Jurnalistika tarixinin öyrənilməsinə yeni töhfə

 

Müasir jurnalistikanın ən aktual və maraqlı sahələrindən biri xarici ölkələrin jurnalistika tarixidir. Demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində bu problemə dərin maraq göstərilir, bu sahədə xüsusi araşdırmalar aparılır, ən nüfuzlu ali məktəblərdə aparıcı bir fənn kimi öyrənilir, tədris olunur.

Uzun illərdir ki, Bakı Dövlət Universitetində (BDU) və respublikamızın bəzi ali tədris müəssisələrində xarici ölkələrin jurnalistika tarixi xüsusi ixtisas fənlərindən biri kimi tədris olunur. Bu fənnin tədrisi imkan verir ki,  dünyanın ayrı-ayrı ölkələrində mədəni irsin inkişafında mətbuatın yeri və rolu izlənilsin, bu istiqamətdə qazanılmış uğurlar üzə çıxarılsın. Eyni zamanda, bu sahədə qazanılan biliklər bütünlükdə beynəlxalq miqyasda dünya mətbuatının yaranması, inkişafı və uğurları barədə tam və müfəssəl məlumatların əldə edilməsinə köməklik göstərir.

Bakı Dövlət Universitetində Beynəlxalq Jurnalistika kafedrası yaradıldığı vaxtdan (2004) Jurnalistika fakültəsində beynəlxalq jurnalistikanın ayrı-ayrı sahələrinin tədrisi xüsusi aktuallıq kəsb edirdi. Bu mənada tanınmış publisist, professor Həmid Vəliyevin xidmətləri xüsusilə diqqətəlayiqdir. Yeni açılan kafedranın rəhbəri olmaqla yanaşı, Həmid müəllim bu fənnin tədrisi sahəsindəki boşluqların da aradan qaldırılması istiqamətində konkret addımların atılmasına təşəbbüs göstərdi.

Həmid müəllim qısa müddət ərzində  bu fənnin tədrisi sahəsində xüsusi dərsliyin olmadığını nəzərə alaraq bu sahədəki boşluğu doldurmaq məqsədilə “Dünya informasiya agentlikləri” (Bakı, 2003) kitabının ardınca daha maraqlı və qiymətli bir kitab – “Beynəlxalq jurnalist təşkilatları” ( Bakı, 2005) dərsliyini çap etdirdi.

Beynəlxalq jurnalistikanın ayrı-ayrı sahələrinə dair xüsusi dərsliyin olmaması (Azərbaycan dilində) bu fənnin tədrisində xeyli çətinliklər  yaradırdı. Məhz bu cəhəti nəzərə alan Həmid müəllim bir neçə il ərzində yeni tədris vəsaitinin yazılması və nəşri istiqamətində  konkret addımların atılmasına  təşəbbüs göstərdi. Bu yaxınlarda işıq üzü görmüş “Xarici ölkələrin jurnalistika tarixi” adlı dərslik məhz bu təşəbbüsün səmərəli bəhrəsidir (Həmid Vəliyev. Xarici ölkələrin jurnalistika tarixi. Bakı, “Tuna”, 2012. 640 səh. Dərslik. Elmi redaktorlar: professor Nəsir Əhmədli, dosent Vüqar Əliyev).

Əslində, “Xarici ölkələri jurnalistikasi tarixi” fənni BDU-da çoxdan tədris olunsa da, bu sahədə ana dilimizdə dərsliyin  tədris vəsaitinin yoxluğu bir sıra çətinliklər yaradırdı. Bu istiqamətdə növbəti addım 2007-ci ildə atılmışdır. Tanınmış və təcrübəli pedaqoqlar Nəsiman Yaqublu və Akif Rüstəmli “Jurnalist” qəzetinin layihəsi əsasında Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə “Xarici ölkələrin jurnalistikası” kitabını nəşr etdirmişlər ( Bakı, “Adiloğlu”, 2007, 212 səh., redaktor tarix elm.ü.f. dokt. Sabir Məmmədli). Həmin nəşrdə xarici ölkələrin – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Hindistanın  jurnalistika sistemi araşdırılmış və dünyanın on ölkəsinin mətbuatı, televiziya və radiosu, informasiya agentlikləri haqqında məlumatlar verilib.

Əlbəttə, “Xarici ölkələrin jurnalistikası” kitabının nəşri nə qədər uğurlu olsa da, yenə bu mövzu tam əhatə olunmurdu və bu fənni tam əhatə etmirdi. Daha sanballı, məzmun etibarilə daha geniş coğrafiyanı əhatə edən dərsliyə böyük ehtiyac vardı...

Hazırki dərsliyin uğurları nə ilə bağlıdır?

Hər şeydən əvvəl, belə bir kitabın hazırlanması və nəşri olduqca qiymətli və faydalı addımdır. Müəllif xarici ölkələrin jurnalistika tarixinə müraciətindən əvvəl, ümumiyyətlə, jurnalistikanın aktual problemlərinə, xüsusən, kütləvi informasiyanın tarixi təşəkkülündə əsas anlayışlara və kateqoriyalara müraciət edir və onlar barədə müəyyən təsəvvürlər yaratmağa cəhd göstərir. Həmin məsələlər bunlardır: “İnformasiya”, “Kommunikasiya”: bu anlayışların məzmununda idarəetmə funksiyaları; “Publisistika”, “Jurnalistika”: bu anlayışların yaranması və onların məzmununun tədrici inkişafı; “Təbliğat” termininin kökləri və onun müasir əhəmiyyəti; Şifahi publisistika; Kitab çapı informasiya vasitələrinin inkişafında texniki amil kimi. Burada müəllif jurnalistikaya dair bir sıra  terminlərin yaranma tarixinə, onların məzmununa, ayrı-ayrı ölkələrdə keçdikləri inkişaf yollarına diqqət yetirir, qiymətli fakt və materiallara söykənir.

İnformasiya vasitələrinin inkişafında kitab çapının ən əsas texniki amil olduğunu vurğulayan Həmid müəllim çox doğru olaraq xarici ölkələrin jurnalistika tarixinin öyrənilməsini Almaniyadan (müasir kitabın nəşri məhz orta əsrlər Almaniyasının adı ilə bağlıdır) başlayır.

Əvvəlcə, Almaniyada mətbuatın yaranma tarixi və inkişafı, XIX əsr alman mətbuatı, Almaniyada partiya mətbuatının yaradılması, Bismark və mətbuat məsələləri, sonra isə XX əsr alman jurnalistikası, Almaniyada radio və televiziya və nəhayət Almaniyanın informasiya agentliklərinin fəaliyyəti öyrənilir.

Həmid müəllimin fikrincə, XVII əsrdə Almaniyanın hər yerində dövri mətbuat yaranmışdı. İlk mətbuat orqanları da məhz bu ağır əsrdə meydana çıxır. Marqot Lindemanın məlumatına  görə, XVIII əsrdə Almaniyada artıq 135 qəzet çıxırdı.

Böyük Britaniya jurnalistikasına həsr olunmuş  bölmə bu hissələrdən ibarətdir: İngiltərədə dövri mətbuatın yaranması və inkişafı; Daniel Defo jurnalist kimi, Conatan Svift jurnalist kimi, XIX əsr mətbuatı: “Times” qəzeti “Əkinçi”mizdə, Dillon erməni “soyqırımının” ən qədim təbliğatçılarından biri kimi, XX əsr jurnalistikası; radio və televiziya; informasiya agentlikləri; Röyter;  Press Assosiasiyası (PA); Eksçeyna Teleqraf.

Böyük Britaniya jurnalistikası tarixinə həsr olunmuş  fəslin iki bölməsi – “Times” qəzeti “Əkinçi”mizdə, Dillon erməni “soyqırımının” ən qədim təbliğatçılarından  biri kimi” bizim üçün daha maraqlıdır.

“Əkinçi” qəzeti 1876-cı il 6 dekabr tarixli sayında yazırdı: “Bizim müsəlman tayfasının ingilis tayfasından nə qədər geri qaldığını “Əkinçi” qəzetinə və London şəhərində çap olunan “Tayms” qəzetinə baxmaq ilə bilmək olar”.

İngiltərə jurnalistikasının lideri olan məşhur “Tayms” qəzeti (ABŞ prezidenti Avraam Linkoln “Tyams”ı “dördüncü hakimiyyət hesab etməklə yanaşı, dünyada ən böyük qüvvələrdən biri kimi dəyərləndirirdi. Kraliça Viktoriya məktublarından birində “Times” qəzetinin cəmiyyətin həyatına çox güclü təsiri olmasından söhbət açırdı. – Sitat H. Vəliyevə məxsusdur.) “Əkinçi”nin təsisçisi, görkəmli ədib Həsən  bəy Zərdabinin “Tayms” və “Əkinçi” qəzetləri arasındakı müqayisələri baxışında nəzərdən keçirilir.

Fəslin ikinci bölməsi tanınmış ingilis şərqşünası, hərbi müxbir Con Dillonun 1901-ci ilin iyulunda “Review of Reviesws” qəzetində çap etdirdiyi məqaləsi əsasında hazırlanıb. Həmid müəllim xatırladır ki,  Con Dillon və onun kimilər ermənilərin Türkiyədə törətdikləri vəhşilikləri türklərin adına çıxmaqla dünya ictimaiyyətində antitürk rəy formalaşdırmağa çalışmışlar və bu gün ermənilərin  irəli sürdükləri uydurma soyqırım məsələsi məhz həmin başabəla müxbirlərin erməni fitnəkarlarına dəstək vermələrinin  nəticəsi kimi dəyərləndirilə bilər.

Fransa mətbuatı tarixinə həsr olunmuş bölmə dövrü mətbuatın yaranması və inkişafı; “La Gazette” fransızca ilk çap qəzeti kimi; XIX əsr mətbuatı, Onore de Balzak jurnalist kimi; Emil Zolya jurnalist kimi; Frans-Press agentliyi hissələrindən ibarətdir.

Müasir Fransa mətbuatı nümunələrinin Azərbaycanla bağlı materiallara yer verməsi məsələsi  bu bölmədə də öz əksini tapıb. Xüsusən, “Frans şüar”, “Mond”, “Exspress”, “Fiqaro”, “Humanite” qəzetlərinin səhifələrində Azərbaycanla bağlı çap olunmuş bəzi materiallara diqqət yetirilir. Həmin materiallar daha çox Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən (1991 oktyabr)  sonrakı illərə aid məqalə və xəbərlərdir.

Dərsliyin  sonrakı V-VII fəsilləri belə adlanır: “İtaliya, İspaniya və Portuqaliyada mətbuatın yaranması və inkişafı”, “ABŞ”, “Rusiya”, “Türkiyə”, “Ərəb ölkələri”, “Hindistan”, “Çin”, “Yaponiya”.

Çin fəslində (XI fəsli Həmid müəllimin çox maraqla bir qeydi var ki, bu fakt həm tələbələr, həm də jurnalistlər üçün, həm də mətbuat tarixi ilə maraqlanan bütün oxucular üçün olduqca qiymətlidir. Fəslin “Mətbuatın yaranması və inkişafı” bölməsinə belə bir epiqraf verilmişdir:”Dünyanın ən qədim qəzeti Çinin Pekin şəhərində yaradılmış və 911-ci ildən 1911-ci ilə qədər düz min il müxtəlif adlarda nəşrini davam etdirmiş “Kinq Pao olmuşdur.”

Bu fəsildə ardıcıllıqla adları sadalanan ölkələrdə mətbuatın yaranması və inkişafı, radio və televiziyalar, informasiya agentlikləri, yeni dövr jurnalistikası haqqında məlumatlar verilir. Burada digər ölkələrdən fərqli olaraq Türkiyə jurnalistikası haqqında məlumatlar verilir. Burada digər ölkələrdən fərqli olaraq Türkiyə jurnalistikası tarixinə xüsusi önəm verilir və yuxarıda sadalanan problemlərdən savayı, həm də Türkiyədə çap işinin meydana çıxması, bu ölkədə xarici dildə  nəşr olunan qəzetlər, türk dilində ilk mətbuat orqanlarının yaranması, “Təkvimi- vəkayi” ilk qəzet kimi, türk dilində “Cərideyi – havadis”, “Tərcümani – əhval”, “Təsviri – əfkar”, “Müxbir”, Hürriyyət” qəzetləri, XIX əsrin ikinci yarısında türk mətbuatı, türk mühacir mətbuatı, XX əsr türk jurnalistikası barədə də ətraflı məlumatlar verilir.

Ərəb ölkələrinə həsr olunmuş fəsildə Misir, Suriya, Səudiyyə Ərəbistanı, Behreyn, Livan, İordaniya, İraq, Yəmən, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Tunis, Mərakeş, Liviya və Sudanın mətbuat orqanları, radio və televiziyası barədə fakt və materiallar toplanıb.

Dərsliyin son iki fəsli belə adlanır: “Beynəlxalq jurnalist hərəkatı”, “Beynəlxalq informasiya təşkilatları”.

XIII fəsildə Beynəlxalq jurnalist təşkilatlarının fəaliyyətinin xüsusiyyətləri, Beynəlxalq jurnalistlər federasiyası, Beynəlxalq jurnalistlər təşkilatı, Beynəlxalq mətbuat institutu, Beynəlxalq jurnalist təşkilatlarının beynəlxalq qurumlarla əlaqələri, “Sofiya bəyannaməsi”, “Mətbuat azadlığı xartiyası haqqında ətraflı məlumatlar verilir və Beynəlxalq jurnalist hərəkatının əsas xüsusiyyətlərindən və inkişaf  meyllərindən danışarkən vacib cəhətə diqqət yetirməyin zəruriliyi vurğulanır:

Birinci, beynəlxalq jurnalist hərəkatında region təşkilatların yaradılması üstünlük təşkil edir və həmin proses bütün qitələrdə özünü aydın göstərir.

İkincisi, beynəlxalq jurnalist hərəkatında qarışıq peşələrin nümayəndələri ilə birləşmə meylləri güclənmişdir.

Üçüncüsü, beynəlxalq jurnalist təşkilatları öz fəaliyyətlərinin istiqamətlərini dəyişdirmişlər.

Həm də bu zaman nəzərə almaq lazımdır ki, Beynəlxalq Jurnalistlər Federasiyası yarandığı ilk gündən etibarən jurnalistlərin peşə etikasına ciddi riayət etmələrini vacib şərt kimi qoymuşlar.

Nəhayət , dərsliyin sonuncu fəsli  – “Beynəlxalq informasiya təşkilatları” bu bölmələri əhatə edir: Avropa mətbuat Agentlikləri Alyansı; Asiya və Sakit okean Ölkələri İnformasiya Agentliyi – PANA; Ərəb İnformasiya Agentlikləri Federasiyası  – FANA; Latın Amerikası xüsusi İnformasiya Agentliyi – ALASE; Latın Amerikası Milli İnformasiya Xidmətləri Təşkilatı – ASİN; Bloklara Qoşulmayan Ölkələrin İnformasiya Agentliklərinin Pulu.

Bu informasiya təşkilatlarının  hər biri barədə dərslikdə müfəssəl məlumatlar verilir. Yeni çapdan çıxmış dərslik bütünlükdə jurnalistika ixtisası üzrə təhsil alan bütün tələbə və magistrlər üçün olduqca vacib bir tədris vəsaitidir və onlarda xarici ölkələrin jurnalistika tarixi barədə tam və ətraflı təsəvvür yarada biləcək səviyyədədir. Belə bir dərsliyin hazırlanması və nəşri çox böyük zəhmətlər bahasına meydana gəlir. Buna görə də hər şeydən əvvəl dərsliyin müəllifi, professor Həmid Vəliyevin çoxillik axtarışlarının uğurlu bəhrəsi kimi, hazırki kitabın nəşrini yüksək qiymətləndirir, əməkdar jurnalistə və Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisinə bu istiqamətdə daha böyük uğurlar qazanmasını arzulayırıq.

 

 

Vaqif Arzumanlı,

Filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2013.- 16 yanvar.- S.4.