“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Macarıstanın Azərbaycandakı
səfiri Jolt Çutoranın
APA-ya müsahibəsi
- Azərbaycan və Macarıstan arasında münasibətlərin səviyyəsini
necə qiymətləndirirsiniz?
- Mənim üçün böyük şərəfdir
ki, Azərbaycan mətbuatı Macarıstanla
maraqlanır. Ölkələrimiz arasında çox yaxşı əlaqələr,
strateji tərəfdaşlıq
mövcuddur. Aramızda mübahisə,
fikir ayrılığı
yoxdur, siyasi, iqtisadi, mədəni, idman əlaqələrimiz
yüksək səviyyədədir.
Bu, bizim üçün
çox yaxşıdır,
çünki biz, səfirlik
olaraq, bunun üçün çalışırıq.
Düşünürəm ki, xalqlarımız
arasında qarşılıqlı
simpatiya var və daha çox
azərbaycanlı artıq
Macarıstanı ziyarət
edir.
- Keçən il
Macarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyi
qeyd olunub. Siz bu əməkdaşlığın
20 illik dövrünü
necə xarakterizə edərdiniz? Bu müddət ərzində
nə qədər saziş imzalanıb və bu yaxınlarda
yeni sənədlərin
imzalanması gözlənilirmi?
- Əgər keçmişə
nəzər salsaq, o zaman deyə bilərəm ki, Macarıstan Azərbaycanın
müstəqilliyini tanıyan
və ölkənizlə
diplomatik əlaqələr
quran ilk dövlətlərdən
biri olub. Təbii ki,
başqa bir ölkədə səfirliyin
açılması təkcə
siyasi məsələ
deyil, çox şey maliyyədən də asılıdır.
Biz Bakıda səfirliyimizi
2009-cu ilin yanvarında
açmışıq. Azərbaycan öz səfirliyini Macarıstanda
bizdən bir az tez açıb. Bilirsiniz, burada səfirlik
açılması mənim
arzum idi. Bundan əvvəl mən Macarıstanın Moskvadakı
səfirliyində Qafqaz
üzrə referent vəzifəsində
işləyirdim və
mənim təşəbbüsüm
ondan ibarət idi ki, əvvəlcə
fəxri konsul vəzifəsini təsis edək. Bu məqsədə
biz 2004-cü ildə çatdıq.
Ardınca mən bugünkü
səviyyədə olan
nümayəndəlik açılması
üçün təşəbbüs
irəli sürdüm
və biz onu 2008-ci ildə həyata keçirməyə nail olduq,
2009-cu ildə isə burada səfirlik açdıq. İki ölkənin
səfirlikləri arasında
çox sıx əlaqələr var. Moskvada
Qafqaz üzrə
referent işləyərkən mən Bakıda o vaxt xarici işlər
naziri vəzifəsində
çalışan Vilayət
Quliyevlə görüşmüşdüm.
Keçmiş XİN rəhbərinin Macarıstana səfir təyin edilməsi Macarıstan üçün
əlamətdar bir hadisədir.
Sazişlərə gəlincə, deyə bilərəm ki, bizim hüquqi bazamız var, çoxlu sazişlər imzalanıb. İmzalanan sazişlərin konkret
sayını demək
istəməzdim, çünki
bu rəqəm daim dəyişir. Bu
il də
bir sıra sazişlərin imzalanması
gözlənilir, lakin
bu, yüksək səviyyəli səfərlərin
həyata keçirilməsindən
asılıdır.
- Bu il ikitərəfli
səfərlər və
hökumətlərarası komissiyasının iclası
planlaşdırılıbmı?
- Bu ay biz
Macarıstanın nəqliyyat
nazirinin Azərbaycana səfərini gözləyirik.
Səfərin dəqiq vaxtı
diplomatik kanallarla razılaşdırılır. Həmçinin biz Azərbaycan prezidentinin
Budapeştə səfər
edəcəyini gözləyirik.
Hökumətlərarası komissiyanın iclasına
gəlincə, onu deyə bilərəm ki, iclas mütləq
keçiriləcək. Keçən ilin noyabrında
komissiyanın üçüncü
iclası keçirilib
və biz dördüncü
iclasın keçirilməsi
üzrə işlər
aparırıq. Hesab edirəm
ki, növbəti iclas bu ilin
payızında Bakıda
keçiriləcək.
- Ramil Səfərovun
Azərbaycana ekstradisiyası
ikitərəfli əlaqələrə
necə təsir etdi?
- Bilirsiniz, bu, tamamilə hüquqi bir qərar idi. Bundan asılı olmayaraq,
əlaqələr yaxşılaşıb.
İdarələr, ölkələrin
birinci simaları arasında çox yaxşı əlaqələr
var, hətta deyə bilərəm ki, onlar bir
növ, dost da olublar. Ramil Səfərovun Azərbaycana
ekstradisiyası məsələsi
sırf hüquqi proses olduğuna görə bizim əlaqələrə heç
bir təsir göstərməyib. Xalqlarımız oxşardır və bir-biri ilə əlaqələr qurmaqdadır.
Azərbaycan xalqı çox
mehriban və qonaqpərvərdir, macar xalqı da elədir.
Bizim dillərimizdə çoxlu
oxşar sözlər
var, məsələn,
“alma”, “balta” sözləri
eyni şəkildə
tələffüz olunur.
Macar dilində hətta “ağsaqqal” sözü də var. Macarlar artıq Azərbaycan barədə daha geniş məlumata malikdirlər, azərbaycanlılar
da mətbuat sayəsində Macarıstan
barədə çoxlu
məlumatlar alırlar.
- Azərbaycan və Macarıstan tərəfləri
Ramil Səfərovun ekstradisiyasının beynəlxalq
hüquq normaları çərçivəsində həyata keçirilməsi
barədə bəyanatlar
yaymışdılar, lakin
buna baxmayaraq, Ermənistan Macarıstanla
diplomatik əlaqələrini
dayandırıb. Bu məsələ hal-hazırda
nə yerdədir?
- Mən dəfələrlə
demişdim ki, Ramil Səfərovun ekstradisiyası məsələsi
hüquqi məsələdir.
Macarıstanın Ramil Səfərovun
qaytarılması barədə
qəbul etdiyi qərar hər hansı ölkənin əleyhinə yönəlməmişdi.
Çox
təəssüf olsun
ki, Ermənistan bizim ölkə ilə diplomatik əlaqələri dayandırıb.
Biz Ermənistanla əlaqələri normallaşdırmağa
çalışırıq və ümid edirəm ki, bu məsələ tez biz zamanda öz həllini tapacaq. Bizim heç kimlə
düşmənçiliyimiz yoxdur və biz hamı ilə yaxşı əlaqələrin
olması istiqamətində
çalışırıq.
- Mətbuatda belə bir məlumat yayılıb ki, Azərbaycan Macarıstan iqtisadiyyatına sərmayə
yatırmaq niyyətindədir.
Bu barədə nə deyə bilərsiniz?
- Təbii ki, bu, iqtisadi münasibətlərdə
normal bir prosesdir, lakin bu məsələ
həmişə maraqlardan
asılıdır. Azərbaycanın iqtisadi dairələri çox güman ki, Macarıstana investisiyalar yatırmağa
hazırdırlar, amma
bu, onların maraqlarından asılıdır.
Mən də Azərbaycan və Macarıstan mediasında oxumuşam ki, Ramil Səfərovun
qaytarılmasından sonra
Azərbaycan Macarıstana
investisiyalar yatırmağa
hazırdır. Hətta
müxtəlif rəqəmlər
də deyilirdi, məsələn, 1 milyard,
2 milyard, hətta 5 milyard avro... Amma mən Azərbaycanın Macarıstan iqtisadiyyatına
sərmayə yatırmaqda
maraqlı olduğu haqda rəsmi məlumat eşitməmişəm.
Bilirəm ki, maraq göstərən müəyyən
biznes dairələri var və mən
səfir kimi Macarıstanın bütün
imkanları barədə
məlumat verməliyəm.
2012-ci il dekabrın 28-də Macarıstan
hökuməti qərar
qəbul edib. Bu qərara əsasən Macarıstana azı 250.000
avro məbləğində
sərmayə yatıran,
dövlət istiqrazları
alan hər
bir xarici vətəndaş ölkədə
yaşayış üçün
icazə alınması
üzrə proseduru asanlaşdırılmış qaydada keçə bilər. Bu qərarın
detalları hələlik
açıqlanmayıb, lakin
çinlilər artıq
maraq göstərməyə
başlayıblar.
- Keçən ilin dekabr ayında Bakıda Macarıstan Ticarət Evinin açılışı oldu.
Bu əlamətdar hadisə ikitərəfli iqtisadi əlaqələrə
necə təsir göstərəcək? Həmçinin, ticarət dövriyyəsinin
göstəriciləri barədə
nə deyə bilərsiniz və hansı sahələrdə
daha çox fəallıq hiss olunur?
- Bakıda Ticarət Evinin açılışı bizim işimizdə növbəti addım oldu. Belə bir məsəl var, “Moskva birdən-birə tikilməyib”. Ticarət Evinin Bakıda açılması təsadüfi hal deyil. Bir il bundan əvvəl mən bu prosesin başladılmasının təşəbbüskarı oldum. Bu, bizim maraqlarımıza uyğundur və mən hesab edirəm ki, Azərbaycanın biznes dairələri üçün də yaxşıdır. Ticarət Evinin məqsədi Azərbaycan və Macarıstan biznesmenlərinə kömək etməkdən, Azərbaycan iş adamlarına Macarıstanda tərəfdaşlar tapmaqdan ibarətdir. Ticarət Evi yaxşı məlumat bazasına malikdir və bu, Azərbaycanda öz işini qurmaq istəyən macar firmalarına və Macarıstanla işbirliyi yaratmaq istəyən Azərbaycan şirkətlərinə kömək edir. İş adamları orada qeydiyyatdan keçməklə, lazım olan məlumatı ala bilərlər. Bu, çox vacibdir, çünki Ticarət Evi biznes dairələri üçün bir növ qapı funksiyasını daşıyır. Baxmayaraq ki, Ticarət Evinin açılmasından cəmi bir ay keçib, mən hiss edirəm ki, müəyyən irəliləyiş artıq var. Bu irəliləyiş əsasən kənd təsərrüfatı, heyvandarlıq, toxumçuluq sahəsində müşahidə olunur. Sözsüz ki, energetika sahəsi bizim üçün çox vacibdir. Həmçinin turizm sahəsində də maraq mövcuddur. Azərbaycanda Macarıstan istehsalı olan məhsullar satılır, lakin sovet dövründə olduğu miqdarda deyil. İnsanlar hələ də “Qlobus” konservləri, “İkarus” avtomobillərini unutmayıblar, macar kolbasası da var. Artıq Bakıda macar restoranının, macar məhsullarını satacaq mağazanın açılması üzrə danışıqlar gedir.
Ticarət dövriyyəsi barədə
isə deməliyəm ki, keçən il üzrə statistik məlumatlar
yalnız bu
ilin fevral-mart aylarında
bəlli olacaq. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi
80 milyon avro, 2011-ci ildə
isə böhranla əlaqədar 75 milyon avro təşkil edib. Mən ümidvaram
ki, dünya maliyyə
böhranına baxmayaraq, bu
il ticarət dövriyyəsinin göstəricisi
əvvəlki illərdən yüksək olacaq.
-
Bakıya səfəri zamanı Macarıstan baş nazirinin
ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə
dövlət katibi Piter Siyarto Budapeşt və Bakı
arasında birbaşa aviareysin açılmasında maraqlı
olduqlarını demişdi. Bu məsələ üzrə
işlər nə yerdədir və bu iki ölkənin turizm əlaqələrinə
necə təsir göstərə bilər?
- Bu, mənim təşəbbüsüm
idi. Mən istəyirdim ki,
tərəfdaşlarım, qohumlarım, dostlarım və
ümumiyyətlə, macarlar Azərbaycana
tez-tez və asanlıqla gələ bilsinlər.
Ona görə də birbaşa
reysin açılması üzrə ümumi bir fikir var. İsveçrə-Macarıstan
“WizzAir” lou-kost
aviaşirkəti belə bir reysin açılmasına hazırdır.
Danışıqlar aparılıb və indi
top Azərbaycandan olan
tərəfdaşın - AZAL-ın
meydançasındadır, biz onlardan cavab gözləyirik.
Bilirsiniz, Budapeştə üç
saat yarım uçmaq
daha yaxşı olardı, nəinki başqa şəhərdən tranzit
olaraq getmək.
-
Macarıstan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hansı mövqeyi tutur və münaqişənin
həllinə necə kömək edə bilər?
- Münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür. Tərəflərin danışıqlar masası arxasında qalması çox vacibdir. ATƏT-in Minsk Qrupunun öz vəzifələrini icra etməsi, tərəflərə kömək etməsi də böyük əhəmiyyət daşıyır. Hazırda Macarıstan və Ermənistan arasında əlaqələr o qədər də yaxşı səviyyədə deyil, diplomatik əlaqələrimiz kəsildi, ona görə də Macarıstan çətin ki, bu məsələdə kömək edə bilsin. Lakin bizim yanaşmamız dəyişməyib, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz təcavüz və müharibəyə qarşı çıxırıq. Ona görə də, problemin həlli ancaq sülh yolu ilə mümkündür.
525-ci qəzet.-
2013.- 15 yanvar.- S.4.