Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru
6-cı yazı
Dünyada elə bir cəmiyyət, xalq ola bilməz
ki, hansısa din onun həyatında ciddi izlər qoymasın, mədəniyyətinin,
dünyagörüşünün formalaşmasına təsir
göstərməsin. Təbii ki,
Azərbaycan xalqı da bu məsələdə
istisna təşkil etmir, amma azərbaycanlıların
başqa xalqlardan fərqi ondadır ki, onların mədəniyyətinin, dünyagörüşünün,
hətta bədii təfəkkürünün formalaşmasında
bir yox, bir neçə dinin böyük rolu olub. Bu baxımdan Azərbaycan
xalqının tarixində
və həyatında
önəmli rol oynamış dinlərdən
biri xristianlıqdır.
Xalqımız Azərbaycanda tarixən aparıcı dinlərdən
biri olmuş xristianlığa və onunla bağlı keçmişinə üzüağ,
şərəfli tarixinin
tərkib hissəsi kimi baxır. Maraqlı məqamlardan
biri də odur ki, Azərbaycanda
aparıcı din hesab
edilən İslamdan fərqli olaraq xristianlığın, demək
olar ki, bütün cərəyanları
ölkəmizdə bu
və ya digər şəkildə
təmsil olunmuşdur.
Azərbaycanın bu xüsusiyyətinə görə
islam ölkələri
arasında analoqu yoxdur və ölkəmiz bu sahədə yalnız bəzi xristian dövlətlərilə müqayisə
edilə bilər. Ümumiyyətlə, ölkəmizdə xristianlığın təxminən
2 min yaşı var ki, bu fakta
görə Azərbaycan
yalnız xristianlığın
meydana çıxdığı
bölgə ilə müqayisə edilə bilər. Belə ki, Azərbaycanda
xristianlığın yayılması
İsa Məsihin səhabələrindən olan
Varfolomeyin adı ilə bağlıdır və dini rəvayətlərə
görə, o, 71-ci ildə
yaralanmış və
Bakıda vəfat etmişdir. Şəhərin
mərkəzində, Qız
qalasının yanında
adı çəkilən
səhabənin qanı
tökülmüş və
bu yer 2 min il ərzində
xristianlar tərəfindən
müqəddəs hesab
olunmuşdur.
Azərbaycanda xristianlıqdan danışarkən
Alban kilsəsinə və
onun tarixinə toxunmamaq qeyri-mümkündür.
Çünki Azərbaycanda xristianlığın
tarixi, demək olar ki, Alban kilsəsindən başlayır
və bütövlükdə
bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Qədim müəlliflər və
qaynaqlar sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biridir
və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm
də mövcudluğunu
dövrümüzə qədər
qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.
Xristianlıqla bağlı araşdırmalar
aparan tədqiqatçıların
ümumi qənaətinə
görə, Azərbaycanda
bu dini yayan
ilk xristianların tikdirdikləri
və “Şərq kilsələrinin anası”
saydıqları Kiş
kilsəsi Qafqazda ilk xristian məbədidir ki, günümüzə qədər qorunub saxlanılıb. Əslində dövrümüzə qədər gəlib çatmış və böyük əksəriyyəti
Qarabağ, Qəbələ-Şəki-Zaqatala
bölgəsində yerləşən
alban abidələri xristian Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə,
bəşəriyyətin mədəni
dəyərlər xəzinəsinə
ən böyük töhfəsidir.
Yeri gəlmişkən
qeyd edək ki, Azərbaycana qarşı işğalçılıq
siyasəti aparan təcavüzkar Ermənistan
zəbt etdiyi ərazilərdə xalqımızın
min illər ərzində
qurub yaratdığı
tarixi-mədəni abidələri
yerlə-yeksan etmiş,
Azərbaycan xalqının
tarixində böyük
bir mərhələni
təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılmışdır. Erməni tarixçiləri
heç bir dəlilə əsaslanmadan
hər yerdə Azərbaycan-alban toponimlərini
dəyişərək saxta
tarix yaratmaqda davam edirlər. Təcavüzkar Ermənistan işğal
etdiyi ərazilərdə
geniş qazıntı
işləri apararaq bu torpaqlarda erməni izi axtarır, saxtalaşdırdığı
alban məbədlərini
dünyada erməni abidələri kimi qələmə verir. Halbuki, həm tikilişinə,
həm memarlıq xüsusiyyətlərinə, həm
də dini atributlarının formasına
görə alban abidələri erməni kilsələrindən fərqlənir
və alban ənənələri erməni
kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir.
Qarabağdakı alban abidələrinin
ermənilərə heç
bir aidiyyətinin olmadığını başqa
yollarla da sübut etmək mümkündür. Məsələn, tutaq ki, Qarabağdakı
xristian abidələri
ermənilərə məxsusdur.
Bəs, onda Şəki-Zaqatala bölgəsindəki
xristian abidələrini
kim tikib?
Axı, ermənilər
bu bölgədə heç vaxt kompakt halında yaşamayıblar! Digər
tərəfdən, Yuxarı
Qarabağda Gəncəsər
monastrı ətrafında
XIII-XIV əsrlərə aid qəbir daşlarının
üstündə xristian
adları ilə yanaşı, türk adları da həkk olunub və bu onu
göstərir ki, hələ o dövrdə
Qarabağ xristianlarının
bir qismi türk etnosuna mənsubiyyətlərini itirməmişdilər.
Ermənilər tərəfindən udilərlə bağlı
məsələnin süni
mübahisə obyektinə
çevrilməsinə gəlincə,
bu etnik qrupun ermənilərə heç bir aidiyyətinin olmadığı
tarixşünaslıqla təsdiqini
tapmış inkarolunmaz
faktdır. Belə ki,
VII əsrdə Azərbaycanda
İslamın yayılması
ilə əlaqədar
olaraq yerli əhalinin, o cümlədən,
udilərin bir hissəsi dinini saxlayıb və bundan istifadə edən erməni kilsəsi tədricən udilərin qriqoryanlaşdırılması
prosesinə başlayıb.
Uzun əsrlər boyu davam edən
proses 1836-cı ildə
faktiki olaraq hüquqi cəhətdən
qanuniləşdirilib və
xristian albanların bir hissəsi tam və qəti erməniləşməyə, assimilyasiyaya
məruz qalıb.
İqamətgahı Gəncəsər yerləşən Alban katolikosluğu
formal olaraq 1836-cı ilə
qədər mövcud
olub, imperator I Nikolay və Rus Pravoslav
kilsəsinin müqəddəs
Sinodunun reskriptinə uyğun olaraq ləğv edilib. Bu qərar Alban kilsəsinin
nominal mövcudluğuna son qoyub və müvafiq
dini məbədlər,
kilsələr və prixodlar birbaşa Eçmiədzin katalikosluğuna
tabe edilib.
Dağlıq Qarabağda da faktiki olaraq eyni proses həyata keçirilmiş və bu bölgədə xristian türk izlərinin silinməsinə cəhd göstərilmişdir. Şübhəsiz ki, bu tarixi həqiqətlərin üzə çıxması ədalətin gec də olsa bərpası üçün böyük əhəmiyyət daşıyır və təqdirəlayiq haldır ki, artıq bu istiqamətdə lazımi addımların atılmasına başlanılıb. Udili ziyalıların təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi xristian icması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından keçmişdir. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Sevindirici haldır ki, bu günə qədər Azərbaycan hökuməti tərəfindən Norveç Krallığının humanitar təşkilatının maliyyə dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey kilsəsi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, ermənilər Azərbaycan xalqına məxsus abidələri saxtalaşdırarkən din amilindən, xüsusilə xristianlığın simvolu sayılan xaçdan yararlanmağa çalışırlar, üzərində xaç işarəsi olan bütün tarixi abidələri erməniləşdirirlər. Halbuki, Azərbaycanda xaçın tarixi xristianlığın tarixindən daha qədimdir. Eramızdan əvvəl XIII-XII əsrlərdən xaç, svastika (çərxifələk) kimi işarələr odun, işığın simvolu rolunu oynayırdı. Həmin dövrə aid Gəncəçay, Borsunlu abidələrində bu işarələrin həkk olunduğu çoxlu sayda işarələr var. Məsələn, Borsunlu kurqanında tapılmış dərin boşqabların səthi xaç işarəsinin müxtəlif variantları ilə bəzədilib. Sarıçoban kurqanındakı qəbirlər isə xaç şəklində qazılıb. Bütün bunlar xaç işarəsinin xristianlıq dinindən çox-çox əvvəl mövcud olmasını və onun tamamilə başqa rəmzi məna daşımasını və həmin abidələrin ermənilərə heç bir aidiyyətinin olmamasını sübut edir.
Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin müxtəlif qolları – pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb. Məsələn, Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca səhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik monastrları, missiya və məktəbləri fəaliyyət göstərib.
(Ardı var)
525-ci qəzet.- 2013.- 15 yanvar.- S.6.