General-qubernatorun qərarı:
eşşək elə eşşəkdir!
“Yasin” oxumaqla donuz
taxıldan, əfsun oxumaqla da ilan daxıldan çıxmaz” həqiqətinin
dərk edildiyi gündən didaktikanın bu dünyadakı səlahiyyət
müddəti bitmiş olmalıydı, əslində. Bu məzmunda bir siqnal beyninə
çatdığı andan insan “bəzi məqamlarda
sözün tamam faydasız olması” reallığıyla
biryolluq barışmalıydı. Elə bu səbəbdən
də, hər kəs dilinin ucuna gələn öyüd-nəsihəti
udmalı, rəyini-iradəsini qəbul etdirmək
üçün başqa yol tutmalıydı: özü də
həmişəlik. Nə çox, Allahın yolu…
Ancaq bəşərin
xislətində nəsihət dinləməmək, ya da dinləyib
əməl etməmək kimi əzəli-əbədi meyl
varsa, başqalarına dərs keçmək, ağıl
öyrətmək halında təzahür tapan, cilovlanmaz bir
istək də var. İnsanın fitrəti elə yoğurulub
ki, lap əzəldən özünün də “öyüd
batan yerinə söyüd batdığını” bilə-bilə,
yenə kimsə nəsihətçilikdən əl çəkmir,
yenə heç kəs həndəvərindəki özü
kimilərə ağıl öyrətməyindən,
tövsiyə verməyindən qalmır.
“Sözünü o kəslərə de ki, sənə
qulaq vermirlər!” - qəribə təsəllidir. Amma
lap bu təsəllinin özündə də sanballı bir məsləhət
yükü, tərs nəsihətçiliyin, inadkar məsləhətçiliyin
ağırlığı var. Bu qatqı nə vaxt, necə,
niyə qatılıb insanın mayasına? Sirri-xudadır…
* * *
Qəti
niyyətin, güclü emosiyanın, ya da ani, ötəri əhval-ruhiyyənin
dəqiq-dürüst ifadəsi baxımından, bəlkə
də heç bir səs “eşşək” sözündəki
“ş” qədər xüsusi əhəmiyyət
daşımır. Acığın, hiddətin
dilə gətirildiyi anda bu kəlməni tək bircə
“ş” ilə hədəfə yönəltmək hələ
heç nə demək deyil. Odur ki,
Türkcədəki “Eşek”lə Ruscadakı “İşak” bu
sözün bəlli çalarını
açıb-çatdırmağa qətiyyən yaramır,
çox-çox acizlik çəkir. Belə epizodlarda
ürəyi sərinlədəcək, əsəblərə
yüngüllük gətirəcək bircə söz var:
“Eşşək!” Ən azı iki “ş” ilə! Hələ üç-beş “ş” deyildiyi hallar da
olur.
Bir vaxtlar böyük-böyük dilçilərin arasında bu mövzuda – hər nə qədər lətifəvarı də olsa - çox ciddi, şiddətli mübahisə düşübmüş. O məlum “qissədən hissələr”in üzərinə, indinin özündə də, hərdən-hərdən qayıdılır.
Hər halda, əsassız-köksüz söhbət deyil bu. Yoxsa, misal üçün, Seyid Əzim rəhmətlik, bir məqamda:
Ey oğul, bu, dəlili-bişəkdir:
Adəmi-bisavad – eşşəkdir!
- söyləyəndə, başqa bir yerdə:
Ölmə eşəgim, yəqin gələr yaz,
Yonca bitibən
işin olar saz…
- deməzdi.
Bu iki
beyti tutuşduranda qoşa “ş”nın
hikməti, qüdrəti ortaya çıxmırmı?!
İnsafla baxılsa, əvvəlkinin Şiddəti hara,
sonrakının Şəfqəti hara! “Eşşəy”in
“ş”sı prinsipial məsələdir, yəni!
Ancaq
bunlar da vacib suallardır ki: “Öyüd-nəsihəti
qulağına almamaq” söhbətində o Donuzun, o
İlanın yerinə bu Eşşəyi kim,
nə vaxt, hansı məqsədlə təyin edib? Qanıb-qandırmamağın,
anlamazlığın, dilbilməzliyin ifadəsində təşbeh
predmeti kimi nəyə görə Eşşəyə
üstünlük verilib? Bu da bir sirri-xudadır…
* * *
Didaktikaya, öyüd-nəsihətə Ziya Paşa da əl
atıb bir vaxtlar. Eşşək məsələsinin üstünə o
da yeriyib, təxminən, 150 il əvvəl.
Həm də elə-belə yeriməklərdən olmayıb
bu. Çünki heç Ziya Paşa da elə-belə
paşalardan deyildi - Ziyalı Paşaydı...
19-cu yüzilin 20-ci illərində İstanbulda doğulan
Abdülhamid Ziyaeddini Ziyanı Paşalığa aparan yol məktəblərdən,
fərdi təlimlərdən, xırdalı-irili dövlət
vəzifələrindən, dərnəklərdən,
qruplardan, yığıncaqlardan keçib. Osmanlıya
daxildə qulluq göstərdiyi kimi, səltənəti xaricdə
də təmsil edib, Paşa rütbəsi alıb.
Əvvəl-əvvəl
başını aşağı salıb dinməz-söyləməz,
“paşa-paşa” məmurluğunu eləyib, sonra küsüb,
qoşulub “Yeni (Gənc) Osmanlılar”a, lap acığa
düşəndə üz tutub İtaliyaya, ordan keçib
Fransaya: Sultan Abdülazizdən narazıların Parisdəki
qrupuna – Namık Kemalın, Ali Suavinin, Mustafa Fazıl
Paşanın da qoşulduğu dəstənin
başını çəkib, bir müddət qəzet
buraxıb (özü də nə qəzet – “Hürriyət”!);
arada İngiltərəyə də adlayıb, dəstəyə
nifaq düşəndə, həbs təhlükəsi yarananda
İngiltərə-İsveçrə-Fransa arasında “get-gəl”də
qalıb...
Bu arada
Abdülaziz gedib, yerinə İkinci Abdülhamid gəlib: yeni
Sultan “Yeni Osmanlılar”ı əvvəlcə yanına, sonra
qarşısına alıb, axırda da hərəsini bir yana (kimisini zindana, sürgünə, kimisini də
əyalətlərdə qulluğa) göndərib ki,
yaxasını onların əlindən qurtarsın. Ziya Paşanın bəxtinə valilik
düşüb, general-qubernator kimi Suriyaya göndərilib.
Ondan sonra Konya valisi, lap axırda da Adana
general-qubernatoru olub. Belə bilinir ki,
serrozdan ölüb - 1880-ci ilin mayında. Adanada türbəsi
var, ətrafında da park salınıb, deyilənə görə…
* * *
Dövr - Osmanlı tarixindəki konkret ünvanıyla
Tenzimat adlansa da - bütövlükdə Şərqdə,
İslam-Türk aləmində Maarifçilik, Yenilikçilik
dalğasının yaranıb-yayılmağa
başladığı dövr idi. Bunu
yaxşı-yaxşı duyub-anlayan zəmanə
adamlarının sırasında (həm də ən layiqli
yerlərdən birində), söz yox ki, Ziya Paşa da
vardı. Şərqi də bilirdi, Qərbi də: həm
kitablardan, müəllimlərindən öyrənmişdi, həm
də əyani şəkildə - gəzə-gəzə,
görə-görə. İndi təşər-təşər
“Qərbə inteqrasiya” dediyimiz təzə axının
önünün açılmasından ötrü az iş görməmişdi: “İnkvizisiya
tarixi”ni, “Əndəlüs tarixi”ni, “Emil...”i, “Tartüf”ü
Fransızcadan Türkcəyə çevirmişdi; yeniləşmənin,
maariflənmənin vacibliyi haqqında məqalələr
yazmış, çıxışlar etmişdi. Bir niyyətlə,
bircə məramla: Qərbdən alınıb-gətirilən
hər nə varsa, Şərqin tərəqqisinə, yüksəlişinə
xidmət eləsin; Qərbdən gələn yenilikçi
meyllər, əməllər - Şərqdəki sağlam ənənələrin
qorunması şərtilə – dirçəlişə,
inkişafa təkan versin. Qalanı onun
üçün təfərrüatdı. Heç varmamışdı da yad-yabançı, gəlmə-gülmə
təfərrüata. Ənənəvi
yolla, klassik üsulla da təzə söz deməyin, yeni fikirlər
yaymağın mümkünlüyünə inanırdı –
öz adı qədər. Şərqin zəkasına
İşığın, Ziyanın məhz belə bir bucaq
altından daha rahat düşəcəyinə çox
böyük ümidi vardı. Ümidi,
inamı doğrulacaqdımı? Hələ
bunu fikirləşmək istəmirdi, hələ eləcə
çalışırdı. Bu inamla “Tərcibənd”ini,
“Şeir və inşa”sını qələmə
almışdı, türk, ərəb, fars
şairlərinin antologiyasını - üçcildlik «Xərabat»
toplusunu hazırlayıb, ona “Müqəddimeyi-Xərabat”
adlı önsöz yazmışdı.
“Tərkibbənd”ini də bu ümidin ardınca
yüyürdüyü,
çalışıb-çabaladığı vaxtlarda
yaratmışdı. Ən məşhuru da elə bu əsəri oldu, “ehya
verdiyi söz”, 150 ilə yaxındır ki, Ziya Paşanı -
hər saat da olmasa, hər gün – “ol uyqudan bidar edir”. Füzuliylə bu “bağlantı” gəlişigözəllik
də deyil, təsadüf də. Çünki təməl-bünövrə
Füzulinin sinəsində atılıb, odur ki, beş yüz il olar, “şeir evi”mizə qoyulan
hər daşın altında onun əli görsənir: Ziya
Paşa “Tərkibbənd”ini Ruhi Bağdadidən, Ruhi də
şeirinin ruhunu, sənətinin mayasını birbaşa
Füzulidən alıb. Həmin bağlılığa Ziya
Paşanın “Tərkibbənd”ində də aydın-aşkar
işarələr var:
…Mən
anladığım çərx isə bu çərxi-çəpəndaz,
“Yaxşı
görünür surəti, amma ki yamandır”;
…Uğrarsa,
səba, rahın əgər səmti-İraqa,
Bağdad
elinə doğru dəxi əzmi-xüram et.
Mərdani-süxəndanı
ziyarət edib, ondan,
Adab ilə
get, rövzeyi-Ruhiyə səlam et…
Bu ənənələr, onlara qəlbən
bağlılıq, bir də, övladı olduğu qövmə,
yetişdiyi mühitə xidmət istəyi idi dövrünün
fəal ziyalısını, ardıcıl yenilikçisini
köhnə yola – didaktikaya döndərən, şair kimi nəsihətçiliyə
sövq edən. Yoxsa dünyanın hər üzünü
görmüş, hər sifətdə insanla
rastlaşmış o boyda Osmanlı paşası guya bilmirdimi
ki, çox vaxt nəsihətlə kar aşmır, töhmət-danlağa
lüzum yaranır, hətta “daha sərt tədbirlər”ə əl
atmaq qaçılmaz olur:
Nüsh
ilə yola gəlməyəni etməli təkdir,
Təkdir
ilə uslanmayanın haqqı – kötəkdir!
Guya ona məlum
deyildimi ki, ağlında-düşüncəsində
qüsur olanlar zəka-kamal sahiblərini sevməzlər,
yarasanın gözləri işığı götürmədiyi
kimi:
Ərbabi-kamalı
çəkəməz naqis olanlar,
Rəncidə olar dideyi-xüffaş ziyadən.
Sözsüz ki, bilirdi bunları. Amma onun aləmində
tamam başqa, çox dedikcə saf, sağlam bir həqiqət
də vardı. Ziya Paşa özlüyündə qəti
yəqin eləmişdi ki:
Ayinəsi
işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünər rütbeyi-əqli əsərində.
Buna görə də, məmur kimi
çalışdığı, valilik etdiyi yerlərdə
zahiri abadlıq işlərindən daha çox, mənəvi
dirçəlişə, maarif-mədəniyyətin
inkişafına yönələn işlər görür, məktəblər,
kitabxanalar açdırırdı. Həmmövqeyi – Bursa
valisi Ahmet Vefik Paşanın ardınca, o da Adanada teatr
binası tikdirmiş, İstanbuldan oraya truppa dəvət
etmişdi.
Bu günün Türkiyəsində də natiqlərin
tez-tez dadına çatan, ox təki iti misralardan,
qılınc kimi kəskin beytlərdən qurub-qoşduğu
ibrətnaməsini – “Tərkibbənd”ini də Lafdan çox,
İş naminə yaratmışdı Ziya Paşa.
* * *
Uzun ömür sürməsə də, Ziya Paşa zəngin
həyat təcrübəsi toplamışdı, hüdudsuz
dünyagörüşü vardı. Odur ki, deyirdi, fələyə bel
bağlamayın, hərləndikcə çox rəngə
düşə bilər, fırlanıb-fırlatması onun naxoş fitrətindəndir:
Pək rənginə
aldanma, fələk əski fələkdir,
Zira fələyin
məşrəbi-nasazı dönəkdir!
Yaşadığı
illər, keçdiyi yollar, getdiyi ellər Paşaya çox mətləblər
öyrətmiş, çox sirlər açmışdı -
dünyanı yaxşı tanıyırdı:
«Asudə
olum» dersən əgər, gəlmə cahana,
Meydana düşən qurtulamaz səngi-qəzadan.
Bibəxt
olanın bağına bir qətrəsi düşməz,
Yağmur
yerinə dürrü göhər yağsa səmadan…
Paşanın
nəsihətlərinin ziyası altında bir daha
görünür ki, dövranın qəribə-qəribə
gərdişləri var, yox yerdən çox nəticələr
törəyə bilər; haqqa zaval olmaz, hər dərdə də
bir çarə tapılar:
Zalım
yenə bir zülmə giriftar olar axır,
Əlbəttə,
olar ev yıxanın xanəsi viran.
Hər dərdin
olar çarəsi, hər inləyən ölməz,
Hər möhnətə bir axır olar, hər qəmə
payan.
Dünyanı
tanıdığı kimi, insanların da halına-xasiyyətinə
yaxından bələd olmuşdu:
Dəhri
arasan, mində bir adəm bulamazsan -
Adəm
görünən hər “lan”ı adəmmi sanırsan?!
Çox
müqbili gördüm ki, gülər: içi qan ağlar -
Xəndan görünən hər kəsi xürrəmmi
sanırsan?!
“Tərkibbənd”inin
bir beytində isə, Ziya Paşa məşhur “Hər bişə
goman məbər ke, xalist, Şayəd ke, pələng xofte
başəd” (“Hər meşəni boş, yiyəsiz sanma, Birdən
orda pələng yatmış olar”) öyüdünün
müəllifi Şeyx Sədi ilə də səsləşir:
Allaha
sığın şəxsi-həlimin qəzəbindən,
Zira yumuşaq hallı atın ciftəsi bərkdir.
Ziya
Paşanın ironiya hissi, kinayə duyğusu ayıqdı: əlindən
bir iş gəlmədiyi, nədənsə başı
çıxmadığı halda, başqalarına
ağıl öyrədib yol göstərənlərin
üstündəki qınaq-töhmətdən xəbərdardı.
Ayağının altdakı çuxuru görməyib,
göydə ulduz axtaranların, evində sahman yarada bilməyib,
dünyanı düzəltməkdən dəm vuranların
düşdükləri gülünc vəziyyətlərdən
haliydi. Bəlkə, bir nəsihətçi təki, onun
özünə də eyni nöqtədən baxanlar ola bilərdi. Ancaq paşa-vali kimi onun işi iş, şair kimi də sözü
sözdü. O səbəbdən, bunları arın-arxayın
deyə bilirdi:
Ulduz
arayıb göydə neçə türfə münəccim,
Qəflət ilə görməz quyunu rəhgüzərində.
Onlar ki,
verir laf ilə dünyaya nizamat,
Min dürlü təsəyyüb bulunar xanələrində.
Gah
baxırsan, rindanəliyi tutur, dünyanı eyş-işrət
məkanı kimi tanıdıb, həyat zövqü kimi məstanəliyi
nişan verir, “canansız, dostlarsız,
tökülüb zay olan şərabsız”
yaşayışda bir fayda görmürdü Ziya Paşa:
İç
badə, gözəl sev - var isə əqlü şüurun,
Dünya
var imiş, ya ki yox olmuş – nə umurun…;
…Canan gedə,
rindan dağıla, mey ola rizan,
Böylə gecənin xeyr umularmı səhərində?!
Gah da mey
məclisini “xəbis insanın içinin üzə
çıxdığı məkan, adamın əsl sifətini
ortaya qoyan məhək daşı” keyfiyyətilə təqdim
edirdi:
Bədmayə
olan anlaşılır məclisi-meydə,
İşrət – göhəri-adəmi təmyizə məhəkdir.
* * *
İdarəçiliyin fərqli pillələrində
aşağılı-yuxarılı müxtəlif vəzifələr
tutmuş Ziya Paşa, sözsüz ki, öz həmkarlarını,
məsləkdaşlarını – uniformalı məmurları
başqa zümrələrin nümayəndələrindən
daha yaxşı, daha dəqiq tanıyırdı. Ağlıyla təcrübəsi
Paşaya hakimiyyət nərdivanında, siyasət
meydanında, lap elə gündəlik həyatda kimin kim olduğunu, bəzilərinin üzdə nə
cür davranıb, daldada nə hoqqa
çıxartdığını, hətta kimlərin
yaxın gələcəkdə kim olacaqlarını, necə
hərəkət edəcəklərini anlamaqda sadiq,
dürüst bələdçiydi. İnsanları
da tanıyırdı, onları idarə edənləri də,
hələ idarə etməyə iddialı olanları da.
Dünyada, adamlarla yanaşı, adamlığa haqqı
çatmayanların da yaşadığını, vəzifənin,
rütbənin – zərli mundirlərin, paqon-epoletlərin də
onları dartıb adam cərgəsinə qoşa bilməyəcəyini
qəş(ş)əng başa
düşürdü. Elələrinə
münasibətdə didaktikanın işə
yaramadığı, öyüd-nəsihətin əksərən
havada qaldığı da ona artıq bəlliydi.
Ziya
Paşa o Ziyalı nəzərlərilə, o Paşa
baxışlarıyla yan-yörəsinə, mühitinin
altına-üstünə göz yetirən kimi, iş gedib dirənirdi
eşşəyin “ş”sına. Di gəl,
Paşanın bizim qədər “şansı, lüksü”
yoxdu. Ana dilinin normalarından, Əruzun Həzəc bəhrinin
səkkizinci növə xas ölçülərindən əlavə,
ola bilsin, şairliyi, mədəni səviyyəsi də Ziya
Paşanı o məlum kəlməni rahat-rahat tələffüz
etməyə, öz qəti qərarını, yekun rəyini
“layiqincə” səsləndirməyə qoymurdu:
Bədəslə nəcabətmi verər heç
uniforma?!
Zərdən
palan ursan, eşək – yenə eşəkdir!
…Paşam,
Paşam, elə yeri görünür burda! Heyf o “ş”lardan!...
Seyfəddin HÜSEYNLİ
525-ci qəzet.- 2013.- 19 yanvar.- S.16-17