“Şair öldü” deyərsiz!
Mərhum qələm dostum Sabir Abdullanın əziz xatirəsinə!
...Mən öləndə durub gülər üz ilə,
Qara deyil, bəyaz libas geyərsiz.
Məclis
qurub şeir ilə, söz ilə,
Soruşana “şair öldü” deyərsiz.
Kövrək anlarımda yazdığım
bu misraları bu gün işlədəcəyim
ağlıma gəlməzdi...
...Şairlər öləndə
bir parça şeir, bir zərrə gözəllik,
bir damla həqiqət ölür məncə...
Şairlər öləndə dünya
yasa bürünür,
dostlar qəmlənir,
dodaqlar qəm pıçıldayır...
Bu günlərdə bir
şair köçdü
dünyadan, qürbətdə...
qürbətin qoynuna köçdü.
Qarlı qış günündə
Günəşə həsrət
gözləri yumuldu, Vətənə həsrət
ürəyi dayandı.
Nə qəribədir! Bir zamanlar gözəlliyi,
fəlsəfəni, ayrılığı
vərəqlərə köçürən
bir insanı indi buz kimi
torpağa tapşırıb
öz sakit və isti yuvalarımıza
çəkilmişik. Halbuki bir qələm dostumuz, bir şair
həmkarımız yoxdur
artıq bu dünyada. Tədbirlərimiz
də onsuz keçəcək, şeir
məclislərimiz də...
Ədəbiyyat adlı
anamızın ürəyində
Sabir Abdulla adlı bir yara sızlayacaq,
Sabir Abdulla imzalı bir göynək!
Sabir Abdulla 1950-ci ildə
Şəkinin Oraban kəndində anadan olub. Azərbaycan Politexnik
İnstitutunu və M.Qorki adına
Moskva Ədəbiyyat İnstitutunu bitirən Sabir Abdulla ədəbi yaradıcılığa şeir
yazmaqla başlayıb.
Bir neçə şeir kitabının müəllifidir.
Onun tərcüməsində neçə-neçə
rus yazarlarının əsərləri işıq
üzü görüb.
Bir çox
mükafatlara layiq görülüb, o cümlədən
V.Tsıbin mükafatının
laureatı olub.
Rusiya və Azərbaycan Yazıçılar
İttifaqının üzvü
olub.
Gözəl Azərbaycan şairi,
ictimai xadim, mehriban dost və səmimi insan Sabir Abdulla yanvar ayının 8-də 63 yaşında
Moskvada vəfat etdi.
Allah ona və dünyasını
dəyişən bütün
qələm dostlarımıza
rəhmət eləsin!
Eyni qəriblik aqibətini paylaşdığım mərhum
həmkarıma bu sözləri yazmaq gəldi içimdən:
Yenə
də uzağam ülfətinizdən,
Şöhrətim a dostlar, şanım
a dostlar!
Bilsəz
nə çəkirəm
xiffətinizdən...
Ürəyim a dostlar, canım
a dostlar!
Yadıma
salıram yenə sizləri,
Eh, deyin heç yaddan çıxırsınızmı?!
Qalıbmı arxada ayaq izlərim?
Görən, o yollara baxırsınızmı?!
Gün çıxmır həsrətin
köksünü yara,
Ötüşən saatlar bir il kimidir.
Bu qürbət ellərin günü də qara,
Gecəsi açılmaz dərd tilsimidir.
...Ayrılıq gizlicə sinəmi oyub...
Çəkirəm qəhrini qərib
bir yükün!
Ölsəm, məzarıma bircə
gül qoyub
Və bircə damcı da göz yaşı
tökün!
12.01.13.
Moskva
Afaq Şıxlı
525-ci qəzet.- 2013.- 15 yanvar.- S.8.