İlham Namiq Kamal: “Göz aktyorun
fotoaparatıdır”
Xalq
artisti İlham Namiq Kamalla söhbət
– İlham Namiq Kamal özü üçün və
tamaşaçılar üçün kimdir?
– İlham Namiq Kamal özü üçün sadə
azərbaycanlı. Əslən Şamaxıdan olan,
Şamaxının Sarıtorpaq məhəlləsindən olan
ailə başçısı, bilavasitə ətrafında
balaları, həyat yoldaşı, nəvəsi,
qardaşları, qohum-əqrəbası olan bir azərbaycanlı.
Bu özü üçün. Tamaşaçılar üçün isə,
bilavasitə aktyor, yəni canlı surətdə
tamaşaçılarla ünsiyyətdə, təmasda olan bir
insan, rejissor, yəni hazırladığı tamaşaları
tamaşaçılara təqdim edən, öz
dünyagörüşü olan bir müəllim. Sabahkı günə Azərbaycan mədəniyyəti
və incəsənəti üçün tələbə
yetişdirən müəllim. Mən bu
cür qiymətləndirirəm.
–
Keçən, arxada qalan illər sizə necə
görünür? Özünüz bu suala cavab
verməzdən əvvəl deyim ki, Siz yaşınıza
görə çox işlər görmüsünüz.
Siz necə düşünürsünüz?
–Təşəkkür
edirəm ki, mənim zəhmətimə qiymət verirsiniz. Mən əlbət ki, müəyyən işlər
görmüşəm. Amma etiraf edim ki, istədiklərimin
ancaq 25 faizinə nail olmuşam.
– İlham müəllim, obrazın görünən, bir də
görünməyən tərəfləri var. Obrazın
görünməyən tərəfi, özü də
şirinliklə, ləzzətlə nümayiş etdirilməlidir.
Bax mənə elə gəlir ki, əsas olan
budur.
–Bəli,
elə ki, obrazın görünməyən tərəfi
göründü, onda tamaşaçı bundan ləzzət
alacaq və bir də bu obraza baxmaq istəyəcək. Obraz tamaşaçıda ikrah hissi
oyatmamalıdır.
–İlham müəllim, ömür yolunda artıq
müdriklik yaşına çatmısınız. Aktyorluq sənətində
də, sənətkarlıqla xeyli sayda obrazlar
yaratmısınız. Sizin elə obrazlarınız
var ki, onlar artıq möhürü vurulmuş obrazlardır.
Onları sizdən sonra, Allah sizə ömür versin,
heç kim oynaya bilməz. Siz
sənətkar kimi sənətdə öz
sözünüzü demisiniz. Belə olan surətdə Sizdən
soruşum: Sənətdə, teatrda və ekranda müasir durum
necə görünür? Cavanlar Sizdən və Sizdən əvvəlkilərdən
nəyi götürüblər, nəyi əxz edə bilməyiblər?
–Hər
bir dövrün öz sənətkarları var. Sənətkarlar
olub və həmişə olacaq. Yadıma gəlir,
mən teatra gələndə bizim böyük müəllimlərimiz
var idi. Adil İsgəndərov, Rza Təhmasib,
teatrda bizim böyük novator rejissorumuz Tofiq Kazımov. Onu deyim ki, Tofiq müəllimin mənim üzərimdə
çox böyük əməyi olub. Mən
bunları unuda bilmərəm. Mən teatra gələndə
Möhsün Sənani, Hökümə Qurbanova, Nəcibə
Məlikova, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli,
daha kimlər və kimlər... Bir sözlə,
teatrın sutünları var idi. Onların
bəziləri ilə hətta dublyor da olmuşam. Bu xoşbəxtlik mənə nəsib olub. Bu insanları, bu sənətkarları görəndə
anlayırdım ki, bu şəxslər zəmanəsinin nə
qədər kamil fərdləridilər. Çünki
aktyor rejissor sənəti zəmanəsi ilə
ayaqlaşmalıdır. Bunu yaddan
çıxarmaq olmaz. Bəzən zamanla
ayaqlaşa bilməyənlərə tamaşaçı da səhnədə
inanmır. Gərək həm zamanla ayaqlaşasan, həm də cəmiyyətin
ayrılmaz fərdi olasan. Bir sözlə, kamil insan olasan.
Bizə dövlət tərəfindən fəxri adlar
verilir və diqqət var. Siz təsəvvür edin ki, biz səhnədə
iki saat yarım müddətində obrazı təqdim edirik. İnanın,
bu, çox çətindir. İndi mən
hərdən fikirləşirəm ki, elə məmurlar
tanıyıram ki, onlar elə həyatda səhərdən
axşama qədər rol oynayırlar. Bəs
görəsən onlar niyə yorulmurlar? Onlar
hamını aldatsalar da, özlərini ki, aldada bilməyəcəklər.
Bu, doğrudan da belədir. Kim
olursansaol, özünü aldada bilməzsən. İnsan özü ilə tək qalanda artıq bilir
ki, o, kimdir.
– İlham müəllim, aktyor səhnədə
tamaşaçı ilə üzbəüz qalan şəxsdir. Ən
istedadlı rejissor belə aktyorsuz heç nə edə bilməz.
Bu haqda nə düşünürsünüz?
–
Bildiyiniz kimi teatr sintetik sənətdir. Rejissor,
onun yozumu, tapşırıqları aktyor üçün
önəmlidir. Mən əsl rejissorlardan
danışıram. Mən Tofiq Kazımovu nəzərdə
tuturam, mən bu günkü gündə Azər Paşa Neməti nəzərdə
tuturam. Bunlar rejissorlardır. Mən mərhum Hüseynağa Atakişiyevi yada
salıram. Bu rejissorlar öz zəngin təcrübələrini
aktyora əsaslanaraq, aktyordan çıxış edərək təqdim
ediblər. Onların siması aktyor olub. Aktyor rejissorun istədiyini çatdırma qabiliyyətinə
malik olmalıdır. Rejissor içində
olan fikri, təfəkkürü obrazın yozumunda
tamaşaçıya çatdırmalıdır. Söhbət əsl aktyordan gedir. Ancaq üzr istəyirəm, aktyorlarda da təmənnalı
olanları var. Mən həyatda da, sənətdə də saf
insanları görəndə, inanın ki, sevinirəm. Dostluqda da, sənətdə də təmənna
olmamalıdır. Mən rəhmətik Hüseynağa
Atakişiyev ilə uzun illər dost olmuşam. Ancaq səhnədə
mən onunla heç vaxt dost olmamışam. Onun
mənə tapşırdığı obrazın hərtərəfli
təqdiminə çalışmışam. Obrazı içimdən keçirmişəm.
Başqa bir bəla da var. Əgər rejissor
rolları düz bölmürsə, tərəfkeşlik edirsə,
kimə görəsə və ya kimsə aktyoru ona
tapşırıbsa, o, artıq rejissor deyil. O, gec-tez
teatrdan getməlidir. Başqa cür ola bilməz.
Mən Sizə belə bir xatirə
danışım. “Qaynana” filmi çəkiləndə
Hüseyn Seyidzadə nə mənim əmim, nə də
dayım idi. Sınaq çəkilişlərində
İlqar və Afət obrazlarının hər birinə 11
namizəd var idi. Azərbaycanın ən məşhur
aktyorları dəvət olunmuşdu. İnarə
ilə mən bəyənildik. Biz bu
obrazlara uyğun hesab edildik, təmənnasız-filansız.
İndi elə rejissorlar var ki, aktyordan təmənna
umurlar. Bu isə Azərbaycan
teatrının dağılması, məhv olması deməkdir.
– İlham müəllim, Siz həm də pedaqoji fəaliyyət
göstərirsiniz. Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin kafedra müdirisiniz,
professorusunuz. Siz yetişməkdə olan nəsli
sənətkarlıq baxımından necə
görürsünüz?
– Teatr həmişə
canlıdır. Onu canlı edən isə
aktyordur. Mənə elə gəlir ki, gələcəyə
optimist nəzərlərlə baxmaq lazımdır. Lakin müəyyən məsələlər var ki,
onlar haqqında bu gün düşünməliyik. Biz, söz yox ki, dövlətimizə cani-dildən
xidmət edirik. Başqa cür ola da
bilməz. Ancaq belə bir paradoks yaranır.
Bəli, bu gün bizim institutda seçim turu
keçirirlər. Gözəgəlimli
uşaqlar seçim turundan keçir. Bunlar seçim
turundan test imtahanlarına gedirlər və onların 90 faizi kəsilir.
Boy-buxunu, istedadı, nitqi, plastikası olanlar
testdən keçmirlər. Adil İsgəndərov
deyirdi ki, qoy istedadı orta səviyyədə olsun, ancaq səhnə
üçün görkəmi olsun. Səhnəyə
çıxanda desinlər ki, insan gəlir. Görkəm
birincidir, başqa cür ola da bilməz. Bizim seçimimizlə testdən keçənlərin
arasında çox böyük fərq olur. Testdən sonra görürük ki, bizim seçimimiz
yoxdur. Bizim sözümüz birinci olmaqdan,
axırıncı olur.Seçilənlər kəsildi,
onların əvəzinə seçilməyənlər gəldi.
Axı biz bir o qədər də çox tələbə
qəbul etmirik. Olsun 40-45 tələbə.
Biz onlara ədəbiyyat, tarix və s. fənləri universitetdə
yüksək səviyyədə keçə bilərik. Bəs səsi,
istedadı haradan alaq? Bu, əlbətt ki,
çətinlik yaradır. Mən
uşaqlarımızın bilikli və savadlı
olmaqlarının tərəfdarıyam. Belə
də olur ki, orta savadlıdır, ancaq çox
istedadlıdır. Biz orta savadlını
savadlandıra bilərik, ancaq ona istedad verə bilmərik.
İstedad Allah vergisidir. Bizim
hamımızı – sənətkar yetişdirən müəllimlərin
bir amalı var: əsl istedada düzgün istiqamət verək.
Sonrası asandır. Onlar
düz yolla inkişaf edəcəklər.
Daha bir məsələ
var. Cavan adamlar universiteti bitirib teatra gəlirlər. Bu cavanların teatrda maaşı 100-120 manatdır.
Axı 100-120 manata sənət adamı yetişə
bilməz. Mən Sizə səmimi bir etiraf edim: teatrda
işləyən aktyorun qrafiki çox gərgindir, onlar saat
11.00-dan 14.00-a qədər məşqdə, 14.00-dan 16.00-a qədər
rəqs məşqində, 16.00-dan 18.00-a qədər orkestr məşqində
olurlar. Saat 19.00-da isə tamaşadadırlar.
Belə bir qrafiklə işləyən gənc
aktyor 100-120 manatla necə dolansın? Restoranlarda
işləyən savadsız qabyuyanlar ayda 500 manatdan
aşağıya qab yumurlar. Kabab bişirən
ayda 900 manat alır. Mənim ali təhsillli
mütəxəssisim, teatrda işləyən aktyor ayda cəmi
100-120 manat maaş alır. İndi bu 120 manatla bu ali təhsilli cavan necə evlənsin, necə
ailə saxlasın.
– İlham müəllim, teatrda maraqlı obrazlar yaradan bəzi
aktyorlar, ekranda bir o qədər də uğur qazana bilmirlər. Ancaq siz həm
teatrda, həm də kinoda böyük müvəffəqiyyət
qazanmısınız və uğurlu obrazlar
yaratmısınız. Bunun səbəbi nədir?
Bəlkə səhnə ilə ekranın tələbləri
ayrıdır? Təcrübəli bir insan
kimi bunun səbəblərini
aydınlaşdırardınız.
– Əlbəttə, tələblər ayrıdır. Mən təcrübəli
rejissorlarla işləmişəm, düzgün istiqamət
almışam.
– Sizin
oynadığınız elə tamaşalar var ki, neçə
onillər keçsə də, onlar bu gün də maraqla
baxılır. Məsələn, “Evləri
köndələn yar”.
– “Evləri
köndələn yar”, “Evləri göydələn yar”,
“Mehmanxana sahibəsi”, “Göz həkimi”, “Kişilər”.
– Bəli,
bəli.
–”Bəylik dərsi”. Bilirsiz, tamaşalar
çoxdur. Mən özümü xoşbəxt
sayıram. İstər teatrda, istər
televiziyada, istər kinoda elə bir rejissor yoxdur ki, mənə
rol təqdim etməsin. Bu bir
şansdır. Bunu yaddan çıxarmayaq.
–İlham
müəllim, Sizin
danışdıqlarınızdan belə bir sual yaranır. Amplua deyilən bir anlayış var. Bəziləri
onu qəbul edir, bəziləri qəbul etmir. Sizin buna
münasibətiniz necədir?
–Mən
belə düşünürəm ki, əsl aktyorda amplua
olmamalıdır. Bir var gülməli adam
– ya tosqundur, ya gülməli səslər çıxarır,
bir də var normal görkəmli insan. Normal insan səhnədə elə obraz
yaradır ki, gülüş doğurur, sabah o, ciddi obraz
oynayır. Mən komediya da oynamışam, faciə
də. Çalışmışam ki,
obrazı peşəkarcasına çatdırım. Məsələn, İlyas Əfəndiyevin neçə
əsərində, Hüseyn Cavidin “Afət”ində Doktor
Qaratayı oynamışam. Faciəvi
obrazdır. Sonra “Dadaşbala əməliyyatı”nda
Dadaşbalanı oynamışam.
– Tam fərqli
obrazlardır.
– Müəllimlərim
mənə düzgün istiqamət veriblər. Ona görə məndə amplua deyilən
anlayış olmayıb. Mən obrazı
düzgün oynamağa çalışmışam. Aktyor ona tapşırılan obrazın xarakterini hərtərəfli
göstərməlidir. Aktyor obrazın
mahiyyətini canlandırmalıdır.
–Maraqlı
və peşəkar münasibətdir. İlham
müəllim, təqdim etdiyiniz obrazlarda Siz hansı prinsiplərdən
istifadə edirsiniz? “Yaşama məktəbi”,
“Göstərmə məktəbi”, yoxsa Brextin “yadlaşma”
prinsipinə üz tutursunuz? Bəzən mənə
elə gəlir ki, siz məqsədə müvafiq olaraq hər
prinsipdən istifadə edirsiniz. Bəzən
“göstərmə” prinsipindən bəhrələnib
“yaşama” prinsipinə keçirsiniz. Siz həmişə
obrazın rəngarəngliyinə
çalışırsınız. Bununla
da tamaşaçı yaddaşında uzun müddət
qalırsınız.
–Mən
obrazın xarakterindəki bütün keyfiyyətləri,
nüansları olduğu kimi, bəlkə olduğundan da
artıq, daha rəngarəng göstərməyə
çalışıram. Məqsəd budur.
Əvvəl obrazın zahiri görünüşü, sonra
zahirlə vəhdətdə olan daxili aləm... Ən yaxşı aktyor yaxşı müşahidəçidir.
Aktyorun müşahidə qabiliyyəti
olmalıdır. Konfranslarda, iclaslarda bəzən ziyalı insanlar
məntiqsiz çıxışlar edir. Bunu
görən kimi sənin yaddaşında qalır. Adi insanların arasında da məntiqsiz insanlar olur.
Bəzən isə sadə insanlar arasında
nurlu insanlarla rastlaşırsan.
Belələri səhnəyə gətirilməlidir,
yəni belə xarakterlər səhnədən nümayiş
olunmalıdır. Adi insan olsa belə, saf
insandır. Mən, ümumiyyətlə, həmişə insanları müşahidə
edirəm. Məsələn, bağa gedirəm,
Şamaxıya, Mədrəsəyə, sadə insanları
görurəm. Biri qoyun otarır, biri hiduşkalarını
aparır, yanaqları qıp-qırmızı. Deyir nə qulluq edim? Səmimi
deyir. Səhnədə də həyatda
olduğu kimi səmimi olmaq lazımdır. İnsanı olduğu kimi təqdim etmək vacibdir.
Mən həmişə bağa gedəndə yolda uşaqlara
deyirəm: Baxın bu dərələrə, bu dağlara, hər
şeyi, bu gözəlliyi gözünüzlə çəkin
ki, hər anı yaddaşınızda qalsın, həkk
olunsun. Yəni, müşahidəniz olsun. Aktyorda müşahidə qüvvətli
olmalıdır. Göz aktyorun
fotoaparatıdır. O, sol gözü ilə də,
sağ gözü ilə də çəkə bilər. Lazım olanı da, lazım olmayanı da.
–Teatrlarımız
işləyir, müntəzəm olaraq tamaşalar göstərirlər.
Xeyli tamaşaları Mədəniyyət və
Turizm Nazirliyi dövlət sifarişi yolu ilə
hazırlatdırır. Bu çox
böyük uğur və çox böyük diqqətdir.
– Biz
unutmamalıyıq ki, dövlətimiz, o cümlədən
möhtərəm Prezidentimiz teatr sənəti
üçün çox böyük işlər
görür. “Azərbaycan teatrı 2009-2019-cu
illərdə” Dövlət proqramı buna bariz nümunədir.
Teatrlar yenidən qurulur, bu, möhtəşəm
bir layihədir. Teatrların əksəriyyəti
bərpa və təmir olunub. Gənc
Tamaşaçılar Teatrı, Kukla Teatrı, Rus Dram
Teatrı, Milli Akademik Dram Teatrı yüksək səviyyədə
təmir olunub. Bu gün Musiqili Komediya Teatrı təmir olunur. İnandırım
Sizi ki, teatr təmiri xırda məsələ deyil. Onun
avadanlıqları, səs, işıq və s. effektləri
müasir səviyyədə qurulur. Son dövrlərə
qədər elə şadlıq evləri var idi ki, onların
işıq effektləri teatrların işıq effektlərindən
daha müasir idi. Ona görə bu gün
dövlətimizə minnətdar olmalıyıq. Bu
çatışmazlıqlar artıq aradan
qaldırılıb.
–İlham
müəllim, çox sağ olun. Siz həmişəki
kimi tam səmimi danışdınız. Mənə
elə gəldi ki, biz sənət haqqında ətraflı
danışdıq. Ancaq hər ehtimala
qarşı soruşuram, deyəcəyiniz söz qalmadı ki?
–Onu deyim
ki, aktyor, əsl aktyordursa, istər komediya, istər faciə,
istərsə də dram olsun, hamısını
oynamalıdır. O, elə bil ki, ayaqyalın ülgüc
üstə elə gəzməlidir ki, dabanı qanamasın. Vəssalam.
–
Maraqlı söhbətinizə görə sizə minnətdaram.
Söhbətləşdi:
teatrşünas Çingiz Ələsgərli.
525-ci qəzet.-
2013.- 16 yanvar.- S.8.