Şair, səndən yazmaq istəyirəm
(davamı)
Xalq
şairi Xəlil Rza ilə görüşlərim...
Rayon
Partiya Komitəsinin birinci katibi Nadir Əbdürrəhmanlının
xoş rəftarı, insani
xüsusiyyətləri şairi çox təsirləndirmişdi.
Məhsul
bayramı başlayanda Xəlil Rza mənə yaxınlaşıb:
– Təbrik
sözünü sənmi deyəcəksən? – deyə
soruşdu.
– Katibə
demişəm, yazıçılar, şairlər adından sən
danışacaqsan.
Xəlil
Rza sevincək oldu:
– İstəyirəm
gecə yazdığım poemanı oxuyum. Birinci katibə həsr
etmişəm. Bu gün bəlkə də hamıdan çox
onun bayramıdır. Qoy könlü şad olsun. Mən hər
katib haqqında poema yazmıram. Qoy o da tarixə
düşsün.
– Xəlil
müəllim, çıxış beş dəqiqə nəzərdə
tutulub. Sənin poeman da yəqin ki, bir saata yaxın vaxt
aparacaq. Onsuz da efirə verə bilməyəcəyik. Yəqin
katib özü də sənə deyəcək.
Xəlil
Rza poemanı axıracan oxudu. Birinci katib neçə dəfə
“Xəlil müəllim, sözünü qurtar” dedisə də,
xeyiri olmadı.
Sonra Qala
düzünə üz tutduq. Hər tərəfdə manqallar
tüstülənir, samovarlar qaynayırdı. Biz qonaqlar
stollara yaxınlaşıb, camaatı təbrik edirdik.
Stolların arxasından alqışlar gülüş səslərinə
qarışırdı. Əl çala-çala ucadan “Nəsibə
Zeynalova! Xəlil Rza!” deyirdilər.
lll
Ədəbiyyat
aləminin tanınmış simalarından biri olan Qulu Xəlilov ən
yaxın dostlarından, məsləkdaşlarından biri idi.
O, ağır xəstəliyə tutulmuşdu. Moskvadan
üzü bəri neçə-neçə xəstəxanada
olmuş, ağır operasiyalar keçirmişdi. Qulu Xəlilov
alovlu qələm sahibi idi. Dissertasiya müdafiə etmək,
alim olmaq, elm yollarında irəliləmək, yüksəlmək
arzusu ilə yaşayırdı. Nəsrdə qələmini
sınayırdı. Yaradıcılıq sahəsində
istedadla yazılmış əsərləri gənc qələm
sahibini gələcək illərə, uğurlara səsləyirdi.
O, yazmaq istəyirdi, ancaq ağrılar-acılar yazmağa
imkan vermirdi. Xəlil Rza ona baş çəkməyə gələndə
yazıq-yazıq dedi:
– Ay Xəlil,
böyük dərddir. Yazmaq istəyirəm, ancaq yaza bilmirəm.
Fikirlər ürəyimi dağıdır. Bəlkə bir
qardaş kimi mənə kömək eləyəsən?
Xəlil
ona ürək verdi:
– Ay
Qulu, mən hazır, qardaş.
– Hiss edirəm
ki, gündən-günə geriləyirəm. Hərdən
qara fikirlər gəlir ürəyimə. Bir gün yanıma
gələnlərə deyəcəklər: “Daha Qulu Xəlilov
yoxdur”.
– Sən
nə danışırsan, qardaş? Sən yaşayacaqsan!
Qulu Xəlilovun
gözləri şüşələndi:
–
Qardaş, mənə ümid verib, deyirsən ki,
yaşayacaqsan. Elə mənim də ürəyimdən
keçir ki, bir əsər başlayaq, adı olsun “Yaşamaq
istəyirəm”. Bilmirəm, hekayə, povest, yoxsa roman olacaq. Bəlkə
ömür vəfa elədi, yazdıq onu.
Xəlil
Rza ayağa qalxıb, otaqda var-gəl elədi:
– Sabahdan
hər gün yanındayam. Sən danışacaqsan, mən də
qeydlər edəcəyəm. Gecələr yatmayacağam...
Dostumuz Cəmil Əlibəyov belə əsəri əl-əl
gəzir. Bəri başdan deyirəm, yaxşı
qarşılanacaq.
Bir
neçə gün sonra Xəlil Rza dostunun yanına gələrkən
qollarını geniş açıb:
– Qulu, sənə
xəstəlik yaraşmır, – dedi. – Sənə xoş xəbər
gətirmişəm. Sənin yerinə başqası
olsaydı, qanad çalıb göylərə
uçardı.
– Ay Xəlil,
ürəyimi üzmə, de görüm nə xoş xəbərlə
gəlmisən?
– Cəmil
Əlibəyova min alqış, “Yaşamaq istəyirəm”in
ilk fəsillərini çox bəyənib, sabah, ya biri gün
yanına gələndə qoltuğumda “Azərbaycan gəncləri”
olacaq. – Sözünə azca ara verib, – Cəmil müəllim
ağıllı təkliflər də verdi.
Hamısını bloknota yazmışam. Sonra bir-bir sənə
oxuyacağam.
–
Ağzımız nədir eləməyək, ay Xəlil, – deyə
Qulunun sifəti işıqlandı. – Allah qoysa, povestin
çapı qəzetdə başa çatan kimi, kitab barədə
düşünərik. Həkimlər bir yana, bəlkə bu
məni ayağa qaldırdı, yaşatdı.
– Qulu,
deyirsən yaşamaq istəyirəm. Mən də deyirəm, sən yaşayacaqsan!
“Azərbaycan
gəncləri” qəzetinin nömrələri əllərdə
gəzirdi. Povest çox şirin oxunurdu, ədəbi aləmdə
bir yaz dalğasına döndü.
Povest iki
imza ilə çap olunur, qəzetin redaksiyasına məktublar
axın-axın gəlirdi.
Bu,
doğrudan da Qulu Xəlilovun taleyi oldu. O, xəstəliklərin
caynağından sıyrılıb çıxdı. Bilmirdi
Xəlil Rzaya necə minnətdarlıq eləsin, hansı
sözləri desin. Çox fikirləşəndən sonra onu
qucaqlayıb dedi:
– Ay
qardaş, sənin adın Xəlildi, mənim də familiyam.
Tale bizi doğmalaşdırdı, qardaş elədi. Mən
yaşamaq istəyirdim, sən yaşatdın məni.
Ömrümlə, taleyimlə sənə minnətdaram.
Bu
sözlər Xəlili ürəkdən silkələdi,
kövrəltdi. Bəlkə elə buna görə Quluya
öz zəhmətini halal elədi, imzasını geri
götürdü. Povest ikinci dəfə tək imza ilə
çapdan çıxdı: “Qulu Xəlilov. “Yaşamaq istəyirəm”.
lll
Sovetlər
dövründə respublikada tək bircə televiziya kanalı
var idi – AzTV. Hamının ürəyindən bu kanalda
görünmək arzusu keçirdi. Aylıq proqramımız
“Poeziya” adlanırdı. Redaksiyaya gələn şeirləri
seçib-seçmələyir, sonra aparıcıya – Xalq
şairi Bəxtiyar Vahabzadəyə verirdik. O da qovluqdakı
şeirləri ayırıb, “Mən istərdim ki, bu şairləri
dəvət edəsiniz”, – deyirdi.
Xəlil
Rza deyirdi: “Orada çıxış edənlərin çoxu
məndən cavandı. Mənə tək söz verin, ya da
öz yaşıdlarımdan biri ilə”.
Xəlil
Rza yaxşı bilirdi ki, onu institutda, küçədə,
tramvayda, trolleybusda, toyda, yasda izləyirlər. Bunu da bilirdi ki,
televiziyaya yolu heç də “asfalt”dan keçmir. Sədrin də,
baş redaktor kimi mənim də, şöbə müdirinin də
ona yaxşı münasibəti var. Ancaq bilmirdi ki, hər
çıxışından sonra bizə neçə-neçə
yerdən zəng olur. Hərənin ağzından bir avaz gəlirdi:
“Xəlil Rza filan şeirində nə demək istəyirdi”,
“Filan misrada nə deyirdi?” İnsafən Xəlil Rza nə qədər
çılğın olsa da sözə gəlimli idi. Məndən
heç nəyi gizlətmirdi. Hətta incikliyini də!
Xeyli
sükutdan sonra yenə iş otağımda
göründü.
–
İgid, bir silsilə şeir gətirmişəm.
Könlümdən keçir ki, səninlə bir yerdə
seçək. On dəqiqə olsa bəsimdir. Belə eləsəniz,
ilin sonunacan bu tərəflərdə görünməyəcəyəm.
Telefon zəng
çaldı. Sədr çağırırdı.
– Xəlil
müəllim, gözlə, indi gəlirəm.
Qayıtmağım
xeyli çəkdi. İçəri girəndə
gördüm mənim yerimdə oturub nəsə yazır. Məni
görən kimi ayağa qalxdı.
– Al bunu
oxu.
Mən
şeirə gözucu baxdım.
O isə təkid elədi:
– Ucadan
oxu, mən də eşidim.
Xəlil
Rza əlyazmanı mənə bağışladı. Bu
yaxınlarda evdə kağızlarımın arasından əlimə
keçdi. İtməsin deyə, üzünü
köçürdüm. Budur həmin şeir :
Ey
yamyaşıl sərv ağacı,
Başım
tacı –
Nahid
Hacı!
Dərdimizin
ol əlacı,
İlk əlacı,
son əlacı!
Susuz
qalıb şeirimizin
Bağ-bağatı,
yal-yamacı.
Ac
qalmışız... Talegüzgü,
Ekran
acı.
Ey
könlümün ehtiyacı!
Xəlil
Rza ünvanına
Kim
danışsa acı-acı,
Dolanacaq
boğazına
Söz kəməndi,
söz qırmancı.
2 mart
1989.
lll
1989-cu
ilin payızı. Bakı qaynayıb daşırdı. Xəlil
Rza xalq hərəkatının mərkəzində idi. Mən
xeyli vaxt idi ki, qonşumuz Zeynulla kişinin bağ evinə
gedib-gəlir, azca vaxt tapan kimi orada kitabım üzərində
işləyirdim. Sevinirdim ki, “Məhəbbət ölüncə
var” povestimi tamamlamaq üzrəyəm.
Səhər-səhər
Bakıya getmək
üçün avtobusa minəndə Xəlil Rza ilə
Firudin Şimşəyi gördüm. Xəlil Rza dedi:
– Bilirsən
də Firudin Gəncə Pedaqoji İnstitutunda dərs deyir.
Dünən rastlaşdıq. Türkana bağa gətirdim bir
dəniz havası alsın. Bəs sən xeyir ola bu tərəflərdə?
–
Yaxın qonşumuz var, onun bağında qalıram. Bir az
yazı-pozu qayğılarım var. Vaxt oğurlayanda qələmlə
baş-başa qalıram.
– Bəs
bizim tərəflərə niyə gəlmirsən?
–
Bağının yerini bilmirəm.
– Odey lap
yaxındadı, – əlilə göstərdi. – Sanatoriyanın
beş addımlığında. Sizin baş redaksiyada işləyən
şair Xeyrulla Camalın qonşusuyam. Yəqin onun
bağında olmusan, hə?
– Yox, əvvəllər
Türkana gəlməmişəm.
– Sabah
şənbədir, səni bağda gözləyəcəm. –
Qanrıldı. – Bu dostuma da imkan yarat, ekranda şeirlərini
oxusun.
– Ay
Firudin müəllim, hələ neçə gün burdasan?
– Bu
axşam Gəncəyə qayıtmaq istəyirəm.
– Onda
günortaüstü studiyaya gəl.
– Oldu,
günortaüstü yanındayam.
Xəlil
Rza mənə sarı döndü:
– Bəy,
səni gözləyəcəm ha?
Axşam
Türkana bir az gec qayıtdım. Qaça-qaça
özümü Xəlil Rzanın bağ evinə
çatdırdım. Xeyrulla Camal da orada idi. Mənimlə
görüşəndə:
– Ay mənim
baş redaktorum, camaaatı acından qırmazlar ki? – dedi. –
Bayaqdan ocaq qalayıb səni gözləyirik.
Mən
çantanı ona uzatdım:
– Ay
şairlər, sizə Salyandan Vətən balığı gətirmişəm.
Üzüm
çəkillərindən qalanmış ocaq köz
salmışdı. Xəlil Rza balığı şişə
çəkə-çəkə:
– Ay
Xeyrulla, qalx yuxarı qab-qacaq gətir, – dedi. – Süfrə
aç, hazırlıq gör. Firəngizə də de ki, əmanətdən
birini sənə versin. Tut arağıdır. Dilinə vuranda
biləcəksən ki, məcundur. Bəri başdan deyim,
yüzü keçəndə adamın qoparağını
götürür. Qonaq üçün saxlayırdım.
Görünür, sizin qismətiniz imiş...
Göz
açıb-yumunca kabablar da qızardı. Süfrə
arxasına keçəndə:
– Ay Xəlil
müəllim, Firəngiz xanımı da səslə, – dedim.
–
İşi çoxdur, onsuz da gəlməyəcək. İndi
Xeyrulla qalxıb payını çatdırar.
Xəllil
Rza ev sahibi kimi qədəhlərə tut arağı
süzdü. Xeyrulla Camal da quşun qanadında ikinci mərtəbəyə
qalxıb geri dönməyi bir oldu. Üçümüz də
balığa girişdik.
Xəlil
Rza ayağa qalxıb:
–
İgidlər, əziz qonaqlar, – dedi, – əslində Xeyrulla
qonaq deyil, mənim yerlimdir. Günü də elə burada
keçir. Sən isə ilk dəfədir ki, mənim
bağımda olursan.
Xəlil
Rza mənə çox qanadlı bir sağlıq dedi. Ləngitmədən
qədəhləri qaldırdıq.
İçki
dilinə dəyən kimi Xeyrullanın rəngi
qıpqırmızı olurdu. Hətta ona məzəli bir
şeir də qoşmuşdular. Xəlil Rza əl saxlayıb
Xeyrulla Camalın üzünə baxdı. Elə bil onun
öz halına gəlməsini gözləyirdi. Xeyrulla da eləmə
tənbəllik, ənənəvi vəziyyətini aldı. Xəlil
Rza ahənglə deməyə başladı:
Xeyrulla
Camal,
Yanaqları
al,
Ay
qadasın aldığım!
Xeyrulla
Camal mənə sarı dönub:
– Ay
yoldaş baş redaktor, gör işçini böyük
şairimiz necə əzizləyir, – sonra ayağa qalxıb, –
bu gün mütləq şəhərə qayıtmalıyam,
– deyə, sağollaşıb getdi.
Biz
çay içə-içə xeyli dərdləşdik. Xəlil
Rza birdən başını döndərib:
– O tərəfdəki
şax-şəvəli görürsən? – dedi. – Köhnə
quyu yeridir. Altında iri bir ilan yuva qurub.
– Bəs
qorxmursan?
– Niyə
qorxuram ki? Mehriban dost kimi yaşayırıq. Erməni deyil ki,
dosta dönük çıxsın. Nə mən onun xətrinə
dəyirəm, nə də o mənim.
– Firəngiz
xanım bilir ki, sənin dörd-beş
addımlığında ilan yaşayır?
– Yox,
bilmir. Xəbər tutsa, bir də bu tərəflərə
ayaq basmaz. Ona görə də demirəm ona.
Taxta pilləkənlə
yuxarı qalxdıq. Xəlil Rza qapağı ehtiyatla
qaldırdı: “Bu bizim dünya ilə əlaqəmizin
qapısıdır. Yatanda bağlayır, səhər də
açırıq”.
Firəngiz
xanım bizim gəldiyimizi görub:
– Xəlil
də məni makinaçıya döndərib, – dedi.– Əlimdə
olan şeirləri sabaha çatdırmalıyam. “Azərbaycan”
jurnalına verəcək.
– Ay Firəngiz,
şeirləri hələlik saxla, – dedi Xəlil Rza. – İndi
bizim söhbətlərimiz olacaq. Xahiş edirəm,
hamısını yaz, “gündəliyə”
köçürəcəyəm. Nahid hər gün bizim bağa
gələn deyil.
(Ardı var)
Nahid Hacızadə
525-ci qəzet.- 2013.- 17 yanvar.-
S.4.