Məmməd Səid Ordubadinin
“İldırım Bəyazid və Teymurləng” pyesi
Azərbaycan ədəbiyyatı tarixində Məmməd
Səid Ordubadi (1872-1950) tarixi roman məktəbinin
yaradıcısı kimi geniş şöhrət
qazanmışdır. Böyük ədibin “Dumanlı Təbriz”
(1940), “Qılınc və Qələm” (1948) tarixi romanları
bu janrın Azərbaycan ədəbiyyatındakı ən
mükəmməl nümunələri olaraq qalmaqdadır.
Əgər dünya dillərinə mükəmməl
tərcümə olunarsa, həmin qiymətli bədii əsərlər
Qərbin də, Şərqin də ən yaxşı tarixi
romanları sırasında dayana bilər.
Bununla belə, Məmməd Səid Ordubadi çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olan sənətkardır. XX əsrin əvvəllərində
ədəbi fəaliyyətə şeirlə başlayan Məmməd
Səid Ordubadi “Qəflət” (1906), “Vətən və
hürriyyət” (1907) poemalarını yazıb, Tiflisdə
böyük demokrat ədib Cəlil Məmmədquluzadənin
(1869-1932) açdığı “Qeyrət” nəşriyyatında
nəşr etdirmişdir. Bundan başqa, onun
“Molla Nəsrəddin” jurnalında və digər mətbuat
orqanlarında çap etdirdiyi mindən çox satirik
şeirləri və felyetonları Azərbaycan satirik ədəbiyyatının
dəyərli nümunələri hesab olunur. Bir sıra
operaların və musiqili komediyaların libretto mətnlərinin
müəllifi olan Məmməd Səid Ordubadinin böyük
musiqi xadimi və qüdrətli bəstəkar Üzeyir
Hacıbəyovun (1885-1948) məşhur “Koroğlu”
operasına yazdığı libretto sənətkarın
tarixi- qəhrəmanlıq dastanını musiqi ilə
uzlaşdırmağı bacarmaq istedadının parlaq
göstəricisidir. Eyni zamanda, librettosunu Məmməd Səid
Ordubadinin yazdığı “Nizami ” və “Nərgiz”
operaları, “Beş manatlıq gəlin” musiqili komediyası Azərbaycan
incəsənət tarixində əhəmiyyətli yer tutur.
Müşahidələr göstərir ki, Məmməd
Səid Ordubadi dramaturgiya ilə də uzun illər
ardıcıl olaraq məşğul olmuşdur. O, müxtəlif illərdə
tarixi və müasir mövzularda yazılmış iyirmidən
çox dram əsərinin müəllifidir. Təəssüf
ki, yazıçının dram əsərlərinin yalnız
kiçik bir qismi – “Dinçilər”, “Sevgilər”, “Maral”, “Bu
da bir möcüzə”, “Böyük quruluşda” pyesləri
çap edilərək oxuculara
çatdırılmışdır. Bunlardan başqa, Məmməd
Səid Ordubadinin müasir problemlərə həsr olunmuş
“Quluş bəy Kazımiç”, “Repetisiya”, “İntizar çəkənlər”,
“Sumqayıt”, “İstanbul səhnələrində Dursunəli
və Ballıbadı”, “Deleqatlar”, “İmtahan” və sair kimi hələ
ki, çap üzü görməmiş pyesləri və bir
çox tarixi dramları da vardır.
Məmməd Səid Ordubadi dramaturgiyanın müxtəlif
janrlarında mükəmməl əsərlər yazmaqla bədii
yaradıcılığın bu sahəsində də yüksək
istedada malik olduğunu nümayiş etdirmişdir. Mövzu
müxtəlifliyi, bəzi epik təsvir elementlərinin
mövcudluğu və bənzərsiz obrazlar yaratmaq
bacarığı yazıçının dramaturgiyasının
özünəməxsusluğunu əks etdirir. Bir sıra dram əsərlərinin və musiqili
komediyalarının tamaşaya qoyulması Azərbaycan
teatrının inkişafında da Məmməd Səid
Ordubadinin mühüm xidmətləri olduğunu göstərir.
Maraqlı bir cəhət də bundan ibarətdir
ki, Azərbaycanda tarixi roman janrının banisi olan Məmməd
Səid Ordubadi dramaturgiya sahəsində də tarixiliyə
üstünlük vermişdir. Adlarından da
göründüyü kimi, onun dram əsərlərinin bir
çoxu, məsələn “Baği-şah, yaxud Tehran faciəsi”
(1910), “Əndəlüsün son günləri, yaxud
Qrenadanın təslimi” (1914), “Məhəmməd Şah Qacar”,
“İldırım Bəyazid və Teymurləng”, “Sabir və
“Molla Nəsrəddin” dramları tarixi mövzulara və
görkəmli şəxsiyyətlərin fəaliyyətinə
həsr olunmuşdur. Məmməd Səid
Ordubadi tarixi dramlarında ayrı-ayrı dövrlərin əhəmiyyətli
hadisələrini, tanınmış şəxsiyyətlərin
fəaliyyətlərinin əsas məqamlarını əyani
şəkildə canlandırmaqla vətənpərvərlik və
milli-mənəvi özünüdərk baxımından
xüsusi əhəmiyyətə malik olan həmin proseslərin
yaddaşlarda yaşadılmasına ciddi diqqət yetirmişdir.
Heç şübhəsiz, Məmməd Səid
Ordubadinin tarixi dramları həm də özünün
güclü müasirlik ruhu ilə də
tamaşaçılara və oxuculara mühüm tərbiyəvi
ideyaları aşılaya bilən qiymətli əsərlərdir.
Beləliklə, Məmməd Səid Ordubadi
tarixi mövzuda yazılmış dramlarında da tarixiliklə
yanaşı müasirlik prinsiplərini də diqqətdə
saxlamış, bədiilik amillərini qoruyub inkişaf
etdirmişdir. Burası da müşahidə
olunur ki, Məmməd Səid Ordubadinin dramaturgiyasında dram sənəti
üçün zəruri olan hadisələrin hərəkət
vasitəsilə təqdim olunması ilə yanaşı,
müəyyən nəsr elementləri, nasiranəlik də
mövcuddur. Pyeslərində
yazıçının hadisələri və vəziyyətləri
təsvir və təhkiyə yolu ilə təqdim etdiyi məqamlara
da rast gəlmək olur. Bütövlükdə
Məmməd Səid Ordubadinin dramlarını epik-dramaturji əsərlər
kimi səciyyələndirmək mümkündür.
Məmməd Səid
Ordubadinin indiyədək çap edilməmiş pyeslərindən
biri olan “İldırım Bəyazid və Teymurləng” əsərinin
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmaları
İnstitutunun fondunda iki variantı saxlanılır. Hadisələrin
əhatə edilməsi, süjetin inkişafı
baxımından biri digərindən az fərqlənən
bu əlyazma mətnlərinin təhlili göstərir ki,
“İldırım Bəyazid və Teymurləng” pyesi təxminən
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan bir neçə il
sonra yazılmışdır. Hər iki variantda
pyesdə Teymurləngin son döyüşlərindən biri
olan 1402-ci ilin Ankara savaşı və Osmanlı imperatoru
İldırım Bəyazidin məğlub olması, əsir
alınması kimi hadisələr öz əksini
tapmışdır. Bununla belə, hadisələrə
müəllifin münasibətindən görünür ki, əsər
bütövlükdə müharibələri, cahangirlik
savaşlarını tənqid etmək üstündə
qurulmuşdur. Pyesdə Teymurləngin və
İldırım Bəyazidin “bir dünyada iki cahangirin
vücudu yaramır. Dünyada ya Teymurləng, ya
da İldırım Bəyazid qalacaqdır”1 kimi hərbi-siyasi
iddialarının türk-tatar dünyasına gətirdiyi fəlakətlərin
mahiyyəti açıqlanmışdır. Nəticə etibarilə Məmməd Səid Ordubadi
əsərdə tarixi prosesləri ümumiləşdirərək
mənəmlik iddialarından doğan “türk-tatar
qövmünün ədavətlərinə, qan tökülməsinə
nəhayət verilməsinin” zəruriliyi kimi ciddi və ibrətamiz
bir problemi diqqət mərkəzinə çəkmişdir.
İldırım Bəyazidin oğlu Musa Çələbi ilə
Teymurləngin qızı Zərifəbanunun sevgisinin və
vüsalının təsviri ilə ədibin türk səltənətinin
qüdrətinin birincilik savaşlarında, cahangirlik davalarında
deyil, qarşılıqlı etimadda, etibarlı dayaq və dəstəkdə,
birlikdə olduğu qənaətlərini ictimai fikrə təqdim
etmək niyyəti aydın şəkildə nəzərə
çarpır. Eyni zamanda, hiss olunur ki, Teymurləng –
İldırım Bəyazid mövzusuna müraciət edən
böyük müasiri Hüseyn Cavid kimi, Məmməd Səid
Ordubadi də tarixdə xüsusi yeri olan hər iki qüdrətli
şəxsiyyətin türk dünyası
qarşısındakı xidmətləri ilə
yanaşı, səhvlərini də göstərməklə
həm də yaşadığı dövrün siyasi proseslərinə
işarə etmək niyyətində olmuşdur. Əsərin hər iki variantında “bu
böyüklükdə dünyanı sənin kimi kor
(İldırım Bəyazid kimi – İ.H.), mənim kimi
(Teymurləng nəzərdə tutulur– İ.H.)”
çolağamı tapşıracaqlar” fikrinin səsləndirilməsi
pyesdə örtülü şəkildə olsa da Azərbaycanın
XX əsrin əvvəllərinin siyasi gerçəklərinə
də münasibət bildirildiyini ifadə edir.
Əsərdə təqdim olunan
tarixi dövrün reallıqlarından doğan, adları
çəkilən məlum şəxsiyyətlərin
xarakterindən irəli gələn bəzi məqamların nəzərə
çarpdırılmasından başqa, İldırım Bəyazidin
və Teymurləngin heç biri haqqında müəllifin
açıq münasibətini ifadə edən mənfi cizgilər
yoxdur.Yaxud da Məmməd Səid Ordubadinin türk
dünyası tarixində özlərinə məxsus yerləri
olan bu iki nəhəng şəxsiyyətdən hər
hansı birinə xüsusi rəğbət bəsləyib,
digərini aşağılamaq meyli də görünmür. Fikrimizcə, pyesin heç bir əlavə epitet
işlənmədən “İldırım Bəyazid və
Teymurləng” adlandırılması da sənətkarın
bütövlükdə bu böyük şəxsiyyətlərə
olan ümumi münasibətini ifadə edir. Pyesdə Teymurləngin türk dünyasına,
İldırım Bəyazidin şəxsiyyət olaraq Teymurləngə
həqarəti yox, açıq və ya örtülü
şəkildə tərəf kimi qəbul edilmək mənasında
tarazlı baxışları da hiss olunur. Məmməd
Səid Ordubadinin qayəsi şəxsiyyətləri
qarşı-qarşıya qoymaq deyil, cahangirlik
savaşlarının türk dünyasına gətirdiyi fəlakətləri
diqqət mərkəzinə çəkməkdən və
tarixdən ibrət dərsləri almağın zərurətini
gündəmə gətirməkdən ibarət idi.
Mövzu və
süjet etibarilə çox yaxın olan “İldırım Bəyazid
və Teymurləng” əsərinin variantları arasında
müəyyən fərqlər mövcuddur. Belə ki, pyesin
şərti olaraq birinci variantı hesab etdiyimiz Məmməd Səid
Ordubadinin Əlyazmaları İnstitutunun arxivindəki fondunda
154-cü saxlama vahidi olaraq mühafizə edilən əlyazmasında
Bağdad hakimi Əhməd Cəlayir və Təbriz
hökmdarı Qaraqoyunlu Yusif bəy dialoqlarda iştirak edən
obrazlar kimi təqdim olunduqları halda, ikinci variantda (saxlama
vahidi 155) yalnız onların adlarının hadisələrin
gedişində çəkilməsi ilə kifayətlənmişdir.
Bundan başqa, variantlarda əsərdə şərti
olaraq Casus adı ilə çıxış edən şəxsin
oğlanlarının adları da fərqli şəkildə
ifadə olunmuşdur. Birinci variantdakı Vəzir
adlı personajın funksiyasının ikinci əlyazmasında
Uzunbasar obrazı vasitəsilə icra olunduğu da
müşahidə edilir. Fikrimizcə,
Uzunbasar adı Vəzir adından daha müdrik bir
düşüncəni ifadə edir. Əsərdə
də həmin obraz cəmi bir dəfə “dilə gəlsə”
də cəmiyyət hadisələrinə dərindən
yanaşa bilməsi ilə yadda qalır. Həmçinin
pyesdəki Monqolustan yer adının sonradan Türküstan
adı ilə əvəz olunması da sadəcə addəyişmə
əlaməti olmayıb, geniş mənada əsərdəki
“türk-tatar birliyi” ideyasını əks etdirməyə xidmət
edir.
Bötüvlükdə
“İldırım Bəyazid və Teymurləng” pyesi Məmməd
Səid Ordubadinin ilk dram əsərlərindən biri kimi ciddi
maraq doğurur. Böyük ədib sonralar görkəmli
tarixi romançı kimi məşhurlaşsa da ara-sıra
dramaturgiyaya da müraciət etmiş, bir sıra dram əsərlərinin
səhnəyə çıxarılmasına, hətta
“Dumanlı Təbriz” romanının səhnə
variantını da hazırlayıb Azərbaycan Dövlət
Dram Teatrında tamaşaya qoyulmasına da nail olmuşdur. Bu cəhətdən “İldırım Bəyazid və
Teymurləng” pyesi Məmməd Səid Ordubadinin dramaturgiya sahəsindəki
uğurlu məşqlərindən biri olaraq da müəyyən
əhəmiyyət kəsb edir. Tarixi
mövzuya müraciət etmək baxımından da
“İldırım Bəyazid və Teymurləng” pyesi sonralar
romançılıqla tarixiliyə üstünlük verən
yazıçı üçün əhəmiyyətli
yaradıcılıq təcrübəsi sayıla bilər.
Bütün bunlarla bərabər,
“İldırım Bəyazid və Teymurləng” əsərindəki
ayrı-ayrı hadisələrin təqdiminə
yazıldığı dövrün ideoloji meyllərinin
öz təsirini göstərdiyini də görmək olur.
Osmanlı hökmdarının oğlu Musa
Çələbinin dünyada məşhur olan atası
İldırım Bəyazid və Teymurləng haqqında
dediyi “bütün dünyanın xalqını arxalarına
töküb biri-digərinə qırdıran teymurlarla
ildırımlar məhv olursa da, Zərifənin sinəsində
bəslənən eşq-məhəbbət məğlub
olmaz”2sözləri doğru və ədalətli olsa da
hökmdar və onun övladı münasibətləri
baxımından reallığı yox, dövrün
ideologiyasını ifadə edən mətləblər kimi səslənir.
Lakin ümumilikdə Məmməd Səid Ordubadinin sovet
dövründə İldırım Bəyazid və Teymurləng
obrazlarını, “türk-tatar birliyi” ideyasını Azərbaycan
ədəbiyyatına gətirməsi, tarixi mövzu fonunda
yaşadığı sərt ideoloji mühitə mesajlar vermək,
təsir göstərmək niyyətində olması öz
dövrü üçün böyük
yazıçılıq istedadının və vətəndaşlıq
cəsarətinin ifadəsi idi.
Bu vaxta qədər
çap olunmadığını və maraq
doğuracağını nəzərə alaraq, Məmməd
Səid Ordubadinin “İldırım Bəyazid və Teymurləng”
tarixi dramının Əlyazmaları İnstitutunun fondunda
saxlanılan ikinci variantını oxuculara
çatdırmağı faydalı hesab edirəm.
Məmməd Səid Ordubadi
Birinci pərdə
Əhvalat vaqe olur İldırım Bayəzidin ordusunda. Müzəyyən
bir çadırın qarşısında İldırım
Bayəzid müharibə libasında dolanır. Yanında Əhməd Cəlayir və Qaraqoyunlu Yusif
bəy ayaq üstündə durmuş. Pərdə
qalxır.
(Əli Paşa daxil olur).
Əli Paşa – Sultanım, Teymurləng sülh şəraitini
daha da asanlaşdırmış. Biz indi ancaq onun
yanından qaçıb bizə pənah gətirənləri
verməklə sülh əldə edə biləriz. Bu isə bizə o qədər də qorxulu deyil.
İldırım Bayəzid – Bilmirəm qorxulu kəlməsini
sən nəyə oxşadırsan? Bizə pənah gətirən
Bağdad hakimi Əhməd Cəlayiri vermək bütün
Beynən nəhreyn və İraqi-ərəbi Teymura vermək
deyilmidir?
Qaraqoyunlu Yusif bəyi təslim eləmək ümumazərbaycan
məmləkətindən əl çəkmək hesab
olunmurmu?
Əli
Paşa, sən Teymur ləngə aldanma! Bu
zatları Teymura vermək (əli ilə göstərir)
bütün türk səltənətinin şərəfini
vermək deməkdir.
Artıq
danışma! Get yeni yardımlarımız gəlincə
şəhəri mühafizə et!
Əli Paşa – Şəhəri mühafizə etməkdənsə
sülhü mühafizə etsək daha da iyi olardı.
İldırım Bayəzid – Əli Paşa, ikinci dəfə
sülh adı çəksən, səni bir türk kimi deyil,
bir böyük türk düşməni deyə
qınayacağam.
Paşa gedir.
İldırım
Bayəzid – Sadədil Paşa! Anlamır ki, beş
nəfər qaçqınları verməklə böyük
cahangirlərin məmləkət almaq həvəsləri
soyumaz. Çünki bir dünyada iki cahangirin
vücudu yaramır. (Sükut).
Dünyada ya Teymurləng, ya İldırım Bayəzid
qalacaqdır.
Əli Paşa qayıdır.
Əli Paşa – Sultanım, qoca bir casus gətirmişdilər.
İldırım
Bayəzid – Hüzuruma gətirin!
Paşa gedir.
İldırım Bayəzid – Düşmən ürəyimizə
qədər yol taparkən biz yenə də aldadıcı bir
sülh ilə özümüzü iqfal ediriz.
(Paşa
qoca bir casus ilə daxil olur)
Əli Paşa – Sultanım, casus bu kişidir. Lakin bir
çox da əsirlər vardır.
İldırım
Bayəzid – Casusu burada saxla! Amma əmr ver əsirləri
öldürsünlər.
Casus tələsik sultanın ayağına
yıxılır.
Casus –
Sultanım, əmr eylə məni
danışdırmamış əsirləri öldürməsinlər.
İldırım
Bayəzid – Xain hərif! Sən bilmirdin ki,
casusun cəzası hamı günahların cəzasından
böyükdür?
Casus – Mən
casus deyiləm. Bu adı özümə qəbul
da etmirəm.
İldırım Bayəzid – Casus olmadıqda səni gecənin
bu vaxtı mənim ordumun arasına kimlər gətirmişdir?
Casus –
Oğlanlarımın məhəbbəti.
İldırım Bayəzid – Sənin burada
oğlanlarınmı vardır?
Casus –
Dünən Türkistan ordusundan kəşfiyyata
çıxan iki oğlumu əsir götürüb Sizin hüzurunuza gətirmişdilər. Onları əfv etdirmək üçün
Sultanın hüzuruna gəlirdim.
İldırım
Bayəzid – (Əli Paşaya) Get bunun oğlanlarını
tapıb gətir! Sözləri doğru olmasa
oğlanlarını da, özünü də öldürəcəyəm.
Əli
Paşa – (Casusa) Oğlanların adlarını söylə!
Casus –
Toxtamış və İmamquludur.
Əli Paşa – Sultanım, onlar da casusdur. Yanlarında
bir neçə məktublar da tapılmışdır.
İldırım
Bayəzid – Get, gətir hüzuruma!
(Əli Paşa gedir.)
İldırım Bayəzid – (məclisə) Bu xain casus
özünü qurtarmaq deyil, xain olan oğlanlarını da
azad etmək istəyir. Lakin mən bundan sonra əlimə
keçən düşmənlərdən birisini də
sağ qoymayacağam.
(Əli Paşa iki cavan ilə daxil olur.)
Casus –
(yüyürüb oğlanlarını qucaqlayır.) Əli Paşa məktubu Sultana verir. Sultan oxumağa başlayır.
Casus –
Sultan həzrətləri, bunlardır mənim
oğlanlarım. Bunları qocaman bir tatarın atalıq məhəbbətinə
əfv eləyiniz!
İldırım
Bayəzid – Sənə də, oğlanlarına da, səndə
olan atalıq məhəbbətinə də lənətlər
olsun!
İldırım Bayəzid – (məclisə)
Hamınız gedə bilərsiniz. (Əli Paşaya) Bu
xainləri təcili surətdə öldürməyə əmr
edirəm. Lakin bu ixtiyarı (qocanı) saxlayınız! Əli
Paşa, get oğlum Musanı yanıma göndər!
Sübhanallah!
Tatar şahzadəsi Zərifəbanu hara?! Mənim oğlum Musaya aşiq olmaq hara?! Əcəba, bunları kimlər biri-birinə
tanıtdırdı?
Casus –
(çıxa-çıxa) Sultan, mənim
qocalığıma və oğlanlarıma olan məhəbbətimə
hörmət qoyub, oğlanlarımı əfv et!
İldırım
Bayəzid – Get gözümün qabağından! Milyonlarca ataların göz yaşını
görüb, bütün Şərq qadınlarının naləsini
eşitdimsə də, ürəyim zərrə qədər
darılmadı. Bu gün sənin iki xain
oğlunu əfv etməyəmi tənəzzül edəcəyəm?
Get kənara! Onların cəzası
ölümdür.
Casus –
(gedə-gedə) Öldür! Bir gün olur ki,
səndən də intiqam alınar.Musa daxil olur. İstəyir Sultanın əlini öpsün. Sultan mane olub, qoymayır.
İldırım
Bayəzid – Get gözümdən! İndi
artıq sən bir türk şahzadəsi deyil, bir türk
düşmənisən.
Musa – Əstəğfürüllah!
Sultanım, mən vətənimə və millətə
bir xəyanət etməmişəm.
İldırım Bayəzid – (bir məktub göstərir.) Nədir bu məktub?
Tatar şahzadəsini Zərifəni sevmək,
Türkistan ordusunun kəsif ayaqları vətənin siyasi qibləsi
olan Ankaranı ayaqladıqda, onlarla qohum olmağı arzu edən
bir kimsə xain deyilmidir?
Musa –
Sultanım, əfv edərsiniz. Mən nə qədər
ki, Zərifəni sevirəm, o qədər də ordumu və vətənimizi
sevirəm.
İldırım Bayəzid – Sən xainsən. Sənə bu
məktubları düşmən ordusundan gətirən
casuslar ordumuzun əsrarını düşmənə
aparırsa xəyanət olmazmı?
Musa – Onlar casus deyil. Onları əsirliyə
məcbur edən Zərifənin mənə olan aşiqanə
əlaqəsidir.
İldırım
Bayəzid – Sakit ol! Eşq adını vermə! Yarın Zərifə də, onun eşq-məhəbbəti
də Osmanlı ordusu əlində əsir olanda sənə
göstərərəm ki, xəyanət nə deməkdir.
Çıx burdan, naxələf övlad!
Musa – (gedə-gedə) Bütün dünyanın
xalqını arxasına töküb qırdıran cahangirlər
məhv olursa da, eşq-məhəbbətin sultanı olan Zərifələr
məğlub olmaz. Çünki eşq-məhəbbət
yıxılmaz bir istiqlaldır.
İldırım
Bayəzid – (Qılıncı çəkir) Xain övlad! Ankara küçələrində sellər kimi axan
türk övladının qanına naxələf bir
övladın da qanını qarışdırmaq mənə
o qədər ağır deyildir.
(Dalınca yüyürür. Pərdə
düşür.)
lll
İkinci pərdə
Vaqe olur Teymurləng ordusunda. İstehkamlarla
örtülmüş bir çadırın
qarşısında. Zərifəbanu müsəlləh kişi libasında çadırın
qarşısında yavaş-yavaş dolaşır. Pərdə qalxır.
Zərifəbanu – Bu gün üç gündür ki,
Musadan xəbərim yox. Hər kəs də göndərilir geri
qayıtmır. (Göy tərəfə:)
İlahi, görəsən nə vaxt bu insanların qəlbində
yaratdığın eşq-məhəbbət bir azadlıq
görəcəkdir?
Sükut
Bəlkə də Musa məni unutmuşdur. Yox, o məni
unutmaz. Onun başını müharibələr
qatmışdır. Çünki öz
ordusunu sevir. Həmişə yazır ki,
bizi bir-birimizə yetirən türk ordusunun qələbəsidir.
(Uzaqdan müharibə və hay-huy sədaları).
Lakin mən iki qəlbimin arasında qalmışam. Həm
Musanı sevirəm, həm də ordumuzu.
Teymurləng, yanında bir neçə tatar-monqol
süvariləri daxil olurlar.
Teymurləng
– (Zərifəyə) Zərifə, gecədən çox
keçir. Nə üçün gedib rahat
olmursan?
Zərifə – Ordumuzun qalib gəlməsi
üçün cənabi-Allaha yalvarıram.
Teymurləng
– Zərifə, ordumuzun qələbəsi gözə
görünməyən allahlarda deyil. Gözləri
qamaşdıran bu əyri qılınclardadır.
(Xidmətçi daxil olur).
Xidmətçi – Əmir, bir dəstə əsir gətirmişlər.
Teymurləng – Sərdarlardan başqa hamısını
qırsınlar.
(Xidmətçi gedir).
Teymurləng – Dünyanı bir əsir dünyası
yapmaqdansa mükəmməl bir qəbristan yapmaq daha da məsləhətdir.
Zərifə – Əmir, doğrusu mən gedib əsirlərə
baxmaq istəyirəm.
Teymurləng
– Zərifə, lazım deyil. Çünki
onları öldürəcəklər.
Zərifə – Elə isə əmir, mən cəbhəyə
gedəcəyəm. ordumuzdan artıq nigaranam.
Teymur ləng
– Zərifə, qorxma, dayan! Ordumuz
müzəffər çıxacaq. Müharibənin
axırına az qalır.
(Uzaqdan səs-küy, çadırın dalından
qılınc səsləri, ölənlərin səsləri
gəlir.)
Teymurləng
– (səslərə:) Narahat insanlar! Sizi iki hökmdarın cahangirlik müharibələri
qarıncalar kimi ayaqlamazsa, dünyada insan əlindən ayaq
basmağa azad yer tapılmaz.
(Sükut)
Teymurləng – Lakin mən dünyanı təmizlərəm. İnsanlara əbədi
bir qanun qoyaram.
(Miranşah daxil olur.)
Miranşah – Əmir, türklərin sağ cəbhəsi
pozuldu. Yalnız müqavimət göstərən
İldırım Bayəzidin özü ilə oğlu
Salmanın ordusundan ibarətdir. Onu da əsir
almaq üçün Çingiz xanın oğlu Mahmudxan
şiddətli müharibə edir.
Teymurləng
– Əsir götürməyə
çalışmayınız! Əsir
götürmək Sizi müharibədən qoyar. Bir əsiri tutmaq, onu idarə etmək əvəzinə
bir qılınc da artıq vursanız daha da yaxşı olar.
Gedin! Amma
İldırım Bayəzidi diri tutun! Başqa əsirləri
məhv edin!
Zərifəbanu
– (əllərini daraqlayaraq üzü kənara:)
İlahi, elə isə sən türklərə nüsrət
ver! Zavallı Musanın başına nələr
gələcək?!
Teymurləng
– (xidmətçiyə) Get şətrənc gətir! İndi ürəyim sakit oldu. Türk-tatar
məsələsini həll etdim. Etdim, fəqət
milyonlarca insan qanlarından sonra.
(Şətrənci gətirirlər.)
Teymurləng
– (düzəldə-düzəldə:) Bu gündən etibarən tarixin dəhşətli
adı yazılan səhifələrini cırıb atıram.
(Müharibəyə tərəf:) Məğrur
türklər!
(Mahmudxan daxil olur.)
Mahmudxan –
Əmir, müjdə olsun sənə! İldırım
Bayəzidi öz ərkanı ilə əsir
götürdüm.
Teymurləng – (əlini çalır əlinə.) Sübhanallah! Türkləri nə kimi səhvləri tamamilə məhv
elədi?!
Uzunbasar – Türk sultanı qayət zövqü səfalar
içində yaşayırdı. Dünyanın qənimətlərini
sarayıma dolduran Sultan qadınların sevimli ağuşunda
behişt ləzzətləri aldığı vaxt cəhənnəm
atəşi yağdıran müharibələri unudurdu.
Sarayında olan rum, bolqar, türk, macar, arnaud
qadınlarının dilnavaz mahnılarının arasında
özlüyünü qeyb edən Sultan Teymur ordusunun
hüduddan Ankaraya qədər qopardığı
gurultuları eşitməyirdi. Lakin bu
gün əyyaşlığa nəhayət verildi. Qafilliyin nəticələri göründü.
Teymurləng – Doğru deyirsən Uzunbasar. Qadınlar
qucağında çocuqlar kimi bəslənən sultanlar qan
çalarlarının arasında toplanan insan qafaları
üzərində nahar sərf edən Teymurləngə əsir
olmalı idi.
Teymurləng
– (Mahmudxana:) Hər nədənsə
dünyanın ikinciliyindən çıxıb birinciliyi
qazandıq. İndi dünyada
İldırım Bayəzid yox. Varsa da bir əsirdir.
Get onu hüzuruma gətir! Fəqət əsir
kimi deyil, möhtəşəm bir hökmdar kimi.
(Mahmudxan gedir.)
Zərifəbanu – (Kənara) Bilsəydim türk
Sultanı ilə əsir olanlar kimlərdir daha ölməzdim.
Teymurləng – (Yanındakı bir zat ilə şətrənc
oynayır.) Taleyimiz bizi Ankaraya qədər gətirib türk səltənətini
bizim əlimizlə məhv elədi.
İldırım Bayəzidi bir dəstə monqol-tatar sərdarları
ilə daxil edirlər. Teymurləng durub Sultanın əlindən tutaraq deyir:
– Sultan,
başdan-başa vücudunuz toz-torpaqla boyandığı
müharibədəki fəaliyyətinizə böyük dəlildir.
Lakin əbəs fəaliyyət səmər verməyəcəkdir.
Nəticədə Sizin quru inadınız cavan
türk səltənətinin inqirazına bais oldu. Taleyiniz Sizi bundan sonra müharibəyə deyil, daimi
bir rahatlığa dəvət edir.
İldırım
Bayəzid – (otura-otura) Teymur, əsirlkdə rahatlıq ola bilməz.Teymurləng – Rahatlığı
sevməyən ancaq səltənət və cahangirlik
sevdası ilə dolu olan başlardır. Siz isə
öz öhdənizə düşən siyasi zəhmətin
ağır hissələrini dünya siyasətinin altında
yorulan çolaq bir qıça yüklədiniz. Bilmirəm, bu qıç o qədər zəhməti
daşıya biləcəkmidir?
(Qıçını
göstərir)
Nə yapım. Mənim də qismətimə insan
yığınları ilə qan selləri
düşmüşdür.
İldırım Bayəzid – Sizi də tarix ancaq axıtdığınız,
qətl etdiyiniz, bəla çuxurlarına
yuvartdığınız insanlar, bəşəriyyət
dünyasında qopardığınız tufanlar ilə yad edəcəkdir.
Teymurləng
– Sultan, bunların hamısı doğru. Amma
Sizdən bir söz soracağam. İnsaf ilə
cavab verərsiniz.
İldırım
Bayəzid – Hər nə istəyirsən soruş! Lakin siyasi tənələrə cavab verməyəcəyəm.
Teymurləng – Sən məni əsir tutsaydın
haqqımda nə edərdin?
İldırım
Bayəzid – (bir az fikirdən sonra) Səni
filfövr qətl etdirərdim. Çünki sənin
bir dəqiqə dünyada yaşamağın yüz minlərcə
insanların ölümünə səbəb olur.
Teymurləng – (gülərək) Lakin Sultan, mən səni
öldürməyəcəyəm.
İldırım Bayəzid – Elə isə Siz alicənabsınız. Lakin yenə Sizin
bu alicənablığınız məni təskin etməyir.
Teymurləng
– Sizin xəyalınızca bu böyüklükdə
dünyanı həmişəlik sənin kimi kor, mənim kimi
bir çolaq bir zalımamı tapşıracaqlardı? Ancaq burası heç kəsə müyəssər
olmaz. Siz əski sevdaları
başınızdan atıb yeni həyata
alışmalısınız. Çünki
bu həyatınızda daimi bir istiqlal vardır.
İldırım Bayəzid – Hər bir sevdanı
başımdan atmağı bacarsam da, müharibədə qeyb
etdiyim oğlanlarımın məhəbbətini buraxa bilmərəm. Onları
tapdırmış olsanız Sizdən razı qalaram.
Casus –
(diz çökərək) Xüdavənda, sənə
şükürlər olsun! Zalım və
gözü insanların qanlarından doymayan bir hökmdardan mənim
intiqamımı aldın.
İldırım
Bayəzidə tərəf baxaraq:- Dünən
atalıq məhəbbətinə lənətlər oxuyub, iki
oğlum bigünah öldürəndən sonra
özünü də əsir olub oğul məhəbbətini
anladırsan. Lakin Siz hökmdarlar oğul və
atalıq məhəbbətini anlamış olsaydınız,
bu gün Ankara küçələrində insan qanları
sellər kimi axmazdı.
İldırım Bayəzid – (diz çökərək)
İlahi, başımdakı səltənət və
cahangirlik sevdaları azaldıqca ürəyimdə
ata-oğulluq məhəbbətləri, insanlara rəhm və
mürüvvət şüarları göyərməyə
başlayır. Nə yapım ilahi? Əvvəlcə
vur, öldür, dağıt, qan tök, xaraba qoy, yandır,
ağlat! Sədalarının içində həzz
alarkən nə atalıq məhəbbətini anlayıb, nə
də insanların fəryadını eşidirdim. Lakin mən bu saatdan o səsləri eşitməyə,
nalələr-fəryadları dinləməyə
başlamışam. Bu qədər
günahı əfv üçün Allahımda mərhəmət
varmıdır?
Casus –
Allaha şükür olsun ki, sənin də səsin Şərq
evlərindən çıxan ah-nalə səslərinə
qarışdı!
Teymurləng
– (Mahmudxana): Get, Sultanın oğlanlarını hər yerdə
olursa tapdırıb hüzuruma gətir!
Sultan,
buyurunuz çadırda rahat olunuz! Əlindən
tutub aparır.
Casus –
İnsanları biri-digərinə qırdıran hökmdarlar
biri-digərini nəvazişdən geri durmayır. Əcəba, bəs bəşəriyyət biri-digərini
nə üçün qırırmış?
(Bir neçə əsgər Sultanın oğlu
Musanı içəri daxil edirlər.)
Zərifəbanu – (yüyürüb Musanın əlini
alır əlinə) Musa, qarşımda duran sənsənmi? (Əllərini
yuxarı qaldırır.) İlahi, sənə
şükürlər olsun ki, Türkistan ordusunun
tökdüyü qanlar nəticəsiz qalmadı!
Musa – (əlini
çəkmək istəyir, Zərifə buraxmayır). Zərifə, sən mənim əsirliyimə
sevinirmisən?
Zərifəbanu
– Əstəğfürüllah! Musa, mən o qədər
də ədəbsiz deyiləm. Mənim
sevindiyim sənin əsirliyin üçün olmayıb.
Ayrılıqdan azad olduğum
üçündür.
Musa – Zərifə,
məndən rəncidə olma! Mən bu
vüsalı ancaq türk ordusunun qələbəsi ilə
sevirdim.
Zərifə
– Musa, vüsal hər tövr olursa olsun, yenə müqəddəsdir.
Lakin türkün qələbəsi məndə
bir əsirlik hissi də oyandırmışdı.
Musa – O əsirlik bizə bundan da qiymətli bir vüsal
gecəsi qazandıracaqdı.
Zərifəbanu
– Musa, Allahımıza minlərcə şükürlər
olsun ki, bizim vüsalımızla böyük türk-tatar
qövmünün ədavətlərinə, qan tökülməsinə
nəhayət verildi.
Məhv
olsun cahangirlik müharibələri! Yaşasın eşq-məhəbbət!
Qucaqlaşırlar.
Pərdə düşür.
İsa Həbibbəyli,
Naxçıvan Dövlət
Universitetinin
rektoru, akademik
525-ci qəzet.-
2013.- 15 yanvar.- S.4.