Natiq Məmmədlinin “Ləyaqət
düsturu”
Bu başlıq bugünlərdə oxuduğum bir kitabın adıdır. Tarix elmləri namizədi, əməkdar jurnalist Natiq Məmmədlinin 2012-ci ildə “Qanun” nəşriyyatında çapdan çıxmış hekayələr toplusu belə adlanır. Elə kitabın adı da içindəki ilk hekayədən alınıb. Bu hekayə bir qəzetdə haqqında tənqidi yazı yayımlanan naqis bir məmurun məhkəməyə şikayət etməkdən ötrü öz ləyaqətini dəyərləndirmək üçün axtarışlarını əks etdirir. İş o yerə çatır ki, özündən böyüklərin qabağında ikiqat əyilməyə adət etmiş bu tip axırda bir düstur tapır, ancaq həmin düsturu nə üçün tapdığını xatırlaya bilmir. Bununla da müəllif həmin məmurun, əslində, olmayan bir özəlliyindən ötrü aləmi ayağa qaldırmasını bədii dillə tənqid etmiş olur.
Ümumiyyətlə isə Natiq Məmmədlinin kitabda yer alan hekayələri öz sadə, aydın, səlis, məntiqli dili və axıcılığı ilə oxucunu cəlb edir. Qısa-qısa hekayələrin içində böyük mətləblərə işıq tutmağa çalışan müəllif buna nail ola bilib və əslində, bu janrın imkanlarından ustalıqla istifadə etməklə daha iri həcmli əsərlər yazmağa hazır olduğunu göstərib.
Xalq yazıçısı Anarın ön söz yazdığı kitabda müəllif orijinal ifadə formalarından geniş istifadə edir. Misal üçün, elə “Ləyaqət düsturu” hekayəsində ləyaqətinə toxunulduğunu iddia edən Cəsarət soruşur ki, “mənim ləyaqətim neçəyə olar?”. Alınan cavab da orijinaldır: “...ləyaqət sənindir, neçəyə istəsən sata bilərsən”. Anlaşılan odur ki, yazar kiçik bir dialoqda, əslində, yeri gəldi-gəlmədi jurnalistləri məhkəməyə verməyə alışmış şəxsləri yerdən yerə vurur. Bu hekayədəki obrazların adları da diqqətçəkəndir: Cəsarət, Qeyrət, Ədalət. Halbuki bu adamların heç biri daşıdıqları ada uyğun xarakterə sahib deyillər.
Cəmiyyətdəki naqisliklər haqqında söhbət “Korun gördüyü gələcək” hekayəsində də davam edir. Burada bir oğru hər addımbaşı Allahı yada salanda kor ona deyir ki, “Sən nə çox “inşallah” deyirsən, onsuz da oğrusan, Allah nəyinə lazımdır?” Oğrunun cavabı da yetərincə orijinal və günümüzlə səsləşən tərzdədir: “Allah elə mənə lazımdır də! Sənin kimisi onun qədrini hardan bilər? Heç görmüsən ki, məğrur adam, düz adam nə vaxtsa şükür etsin?”
“Kloun” hekayəsində isə yazar maraqlı bir üsuldan istifadə edərək insan ləyaqətini alçaltmağa öyrəşən bir görməmişi öz nəvəsinin diliylə məhv edir. Bu görməmiş klounu kişi hesab etmir, ona yuxarıdan aşağı baxır. Axırda da onun nəvəsi kloundan soruşur ki, “sən kişisən?” Aldığı cavabdan sonra uşaq deyir ki, “mən də kloun olmaq istəyirəm”. Bununla, əslində, həmin uşaq atasının tərbiyəsizliklərinə klounun verə bilmədiyi cavabı bir şapalaq kimi onun sifətinə çırpmış olur.
“Mənim birinci yalanım” hekayəsi isə jurnalistlər üçün olduqca aktualdır. Burada ilk yazısını qəzetdə dərc etdirən bir gəncin həyəcan və yaşantıları qələmə alınıb. Həmin gənc yazısında şəhərin su təchizatını tərifləyir. Ancaq yataqxanaya qayıtdıqdan sonra yuyunmağa su tapmır. Hələ bu azmış kimi səhər köşkdən qəzet almaq istəyəndə satıcı deyir ki, bütün qəzetlər satılıb. Və o, satılmış qəzetləri suyu qurumuş ayaqyolunda görəndə anlayır ki, bu halın əsas günahkarı elə özüdür.
Bu mövzu başqa bir hekayədə də davam etdirilir. “Vaxtı keçmiş sitatlar” adlı hekayədə alim olmaq istəyən bir gənc yaşadığı Sovet quruluşunu mütləq tərifləməlidir. Hətta o yerə qədər ki, heç vaxt stadionu, idman kompleksi olmayan öz kəndində, rəsmi rəqəmlərə görə, guya iki idman kompleksi və bir stadion olduğunu yazmalıdır. Bunu yazmasa dissertasiyası keçərli olan deyil. Onun elmi rəhbərinin bu gəncin etirazına münasibəti də orijinal bir şəkildə ifadə edilib: “əşi, sən yəqin kəndinizdəki stadionu görməmisən”.
“Balaca məmurun təbriki” hekayəsi, müəllifin də işarə etdiyi kimi, A.Çexovun “Qılaflı adam”ı stilində qələmə alınıb. Elə ona görə də müəllif hekayənin əvvəlinə özündən belə bir sitat əlavə edir: “Nə qədər biz varıq, Çexov həmişə aktual və diri qalacaq”.
Ümumilikdə maraqla oxuna biləcək kitabdakı hekayələrin bəzilərində Nobel ödüllü Norveç yazıçısı Knut Hamsunun, bəzən isə Cəlil Məmmədquluzadənin tərzi belə sezilməkdədir. Yazar bu hekayələrdə ictimai problemləri, insan yaşantılarını, cəmiyyəti rahatsız edən ən adi məsələləri ustalıqla qələmə alıb. Üstəlik, problemlərin üzərinə elə gedilir ki, hekayələr oxunduğu zaman kimsəni incitmir, əksinə, oxucunu düşünməyə, özünə nəzər salmağa vadar edir. Məhz bu da yazarın qarşıya qoyulan məqsədə nail olduğunun sübutudur. Bir oxucu olaraq düşünürük ki, cəmiyyətin tərbiyəsində, naqisliklərin aradan qaldırılmasında “Ləyaqət düsturu” kitabının nəzərə çarpacaq rolu ola bilər.
Azər Həsrət
525-ci qəzet.-
2013.- 15 yanvar.- S.5.