Dünya ədəbiyyatına pəncərə

 

Azərbaycan ədəbiyyatından Dünyaya ilk pəncərəni dahi şairimiz Nizami Gəncəvi açıbdır. Məlumdur ki, Şərq xalqlarının ədəbiyyatı uzun əsrlərdən bəri Nizaminin təsiri altında olmuş və onun əsərlərindən mövzulara, poetik obrazlara, ədəbi qəhrəmanlara müraciət etmiş, onun məktəbinin davamçıları olmuşlar. Bu haqda Y.E. Bertelsin “Böyük Azərbaycan şairi Nizami” və mərhum professorumuz Əkbər Ağayevin “Nizami və dünya ədəbiyyatı” qiymətli monoqrafiyalarını oxumaq kifayətdir.

Nizamidən sonra Nəsiminin, Füzulinin və digər klassik şairlərimizin də yaradıcılığı məkan hüdudlarını aşıb keçmiş, zaman-zaman Avropa tədqiqatçılarının maraqlı fikir və mülahizələrinin yaranmasına təkan  vermişdir.Beləliklə, böyük və zəngin Azərbaycan ədəbiyyatı da Dünya ədəbiyyatı ərazisində öz yerini, mövqeyini təyin etmiş, bəşəriyyətin yaratdığı mənəvi sərvətlər xəzinəsinə öz payını vermişdir.

Dünya ədəbiyyatı ilə tanışlıq və əlaqələr isə əsasən XIX əsrdə –Maarifçilik əsrində genişlənmiş və Azərbaycan ədəbiyyatı ilə Dünya ədəbiyyatının qaynayıb-qovuşmanın təməlləri qoyulmuşdur. Burada böyük ədibimiz M.F.Axundzadənin xidmətlərini unutmaq olmaz.

Azərbaycan və Dünya ədəbiyyatı əlaqələrinin XX əsrdə ən yüksək mərhələyə çatdığı şübhəsizdir. Dünyanın ən görkəmli sənətkarlarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunması bu işdə güclü bir stimul idi. Azərbaycan oxucuları Homerdən başlamış ən sonuncu klassikə və müasir dünya ədəbiyyatının korifeylərinə qədər əsrlərin böyük sənətkarlarının yaradıcılıq irsi ilə tanış ola bilmişlər. Əgər bədii tərcümə Dünya ədəbiyyatı ilə tanışlıqda misilsiz dərəcədə praktiki iş görmüşsə, ədəbiyyatşünaslıq bu işi elmi-nəzəri-pedaqoci səpgidə davam etdirmişdir. Burada kiminsə adını çəkmək, onun gördüyü işləri sadalamaq fikrində deyilik. Ancaq görkəmli ədəbiyyatşünaslarımız-Mikayıl Rəfilinin, Əli Sultanlının, Məmməd Arifin, Məmməd Cəfərin, Əkbər Ağayevin adlarını çəkməmək insafsızlıq olardı.Təbii ki, dünya ədəbiyyatının təbliği sistemli şəkildə aparılmadır və bu istiqamətdə ən görklü iş “Dünya ədəbiyyatı tarixi”nin nəşridir. Bu sahədə keçən əsrdə bir sıra nəşrlər oldu. “Antik ədəbiyyatı tarixi” və onun “Müntəxəbat”ı (Əli Sultanlının müəllifliyi və redaktorluğu ilə), “SSRİ xalqları ədəbiyyatı” ikicildliyi (Pənah Xəlilov), “XIX əsr rus ədəbiyyatı tarixi”nin üçcildliyi (Məmməd Cəfər), “Rus sovet ədəbiyyatı tarixi” (Seyfulla Əsədullayev və digər müəlliflər), “Xarici ölkələr ədəbiyyatı” (İsmayıl Şıxlı)...

İndi bu sıraya filologiya elmləri doktoru, professor Əmirxan Xəlilovun “Dünya ədəbiyyatı” tarixini əks etdirən dərs vəsaitini də əlavə etmək olar. Bizim əlimizdə həmin dərs vəsaitinin I, IV və V cildəri durur və istərdik ki, müasir dövrümüz üçün son dərəcə qiymətli olan bu cildlər barədə bəzi fikir və mülahizələrimizi söyləyək.Amma hər şeydən əvvəl müəllif haqqında bir neçə kəlmə...

Professor Əmirxan Xəlilov sırf ədəbiyyatşünasdır. Uzun illərdir pedoqoji fəaliyyətlə də məşğuldur. BDU-nun “Dünya ədəbiyyatı” kafedrasının professorudur.Biz onu əsasən XX əsr rus ədəbiyyatının tədqiqatçısı kimi tanıyırıq. “Sergey Yesenin və Azərbaycan”, “Ədəbi üfüqlər” “Aleksandr Blok”, “XX əsr rus ədəbiyyatı tarixi”, “Sergey Yesenin: Mərdəkanın qızıl payızı və yazı” monoqrafiyalarının müəllifidir. Həmçinin “Rus sovet ədəbiyyatı tarixi” kitabında bir çox elmi oçerklərin də müəllifi odur. Ancaq Əmirxan müəllimin mövzuları təkcə bunlarla məhdudlaşmır. O, müasir ədəbiyyatımızın da tədqiqatçılarından biridir. Onun Əliağa Kürçaylının, Məmməd Arazın və Zəlimxan Yaqubun yaradıcılıq dünyalarını əhatə edən monoqrafiyaları, həmçinin müasir poeziyamızın və bədii tərcümə sənətinin müxtəlif problemlərindən söz açan onlarla məqaləsi çap olunmuşdur. Onu ədəbi əlaqələrin tanınmış mütəxəssisi kimi digər ölkələrə də dəvət etmişlər.

Əmirxan müəllimin son illərdə həyata keçirdiyi uğurlu layihələrdən biri “Dünya ədəbiyyatı” cildləridir. Təbii ki, birinci cildi 2011-ci ildə nəşr olunan bu lazımlı dərs vəsaiti uzun illərin gərgin əməyinin məhsuludur, yoxsa 1-2 ildə ərsəyə gələn deyil. Yəqin ki, müəllif bu cildlərdə yerləşdirilən elmi oçerkləri mühazirələri əsasında hazırlamışdır.

Əlbəttə, biz haqqında söz açdığımız kitablara təkcə dərs vəsaiti kimi baxmırıq. Söhbət dünya ədəbiyyatı prosesinin inkişaf mərhələlərindən, ayrı-ayrı xalqların ədəbiyyat tarixindən, həmin xalqların yetirdiyi ən qüdrətli sənətkarların yaradıcılığından və eyni zamanda, onların yaratdığı əsərlərin uzunömürlülüyündən, bir klassik örnək kimi əbədi yaşarlılığından getməlidir. Əgər filoloji səpgili dərs vəsaiti təkcə tələbələrin səviyyəsinə “uyğunlaşdırılırsa”, o zaman bir məhdudluq, bir çevrə daxilində qapalılıq yaranmış olar. “Dünya ədəbiyyatı” tarixləri ilk növbədə, elmi-nəzəri səviyyəsi və ədəbi şəxsiyyətlərə, əsərlərə, hadisə və faktlara professional münasibəti ilə seçilməlidir. Biz bu cəhəti Əmirxan Xəlilovun “Dünya ədəbiyyatı” cildlərində də hiss edirik.

I cilddə Homerdən başlayaraq XVIII əsrə qədər dünya ədəbiyyatının ən görkəmli nümayəndələri, mühüm ədəbi-tarixi hadisələri haqqında söz açılır. Əsasən qədim yunan ədəbiyyatı və orta əsrlərin italyan, fransız, ispan, XVII-XVIII əsrlərin ədəbiyyatı (bəzi mülahizələr) haqqında bilgilər əldə edirik.Bundan başqa Budda və Zərdüşt barədə də məlumatlar cildə daxil edilmişdir.

Yaxşı cəhətdir ki, müəllif,  haqqında söz açdığı məsələləri Azərbaycan ədəbiyyatı ilə də bağlayır. Məsələn, “Homer və Azərbaycan” fəsli buna misal ola bilər. Yaxud, “Dante və Azərbaycan poeziyası”, “Şair-mütəfəkkir Əlibəy Hüseynzadə Qərbin iki şairi haqqında” fəsilləri.. Burada Dante poeziyasının Azərbaycan şairlərinin yaradıcılığına təsiri məsələsi Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfədir geniş, hərtərəfli və dolğun şərh olunur. Məlumdur ki, Dante və ondan bir əsr sonra Petrarka italyan ədəbiyyatında klassik sonetin gözəl nümunələrini yaratmışlar.XX əsrin Azərbaycan şairləri soneti Azərbaycan poeziyasının tərkib hissəsinə daxil edərkən, ilk növbədə, italyan sonetinə (iki kairen, iki terset) müraciət etmiş, təbii ki, Dantenin və Petrarkanın sonetlərindən təsirlənmişlər (H.Cavid, A.Şaiq, A.Yıldırım, M.Müşfiq, Ə.Kürçaylı, Adil Babayev, A.Abdulla və Lənkəranda yaşayıb-yaradan şairlər). Yeri gəlmişkən qeyd edək ki, “Dünya ədəbiyyatı”nın I və IV cildlərində görkəmli şairimiz Əliağa Kürçaylının Avropa poeziyasından etdiyi tərcümələrdən rəğbətlə söz açılır. Bizcə, bu rəğbətin səbəbləri var. Birincisi; Ə.Kürçaylı Avropa və rus poeziyasına yaxşı bələd idi. Onun Dantenin çox mürəkkəb “İlahi komediyası”nı dilimizə uğurlu tərcüməsinin, həmçinin Sergey Yesenindən etdiyi tərcümələrin alternativi yoxdur.

Əlbəttə, müəllif Azərbaycan ədəbiyyatı ilə bağlı bizə məlum və məlum olmayan hər hansı bir ədəbi hadisə və faktı unutmur. Bu mənada böyük alman şairi, filosofu İ.V.Hötenin Nizami Gəncəvi poeziyasına münasibəti çox dəyərlidir.

Azərbaycan oxucuları üçün Amerika ədəbiyyatının U.Folkner, Q.Q.Markes, E.Heminquey, T.Drayzer, həmçinin J.Amadu, P.Neruda, F.Skot, T.Vulf, T.Eliot, Fransız ədəbiyyatının R.Rollan, A.Kamü, L.Araqon, J.P. Sartr, İngilis ədəbiyyatının U.Moyem, İspan ədəbiyyatının F.Q.Lorka, İtaliya ədəbiyyatının U.Eko, Norveç ədəbiyyatının K.Hamsun kimi görkəmli və bənzərsiz sənətkarlarının yaradıcılığı həmişə böyük maraq doğurub, lakin onların heç də hamısı Azərbaycan dilində lazımi səviyyədə səslənməmişlər.Ona görə də Əmirxan Xəlilovun elmi oçerklərinin müstəsna əhəmiyyəti vardır. Məsələn, XX əsr dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biri kimi tarixə düşən Amerika yazıçısı Tomas Vulf (1900-1937) Azərbaycan oxucularına o qədər də tanış deyil, əsərləri dilimizə çevrilməmişdir,- deyə bilərik. Müəllif yazır: “Tomas Vulf Azərbaycanda demək olar ki, tanınmır. Amma o, “itirilmiş nəsil” adlandırılan ədəbi nəslin ən böyük nümayəndələrindən biri kimi dünya ədəbiyyatına öz möhürünü vurmuşdur. Vulf doğrudan da bir tufan kimiydi və Tanrı ona zaman tanısaydı, bəlkə də dünya ədəbiyyatını başından dəyişəcəkdi”. Eyni fikri Amerikan şairi Tomas Eliot (1888-1965)  haqqında da söyləyə bilərik. T.Eliot da Azərbaycan oxucularına yaxşı tanış deyil.

Əlbəttə, IV cilddə bəzi oçerklərin keyfiyyəti yox, kəmiyyəti, yəni onlara ayrılan səhifələrin həcmi bizi qane etmir. Deyək ki, XX əsr fransız ədəbiyyatının və ümumən Dünya ədəbiyyatının korifey sənətkarlarından olan Alber Kamünün həyat və yaradıcılığına cəmi 3 səhifə ayrıldığı halda, R.Rollana 17, Lui Araqona 20 səhifə yer ayrılıb. cildlər haqqında tənqidi iradlardan biri də budur ki, bu tipli ədəbiyyat tarixlərində ayrı-ayrı ədəbi mərhələlərin inkişaf prosesini ümumi şəkildə əks etdirən icmallar vermək daha yaxşı olardı. I cilddə buna tam əməl olunmuşdur: “Antik dövr lirikası”, “Orta əsrlər ədəbiyyatı”, “Orta əsrlər dövrü Qərb ədəbiyyatı”, “Feodalizm dövrü Qərb ədəbiyyatı”, “XVII-XVIII əsrlər ədəbiyyatı (bəzi qeydlər)” icmalları ədəbiyyat tarixi ənənələrini davam etdirir. Çünki ədəbiyyat tarixi təkcə şəxsiyyətlərin tarixi deyildir. Ədəbi prosesin özünün inkişafını da əks etdirmək vacibdir. Bir də IV cilddə “30-cu illər rus ədəbiyyatı (ümumi icmal) təqdim olunub.  Amma  bu icmalların sayını artırmaq da olardı.

Öncə qeyd etdik ki, Əmirxan Xəlilov bir ədəbiyyatşünas kimi daha çox rus ədəbiyyatı mütəxəssisidir, eyni zamanda, Azərbaycan-rus ədəbi əlaqələri sahəsində də xeyli məqalələr çap etdirmişdir. Onun “Dünya ədəbiyyatı”nın IV və V cildlərində XX əsr Rus ədəbiyyatı ilə bağlı (daha doğrusu, ədəbi şəxsiyyətlər) oçerkləri öz elmi-nəzəri səviyyəsi ilə seçilir. Hiss olunur ki, Əmirxan müəllim rus ədəbiyyatını tamam-kamal mənimsəyibdir və onun parametrlərini, istiqamət və axınlarını düzgün müəyyənləşdirə bilir. Hətta deyə bilərik ki, Ə.Xəlilov XX əsr rus ədəbiyyatının ən irəliləyici tədqiqatçısıdır.

IV və V cildlərdə XX əsr rus ədəbiyyatının A.M.Qorki, A.A.Blok, V.V.Mayakovski, S.A.Yesenin, A.İ.Kuprin, L.N.Andreyev, V.V. Veresayev, İ.A.Bunin, V.Y.Bryusov, A.N.Tolstoy, A.A.Fadeyev, M.V.İsakovski kimi görkəmli sənətkarları barədə təqlim olunan elmi oçerklər tam və dolğun təsir bağışlayır. Xüsusilə Blok və Yesenin haqqında yazılan oçerklər müəllifin predmetə bələdliyini nümayiş etdirir. Əmirxan müəllim XX əsrin əvvəlləri rus ədəbiyyatında mövcud olan modernist cərəyanlar haqqında geniş məlumat verməyi unutmur. Simvolizm, akmeizm və futurizm ədəbi cərəyanlarının rus ədəbiyyatında oynadığı rol və buraxdığı təsirlər maraqlı mülahizələrlə diqqəti cəlb edir.

Bir cəhəti də qeyd etməyə dəyər ki, təqdim olunan oçerklərin hər biri tənqidin “ədəbi portret” canrı kimi də səciyyələnə bilər. Məlumdur ki, ədəbi portretlərdə elmi-nəzəri üslubla publisistik xətt bir-birilə qaynayıb-qovuşur. Ədəbi şəxsiyyətin keçdiyi ömür yolu ilə onun çoxcəhətli yaradıcılığını oxuculara çatdırmaq üçün təbii ki, rasionallıqla emosionallığın vəhdəti özünü göstərməlidir.Məsələn, Frans Kafka (1883-1924) haqqında yazılan oçerkə diqqət yetirək: “Öz doğmaları arasında belə qərib kimi yaşayan Kafkanın zərifdən zərif ürəyi vardı. Bu ürək hər şeyə qarşı həssas idi, duyğulu idi; bu ürəkdə Kafka dövrünün, Kafka mühitinin bütün keşməkeşləri öz əksini tapır və bu gün həmin ürəyin enə bildiyi incəliklərə enincə bütöv bir dünyanın varlığını bərpa eləmək mümkündür.  Şəxsi həyatının ziddiyyətləri yazıçının yaradıcılığına elə qaynayıb-qarışmışdır ki, bunları bir-birindən ayırsaq mahal işdir. Və Kafka dünyanı məhz bu cür görürdü. Ona görə də “görmə qabiliyyəti” belə “dumanlıdır”. O bunları bilərəkdən eləmirdi, sadəcə olaraq, dünyanı belə görür, belə qavrayırdı. Kafka dünyanı ifşa eləmirdi, dünyadan əzab çəkirdi. Dünya Kafkanın özünü dəhşətli bir burulğana salmışdı. Kafka da dünyaya bu dəhşətli burulğanın dibindən baxırdı” . Və əlbəttə, bu fikirlər Kafkanın ayrı-ayrı əsərlərinin təhlili ilə bağlı əhəmiyyət kəsb edir.

..Professor Əmirxan Xəlilov indi yaşının 76-cı baharına qədəm qoyur. Dönüb geriyə baxanda qətiyyən xəcalət hissi keçirmir, çünki həm ədəbiyyatşünas, həm də pedaqoq kimi göstərdiyi fəaliyyət, gördüyü işlər ürəkaçandır, onu ədəbi-elmi ictimaiyyət qarşısında hörmətə mindirir. Arzumuz budur ki, Ə.Xəlilov “Dünya ədəbiyyatı”nın yeni cildlərini tamamlasın, tələbələri və ədəbi ictimaiyyəti sevindirsin. Dünyada başqalarını sevindirməkdən gözəl nə ola bilər ki...

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2013.- 18 yanvar.- S.7