəzin göstərdiyi xidmətlərin nəticəsidir ki, Mingəçevirdən 1 il ərzində yalnız 1 uşaq çətin tərbiyə olunan uşaqlar üçün müəssisəyə yerləşdirilib. Mingəçevir şəhərindən olan, lakin Bakı şəhərində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan iki nəfər uşaq Mərkəzin sosial işçilərinin köməkliyi ilə Mingəçevir şəhərində yaşayan ailələrinin himayəsinə qaytarılıb. Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Bilgəh qəsəbəsində əqli və fiziki əlilliyi olan uşaqlar üçün yaradılmış reabilitasiya mərkəzi Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu isə əlilliyi olan uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması istiqamətində fond tərəfindən göstərilən dəstəkdir. Ötən müddət ərzində mərkəzlərin yaradılması ilə 298 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb”.

Təhsil nazirinin dediyinə görə, Uşaq Müdafiəsi Sisteminin tərkib hissələrindən biri də Uşaq Qaynar Xətt xidmətidir. Uşaq Qaynar Xətt xidməti 2010-cu ilin 18 fevral tarixindən De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin ümumi rəhbərliyi altında fəaliyyətə başlamışdır. Bu xidmət uşaqlara psixoloji yardım üçün yaradılmış və bura daxil olan zənglər pulsuzdur. Uşaq Qaynar Xəttinə uşaqlar ehtiyacları olduğu zaman müraciət edərək, onları narahat edən mövzu haqqında danışa bilərlər. Uşaq Qaynar Xəttinə edilən zənglərin anonimliyi qorunur. “Uşaq Qaynar Xətt” xidmətində çalışan üç nəfər psixoloq, sosial işçi və bir nəfər komanda rəhbəri uşağa ilkin psixoloji yardım göstərir. Hüquq sahəsinə aid müraciətlərlə bağlı Uşaq Qaynar Xətt xidmətinin hüquqşünası tərəfindən müvafiq məsləhətlər verilir. Lakin zərurət yarandıqda həmin müraciətlər De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə və ya Uşaq Hüquqları Klinikasına yönəldilir.

Təhsil nazirinin sözlərinə əsasən, Dövlət Proqramının icrası istiqamətində yaradılması nəzərdə tutulan alternativ qayğı xidmətlərinə himayədar (foster) ailə və kiçik qrup evləri də daxildir. Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində bu xidmətlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihə Avropa Komissiyası və Avstriyanın “Hilfsverk Beynəlxalq” təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Xəzər rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan, himayədar ailələrə veriləcək 50 nəfər uşaq və 50 himayədar ailə seçiləcək. Hal-hazırda müəssisələrdə yaşayan uşaqların qiymətləndirilməsi zamanı himayəyə veriləcək uşaqların təxmini siyahısı müəyyənləşdirilib. Layihə çərçivəsində Təhsil Nazirliyi tərəfindən daim müəssisədə yaşayan 10 uşağın yaşayacağı ailə əsaslı kiçik qrup evinin binası tikilib. Bina ilin sonunadək istifadəyə veriləcək. Evin saxlanma xərcləri layihəyə ayrılmış vəsait hesabına həyata keçiriləcək: “Dövlət Proqramının Tədbirlər Planına əsasən qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrində çalışan işçi heyətinin peşə yönümünü dəyişməklə onların sosial işçi kimi hazırlanması, onlara müvafiq təlimlərin keçirilməsidir. Bu məqsədlə, 2010-2011-ci tədris ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə 9 aylıq kurs təşkil edilib. Dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışanlar içərisindən 16 nəfər seçilərək kursa cəlb olunub. Kursun 2010-2011-ci il tədris ili üçün maliyyə xərcləri Əqli Sağlamlıq Təşəbbüsü Təşkilatı tərəfindən ödənilib. 2011-2012-ci tədris ilində də 16 nəfər kursa qəbul olunub. Artıq bu ildən onların təhsil haqları əsas iş yerlərindən ödəniləcək. Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin təşəbbüsü ilə 2007-ci ildə Bakı Dövlət Universitetində “Sosial iş” ixtisası üzrə bakalavr səviyyəsində mütəxəssis hazırlığına başlanılıb. “Sosial iş” ixtisası üzrə təhsil alanlar içərisindən 4-cü kurs tələbələri 2011-2012-ci tədris ilində ilk məzunlar olaraq ali təhsillərini başa vuracaqlar. Dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi, hüquqlarının qorunması, sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qəbul edilməsi, uşaqlar verilən himayədar (foster) ailələrə maliyyə dəstəyinin göstərilməsi, bu uşaqlara ayrılmış müavinətin xərclənməsinin monitorinqi mexanizmlərinin hazırlanması, uşaqlar üçün alternativ xidmətlər sisteminin fəaliyyətini tənzimləyən müvafiq normativ-hüquqi aktların və qaydaların hazırlanması və təsdiq edilməsi de-institutlaşma prosesin həyata keçirilməsi sahəsində həlli vacib vəzifələrdəndir. Bildiyiniz kimi, de-institutlaşma ölkədə uşaqların müdafiəsi sahəsində həyata keçirilən yeni bir islahatdır. Bu səbəbdən də qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi və yeni normativ-hüquqi bazanın yaradılması zəruridir.

M.Mərdanov bildirib ki, Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu il ölkə üzrə 589 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Cari il nazirliyin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 uşaq övladlığa verilib. Son 3 il ərzində isə övladlığa verilən uşaqların sayı 34 nəfər olub. Bu il valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat evlərində və uşaq müəssisələrində yaşayan 123 uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamları ilə bu müəssisələrdən öz bioloji ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb: “Bu il nazirliyə edilən müraciətlərə əsasən, psixoloji konsultasiya və ailələrə müvafiq dəstək xidmətləri nəticəsində 27 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb. 36 uşağa ünvanlı sosial yardım və müavinətlərin təyin edilməsinə kömək göstərilib. Böhran vəziyyətində olan və uşaqlarını dövlət müəssisələrinə yerləşdirmək üçün yerli icra orqanlarına müraciət etmiş və müsbət sərəncam almış 23 uşağın ailəsinə müxtəlif xidmətlər göstərməklə onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi ilə bağlı sərəncamlar ləğv edilib. Təhsil Nazirliyi tərəfindən aparılan tədbirlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalır. 2006-cı ildə belə uşaqların sayı 21 min nəfər olduğu halda, 2012-ci ildə bu say 8336 nəfərə qədər azalıb. Dövlət uşaq müəssisələrində gecələyən uşaqların da getdikcə sayı azalır. Dövlət uşaq müəssisələrində gecələyən uşaqların 2008-ci ildə 4055, 2009-cu ildə 3945, 2010-cu ildə 3860, 2011-ci ildə 3750, 2012-ci ildə 3671 nəfərə qədər azalıb”.

Nazirin dediyinə görə, Təhsil Nazirliyi tərəfindən Azərbaycanda dövlət uşaq müəssisələrindən olan uşaqların ailələrə verilməsi ilə bağlı həm qanunvericilikdə, həm də dövlət proqramlarında bir sıra dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. Nazir bildirib ki, UNİCEF-in dəstəyi ilə Milli Məclisdə inklüziv təlimlə bağlı hazırlanan yeni qanun layihəsi yaxın zamanlarda müzakirə olunacaq. Nazirin sözlərinə görə, hökumətə kiçik qrup ailələrlə bağlı əsasnamələrin təsdiq edilməsi və digər məsələlərlə bağlı təkliflər təqdim edilib: “Müəyyən məsələlər isə pilot layihə olaraq il ərzində həyata keçirilib. Artıq bu layihələrin vaxtı bitdiyindən beynəlxalq təşkilatların bizə dəstək vermə müddəti bitib. Hazırda Azərbaycanda dövlət uşaq müəssisələrindən olan uşaqların ailələrə verilməsi ilə bağlı işlərdə dünyada gedən proseslər izlənilir. Əgər Təhsil Nazirliyinin həm Milli Məclis, həm də hökumətə təqdim etdiyi bu təkliflər qısa zamanda nəzərə alınsa, gələn il uşaqların ailələrə verilməsi istiqamətində uğurlarımız daha çox olacaq. Düşünürəm ki, ilin sonuna qədər bu qanun qəbul olunar və yeni ildən bu məsələni daha geniş şəkildə müzakirə edə bilərik”.

Təhsil nazirinin sözlərinə əsasən, Azərbaycanda dövlət uşaq müəssisələrində daimi yaşayan uşaqların 18 yaşından sonrakı taleyi ilə bağlı məsələ hər kəsi düşündürən əsas məsələlərdən biridir. 18 yaşdan sonra həmin uşaqlar Təhsil Nazirliyinin tabeliyindən çıxır, onların sonrakı taleyi digər qurumların öhdəliyinə keçir. M. Mərdanov qeyd edib ki, müəyyən hallarda özlərinə yer tapa bilməyən həmin uşaqlar yenidən uşaq evinə geri qayıtmağa məcbur olurlar: “Təhsil Nazirliyi həmin uşaqların 18 yaşdan sonrakı taleyi ilə və onların işlə təmin olunması ilə bağlı Prezident Administrasiyası və Nazirlər Kabinetinə təklif göndərib. Həmçinin, bu uşaqların ali məktəblərə qəbul olduqdan sonra təhsil haqqından azad olunması ilə bağlı da Prezident Administrasiyası və Nazirlər Kabinetinə müraciət edilib”. M. Mərdanov qeyd edib ki, ümumilikdə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 715 nəfər uşaq bu müəssisələrdən məzun olub. Onların 101-i peşə liseyinə, 1-i Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Onlardan 14 nəfər işlə təmin olunub, 359-u ümumtəhsil məktəblərinə yenidən geri qayıdıb. Bunlar da 9-cu sinifdən sonra qəbul imtahanlarından kəsilən uşaqlardır: “Hökumətin növbəti dövlət proqramı çərçivəsində Qusar internat məktəbi ləğv olunub, onun əvəzində Qusar peşə məktəbi yaradılıb. Ümumilikdə isə 2008-ci ildə 55 uşaq müəssisəsi fəaliyyət göstərib ki, bunun da 13-ün bağlanması nəticəsində cari ildə 42 uşaq müəssisəsi fəaliyyət göstərir. Himayədar ailəyə, uşağa göstərdiyi xidmətə görə 120 manat, uşağın xüsusi qayğı ilə əhatə olunmasına görə 50 manat verilir. Yaradılmaqda olan himayədar ailələr haqqında standartlar hazırda Nazirlər Kabinetinə verilib. Yeni yaradılan xidmətlər dövlət büdcəsindən maliyyələşəcək”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2013.- 12 yanvar.- S.14-15.