Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan real əməkdaşlığa
doğru
(7-ci
yazı)
Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində – neft bumu dövründə Bakıya çoxsaylı katoliklər köçmüş və Azərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır. Ümumiyyətlə, Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra bölgədə
fərqli dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın işğalından sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din, istərsə də məzhəb baxımından tərkibi xeyli dəyişdi. Şübhəsiz, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı nəticəsində işləmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi daha da zənginləşdi.
Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913-ci ilin məlumatına görə, Bakıda 76 min 927 xristian,
9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar,
məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik, lüteran və bir
sıra protestant icmaları formalaşıb. Bütün bunlar
onu göstərir ki, tarixən çoxkonfessiyalı ölkə
olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması
üçün münbit şərait olub və təkcə
ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də
bu mühitdən maksimum bəhrələniblər.
Maraqlıdır ki, Bakıda müxtəlif dinlərə, təriqət
və məzhəblərə mənsub insanların
yaşadığı dövrdə, yəni XIX əsrin sonu –
XX əsrin əvvəllərində ölkədə nəinki
tolerantlıq prinsiplərinə əməl olunurdu, hətta bu
prinsiplər inkişaf etdirilirdi. Məsələn, məlumdur
ki, Bakıda yeni “Aleksandr Nevski” kafedral kilsəsinin tikilməsinə
həm müsəlmanlar, həm də yəhudilər maliyyə
yardımı ediblər. Müsəlman ruhanilər
dindarları kilsənin tikintisinə yardım göstərməyə
çağırıblar, hətta müsəlman qadınlar
öz gümüş zinət əşyalarını metal zənglərə
əlavə olunması
üçün kilsəyə
bağışlayıblar. Başqa bir fakt: Arxangel Mixail məbədi
yanan zaman bir çox müsəlman onun bərpasına kömək
göstərib. Pravoslav ruhanilər bunun səbəbini
soruşduqda isə belə cavab veriblər: “Tanrının evi
yanan şəhərə müsibət üz verər”.
Maraqlı məqamlardan biri də
odur ki, digər dinlər, o cümlədən, xristianlara
qarşı münasibətdə müsəlman əhalinin
kasıb-varlı, təhsilsiz-ziyalı, dindar olmayan
bütün təbəqələri tolerantlıq
nümayiş etdirdilər. Bu onu göstərir ki, Azərbaycanda
tarixən mövcud olmuş tolerantlığın
insanların təhsili, sosial, mədəni səviyyəsi ilə
heç bir əlaqəsi yoxdur, bu, sadəcə olaraq azərbaycanlıların
genetik keyfiyyətidir.
Yəqin çoxları
razılaşar ki, hansısa dinə mənsub zəngin
insanın başqa dinin mənsubları üçün
öz vəsaiti hesabına ibadət evi tikdirməsi nadir hadisədir.
Bu nadir hadisə Azərbaycan cəmiyyəti
üçün ənənəyə çevrilmiş ümummilli
dəyərdir. Məsələn, XIX əsrin sonu XX əsrin əvvəllərində
Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçi milyonçular öz hesablarına nəinki
məscidlər, eləcə də bir neçə məbəd
tikdirmişlər. Başqa bir örnək isə
Hüseynağa xan Naxçıvanskinin knaginya Elizavetta
Fyodrovnanın xatirəsinə münasibətidir. Qüdsdə
dəfn olunmasını vəsiyyət etmiş knaginya Uralda əzablı
ölümə düçar olur və Şərqi Avropada XX
əsrin siyasi hadisələri zəminində onun vəsiyyətini
yerinə yetirmək qeyri-mümkün hala çevrilir. Məhz
Hüseynağa xan onun vəsiyyətini həyata keçirmək
zəhmətini öz üzərinə götürmüş
və knaginyanın Qüdsdə dəfn olunması
üçün külli miqdarda vəsait xərcləmişdir.
Azərbaycanda xristianlıqla bağlı önəmli
məqamlardan biri bu dinin müxtəlif, hətta bir-birini qəbul
etməyən təriqət və məzhəblərinin
ölkəmizdə sərbəst fəaliyyət göstərməsidir.
Əslində, Azərbaycanda təkcə xristianlıq deyil,
digər dinlərlə bağlı vəziyyət də belədir,
yəni həm yəhudiliyin, həm xristianlığın, həm
də İslamın bir-birini qəbul etməyən təriqətlərinə
mənsub insanlar neçə əsr öncədən burada
yaşayırlar və indiyədək onlar arasında heç
bir qarşıdurma qeydə alınmayıb. Bu xüsusiyyətinə
görə Azərbaycan dünyada nadir ölkələrdən
biri, bəlkə də birincisidir.
İslam.
Azərbaycanda tarixən müxtəlif dinlər yaranıb və
yayılıb. Amma onların heç biri İslam qədər
uzun ömürlü olmayıb və ümumxalq dininə
çevrilməyib. İslamdan öncə yayılmış
xristianlıq Azərbaycanın tarixi ərazilərinin
yalnız bir hissəsini, daha doğrusu, Albaniya ərazilərini
əhatə edib, atəşpərəstlik isə daha
çox Azərbaycanın cənubunda – Atropatendə
yayılıb. Bu baxımdan İslam Azərbaycan
xalqının yaşadığı tarixi əraziləri
bütünlüklə əhatə edən və son 13 əsrdə
aparıcı mövqeyini qoruyub saxlayan ümumxalq dindir.
Ümumiyyətlə,
yetmiş bir illik sovet dövrünü nəzərə
almasaq, Azərbaycan tarixinin on üç əsrlik
bölümü İslamla bağlıdır. Hətta sovetlər
dönəmində də böyük çətinliklərə
baxmayaraq, İslam mövcudluğunu davam etdirmiş və dini
dəyərlər insanların qiymətli sərvəti olaraq
qalmışdır.
Meydana çıxdığı dövrdən – yeddinci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayan İslam Azərbaycanın bütün hüceyrələrinə qədər işləmiş, silinməz və məhvi qeyri-mümkün olan izlər qoymuşdur. Azərbaycan və azərbaycanlılar üçün təkcə din yox, həm də mədəniyyət demək olan İslam bizim mövcudluğumuzu şərtləndirən və təsdiqləyən fakta çevrilib. Bu nöqteyi-nəzərdən təkcə onu demək kifayətdir ki, Azərbaycanın son 13 əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil.
Bəzən İslamın Azərbaycanda yayılması ilə bağlı müxtəlif fikirlər söylənilir, hətta bu dinin xalqımıza qılınc gücü ilə – zorla qəbul etdirildiyini iddia edənlər də tapılır. Məqsədli və ya məqsədsiz şəkildə irəli sürülən bu cür iddialar ən azı Azərbaycan xalqına və İslama qarşı hörmətsizlikdir. Çünki azərbaycanlılar nə zorla öz dinini dəyişən xalq, nə də İslam bu zorakılığa haqq qazandıran dindir.
Tarixi faktlar təsdiqləyir ki, İslamın Azərbaycanda yayıldığı dövrdə xalqın narazılığını əks etdirən etirazlar və qiyamlar baş verib, amma bu etirazlar dinə yox, siyasi hakimiyyətə qarşı yönəlib. Digər tərəfdən, əgər İslam qılınc gücünə yayılsaydı, onun Azərbaycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə çevrilməzdi. Hamı tərəfindən qəbul edilən həqiqət budur ki, İslamın türk xalqları arasında, o cümlədən Azərbaycanda yayılması böyük tarixi əhəmiyyətə malik hadisə olub. Dini birlik şüuru etnik və ya milli birlik şüurundan daha güclü və əhatəli olduğundan İslam yeni müsəlman sivilizasiyasının təməlində durdu və türk xalqları bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşuldular, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynadılar.
Əgər İslam tarixindən, mədəniyyətindən Azərbaycanla bağlı məqamları çıxarsaq, bəlkə də, o, indikindən qat-qat kasıb və natamam təsir bağışlayar. Çünki on beş əsr boyunca bu coğrafiyada yaşamış və yaratmış insanlar İslam mədəniyyətinin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməmiş və bu mədəniyyətin layiqli və görkəmli nümayəndələrinə çevrilmişlər. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız təsəvvür etmək qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir anlığa İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini və mədəniyyətini inkar etmiş olarıq. On beş əsrlik zaman ərzində milli dəyərlərimiz dini dəyərlərimizlə o qədər çuğlaşıb ki, onların sərhədlərini müəyyənləşdirmək nəinki çətindir, hətta mümkünsüzdür.
Tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olması danılmaz faktdır. Amma bu da bir həqiqətdir ki, ölkəmizdə yüksək səviyyədə dözümlük mühitinin formalaşmasında İslamın böyük rolu olub. Çünki azərbaycanlıların ənənəvi dini olan İslamda tolerantlıq, dözümlük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu Azərbaycanda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşayan digər dinlərin mənsubları buna görə Azərbaycan xalqı ilə yanaşı, İslam dininə də minnətdar olmalıdırlar.
525-ci qəzet.-
2013.- 16 yanvar.- S.6.