Oralarda kimlər var: Səyyarə xanım
Mollazadə
Professor SƏYYARƏ
XANIM MOLLAZADƏ – 80
SƏHİFƏNİN QONAĞI:
ATU-nun Azərbaycan dili kafedrasının müdiri AKİF
MİRİYEVİN YAZISI.
İŞIQLI ƏMƏLLƏRİN
SAHİBİ
Yanvarın 22-də filologiya elmləri
doktoru, professor, 40 ilə yaxın ATU-nun Azərbaycan dili
kafedrasına rəhbərlik etmiş dilçi – alim Səyyarə
Məmməd qızı Mollazadənin (Fərhadovanın) 80
yaşı tamam olur. Bu illərin düz 68-ni (1954-cü ildən)
Səyyarə xanım şərəfli bir işə – müəllim
peşəsinə sərf etmiş, onsuz da çətin olan
müəllimliklə yanaşı ağır alim ömrü
də yaşamışdır. Mən Səyyarə
xanımın haqqında bundan əvvəl üç məqalə
yazmışam və inanın ki, tərcümeyi-hal
faktlarını nəzərə almasaq, onların hər biri
ayrıca orijinal yazılardır və demək olar, bir-birini təkrar
etmir. Bu, nədən irəli gəlir? Səyyarə
xanımın özünün təkrarsızlığından,
özünəməxsusluğundan. Biz – onun iş
yoldaşları həmişə
çalışmışıq ki, hardasa ona oxşayaq, onun
kimi təvazökar, xeyirxah, həssas, qayğıkeş,
insanlara təmənnasız yaxşılıq etmək həvəsində
olmaq kimi gözəl cəhətlərə yiyələnək.
Səyyarə xanım həm də işə, verilən
tapşırığa, ailə-məişət məsələlərinə,
gənclərin tərbiyəsinə həmişə ciddi tələbkarlıqla
yanaşmış, ən çox müəllim – tələbə
münasibətlərində səmimiliyi,
etibarlılığı, obyektivliyi önə çəkməyi
vacib saymışdır. Müəllim hər hansı vəziyyətdə
yüksək mənəviyyatını, ali insani hissini, ən
çox da böyüklüyünü, ağsaqqal və
ağbirçəkliyini unutmamalıdır. Əgər müəllim
tələbədən, ya şagirddən nə isə umursa,
onda əsl müəllim əxlaqından, müəllim heysiyyətindən
danışmağa dəyməz – bax bunlardır Səyyarə
xanımın həyat amalı və dünyaya
baxışını formalaşdıran ideyalar, arzular.
Bütün bunlara görədir ki, 35 yaşlı gənc ikən
Azərbaycan və rus dilləri kafedrasına müdir təyin
olunan Səyyarə xanım əksəriyyəti özündən
yaşlı olan insanları düzgün idarə edə bildi,
az vaxt içərisində Azərbaycan və rus dillərinin
ikinci dil kimi tədris edildiyi kafedralar arasında
kafedrasının şərəfli yer tutmasına nail oldu.
...Səyyarə
xanım çətin, ancaq yetərincə örnək ola biləcək
bir həyat yaşayıb. 1933-cü ildə məşhur
İlisu kəndində dövrünün ziyalısı,
öz ağlı, xeyirxahlığı ilə indi də
xatırlanan Məmməd Fərhadovun ailəsində
dünyaya göz açıb. Uşaqlıq illəri
çox əziyyətli olub; 1934-cü ildə atasının
işi ilə bağlı Bakıya köçüblər.
Səyyarə
xanımın dediklərindən: “O illər hava çox soyuq
keçirdi. Dağlar əhatəsində olan kəndimizdə
isə şərait daha ağır idi; yemək, paltar
qayğısından daha artıq yanacaq, odun, istilik ehtiyacı
insanları çox üzürdü. Üstəlik də
müharibənin qorxunc adı, əzabları. Babam
çöldə-bayırda çörək hayında idi.
Evin məişət məsələsi ilə nənəm məşğul
olurdu. Ən vacib, həm də əzablı iş meşədən
odun gətirmək idi. Bacılarıma nisbətən mən
“diribaş” olduğumdan nənəm oduna məni də
aparırdı. Bir dəfə ağır şələ
altında olan nənəm qalın qara düşüb yıxıldı.
Mən onu qaldırmağa çalışsam da, gücüm
çatmırdı (Nənəm dolu, iri bədənli idi). Nə
edəcəyimi bilmirdim (11 yaşım var idi). Nənəm
özünə gəlib sakitcə mənə dedi: “Tələsmə,
odunun ipini aç, şələ kürəyimdən
düşsün”. Mən donmuş barmaqlarımla
düyünü aça bilmirdim. Nənəm məni
qucaqlayıb öpdü, ürək-dirək verdi, əllərimi
ağzına yaxınlaşdırıb hovxurdu, isti hava
barmaqlarımı qızdırdı, əllərimin keyi
azaldı. Babama, bacılarıma mənim bu
“qoçaq”lığımı təriflədi. O illərdə
belə hadisələr çox olub.
Səyyarənin
oxuduğu illərdə o dövrün adlı-sanlı dil-ədəbiyyat
müəllimi Bilqeys Məmmədova idi. (O, məşhur
folklarşünas, professor Məmmədhüseyn Təhmasibin həyat
yoldaşı idi). Elə Bilqeys müəllimin təsiri idi
ki, Səyyarə və bir neçə yoldaşı o zaman
böyük fəxrlə S.M.Kirov adına Azərbaycan Dövlət
Universiteti (bir vaxt mən də bu fəxri adın
vurğunluğu ilə yaşamışam), indi də eyni fəxrlə
BDU deyə adlandırdığımız ali məktəbin
filologiya fakültəsinə daxil oldu. 1949-54-cü illər
onun qaynar, qayğısız, dostlu-yoldaşlı, zəhmətli-sevincli
tələbəlik illəri idi. Səyyarə gözəl
müəllimlərin, istiqanlı tələbə
yoldaşlarının əhatəsində mükəmməl
bilik almaqla yanaşı, valideynlərindən
aldığı mənəvi-əxlaqi dəyərləri bir
qədər də zənginləşdirdi, həyatda insanı
ucaldan, ətrafdakıların gözündə böyüdən
daxili gözəllik duyğularını daha da mükəmməlləşdirdi,
yetkin dünyagörüşünə sahib oldu. Erkən ailə
qurması sonrakı təhsilini bir qədər gecikdirsə də,
orta və ali məktəbdə aldığı mükəmməl
bilik ona imkan verdi ki, aspiranturanı vaxtında bitirsin,
tamamladığı dissertasiyanı vaxtında müzakirəyə
versin. 1965-ci ildə gənc mütəxəssisi o zaman N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunun Azərbaycan
və rus dilləri kafedrasına baş müəllim göndərirlər.
Səyyarə xanım 1966-cı ildə namizədlik
dissertasiyasını uğurla müdafiə edir.
1-ci
haşiyə : Səyyarə Mollazadə həm namizədlik, həm
də doktorluq dissertasiyalarının mövzularını
dilçilik elminin ən çətin sahələrindən
götürüb. “Qax rayon şivələri” adlanan birinci
işi dialektlərimizin öyrənilməsinə həsr
olunub. Bu sahədə Səyyarə xanım dialektoloqlar
içində, bəlkə də, ilk qadındır. Səyyarə
xanımın doktorluq işi də toponimiyaya həsr olunub ki,
alim yenə də Azərbaycanın Şimal rayonlarının
yaşayış məskənlərinin adlarını
canlı olaraq qeydə almış, onların üzərində
tədqiqatçı əməliyyatı
aparmışdır. Səyyarə xanım, məncə,
toponimist dilçilər arasındada ilk qadın
araşdırıcıdır.
...1969-cu
ildə ATİ-nin Azərbaycan və rus dilləri kafedrası
haqqında xoşagəlməz rəy formalaşır. Buna
görə də kafedra müdirini vəzifədən kənarlaşdırırlar.
Həmin il gənc filologiya elmləri namizədi Səyyarə
Mollazadəni kafedraya müdir təyin edirlər. İndi
üstündən bu qədər illər keçəndən
sonra Səyyarə xanım təzəcə müdir təyin
edildiyi o günləri belə xatırlayır:
–
Qış vaxtı idi. Moskvada müalicəmi təzəcə
qurtarmışdım. Zəng etdilər ki, səni müdir təyin
ediblər. Gəldim, işə başladım. Yaşlı
adamlar idi, hərəsi mənə bir məsləhət verir,
özünü tərifləyir, başqasını pisləyirdi.
(İndi onların hamısı rəhmətə gedib. Allah rəhmət
eləsin!). Mən onlara dedim ki, heç kəs mənə
kiminsə haqqında söz deməsin. Hər şey
açıq şəkildə ədalətlə həll
olunacaq. O zaman bu kafedranın çox böyük nüfuzu var
idi; qəbul imtahanlarında bu müəllimlərin müəyyən
hissəsi iştirak edirdi. Mən rəhbərliklə məsləhətləşmələr
əsasında bütün məsələləri həll etməyə
başladım. Bununla da kafedrada xoşagəlməz
söz-söhbətlərə son qoyuldu. Nəticə də
göz önündədir. İndi həmin kafedranın əsasında
müstəqil Azərbaycan və rus dilləri kafedraları
uğurla fəaliyyət göstərir. Onların tərkibində
çox bacarıqlı, öz işinin bilicisi olan adamlar var. Mən
onlarla fəxr edirəm.
2-ci
haşiyə :Səyyarə xanım kafedraya rəhbərlik
etdiyi 40 ildə özünü inzibatçı müdir kimi
yox, kollektivin ağbirçəyi, böyüyü kimi
aparmış, əməkdaşların hər birini
özünə doğma hesab etmişdir, onların xeyrində,
şərində həmişə öndə olmuş,
kollektivi özünə səmimi bir ailə bilmişdir...Beləliklə,
kafedrada tədris-metodiki, tədris-təşkilati və ictimai
işlər sahəsində qızğın iş
başlayır. Proqrama yenidən baxılır, mövzu-təqvim
planları mükəmməlləşdirilir. Kafedranın kadr
tərkibinə də yeni qüvvələr cəlb olunur. Səyyarə
xanım 1979-cu ildə 1966-cı ildən üzərində
işlədiyi “Azərbaycanın şimal rayonlarının
toponomiyası” adlı doktorluq işini müdafiə edir. Ancaq
onun çoxsaylı dostları olduğu kimi az da olsa, istəməyənləri
də var idi. Moskvaya –Ali Attestasiya Komissiyasına yazılan
anonim məktublar öz işini gördü: Səyyarə
xanım həmin komissiyada dissertasiyasını təzədən
müdafiə etdi və doktorluq diplomunu aldı. İndi Səyyarə
Mollazadə 150-dən artıq məqalənin, 6
monoqrafiyanın, 5 metodik vəsaitin müəllifidir. 1999-cu ildə
nəşr olunmuş “Azərbaycan toponimləri (Ensikloprdik
lüğət)” kitabında Səyyarə xanımın tədqiqatları
geniş əks olunmuşdur.
Prof. Səyyarə
Mollazadə kafedra əməkdaşlarının da
inkişafını heç vaxt nəzərdən
qaçırmamışdır. O, kollektivin üzvlərinə
daim tövsiyə edirdi ki, ali məktəb müəllimi daim
öz üzərində işləməli, biliyini
artırmalı, mütləq elmi tədqiqatla da məşğul
olmalıdır. Təsadüfi deyildir ki, Səyyarə
xanımın rəhbərliyi ilə dissertasiya müdafiə
etmiş elmlər namizədlərinin hamısı (12 nəfər)
Azərbaycan və rus dili kafedralarının əməkdaşıdır.
Ötən əsrin 80-ci illəri Səyyarə xanımın
elmi-pedoqoji fəaliyyətinin ən məhsuldar dövrü
idi; kafedrada geniş tədris-metodiki iş gedir, əməkdaşlar
elmi yaradıcılıqla məşğul olur, xaricdə,
ölkə daxilində elmi konfranslarda məruzələrlə
çıxış edirlər. Belə bir dövrdə
Moskvadan məhz Tibb İnstitunun Azərbaycan və rus dilləri
kafedrasının işini yoxlamaq üçün geniş tərkibli
komissiya gəlir. Sən demə kafedranın qeyri-azərbaycanlı
əməkdaşlarından biri məktub göndərib ki,
kafedra müdiri S.Mollazadə “şovinist”dir, azərbaycanlı
olmayan əməkdaşları
“gözümçıxdıya” salır. Yoxlamanın nəticəsi
bu fikri doğrultmadı və Səyyarə xanım yenə bədxahlarına
qalib gəldi.
Səyyarə
xanımın elm yolu da hamar, güllü-çiçəkli
olmayıb. Əvvəl dediyim kimi, doktorluq
dissertasiyasını o zaman deyildiyi kimi “VAK”-da müdafiə
edib. 1973-cü ildə müzakirəyə təqdim etdiyi
dissertasiyanın yalnız 6 il sonra – 1979-cu ildə müdafiəsinə
nail olub, professor adını az qala 10 il sonra – 1988-ci ildə
alıb. Səyyarə xanım 1954-cü ildən pedoqoji
işlə, 1961-ci ildən elmi tədqiqatla məşğul
olur. Az qala 40 il işlədiyi ali məktəbin Böyük
Elmi Şurasının üzvü olub, uzun illər “Dillər”
sikli üzrə metodiki komissiyanın sədri vəzifəsini
aparıb. Ancaq heç vaxt yoruldum deməyib,
arxayınlaşmayıb, tapşırılan işə məsuliyyətini
azaltmayıb, öz əmək intizamı ilə həmişə
nümunə olub. Sağlamlığındakı nasazlıqla
bağlı 2008-ci ildə kafedra müdirliyindən, bu ilin
sentyabrından kafedranın professoru vəzifəsindən
könüllü gedib. Ancaq nə özü, nə də onun
kafedrasının əməkdaşları bir-biri ilə əlaqəni
kəsmir, Səyyarə xanım yenə də öz
ağbirçək sözü ilə, böyük məsləhəti
ilə bizim yanımızdadır.
Əzizimiz,
əməlləri ilə ətrafına daim işıq
paylayan Səyyarə xanıma 80 illik yubileyi günündə
ağrısız ömür, sevinc dolu saatlar,
övladlarının və nəvələrinin əhatəsində
xoşbəxt günlər arzulayırıq.
80
yaşınız mübarək, Səyyarə xanım!
Abdin Tofiq
525-ci qəzet.-
2013.- 19 yanvar.- S.23.