“Əsgər ölümünün siyasiləşdirilməsi məyusluq doğurur

 

 Müsahibimiz Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Azərbaycanda Avropa Hərəkatının İdarə Heyətinin üzvü, “Avroviziya”nın Azərbaycandakı rəsmi Fan Klub layihəsinin rəhbəri Mirhəsən Seyidovdur.

 

– Azərbaycan gəncliyini müasir səviyyədə intellektual, dünyagörüşlü hesab etmək olarmı?

– Bizim cəmiyyətdəki müasir gənclik arasında intellektual səviyyəsi yüksək, dünyagörüşü kifayət qədər olan gənclər yer alır. Dünyagörüşü çox vacib amildir. Bunu əldə etmək üçün bu gün Azərbaycan gəncliyi üçün bir çox imkanlar yaradılıb. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bunlardan biridir. Mən də bu proqramın ərsəyə gəlməsində müəyyən qədər rol oynamışam. Azərbaycanda gəncliyin bir araya gələ bilməsi üçün təşkilatlar mövcuddur. Həmin birliklərdə gənclərin qeyri-formal təhsil metodlarından istifadə etməsi, daha çox dünya təcrübəsinə yiyələnməsi üçün imkanlar mövcuddur. Bu gün gənclər daha çox belə təşkilatlarda yer alır. Azərbaycan Respublikası Prezidenti yanında yaradılan Gənclər Fondu gənclərin intellektual səviyyələrini artırmaq, dünya təcrübəsinə yiyələnmək, eləcə də gənclərin öz şəxsi təşəbbüslərini həyata keçirmək üçün müraciət edə biləcəkləri bir ünvandır. Təbii ki, bu ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa gənclərə göstərdiyi diqqət və qayğının göstəricisidir.

– Gənclərin əsas problemi nədir? İş, təhsil və yaxud başqa sahələrdə...

– Mən bu sualın həmişə cavabını bir istiqamətdə görürəm. Cəmiyyətdə, insanlar arasında, gənclər üçün problemlər həmişə mövcud olub və olacaq. Bu problemin aradan qaldırılması istiqamətində kim hansı formada çalışır, problemi necə analiz etməsi məsələsi məni düşündürür. Bir neçə illər öncəyə qayıdaraq azərbaycanlı gəncin xaricdə təhsil alması, xaricdə beynəlxalq layihələrdə, tədbirlərdə təmsil olunması məsələsinə baxmaq istəyirəm. O illərlə bu günü müqayisə edirəm. Fərq həqiqətən də çoxdur. Gənclər artıq Azərbaycanın maraqlarını müxtəlif beynəlxalq təşkilatlarda qoruyurlar. Bu böyük nailiyyətdir. Gənclərin hazırda dilə gətirdikləri bir çox sahələrdə hələ də problemlər mövcuddur. İş, təhsil, mədəniyyət, hərbi, idman və bunun kimi bir çox sahəni qeyd etmək mümkündür ki, gənclər həmin sahələrdə daha çox yer alırlar. Amma biz gənclər bir həqiqəti, Azərbaycan üçün ən böyük problem olan Dağlıq Qarabağ məsələsini, torpaqlarımızın 20 faizinin işğal altında olmasını, yurd-yuvalarından didərgin düşən bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizi, şəhidlərimizi heç vaxt unuda bilmərik. Bu, təkcə gənclərin deyil, bütövlükdə Azərbaycan xalqının ən yaralı yeridir. Biz gənclər olaraq istənilən sahədə, istər yerli, istərsə də beynəlxalq aləmdə Qarabağ probleminin həll olunması istiqamətində hər zaman çalışırıq və bu, belə də davam edəcək.

– Jurnalistlərin böyük əksəriyyəti gənclərdir. Onlarla bağlı layihələriniz olub, 2013-cü ildə də bunun davamını gözləmək olarmı?

– Mən şəxsən bu sahəyə böyük dəyər verirəm. Peşəkar jurnalistlərimiz var və artıq bu sahədə onlar öz sözlərini deyirlər. Təşkilatımız 2009 və 2011-ci illərdə mediada çalışan gənc jurnalistlər üçün həm istirahət, həm də peşəkar jurnalist təcrübəsinə yiyələnmək üçün qeyri-formal təhsil metoduna uyğun olaraq yay və qış məktəbləri layihələrini həyata keçirdi. Layihənin bütün istiqamətləri uğurla həyata keçirilib və jurnalistlər üçün də yeni bir təcrübə halına gəldi. Bu gün həmin tədbirin iştirakçısı olmuş jurnalistlərlə artıq dost münasibətləri qurulub. Biz mütəmadi olaraq görüşüb asudə vaxtlarımızı səmərəli keçiririk. Təbii ki, gənclərin fəaliyyət göstərdiyi hər bir sahədə olduğu kimi jurnalistika sahəsi üçün də layihələrimiz var və bu, hazırlıq mərhələsindədir. Düşünürəm ki, 2013-cü ildə jurnalistlərimiz üçün hazırlanmış bütün layihələr uğurlu olacaq. Bu, eləcə də jurnlistlərimizin üzərinə düşən məsuliyyətdir. Bildiyiniz kimi, bu il seçki ilidir. Düşünürəm ki, belə bir məqamda mətbuatımızda həqiqətlər əksini tapacaq. Təəssüflər olsun ki, Azərbaycan üçün onsuz da haqqında müsbət fikirlər yazılmasını istəməyən bədxah insanlar var. Bunun üçün gənc jurnalistlərimiz doğru mövqe seçməli, Azərbaycana bağlılıqlarını, vətənpərvərliklərini ortaya qoymalıdırlar.

– Ordumuzun əsgərinin ölümü ilə bağlı müxtəlif fikirlər gündəmə gətirilir. Gəncliyin nümayəndəsi olaraq buna münasibətiniz necədir?

– Bu yaxınlarda baş verən həmin hadisə ilə bağlı məlumatsız olan kimsə yoxdur. Bu hadisəni hamı kimi mən də çox yaxından izləmişəm. Əsgərin anasına, yaxınlarına da baş çəkmişəm və onlara səbr diləmişəm. Bu, hər birimizin ürək ağrısıdır, hər bir Azərbaycan anasının problemidir. Artıq həmin törədilmiş hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq bir sıra şəxslər cəzalandırıldı. Əsgərin dünyasını dəyişməsi bir çoxlarına mənəvi zərbə olsa da, başqa biriləri isə üzərində daha çox məsuliyyət hiss etdi. Bunu hər bir ailə kimi biz də daxilimizdə həllinə çalışdıq. Ölkəmizdə azad internet mövcuddur. İnsanlar istədikləri məlumatı və informasiyanı qəbul etməkdə və ötürməkdə sərbəstdirlər. Bəzi gənclər və bəzi insanlar bu kimi imkanlardan istifadə edərək daxildə mövcud olan problemi xarici mətbuatda işıqlandırdı. Məsələni birbaşa olaraq siyasiləşdirməyə nail olmaq istədilər, “siyasi heç bir məqsədimiz yoxdur” deyib, insanları küçələrə çıxarıb səfirliklərin, beynəlxalq təşkilatların ofisinin qarşısına apardılar. Bir çoxları məsələnin fərqinə varmadığından “palaza bürünüb, elnən süründü”. Əsgər ölümünün siyasiləşdirilməsinə cəhd göstərilməsi məyusluq doğurur. Daxildə olan problemi xaricdəki qüvvələr qarşısında qabartmaq məqsədi olan insanlara səslənmək istərdim. Dünyasını dəyişən əsgər bizim qardaşımız, onun üçün ağlayan ana bizim də anamızdır. Elə məsələlər var ki, bunlar heç bir zaman müzakirə olunmur. Vətən anlayışı buna misaldır. Düşünürəm ki, bu kimi problemlərin aradan qaldırılması üçün əsgəri-hərbi xidmətdən öncə gəncləri stimulizə edə biləcək, onları sağlam düşünməyə, hərbi xidmət anlayışının nə olduğunu anlada biləcək məsələlərə xüsusi diqqət verilməlidir.

 

 

Bəxtiyar MƏMMƏDLİ

 

525-ci qəzet.- 2013.- 17 yanvar.- S.5.