Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru
(9-cu yazı)
Bütün regionda ilk dəfə 16
noyabr Beynəlxalq tolerantlıq günü kimi Azərbaycanda
qeyd edilmiş və 1999-cu ildə bu əlamətdar gündə
ölkəmizdəki dini konfessiyaların
başçıları ilə görüş keçirilməsi
məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və göstərişi ilə olmuşdur. O, bu təşəbbüsü
ilə həm tolerantlıq prinsiplərinə münasibətini
bir daha nümayiş etdirmiş, həm də gələcəkdə
mütərəqqi bir ənənənin yaranması
üçün zəmin hazırlamışdır.
Bu ənənənin
davamı kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev
ölkəmizdə fəaliyyət göstərən
konfessiyaların dini bayramlarında və əlamətdar
günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara,
xristianlara və yəhudilərə müraciət edir, dini və
milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin
daha da məhkəmləndirilməsi üçün dövlət
səviyyəsində həyata keçirilən tədbirlərin
icrasına nəzarət edir.
İndiki
dövrdə Azərbaycanda dini vəziyyətin və dini
dözümlüyün səviyyəsini müəyyən etmək
məqsədilə qeydiyyatdan keçərək, rəsmi fəaliyyət
göstərən dini icmaların tərkibinə baxmaq kifayətdir.
Bu günə kimi Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində 502 islam, 32 qeyri-islam təmayüllü dini
icma qeydiyyata alınmışdır ki, sonunculardan 20-si
xristianlığı, 8-i yəhudiliyi, 3-ü bəhailiyi, 1-i
isə krişna şüurunu təmsil edir. Eyni zamanda,
hazırda ölkədə 1200-dən artıq məscid, 10
kilsə, 5 sinaqoq və 26 ibadət evi fəaliyyət göstərir.
Yeri
gəlmişkən, Azərbaycan Respublikasının
Konstitusiyasında dinlə bağlı məsələləri
ehtiva edən 18 və 48-ci maddələrə də müvafiq
əlavələr edilmişdir. Həmin mütərəqqi əlavələrin
“Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini
tapması üçün qanuna əlavə və dəyişikliklər
olunmuş və onlar demokratik dəyərlərin cəmiyyətdə
tam bərqərar olmasına geniş şərait
yaratmışdır.
Bu
gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil,
eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri
sərbəst, heç bir maneə olmadan fəaliyyət
göstərir və onlara dövlət tərəfindən
qanun çərçivəsində lazımi dəstək verilir.
Çünki dinlərə və dini fəlsəfi cərəyanlara
münasibətdə tolerantlığı ilə seçilən
Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki
Şərqdə, hətta bütün dünyada fərqlənmiş
və bu gün də fərqlənməkdədir. Bu, təkcə
bizim məmnunluq və iftixar hissi ilə qeyd etdiyimiz fakt yox, həm
də mütərəqqi dünyanın və beynəlxalq
qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.
Bir
neçə il ərzində həm Moskva və Ümumrusiya
Patriarxı II Aleksinin, həm Roma Papası II İohann Pavelin,
həm Gürcüstan Patriarxı II İlyanın, həm də
Rum Patriarxı I Varfolomeyin Azərbaycana yüksək səviyyədə
səfərləri təşkil olundu və onlar istər-istəməz
buradakı tolerantlığın şahidinə və təbliğatçısına
çevrildilər.
2001-ci
ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi
ölkəmizdəki tolerantlıq mühitinə, necə deyərlər,
heyran qaldı və səmimi etiraflar etdi: “Burada pravoslavlar
heç bir sıxışdırmaya məruz qalmadan öz
dinlərinə və əqidələrinə etiqad edirlər.
Hətta, bu cür şərait təəssüf ki, bəzi
pravoslav ölkələrdə belə yoxdur”.
Azərbaycana
səfəri zamanı ulu öndərimizə müraciətlə
“Siz bu torpaqlarda yaşayan insanların bərabər hüquqlu
olmaları, öz dinlərinə etiqad etmələri, bərabər
işləmələri və bir-birilərinə qarşı
durmamaları üçün səy göstərmiş və
buna nail olmusunuz” – deyən Moskva və Ümumrusiya Patriarxı
II Aleksi əslində, bu sözləri ilə həm Heydər
Əliyevin xidmətlərini yüksək qiymətləndirdi,
həm də Azərbaycanda insan hüquqlarının, o
cümlədən vicdan azadlığının qorunduğunu
və nəticədə ölkədə nümunəvi
spesifik bir tolerantlıq mühiti formalaşdığını
təsdiqlədi.
Başqa
bir misal: Roma Papası Bakıya səfərə gəlir və
“Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və
dözümlük münasibətləri dünyanın bir
çox ölkələri üçün yaxşı
nümunə ola bilər” – deyir və bu fikirlər
dünyanın ən nüfuzlu telekanallarında, qəzetlərində
yayımlanır. Bu, Azərbaycanın azərbaycanlılar yox,
Roma Papası səviyyəsində təbliğ olunması və
onun Azərbaycan həqiqətlərinin təbliğatçısına
çevrilməsi deməkdir.
Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında, istərsə də Qarabağ
münaqişəsinin həllində ölkəmizdə səfərdə
olan dini liderlərin imkanlarından maksimum istifadə edilməsinə
çalışılıb. Bu mənada Rum Patriarxı I
Varfolomeyin Azərbaycana səfəri zamanı buradakı
tolerantlığa verdiyi qiymət
də çox maraqlıdır: “Azərbaycanda hər kəs
istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə
bilir. Azərbaycanı çox sevdim. Bu ölkənin
rifahı və xoşbəxtliyi üçün hər zaman
dua edəcəyəm”.
Azərbaycanda
tolerantlığın yüksək səviyyədə
olması həm də xarici siyasətçilərin və
diplomatların etiraf etdikləri həqiqətdir. Hətta Azərbaycanın
dövlət-din münasibətləri modelinin ixrac edilməsinin
zəruriliyini söyləyən xarici diplomatlar, mütəxəssislər
də var. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar
Bürosunun keçmiş rəhbəri Cerar Ştudman etiraf
etmişdir ki, “Azərbaycanda dini dözümlük heç də
yeni konsepsiya deyildir. Bu ölkə yüz illər boyunca
müxtəlif mədəniyyətlərin yanaşı
yaşamasına, dözümlüyə bariz nümunə ola
bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə
nümunə göstərə bilərik”.
Təəssüflə
onu da qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən
sui-istifadə edən, dövlət
səviyyəsində etnik təmizləmə və
işğalçılıq siyasəti aparan Ermənistanın
Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün
qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli
dini konfessiyaların və müxtəlif xalqların mənsubları da var.
Azərbaycandakı dini konfessiyaların nümayəndələri
Ermənistanın təcavüzkarlıq və etnik təmizləmə
siyasətindən əl çəkməsi, qaçqın və
məcburi köçkün həyatı yaşamağa məhkum
olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının
öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə
beyəlxalq təşkilatlara və dünya ictimaiyyətinə
müraciət edib. Lakin işğalçı Ermənistan hələ
də məkirli planlarından əl çəkmək istəmir.
Bununla belə dini konfessiyaların başçıları Azərbaycan
xalqının sülh istəyini və dövlət
başçısının
apardığı sülhpərvər siyasəti təqdir
edərək dəstəkləyir və onun uğurlu,
müdrik siyasəti nəticəsində işğal
olunmuş Azərbaycan torpaqlarının dünya birliyinin səyləri
ilə azad ediləcəyinə əmindir.
Milli-mənəvi
dəyərlərə qayıdış.Hələ müstəqilliyimizin
ilk günlərindən təbii olaraq milli-mənəvi dəyərlərə
münasibət kökündən dəyişdi, ateizm
buxovları qırıldığı üçün
xalqın keçmişinə, milli adət-ənənələrinə,
dininə dövlət səviyyəsində hörmət
göstərilməyə başlandı, bu dəyişikliyin
fonunda həm də ölkədə etiqad, inanc
azadlığı tam bərqərar oldu.
Milli-mənəvi
dəyərlərə münasibətin bu şəkildə dəyişməsi
insanlarımızın milli və dini mənsubiyyətlərinin
fərqinə varmalarına, tarixi keçmişlərinə,
babalarının maddi və mənəvi miraslarına sahib
çıxmalarına böyük zəmin yaratdı.
Müstəqilliyimizin
ilk dövrlərindən xalqımız öz dini və milli
bayramlarını sərbəst şəkildə qeyd etdi,
insanlar əvvəlki kimi çəkinə-çəkinə,
qorxa-qorxa deyil, ürəklə, gözəl ovqatla məscidlərə,
kilsələrə, sinaqoqlara üz tutub ibadət edə bildilər.
Respublikanın rayon, şəhər və kəndlərində
məscidlər tikildi, minarələrdən azan səsi
eşidildi. İllər boyu yolu-izi itmiş,
baxımsızlıqdan uçub dağılmış müqəddəs
ocaqlar, pirlər və ziyarətgahlar yenidən canlandı.
Lakin
bu da həqiqətdir ki, XX əsrin ən böyük azərbaycanlısı
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra milli-mənəvi dəyərlərimizə
münasibətdə yeni mərhələ başladı. Bu,
milli-mənəvi dəyərlərə
qayıdışın geniş vüsət alması və
xalqımızın mənəvi mədəniyyətində
yeni intibah dövrünün başlanğıc nöqtəsi
idi.
(Ardı var)
525-ci qəzet.- 2013.- 18 yanvar.- S.6.