General Məhəmməd Əsədov:
böyük vətənpərvər, unudulmaz şəxsiyyət
Zəngəzur
mahalı Qafqazda qədim tarixə və zəngin ənənələrə
malik Azərbaycan
torpağıdır. Bu torpağın bir
parçası olan Zəngilan rayonu həm təbiətinə,
həm insanlarına görə seçilib. Ulu öndər, ümummilli lider
Heydər Əliyevin sözləri yada düşür: “...Zəngilanda
keçmiş əsrlərdə də xalqımızın
çox hörmətli, dəyərli insanları
yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan
həm öz təbiətinə görə, həm o torpaq
üzərində insanların qurduqlarına, yaratdıqlarına
görə və bugünkü nəsillərə
çatdırdıqları irsə görə Azərbaycanın
qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir”.
Zəngilan
torpağı Azərbaycan xalqının fəxr etdiyi onlarca
oğul yetirib. Onların arasında Sovet İttifaqı Qəhrəmanı,
Azərbaycanın Milli Qəhrəmanı və digər şərəfli
adlara layiq görülmüş igidlər, görkəmli
ictimai-siyasi xadimlər, alimlər, yazıçılar,
şairlər, pedaqoqlar, hüquqşünaslar və sair
peşə adamları vardır. Həmin
oğullardan biri də general Məhəmməd Əsədovdur.
Məhəmməd
Nəbi oğlu Əsədov 1941-ci il dekabr
ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində
anadan olub. Onun doğulub boya-başa
çatdığı Baharlı kəndi dünyada ikinci,
Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın
Araza qovuşduğu yerdə yerləşir. O, 1958-ci ildə
Zəngilan rayonunun Mincivan qəsəbə orta məktəbini
bitirdikdən sonra Bakı Statistika texnikumuna daxil
olmuşdur. 1960-cı
ildə texnikumu müvəffəqiyyətlə başa
vurduqdan sonra, əmək fəaliyyətinə öz doğma
rayonunda – Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində
inspektor vəzifəsində çalışmaqla
başlayır. 1961-ci ildə ordu sıralarına həqiqi
hərbi xidmətə çağırılır və
1964-cü ildə
“Sovet ordusu əlaçısı” döş
nişanı ilə hərbi xidmətdən ehtiyata
buraxılır. Həmin ildə gənc sənaye
şəhəri Sumqayıtda Sənaye Tikinti Nazirliyinin 2
saylı trestində işləməyə başlayır.
1965-ci ildə keçmiş S.M.Kirov adına
Azərbaycan Dövlət Universitetinin “Maliyyə və kredit”
fakültəsinə daxil olur.
1965-66-cı
illərdə 2 saylı trestdə mühasib işləyərkən,
yüksək isgüzarlıq keyfiyyətlərini və təskilatçılıq
bacarığını nümayiş etdirir, bilik və
bacarığını, iş təcrübəsi, o cümlədən
rus dilini mükəmməl bilməsini nəzərə
alıb, onu 1967-ci ildə həmin trestin 26 saylı tikinti idarəsində
plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin
edirlər. (Onu da qeyd etmək lazımdır ki,
o illərdə bu ixtisas üzrə trestdə işləyənlərin
80 faizi qeyri-millətlər idi).
İstehsalatda çalışdığı müddətdə
M.Əsədov trestin və Sumqayıt şəhərinin
ictimai-siyasi-iqtisadi həyatında yaxından iştirak edir,
müxtəlif tədbirlərin hazırlanmasında, onların
həyata keçirilməsində fəallıq göstərirdi.
Sumqayıt
şəhər Partiya Komitəsinin birinci katibi Nadir
Balakişiyev yüksək iş keyfiyyətlərini və təşkilatçılıq
qabiliyyətini nəzərə alıb Məhəmməd Əsədovu
Sumqayıt şəhər Partiya Komitəsinin “Sənaye,
inşaat, nəqliyyat və rabitə” şöbəsinin təlimatçısı
vəzifəsinə təyin edir. 1973-cü ildən həmin
şöbənin müdiri, 1975-ci ildə isə Mərkəzi
Komitədə işləyən Təşkilat şöbəsinin
müdiri İsmayıl Əsgərovun təklifi və Heydər
Əliyevin razılığı ilə Sumqayıt şəhər
partiya komitəsində
əsas aparıcı şöbənin müdiri təyin
olundu.
M.Əsədov 1978-1980-ci illərdə Ağsu rayon Xalq
Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində
çalışır. Ağsu camaatı onun quruculuq fəaliyyətini,
xeyirxah əməllərini bu gün də hörmətlə xatırlayırlar.
Məhəmməd
Əsədovun adı
Azərbaycan KP MK-nın perspektivli ehtiyat kadrlar
siyahısında idi. 1980-ci ildə
Dövlət Təhlükəsizliyi sistemində kadrların
sayını artırmaq məqsədilə Azərbaycan üçün də
DTK-nın Mərkəzi Ali Məktəbinə bir yer ayrılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev
onlarca namizədin arasından Məhəmməd Əsədovu
seçib, onu bu yerə məsləhət
görmüşdü. DTK-nın komissiyası tərəfindən
yoxlanıldıqdan sonra Məhəmməd Əsədov
Moskvaya göndərildi. 1982-ci ildə isə
DTK-nın Ali Məktəbini qırmızı diplomla başa
vurub Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində
məsul vəzifədə çalışmağa
başladı. Qısa müddət ərzində
DTK rəhbərliyinin böyük etimadını qazandı.
M.Əsədovun
təşkilatçılıq qabiliyyətinə
Sumqayıtda bir yerdə işlədiyi illərdən
yaxşı bələd olan Azərbaycan KP MK-nın birici
katibi Kamran Bağırov DTK polkovniki Məhəmməd Əsədovu
yenidən partiya işinə gətirir.
Məhəmməd Əsədov 1983-1986-cı illərdə
Jdanov (indiki Beyləqan) rayon partiya komitəsinin birinci katibi vəzifəsində
çalışır. İşlədiyi müddət ərzində
Jdanov rayonunu Azərbaycanın ən qabaqcıl rayonuna
çevirir (bunun üçün 1983-1986-cı illərin
statistikasına baxmaq kifayət edər).
1986-cı ildə M.Əsədov daha məsul vəzifəyə
– Azərbaycan KP MK-da “İnzibati orqanlar” şöbəsinin
müdiri vəzifəsinə təyin olunur. 1988-ci ildə Dağlıq
Qarabağ hadisələrində, həmin ilin fevral–mart aylarında
Sumqayıt hadisələrində Azərbaycan xalqının, dövlətinin haqq
işini prinsipiallıqla və obyektivcəsinə müdafiə
edir.
Sonra o,
Ağdaş rayonuna birinci katib gedir və qısa bir müddətdə
(1988-1989-cu illər) öz təşkilatçılıq təcrübəsi
sayəsində Ağdaş rayonunu
respublikanın qabaqcıl rayonları səviyyəsinə
qaldırır. O, bir daha sınağa çəkilir. Mərkəzi
Komitə onu olduqca ağır ictimai-sosial vəziyyətdə
olan Quba rayonuna birinci katib təyin edir və o, 1989-1990-cı illərdə burada
sakit-stabil şəraitdə fəaliyyətini davam etdirir.
Uzun illər
səmərəli fəaliyyətinə, DQMV ilə
bağlı verdiyi təkliflərinə və təhlükəsizlik
orqanlarında çalışdığını nəzərə
alıb, 1990-cı ilin may ayında Məhəmməd Əsədov Azərbaycan
Respublikasının daxili işlər naziri təyin edilir. Bu təyinat, o dövr
üçün, vaxtında və yerində verilən təyinat
idi. Bu təyinatı
ulu Tanrının Azərbaycan xalqına töhfəsi kimi qəbul
etmək olar. Əvvəla ona görə
ki, o əsl ictimai-siyasi xadim idi. Nazir təyinatının
ilk günlərindən, Moskvadan təyin olunmuş birinci
müavin Barannikovun Qarabağ haqqında yox, “Xlopkovoe delo”,
“Raşidovşina” haqqında fikirləşdiyini dəqiqləşdirərək,
onu müstəqilliyimizə
böyük mane olacağına görə, çox
çətinliklə, lakin qısa bir müddətdə bu vəzifədən
azad olunmasına nail oldu, yerinə isə əsl vətənpərvər-hərbçi
Ramiz Xosrov oğlu Məmmədovu təyin etdirdi. Bununla da Daxili İşlər Nazirliyinin əsas fəaliyyətini
Qarabağ probleminin həllinə yönəltdi. Ramiz Məmmədova yorulmaz fəaliyyətinə, vətənpərvərliyinə
görə general-mayor rütbəsi verdirdi.
Nazir
işlədiyi müddətdə onun sorağı Qarabağ bölgəsindən, sərhəd rayonlarından gəlirdi.
Azərbaycanın ərazi
bütövlüyü uğrunda, sözün əsl mənasında,
əsgərlərlə çiyin-çiyinə, Vətəni,
torpağı qoruyurdu. Azərbaycan vətəndaşlarının
müstəqil dövlətimizdə sərbəst
yaşayacaqlarına çox inanırdı. 1985-89-cu illərdə MK-da inzibati şöbəyə
rəhbərlik edən Məhəmməd Əsədov nə
qədər cəsarətlə hərəkət etsə də,
Moskva “yenidənqurma” pərdəsi altında erməniləri
M.S.Qorbaçovun dəstəyi ilə müdafiə edirdi.
Azərbaycanın
Ermənistanla sərhəd
rayonlarını gəzərək erməni-daşnaq təcavüzünü gözləri
ilə görən nazir Məhəmməd Əsədov həyəcan
təbili çalır, təcili tədbirlərin
görülməsi üçün
Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə
müraciət ünvanlayır, asayişi qorumaq
üçün silah-sursat tələb edirdi. Tez
bir zamanda xüsusi təyinatlı milis dəstəsini (OMON)
yaradır. Xocalı aeroportunda ermənilərin gediş-
gəlişinə
nəzarəti gücləndirmək
üçün DİN-in qüvvələrini səfərbər
edir. DİN Respublikanın çıxış
yollarını ciddi nəzarətdə saxlayırdı.
Məhəmməd
Əsədovun əsl sərkərdə məharətini
görən yerli vətənpərvər insanların təkidi
ilə mərkəzi rəhbərlik ona general ali
hərbi rütbəsinin verilməsini vacib bilir.
Ali rütbənin verilməsi onu heç də
arxayın salmır. O, yenidən
sərhəd rayonlarına, Qarabağa, Ağdama,
Xanlara (indiki Göygöl rayonu), Gədəbəyə, Kəlbəcərə,
Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd,
Qarabulaq, Todan, Erkəc, Mənəşid və digər kəndlərin
quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən
iştirak edir. “Azərbaycanın Milis Dəstələri
Göranboyun içərisinə doğru irəlilədi.
Mənəşidə, Buzluqda, Erkəcdə erməni baza məntəqələri
dağıdıldı. 1991-ci il yaz-yay əməliyyatından
sonra ermənilər ciddi şəkildə geri çəkildilər”
(Vikipediyadan “Çaykənd əməliyyatı” haqqında
yazıdan çıxarış).
General
Ramiz Məmmədovun xatirələrindən: “Məhəmməd
Əsədovun adından belə erməni
separatçıları qorxurdular. Ratsiya vasitəsi
ilə danışıqlar zamanı onun gizli kodu
“Çornıy polkovnik” idi. Vaxtı ilə
bizimlə əziyyət çəkmiş milis zabiti, həmkarımız,
müstəqilliyimizin, sabitliyin qorunmasında xüsusi xidmətləri
olan respublikamızın daxili işlər naziri, general-polkovnik
çox hörmətli Ramil Usubov bunu bilir”.
XTMD-nın (OMON) yaradılması, milis rotaları və
alaylarının qaynar nöqtələrdə fəallığı
dinc əhalidə tezliklə münaqişəyə son
qoyulacağına inam yaradırdı. Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi
üçün təxirəsalınmaz, təcili tədbirlərin
görülməsi barədə 27.08.1991-ci il tarixli ¹2/149
saylı altı vərəqdən ibarət məktubla Baş
nazirə və Prezidentə kəskin müraciətlər
edir, təkliflərini bildirirdi. Respublikamızın
ərazi bütövlüyü artıq təhlükədə
idi. Əsl hərbçi, general Valeh
Bərşadlı müdafiə naziri təyin edilsə də
ordu quruculuğunun formalaşmasında operativ kömək yox
idi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında
Milli Ordunun yaradılmasını tezləşdirmək, ordu
quruculuğu işində mərkəzlə
hüquq-mühafizə orqanları arasında birgə işin
təşkilini həyata keçirmək üçün
dövlət müşaviri təyin olunur.
1991-ci il noyabrın 19-da Ağdama uçan Məhəmməd
Əsədov orada Dövlət katibi Tofiq İsmayılovun təşəbbüsü
ilə keçirilən geniş müşavirədə
iştirak edir. Bu müşavirədə həmçinin
Rusiyanın, Qazaxıstanın qondarma Dağlıq Qarabağ
problemi ilə məşğul olan yüksək çinli rəsmi
nümayəndələri də iştirak edirdilər.
Azərbaycanın
Dövlət katibi
T.İsmayılov Qarabağda, Xocavənddə, ümumiyyətlə,
azərbaycanlılar yaşayan kəndlərdə qırğınların, terrorun
aparıldığını, dinc azərbaycanlılara
qarşı genosid siyasətinin həyata keçirildiyini Qarabağın
Hərbi komendantına kəskin
şəkildə bildirmişdi. Bunu sübut etmək
üçün hər üç dövlətin nümayəndələrinin
Xocavəndə uçmasını təmin etməyi hərbi komendantdan tələb
edir. Hərbi komendant hər vasitə ilə bu işdən yan
keçməyə çalışsa da, Tofiq
İsmayılovun haqlı tələbinə tərəfdaş
çıxan Qazaxıstanın
daxili işlər nazirinin
birinci müavini, general Serikov Qazaxıstandan olan Mİ-8
N72 hərbi vertolyotuna tələb olunan göstərişi
verir.
Bir müddət sonra xəbər yayılır ki,
Mİ-8 vertolyotu ya yoxa çıxıb, ya da dağa
çırpılıb. O vaxtın səriştəsiz rəhbərləri
min-bir yalanlar uydurmaqla həqiqəti gizlətməyə
çalışırdılar. Lakin məlum oldu ki, sülhməramlı
nümayəndə heyəti Mİ-8 vertolyotunda Qarakənd səmasında
“olmayan dağa”
çırpılmış və hamısı da
həlak olmuşlar. Bu hadisəni erməni
terrorçularının törətdiyi ən dəhşətli,
ən qanlı cinayətlərindən biri hesab etmək olar.
Erməni
quldurları tamamilə əsassız olaraq general Məhəmməd
Əsədovu Haaqa Məhkəməsinə vermişdilər,
onun başına külli miqdarda pul vəd edirdilər və
axır ki, 20 noyabr 1991-ci il tarixində
“Qarakənd tələsinə” salıb məhv etdilər. Lakin unutdular ki, Məhəmməd Əsədov kimi cəsur
oğlu olan xalq bu faciəni heç vaxt unutmayacaq.
Hal-hazırda
Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və
Bakıda bir neçə təhsil müəssisəsi, gəmi,
küçə və xiyaban, idarə və müəssisə
general Məhəmməd Əsədovun adını
daşıyır.
Məhəmməd Əsədov müstəqil Azərbaycanın
ilk generalı, ordusu olmayan dövləti milis dəstələri
ilə, xalqının köməkliyi ilə müdafiə edən
unudulmaz şəxsiyyətdir. Həyatını Azərbaycan
Respublikasının ərazi bütövlüyünə,
xalqının azadlığına qurban vermiş general Məhəmməd
Əsədova bu yaxınlarda həsr edilmiş tarixi, sənədli,
sanballı kitab görkəmli yazıçımız
Elçin Mehrəliyevin böyük sənət əsəridir.
Əsərdə müəllif generalın Vətəni
Zəngəzurdan, onun orada doğulub, yaşadığı
illərdən, ömrünün faciəli Qarabağ günlərinə
qədər rastlaşdığı bütün hadisələri
qələmə almışdır. Bu
tarixi, sənədli əsər gələcək nəsillərin
milli-mənəvi ruhunun formalaşmasına, vətənpərvərlik
tərbiyəsində böyük rol oynayacaqdır. Əsərə ön sözü mərhum akademik Bəkir
Nəbiyev yazmışdır. General Ramiz Məmmədov
Məhəmməd Əsədovu yaxından tanımış,
1981-91-ci illərdəki fəaliyyətini birbaşa izləmişdir.
Bütün bunlar göstərir ki, general Məhəmməd
Əsədov kimi tarixi şəxsiyyətlər
xalqımızın yaddaşında əbədi yaşayacaq,
onların xatirəsi hər zaman sevgi ilə anılacaq.
Sucəddin ABDULLAYEV,
ehtiyatda olan polkovnik
525-ci qəzet.- 2013.-
17 yanvar.- S.4.