Bütün Azərbaycanın göründüyü zirvə

 

O ZİRVƏNİN ADI ŞƏHİDLƏR XİYABANIDIR

 

XRONiKA-yaddaş

 

Azərbaycan KP MK-dan:

 

Xəbər verildiyi kimi, 1989-cu il dekabrın 31-də — 1990-cı ilyanvarın 2-də Naxçıvan MSSR ərazisində görünməmiş hadisələr olmuş, bunun nəticəsində Sovet — İran sərhədinin onlarca kilometr uzanan nəzarətsiz zolağı dağıdılmış, mühəndis-texniki qurğular, rabitə xətləri və sərhəd vışkaları məhv edilmişdir.

Baş vermiş hadisənin səbəblərini yoxlamaq və qanuna zidd olan bu hərəkətlərin nəticələrini öyrənmək üçün respublikada istintaq qrupu yaradılmış və işləyir. Həmin qrupa Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin, Respublika Daxili İşlər Nazirliyinin və Respublika Prokurorluğunun məsul işçiləri daxildir.

Sərhəddə və bir sıra sərhədyanı rayonlarda vəziyyəti sabitləşdirməkdə partiya və sovet orqanlarına yardım göstərilməsi üçün Sov. İKP MK katibi A.N.Girenko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.N.Nişanov. Sov.İKP MK-nın, SSRİ Ali Sovetinin, hüquq-mühafizə orqanlarının məsul işçilərinin bir qrupu respublikaya gəlmişlər.

Yanvarın 3-də Azərbaycan KP MK-da vəziyyət müzakirə olunmuş, görüşdə Ə.X.Vəzirov iştirak etmişdir. Bundan qabaq Az.KP MK bürosunun iclası olmuş, Naxçıvan MSSR-də dövlət sərhədi rayonunda kütləvi iğtişaşlar məsələsi müzakirə edilmiş və bunlar qəti surətdə pislənmişdir.

“SSRİ-nin dövlət sərhədi haqqında” SSR İttifaqı Qanununun və Beynəlxalq normaların kobud surətdə pozulması respublikada yenidənqurma prosesinə ciddi zərbə endirir.

Yanvarın 4-də A.N.Girenko, R.N.Nişanov, Ə.X.Vəzirov yoldaşlar Naxçıvan şəhərinə yola düşmüşlər.

“Kommunist” qəzeti, 5 yanvar 1990-cı il, ¹ 4

 

lll

 

“SSRİ-nin dövlət sərhədi haqqında” qanunun Naxçıvan MSSR ərazisində kobud surətdə pozulması barəsində SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı.

SSRİ Ali Sovet Rəyasət Heyəti Naxçıvan MSSR ərazisində SSRİ-nin dövlət sərhədi rayonunda kütləvi iğtişaşlar və şuluqluqlar məsələsini nəzərdən keçirərək qərara alır:

1. Sovet-iran sərhədinin həmin sahəsində vəziyyətin sabitliyinin zəifləməsinə, sərhəd obyektlərinin dağılmasına və SSRİ dövlət sərhəd rejiminin pozulmasına səbəb olmuş şuluqluq və “SSRİ-nin dövlət sərhədi haqqında” qanunun kobud surətdə pozulması faktları qətiyyətlə pislənilsin.

2. Nəzərə alınsın ki, Azərbaycan SSRİ-nin və Naxçıvan MSSR-in dövlət orqanları dağılmış sərhəd obyektlərini bərpa etmək üçün sərhəd xidməti bölmələri ilə birlikdə təcili tədbirlər görsünlər, hüquq-mühafizə orqanları isə “SSRİ-nin dövlət sərhədi haqqında” qanunun kobud surətdə pozulması faktları ilə əlaqədar istintaq aparırlar və müqəssir şəxslər məsuliyyətə cəlb edilirlər.

3. SSRİ Nazirlər Sovetinə tapşırılsın ki, sərhədyanı rayonların əhalisinin qaldırdığı konkret məsələlərin həlli üçün Azərbaycan SSRİ-in Respublika və yerli dövlət orqanlarının iştirakı ilə tədbirlər görsün.

SSRİ Ali Sovetinin sədri M.Qorbaçov Moskva, Kreml 10 yanvar 1990-cı il “Kommunist” qəzeti, 11 yanvar 1990-cı il, ¹ 9

 

lll

 

10 yanvar 1990-cı il

 

Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirilir. İclasda Ermənistan SSRİ-nin Ali Soveti qeyri-konstitusion orqan — Dağlıq Qarabağın “milli şurası” ilə birgə 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarı fitnəkar hərəkət, yenidənqurma əleyhinə siyasi təxribat, suveren Azərbaycan Sovet Sosialist Respublikasının daxili işlərinə aşkar müdaxilə kimi qiymətləndirilir.

 

Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyəti seçicilərin və xalqın iradəsini ifadə edərək SSRİ Ali Soveti tərəfindən Ermənistan SSRİ Ali Sovetinin konstitusiyaya zidd qərarlarına siyasi və hüquqi qiymət verilməməsini yolverilməz sayır.

 

lll

 

Mixail Qorbaçov “Dağlıq Qarabağ barəsində Ermənistan SSRİ Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarını imzalayır. Bundan əvvəl qəbul edilən bəndlər kimi həmin qərarda kağız üzərində qalır. Ermənistan tərəfi Moskvanın göstərişinə heç bir reaksiya vermir.

 

lll

 

Bakıda Azərbaycan Kp MK-nın binası qarşısında ümumxalq mitinqi keçirilir. Müxalifət qüvvələrinin təşkil etdiyi mitinqdə respublika rəhbərliyinin yarıtmaz fəaliyyəti kəskin tənqid olunur, birinci katib Əbdürrəhman Vəzirovun və onun komandasının təcili istefa verməsi tələbi irəli sürülür. Çıxışçılar xalqın etimadını çoxdan itirmiş respublika rəhbərliyinin istefasını və yüksək vəzifələr tutan ermənilərin təcili olaraq işdən çıxarılmasını qətiyyətlə tələb edirlər.

Həmin tələblərlə Azərbaycan Kp MK-nın, respublika ali Sovetinin və Respublika prokurorluğunun binaları qarşısında piketlər keçirilir. Səhər saat 6-da AXC Lənkəran şöbəsi şəhərin sovet və hüquq-mühafizə orqanlarını mühasirəyə alır, rabitəni ələ keçirir və yerli hakimiyyət orqanlarının fəaliyyətinin dayandırıldığı haqqında bəyanat verir. Müvəqqəti Müdafiə Komitəsi yaradılır. Bu komitə Lənkəran şəhərində bütün idarəetmə məsələlərini öz üzərinə götürür, operativ tədbirlər həyata keçirməyə başlayır.

 

lll

 

Yanvarın 13-də Bakıda baş vermiş hadisələrlə əlaqədar olaraq Sov.iKp MK Siyasi bürosu üzvlüyünə namizəd, SSRİ ali Soveti ittifaq Sovetinin sədri E.M.Primakov, Sov.iKp MK Katibi A.N.Girenko, SSRi Nazirlər Soveti sədrinin müavini V.X.doqujiev Bakıya gəlib. dövriyyə si fasiləsiz olan Bakı müəssisələrinin kollektivlərindən yığıncaqlar keçirilmiş və burada zəhmətkeşlər respublikanın paytaxtında şuluqluqların təşkilatçılarının hərəkətlərini kəskin surətdə pisləmiş, şəhərdə qanunçuluğun və asayişin möhkəmləndirilməsini tələb etmişlər.

“Kommunist” qəzeti, 16 yanvar 1990-cı il, ¹ 13

 

lll

 

Azərbaycan KP MK bürosunda “Bakıda vəziyyət və şəraiti normal hala salmaq üçün təxirəsalınmaz tədbirlər haqqında” məsələyə baxılmışdır. Qəbul edilmiş qərarda deyilir ki, yanvarın 13-də Bakıda törədilmiş iğtişaşlar nəticəsində faciəli hadisələr baş verib. Adamlar, əsasən ermənilər cinayətkarların əlində həlak olmuş, onlarca adam yaralanmışdır. Qərarda o da qeyd olunmuşdur ki, Azərbaycan KP MK insan tələfatına gətirib çıxaran cinayətkar əməlləri, zorakılıq hərəkətlərini qətiyyətlə pisləyir. Ləyaqətə, həyata qəsd edilməsinə heç nə ilə haqq qazandırıla bilməz. Bu, Azərbaycan xalqının mənəviyyatı, insan sevərlik ənənələri ilə bir araya sığmır.

Bakı Şəhər Partiya Komitəsinin fövqəladə plenumu olub.

Plenum da E.Primakov, A.Girenko və Ə.Vəzirov iştirak etmişlər. Plenumda deyilib ki, hüquqa zidd hərəkətlər nəticəsində demokratikləşdirmə, yenidənqurma üçün real təhlükə yaranıb.

E.Primakov və A.Girenko AXC-nin rəhbərləri ilə görüşmüşlər. Görüşdə bildirilmişdir ki, vəziyyəti normal hala salmaq, qanunçuluğu və hüquq qaydasını təmin etmək üçün böyük tədbirlər görülməlidir.

Azərinform Bakı Şəhər partiya Komitəsinin müraciəti

Əziz bakılılar! Qardaşlar və bacılar!

Bizim işimiz haqq işi dir. Çünki xalqımız öz torpağını, öz şərəfini, öz milli mənliyini qoruyur. Ancaq biz xalqımızın, şəhərimizin adına qara ləkə yaxılmasına yol verməməliyik. Qırğın bizim yolumuz deyil. Mübarizəmizi dinc yolla davam etdirməliyik. Azərbaycan xalqının sıx birliyi bu gərgin günlərdə ən kəsərli silahımız olmalıdır. Sizi birliyə, yekdilliyə, sağlam fikrə çağırırıq. Düşünülməmiş hərəkətlərə yol verməyin, ağıl, dərrakə, vahid iradə bizim şüarlarımız olmalıdır. Yalnız bunun sayəsində biz bütün məqsədlərimizə çata bilərik.

Sakitliyi, əmin-amanlığı qoruyun. Şəhərimizdə xoşagəlməz əməllər törədilməsinə yol verməyin. Xalqımızın nəcib adını, birliyini qoruyun. Bakının təmiz adını uca tutmaq hər birimizin borcudur.

 

“Kommunist” qəzeti,

17 yanvar 1990-cı il, ¹14

 

lll

 

13 yanvar

Bakının Azadlıq meydanında mitinq keçirilir. Mitinqdə AXC-nin Milli Müdafiə Şurasının yaradıldığı elan olunur.

“Kommunist” qəzeti,

16 yanvar 1990-cı il, ¹ 13

 

lll

 

Kremldə Mixail Qorbaçovun sədrliyi ilə SSRi ali Soveti Rəyasət Heyətinin iclası keçirilir. iclasda Dağlıq Qarabağ Muxtar vilayətində və başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında məsələ müzakirə olunur. SSRi daxili işlər naziri V.Bakatin, SSRi baş prokuroru A.Suxari, SSRi dövlət Təhlükəsizlik Komitəsinin sədri V.Kryuçkov, Azərbaycan SSR ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova, Ermənistan SSR ali Soveti Rəyasət Heyətinin sədri Q.Voskanyan məlumat verirlər.

Müzakirələrin nəticələri üzrə Mixail Qorbaçov “Dağlıq Qarabağ Muxtar vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” SSRi ali Soveti Rəyasət Heyətinin fərmanını imzalayır.

 

1990-cı il yanvarın 15-də yerli vaxtla saat 23-dən Dağlıq Qarabağ Muxtar vilayətinin, Azərbaycan SSR-in ona bitişik rayonlarının, Ermənistan SSR Gorus rayonunun ərazisində, habelə Azərbaycan SSR ərazisin də SSRi-nin dövlət sərhədi boyunca sərhədyanı zonada fövqəladə vəziyyət elan edilir.

 

lll

 

17 yanvar Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında mitinqlər davam edir.

Y.Primakov, A.Girenko və Ə.Vəzirov Xalq Cəbhəsinin liderləri ilə danışıqlar aparırlar. Y.Prima kov MK-nın binası qarşısındakı mitinqdə çıxış edir və xalqı qorumaq üçün Bakıya ordu gətirildiyini bildirir. Onun çıxışı narazılıqla qarşılanır.

 

lll

 

18 yanvar Bakıda şayiələr baş alıb gedir. Mitinqlər ara vermir. Əhali sovet əsgərlərinin şəhərə top-tüfənglə girəcəyinə inanmır.

 

lll

 

19-20 yanvar Azərbaycan televiziyasının mərkəzi enerji bloku partladılır.

 

Azərbaycan KP MK-nın binası qarşısında keçirilən mitinqdə qərara alınır ki, şəhərə giriş yollarındakı barrikadalar möhkəmləndirilsin. Rus əsgərlərinin Bakıya girməsinin qarşısı bu yolla alınsın.

 

lll

 

Yanvarın 20-nə keçən gecə SSRi Müdafiə Nazirliyinin,SSRi dövlət Təhlükəsizliyi Komitəsinin, SSRi Daxili İşlər Nazirliyinin qoşun hissələri hərbi silah və texnikanın müxtəlif növlərindən atəş aça-aça ayrı-ayrı istiqamətlərdən Bakıya daxil olur, dinc əhaliyə qarşı misli görünməmiş cinayətkarlıq əməlləri törədirlər. Çoxlu ölən və yaralanan olur.

 

lll

 

Bakı şəhərinin komendantı general-leytenant V.Dubinyakın I saylı əmri ilə gecə saat 23-dən səhər  6-dək   qadağan saatı elan edilir.

 

lll

 

1990-cı il yanvarın 19-da MK-nın qarşısında keçirilən mitinq başa çatmamış mən evə yollandım. Təxminən saat 22 radələri olardı. Həyat yoldaşımı evdə görməyib təəccübləndim.

Anamdan onu soruşdum. Bildirdi ki, müəllimlərlə birikdə haradasa yolu kəsməyə gedib. Böyük oğlum Xaqani dedi:

— Ata, anam müəllimlərlə birlikdə “Komsomolski kruq”da dır.

Anındaca evi tərk edib rastıma çıxan bir maşına əyləşərək özümü “Komsomolski kruq”a çatdırdım. Qız-gəlin, qoca-cavan “Komsomolski kruq”a toplaşmışdı. 252 saylı məktəbin müəllimələri arasında həyat yoldaşımı axtarıb tapdım. Ətrafı səs-küy götürmüşdü. Həyəcanlı dəqiqələrin yaxınlaşdığı hiss olunurdu. Qollarına qara bağlamış pəhləvan cüssəli cavan oğlanlar qadınlara yaxınlaşıb deyirdilər:

— Analar, bacılar, siz evlərinizə gedin. Sovet tankları yalnız bizim cəsədimizin üzərindən keçərək şəhərə girə bilər.

Təxminən yarım saat beləcə çəkişmə davam etdi. Qadınlar, qızlar “Komsomolski kruq”u tərk etmək istəmirdilər. Cavanlar isə onları dilə tutmağa çalışırdılar. Nəhayət, mən həyat yoldaşımı və bir neçə müəlliməni də özümlə götürüb Qaraçuxura gəldim. Hələ yatmamışdıq. Bayırdan səs-küy eşidilirdi. Şose yolunun evimizin təxminən 100 metrliyindən keçdiyindən qapıda dayanıb nə baş verdiyini öyrənməyə çalışırdım. Sürətlə irəliləyən tankları, onların üstündəki əli avtomatlı əsgərləri görəndə mənə bir az əvvəl “Komsomolski kruq”da cavan bir oğlanın “Analar, bacılar, siz evlərinizə gedin. Sovet tankları yalnız bizim cəsədimizin üzərindən keçərək şəhərə girə bilər” deyiminin mahiyyəti aydın oldu. Sovet

qoşunları Azərbaycan paytaxtını işğal etmiş, qanlı 20 Yanvar faciəsi törədilmişdi. Çox qəribədir ki, tankların keçişindən bir neçə dəqiqə sonra kimsə səsgücləndirici ilə adamları küçələrə çıxmağa çağırır və qoşunların qarşısını kəsməyin vacibliyini bildirirdi. Bu təxribatı kimlərin törətdiyi də sonradan bəlli oldu. Bakı qan çanağında boğulmuşdu.

Yanvarın 20-də təxminən saat 10 radələrində Qaraçuxur qəsəbəsində telefon budkalarından birindən teleradio komitəsi sədrinin müavini Aqşin Babayevə zəng vurdum. İşə gələ bilməyəcəyimi dedim. O isə:

— Mümkündürsə, komitəyə gəl, — deyib dəstəyi asdı.

Nəqliyyat işləmirdi. Bir neçə nəfərlə birlikdə Qaraçuxurdan metronun “Neftçilər” stansiyasına piyada getdik. Mən metronun “Elmlər Akademiyası”na gəlmək üçün vaqonlardan birinə mindim. Heç kim yox idi. “Quu” desən qulaq tutulardı. “Elmlər Akademiyası” stansiyasının qarşısına çıxanda döşü avtomatlı əsgərlərlə üz-üzə gəldim. Təxminən 50-100 nəfər adam da toplaşmışdı. Onlar əsgərlərlə mübahisə edirdilər.

Birdən təxminən 40-45 yaşında bir nəfər ucadan qışqırdı:

— Bəsdirin, mübahisə etdiniz. İndicə sizi də güllələyəcəklər. Tez dağılın!

Mən piyada komitəyə tərəf irəliləməyə başladım. Əzizbəyovun heykəlinin yanına çatmışdım ki, əsgərlərin qurduğu barrikada ilə üzləşdim. İki nəfər əsgər avtomatı düz üstümə tuşlayaraq üstümə gəlirdi. Aramızda təxminən 10-15 metr məsafə qalmışdı. Elə bu vaxt düz yanımda qara rəngli “QAZ-31” markalı maşın saxladı.

— Oturun.

Özümü maşının içinə atdım. “QAZ-31” sürətlə yerindən qopdu. Tanımadığım adam məndən soruşdu:

— Hara gedirsən?

— Mən radioda işləyirəm, komitəyə gedirəm, — deyə cavab verdim.

— A zalım oğlu, heç bilirsən komitədə nələr baş verib? Canından doymusan?

 

(Ardı var)

 

 

Səyyad AĞBABALI,

"Arena” qəzetinin baş redaktoru

 

525-ci qəzet.- 2013.- 18 yanvar.- S.2.