Namaz

 

Çoxu başlayanlar çoxlu sağ olsun,

Sən çoxu başlama, sən azı başla!

Sən nəyi başlasan Ondan razı ol,

Özündən narazı-narazı başla!

 

Qanlı-qadalıdı bəşərin yolu,

Axtar, tap müqəddəs, baş, ali yolu!

Başla yaşamağa ey insan oğlu,

Özü də tamarzı-tamarzı başla!

 

Elə dua eylə, səmaya çatsın,

Həm Günəşə yetsin, həm Aya çatsın!

Qoy insan insanla kamala çatsın,

Qoy Kamın özü də kam alsın, başla!

 

Bir ol Kainatla, bu Yer,Göy ilən,

İnsana əyilir Haqqa əyilən!

Olsun varlığında könül deyilən

Dünyanın ən böyük Camesi, başla!

 

Bu yer aşiq yurdu, yerisə, hanı?

Piyada fəth eylə Yeri, Səmanı.

Doldur bir ruhunla yeri...səmanı,

Başla, ey aşiqin səması, başla!

 

Başla sən yaxına yaxın durmağa,

Başla ən yaxına yaxın durmağa!

Başla bir könülü sevindirməyə,

Sevinsin Allahın xanası, başla!

 

Tək bircə fayda var: sən iman gətir,

Tək bircə qayda var: yerinə yetir.

Allaha səcdə et, namazı bitir,

İnsana səcdə et, namazı başla!

 

lll

 

Ağla, ağla, gözlülərə,

Ağla, ağla, kor üçün də.

Hər nə desən, hər nə gəzsən,

Sən yaxşı bax, var içində.

 

Öz içindən qana-qana,

Yaşa, yarat yana-yana.

Şeşələnmə ona-buna, 

Eşələnmə gəl, içində.

 

Səndə gəzən əsər tapsın,

Səni sənə bənzər tapsın,

Əl atanlar nəsə tapsın,

Sən olanda ol, içində!

 

Bir dur, o göyə tələsmə,

Heç vaxt heç nəyə tələsmə,

Heç vaxt ölməyə tələsmə,

Nə taparsan gor içində?!

 

İçinlə dağlara çıxdın,

Gör bir gəldin, hara çıxdın.

İçindən kənara çıxdın,

Çabalarsan tor içində.

 

Minada səni sorarlar,

Hirada səni ararlar.

Sənə də kitab verərlər,

Əgər olsan Tur içində.

 

İçinin işığı dolu,

İçinin uşağı dəli...

Yerin məlum insan oğlu,

Nə mutlusan nur içində!

 

Barat, canana bağlısan,

Nə xoş ki, Ona bağlısan.

Elə bağbana bağlısan,

Bülbüllər oxur içində!

 

lll

 

Oturaydım, sənə şeir yazaydım,

O günüm olaydı, o günüm, təki!

Hayıf oldu, o da çıxdı əlimdən,

Hardadı demirsən o zülümdəki!

 

Mən səni tapardım, gözə təpərdim,

Əğyarın gözünü tökər, tökərdim.

Xəlvətə çəkərdim, öpər,öpərdim,

Üsulmu olardı üsulum təki!

 

Varıydı, yanında üz, ün varıydı,

Dərməyə,yeməyə üzüm varıydı.

Üzünə çıxmağa üzüm varıydı,

Ta üzmü taparam o üzüm təki?

 

Bir kümə yapmışdım su üzündə mən,

Ağ günə çatmışdım su üzündə mən.

Neynirəm o evin bu üzündə mən,

Hardasan bu evin o üzündəki?!

 

 

Hörgü

 

Adəməm, söyləyən, Adamam, deyən,

Daşısan sinəndə sən ürək daşı!

Tulla ayaqlara bu daş ürəyi,

Götür ayaqlardan bu ürək-daşı!

 

Yaşamaq istəsən işin yaş olar,

Yaratmaq istəsən günün xoş olar.

Biri başa dəyər, biri baş olar,

O Fələk daşıdı, bu Məhək daşı.

 

İnsana demirəm, mənim Baratım,

Quyuya da heç vaxt quyu qazmadım.

Mən ömür sürmədim, şeir yazmadım,

Hördüm Köhnə üstdən Gələcək daşı!

 

lll

 

Ey Allaha Ünü yetən,

Nə var ki, səndən asılı.

Nə varsa Ona bağlıdı,

Nə varsa Ondan asılı!

 

O yığvalsız gözələ bax,

Necə dönüb xəzələ bax.

Əvvələ bax, Əzələ bax,

Qalıbdı Sondan asılı.

 

Nədi yazdığı bəşərin,

Yazıqlar yazığı bəşərin.

Nədi gəzdiyi bəşərin,

O Bəy, bu Xandan asılı?

 

Kəsilib əmcək, yeyilib,

Kağız-qələm tək yeyilib.

Nə qədər cəmdək yeyilib,

Bir quru göndən asılıb!?

 

Nəsimilər bu gün də var,

Özü də it günündə var.

Varmı zahid olmayanlar,

Ey Allah, bəndən asılıb!

 

Min ildi yatmadım,deyir,

Mən öldüm, çatladım, deyir.

“Tapdınmı” “Tapmadım” deyir,

Anadil məndən asılıb?!

 

 

Nəsiminin türbəsi önündə

 

Mən də yanındaydım “Bəzmi-Əzəl”də,

Ruhkən söylədiyin “Bəli”nəm, babam!

Məniydim “Nəsimi mənəm!”deyən gənc,

Onda da varıydım bəli, mən babam!

 

Türbənin önündə daim durmuşam,

Amanat deyiləm,qaim durmuşam.

Olub yeddi qatı Göyün, durmuşam,

Yerin təki qədər dərinəm, babam!

 

Həmişə yanında olnuşam sənin,

Yanında kamala dolmuşam sənin.

Balanam, balanam, bilmişəm sənin,

Göyərən qolunam, əlinəm, babam!

 

Mən şeir yazmıram, səni gəzirəm,

Mən Dan içindəki Danı gəzirəm.

Mən sənin gəzdiyin dini gəzirəm,

Mən Elməm, mən Eşqəm, Təliməm, babam !

 

Gəzib könüldə qəm,gəzib gözdə nəm,

Gərək gizlənməyəm,gərək gizlənəm.

Mən gizlin Aşkaram,aşkar Gizlinəm,

Açılmaz açımın, sirrinəm, babam!

 

Səni elə duydum, qüvarlanıram,

Ah, sənə kim qıydı... qubarlanıram.

Səni elə sevdim, ölsəm, sanıram,

“Nəsimi!”söyləsəm dirilləm, babam!

 

Adı bir olanın min adı mənəm,

O Kəbədi, mənəm, Minadı,mənəm.

Bütün həyatların həyatı mənəm,

Bütün ölümlərə ölüməm, babam!

 

Gəlmişəm görsünlər çıxmayıb canın,

Saralıb, sönməyib Günəşi, Danın!

Gəlmişəm, kəsilsin tökülən qanın,

Dur, geyin, soyulmuş dərinəm, babam!

 

 

Qordi düyünü

 

İsgəndər qılıncı, hardasan, harda,

Deyim bu dünyanın nəyini doğra.

Bu günə bənzəyən düyünü kəs, at,

Düyünə bənzəyən bu günü doğra!

 

Qura bilməz başsız başlar saatı,

Xoş günün nə zaman başlar saatı?

Yoxsa yaxınlaşır Məhşər saatı,

Ürəyimə daman duyumu doğra!

Demirəm nəf qazan, nəfə sahib ol,

Ölərsən, deyildir nəfəs axı, bol.

Gəl könül adlanan Evə sahib ol,

Gəl ömür adlanan düyünü doğra!

 

Həll etmək çətindir tək, qalmaqalı,

Zirvəyə çıxmışdın tək qalmağamı?

Cap getsin zirvəni, tək qalma barı,

Quyuya düşmüsən, quyunu doğra!

 

Saxla, yaxşı saxla, sən bir qılıncı,

O Dəbilqə, sipər, səngər qılıncı.

Göyüm göydən enib...endir qılıncı,

Heyim heydən düşüb... heyimi doğra!

 

İtirib, tapammır Yer-Göy insanı,

Özünü yandıran kösöy insanı.

İnsan edə bilmir bu Ney insanı,

Al əldən zamanın Neyini doğra!

 

Bu qılıncın nə var, ağzına vermə,

Kim desə ki, su ver ağzına, vermə!

Sürünü canavar ağzına vermə,

Ən yaxşısı budur: qoyunu doğra!

 

Dünya əvvəlkidi, hamança yükdü,

O samanlıq yükdü, samança yükdü.

Cüt Dərdi, Dərd Cütü yamanca yükdü,

Sınmamaış bu Kəlin boyunu, doğra!

 

Sənə, mənə dönən əvvəllər vardı,

Əvvəl Sona dönən əvəllər vardı.

Gedib sonra dönən əvvəllər vardı,

Əvvəl ola bilmir, bu Sonu doğra!

 

Dərkdədir, Şəkkdədir Qordi düyünü,

İndi ürəkdədir Qordi düyünü.

Qərbdədir, Şərqdədir Qordi düyünü,

Hər bir tərəfdədir Qordi düyünü,

Yalan deyirəmsə, di məni doğra!

 

 

Ruh gəmisi

 

Beş-on adam mindi Nuh gəmisinə,

Deyən dedi: Tufan günüdü, gedək!

Ey Nuh gəmisindən düşən adamlar,

Eh!.. nahaq düşdünüz, dönün də, gedək!

 

O gündən bu günə günümüz qara,

O gündən bu günə qanımız qara.

Mən də bu günəcən yaşamırdım ha,

Gəmi düzəldirdim min ildi, gedək!

 

Mənəm bu Xeyir də, mənəm, mən,Şər də,

Mənəm o Məhşər də –Ənşər-Mənşər də!

Təkcə olmayacaq Məhşər Məhşərdə,

Məhşərə bu Məhşər günündə gedək!

 

Hayana gəniyim a Nuh gəmisi?

Mən sənin kimiyəm, a Nuh gəmisi!

Sənə də gəmiyəm, a Nuh gəmisi,

İndi gəmi mənim gəmimdi, gedək!

 

Demirəm hər ömrün xilaskarıyam,

Deyirəm, mən Könlün xilaskarıyam.

Mən də öz dövrümün xilaskarıyam,

Mənə əmin olan əmindi, gedək!

 

...Yox olan gəmini xilas edəcəm,

Nuh olan gəmini xilas edəcəm.

Etsəm mən hamını xilas edəcəm,

Mən Ruh gəmisiyəm, minin, di gedək!

 

 

Aylı yol

 

Çiçək-çiçək uzanır,

Mən arı, bir yoldayam.

Yığanda söz yığıram,

Mən ayrı bir yoldayam.

 

Varıb Ona gedirəm,

Gəlib cana, gedirəm.

Mən İnsana gedirəm,

Mən ali bir yoldayam.

 

Gecənin yaraşığı,

Könüldə yar işığı!

Yoldaşım ay işığı,

Mən Aylı bir yoldayam!

 

Köhnə kainat mənəm,

Təp-təzə bir aləməm.

Bir gündü səfərdəyəm,

Min aydı bir yoldayam!

 

 

Doğuş

 

Ürəkdi dünyanın ən böyük bətni,

Damıb ürəyimə, deyir: doğacaq!

Böyütsən ay adam, Ruhunu böyüt,

Doğsa yenə nəsə o Sirr doğacaq!

 

Bilmir qaçsın hardan hara, buludlar,

Yermi salır buludlara,buludlar?

Verəcək hökmünü qara buludlar,

İndicə Allahın Göyü doğacaq!

 

Bir sirri bir çoban yenə duyacaq,

Öz başını bir quyuya əyəcək...

“İskəndərin buynuzu var” deyəcək,

Hec vaxt doğmamıştək quyu doğacaq!

 

Həyatdır həyatın doğduqları, bax,

Ölüm nə doğacaq, bilinmir heç vaxt!

Babam sevinir ki, nəvəm olacaq,

Çoban sevinir ki, qoyun doğacaq!

 

Sükut hamiləymiş... onçün susurmuş,

Olmaya doğanın doğmaq suçuymuş?

Bu da ərdən ərə gedən... qısırmış,

Bu da bakirə qız! Buyur, doğacaq!

 

Başımıza düşən daş əlacdımı,

Başa düşəcəkdir daş, əl açdımı.

Bizləri ki, belə “qoşalaşdırır”,

Küçükləyib... o çarpayı doğacaq!

 

İgid! İgidlik ki, bir şərt olacaq,

Qorxma başımıza min dərd gələcək.

Dünyaya təp- təzə bir mərd gələcək,

Sıyır qılıncını, sıyır, doğacaq!

 

Yenə arıların balını yeyir,

Yeyir, zalımların zalımı, yeyir.

“Bə hanı bu balın qalanı?”-deyir,

Yəqin yerikləyib... Ayı doğacaq?

 

Hələ canavarı canavar doğur,

Məna var- doğulur, məna var- doğur.

Ən böyük Vətəni analar doğur,

Ən böyük Adamı şeir doğacaq!

 

 

Bilmirəm

 

Dünəndən olanlar yadımdan çıxıb,

Bayaqdan, bayaqdan heç nə bilmirəm!

Nə vaxtdan sanırdım çox şey bilirəm,

Sabahdan, sabahdan heç nə bilmirəm!

 

Bu abad beşiyi-goru tanıdım,

Bu rahat məzarı-darı tanıdım.

Bu köhnə qocanı görüb tanıdım,

Bu təzə uşaqdan heç nə bilmirəm!

 

Yerə də, Göyə də... söyləyir ağlım:

Bəlkə uyğunsuzluq uyğundu,bilim!

Hər gün elədiyim, hər gün yuduğum,

Günahla, günahdan heç nə bilmirəm!

 

Verilmiş mənə də bax,Buta Eşqim,

Budur, könlümdədir bax, buta, Eşqim!

O Dərgah Eşq imiş, bax, bu da Eşqim,

Dərgahda dərgahdan heç nə bilmirəm!

 

Ərz eylə, hər kim ki, yolunu azmış,

Əsl həqiqəti Füzuli yazmış:

“Bilmək yetər ki, bu: bilmək olmazmış!” 

Bu Haqla o haqdan heç nə bilmirəm!

 

Hamı yaxşı bilir,uşaq ha deyil,

Hünər bu taxdakı uşaqda deyil.

Şah idarə edən bu şah ha deyil,

Bu şahla o Şahdan heç nə bilmirəm!

 

O Peyğəmbərlərdi, bu Nəbilər ki,

Deməzlər Barata, bu, nə bilər ki?!

İnsanla İnsandan nə bilirəm ki,

Allahla Allahdan heç nə bilmirəm!

 

 

Bağışla!

 

Bu mələk insanla öc olub nəsə,

Bu şeytan paxılı Allah, bağışla!

Sonacan ağılsız uşaq olammır,

Ağıllı ahılı Allah, bağışla!

 

Bülbül öz köksünü ötürüb, ötür,

Gül var, açılmamaş ömürü bitir.

Aləmi başına götürüb gedir,

Kor bayquş nağılı, Allah, bağışla!

 

Bilir öz gücünü guya bu ümman,

Böyüyüb, uzanır hardan haracan!?

Öyünüb, axırada suya qərq olan

Qurunu, sahili Allah, bağışla!

 

Verib sözümüzə söz söykəyi sən,

Zirvə eyləyirsən yüz çökəyi sən!

Enir, üzümüzə üz söykəyirsən,

Üzünə baxılmır, Allah, bağışla!

 

Sirdi, müəmmadı ömür deyilən,

Kim sevirəm deyir, sevmir, deyirəm!

Necə ağıllıdı könül deyilən,

Könülsüz ağılı Allah, bağışla!

 

Qırır zəncirini iti dünyanın,

Sanır ömrü-günü bitir dünyanın.

Tək bircə söz deyir bütün dünyanın,

Arifi, cahili “Allah, bağışla!”

 

Ay Barat, özündən sən razı ikən,

Ölərsən, özünə tamarzı ikən.

Hər şeyin əvvəli “Allah mənəm, mən!”

Hər şeyin axırı “Allah, bağışla!”

 

 

Barat Vüsal

 

525-ci qəzet.- 2013.- 16 yanvar.- S.7.