Məhəmməd Əmin Rəsulzadə.Əsərləri

 

IV cild

 

(1917-aprel 1918)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi 

 

Transliterasiya redaktorları:

 

professor Şamil VƏLİYEV, 

 

elmi işçi Samir MİRZƏYEV

 

Əvvəli ötən sayımızda

 

Başda “Müsavat” olmaq üzrə bütün müsəlman firqələri Zaqafqasiyayı Rusiyadan qəti surətdə ayırmayı həm bizim, həm də bütün türklük dünyası ilə islam aləmi üçün bir qazanc görmüşdülər. Bunun üçün Zaqafqasiyanın istiqlalını müdafiə etmək və bu əsasın müdafiəsi üçün bəyanatda bulunmaq lazım idi.

Halbuki Şərqi Zaqafqasiyada zühur edən anarşıdan mütəvəllid yas və ümidsizlik bir taqım macərapərəstlərə ilhaqçılıq deyə, yanlış bir cərəyan hüsula gətirmək imkanı vermişdi. Türkiyə naminə hərəkət edən bir taqım macərapərəstlər, yerli ürəfadan azərbaycanlıların kəndi istedadlarına imanı zəif olanlarla vəziyyəti-siyasiyyəyi və Türkiyə əhval və təmayülatını iyicəsinə bilməyənlər doğrudan doğruya bu cərəyanı körüklüyürlardi.

İlhaqçılar türklərin Zaqafqasiyaya gəlmələrinin təxirini “Seym”dəkilərin istiqlalçılıqları ilə izah ediyor, diyorlardı ki, əgər azərbavcanlılar istiqlal degil, ilhaq nəzərində dursalar, o zaman türklərin də buraya gəlmələri mühəqqəqdir. Sanki türk qardaşını qurtarmaq üçün osmanlılar təzminat istəyəcək; sanki buralarını xilas etmək üçün degil yalnız zəbt etmək üçün gələcəklərdi.

Həqiqət tamamilə bunun ziddinə idi. Türklər buraya dəvət olmuş və bir az əvvəl gəlmələri üçün israr edilmişdi. Dəvət edənlər də, dəvət etməməklə töhmətlənən “müsavatçılar” idi. Trabzon muxtarəsini, Batum müraciətnaməsini bütün firqə nümayəndələri imza etmişlərdisə də məzkur vəsiqələrin təhriri müsavatçı qələminə məxsus idi. Nəhayət, Məclisi-Milli naminə və xariciyyə naziri naminə türk ordusunu rəsmi surətdə imdada dəvət edənlər yenə müsavatçılar idi.

Hal böylə ikən “Müsavat”ın türk düşməni deyə adı çıkmış; türkçülügün bu vilayətlərdə mürəvvici tanınan adamlar türk ziddi görülmüş, əvəzinə daimən rus boşqabı yalamaqdan başqa məziyyətləri və türklük həqqində zərrə də olsa düşüncələri olmayan adamlar “türkofil” çıkmışlardı.

Təbiidir ki, burada sinfi və şəxsi qərəzlər dəxi zimdəxəl idi. Məsəla, Gəncəyə qaçıb toplanmış olan mürtəce qüvvətlər türk istixlas ordusunu əhatə edərək Şurayi-Milli əleyhində bir cərəyan hüsula gətirmiş, nəhayət məzkur məclisi kəndisini fəsx etmək dərəcəsinə gətirtmişlərdi. Fəqət o zamankı ilhaqçıların həpsini də əhli-qərəz – deyə ittiham edərsək, həqsizlik etmiş olurlar. Çünki bir çokları vardı ki, səmimi olaraq ilhaqçı idilər. Kəndimizi idarə üçün mühəyya olmadığımıza qane olub, digər tərəfdən də iki türk xəlqinin bir idarə altında olmasında məhzur görmiyorlardı.

Halbuki Ədəmi-Mərkəziyyət üsuluna sadiq qalan müsavatçılar türkiyəli qardaşlarımızı imdadə çağırmaqla bərabər keçici zamanın təsirinə qapılmamışlardı. Onlar Türkiyəyi dəvət edərkən Azərbaycan istiqlalını unutmamışlardı. Çünki ilhaqçı bulunan zəvatın altı ay sonra kəndilərinin qalkıb da istiqlalı arayacaqlarını bilirlərdi. Əlavə olaraq bunu da biliyorlardı ki, Qafqasiyaya gələn türk ordusu yalnız xilaskar bir ordu sifətilə gəlib niyyətində cahangirlik qəsdi yokdu. Görüşdügümüz türk ricalında dəxi buradakı bir taqım türk zabit və çavuşlarının nəşr elədigləri ilhaqçılıq fikrini görmiyorduq. Zaqafqasiya istiqlalı və Zaqafqasiya vəhdətinin tanımasını Türkiyə siyasi iqtizasından olduğunu Rauf bəy də, Xəlil bəy də, Ənvər paşa da, Camal paşa da həpsi söyləyib duruyorlardı. Batumı doldurmuş olan bütün əhali vəkillərinə Xəlil bəyin bir cavabı vardı “rəsmi vəkilləriniz sizi satmıyor, onlar sizin hüququnuzu daha iyi müdafiə ediyorlar”.

Əvət, əfəndilər, “Müsavat” – bir çok mühüm əzalarının da bu xüsusda ayaqları sürüşdügünə rəğmən – firqə olaraq iddia edə bilər ki, ilhaqçılıq mərəzinin şiddətinə rəğmən məsləksizlik etmədi, Azərbaycan nəzəriyyəsi və türk federalizmi binaları üstündə möhkəm durdu.

Çünki “Müsavat” inanıyordu ki, ayrı-ayrı türk irmaqlarını zorlamaqla degil, yalnız təbii bir yol ilə birləşdirmək mümkündür. Bunun üçün də türk ellərinin təbii məcrayi-tərəqqilərini təmin etmək kafi idi. Bu olduqdan sonra təbii məcrasıyla akan türk çayları kəndiləri qovuşub da böyük bir türk nəhri təşkil edərlər (gurultulu alqışlar).

Bu nöqteyi-nəzərində israr edən firqə, həqiqətən də fəci bir vəziyyətdə qalmışdı. Özümüzkilər bizi türk xaini ədd ediyorlardı. Halbuki Tiflis qəzetələri Müsavata Türkiyə firqəsi və liderinə sultanın tabei deyə hər gün hücumlar yapıyorlardı. Bolşeviklər dəxi bizi Zaqafqasiyayı Rusiyadan ayırıb da türk imperializminə fəda etməklə töhmətləndiriyorlardı.

Əl-haqqu ya lu və lə yulə əleyh!   

Türklərin mütarikə şəraiti-mucibincə Bakıyı və bütün Zaqafqasiyayı tərk edib getmələri müqərrər idi. Türklər çəkiliyordu. Əvəzinə kəndisi ilə hərb etdigimiz ənud bir düşmən qüvvəti gəliyordu. İngilislər paytaxta gələcəklərdi. Bu surədə Gəncədə fəsx edilmiş Şurayi-Milli təkrar toplanmışdı. Şurayi-Milli ədədini artıraraq parlaman şəklini iktisab etməkdə idi ki, ingilislər Bakıya girəcəklərini teleqrafla bildirdilər.

Vəziyyət müşkül idi. Ümidi-nicat yalnız “Azərbaycan Cümhuriyyətinin vücudunu isbat edə bilməyə” qalmışdı. Bərəkət versin ki, ilhaqçılar tamamilə müvəffəq olmamışlar da cümhuriyyətin ünvan və xüsusatı baqi qalmışdı.

Ənzəliyə Əhməd bəy Ağayev ilə Nəsib bəy əfəndidən ibarət göndərdigimiz heyət bir Azərbaycan hökumətinin vücudundan bəhs eləmişlərdisə də bunun doğru olub-olmadığını  Tomson məhəllində təhqiq edəcəgini anlatmışdı.

Mətləbi təfsil etməyəlim. Siz də bilirsiniz ki, ingilislər nə halda şəhərə girdilər. Onlar yalnız degildi. Kəndilərilə bərabər müttəfiqləri bulunan biçeraxovlar və sair düşmən qüvvətlər dəxi şəhərə girmişlərdi. O qara gündə başımız üzərində uçuşan Biçeraxov ayroplanı gözaydınlıq kağızları səpiyordu. Fəqət bu gözaydınlıq bittəb türklərə və müsəlmanlara degil, düşmənlərimizə idi. Bu kağızlarda deyilirdi ki, müvəqqəti bir zaman üçün ana vətəndən ayrı düşən rus şəhəri Bakı, təkrar rus ordusunu görməklə məmnun olsun, şadlansın.

O nə günlər idi! Siz əksəriniz onu görmüşsünüz. Artıq yürəklərinizin yarasını qaşımaq istəməm. İngilis komandanlığına: burada istiqlalını istəyən bir millət yokdur; Azərbaycan hökuməti Türkiyə komandanlığının zadeyi-siyasətidir, deyə fısıldıyorlardı. Bunu sadə bir Osmanlı intriqası qələminə veriyorlardı.

Biçeraxovun bəyannaməsini general Tomsonun bəyannaməsi təvəlli etdi. Bu bəyannaməsində o, Ufada təşəkkül edən müvəqqət Rusiya hökumətinin müvafiqəti ilə buraya gəldiyini və qalib müttəfiqlər ordusunun vətənlərinə dönmədən əvvəl rus millətinə qarşı son vəzifeyi-şükrani əda etmək üçün gəldiyini söylədi.

Dünki ilhaqçılar özlərini itirdilər. Çarə aramağa başladılar. Türkiyə əvəzinə Ufayı qəbul etdilər. Bakıya gələn rus firqələri bizə mərhəmət göstəriyor, yeni təşkil edəcəkləri müvəqqəti hökumətdə bir-iki nəzarət yerləri təmin ediyorlardı. Böyük bir cərəyan hasil olmuşdu. İstiqlalımızı ləğv edək, Ufa hökumətini tanıyaq, tainki “milləti qurtaraq!”.

Bu idi dünki türkçülərin, Azərbaycan istiqlalına barmaq arasından bakan ilhaqçı əfəndilərin zehniyyəti. Onlar bir dərəcəyə qədər kəndi prinsiplərinə sadiq qalmışlardı. İlhaqçı idilər. Nə zərəri var İstanbula degil də Ufaya olsun. İlhaq- ilhaq degilmi?!...

Fəqət Müsavat istiqlalçıları bu dəfə də bərk durmuşlardı. Hökumətə əcnəbi qəbul etməli, parlamana erməni rus nümayəndələri zatən bırakılıyordu. Fəqət istiqlal prinsipini əldən vermək olmaz. Bu kərə müsavatçılar ən səbatlı rəfiq olmaq üzrə islamçıları degil, sosyalistləri buldular. Bu da təbii idi; çünki iltihaq edəcəyimiz Rusiya demokratik bir Rusiya degildi.

Səbat politikası nəticə verdi. Məclisi-Məbusan açıldı. Fətəli xanın ikinci kabinəsi təşəkkül etdi. Tomsonun ilk qəbulu elan olundu. İngilis komandanlığı Azərbaycanda Fətəli xanın hökumətindən başqa bir hökumət tanımayor, dedi. Digər məsələlər isə Paris sülh konfransında həll olunacaq- deyə rusiyaçıların bizə qarşı olan davasını fəsl etmiş oldu.

Azərbaycançılıq qazanmışdı. Əcəba, istiqlalçılıq inadı olmasaydı – sorarım sizə – Azərbaycan türklüyü qurtara biləcəkmidi? İstanbul mütarikəsi ilə Qafqasiyayı tərk edib gedən Türkiyə ordusu ilə bərabər Azərbaycanın hürriyyəti də məhv olub gedəcək, burada bu günki Azərbaycan yerində yellər əsəcək və bu günki milli ordu əvəzinə ya Denikin ya bolşevik dəstələri gəzəcəkdi (alqışlar).

Dekabrın yeddisində parlaman mütəntən surətdə açıldı. Düşmən qüvvətlərin təhdidi və böyük bir xof və rica içində olaraq ilk məclisini açan Azərbaycan parlamanında bütün firqələr bilaistisna Azərbaycan istiqlalını göz bəbəyi kibi mühafizə etməyə əhd ediyor və yüksək səslə deyərlərdi ki:

 

Bir kərə yüksələn bayraq bir daha enməz! (alqışlar).

“Müsavat” kitabxanəsi,

 sayı 5 M. Ə. Rəsulzadə

(Həftəlik “Müsavat” mühazirələri)

Heyəti –Mərkəziyyə tərəfindən

nəşr edilmişdir

Bakı “Azərbaycan” qəzetəsi

hökumət

Mətbəəsi 1920.

 

Müvərrix-tarixçi

Təbəəllər-billurlaşma

Şümul-əhatəli

Səfra-başgicəllənmə

Mürəxxəs-vəkil, müvəkkil

Mərğub-rəğbət olunan

Təmərrüd-asi olma, itaətsizlik

Məhfil-məclis, heyət

Müariz- etiraz edən

Müsaidkar-əlverişli

Ədüvv-düşmən

Fərib-aldatma, hiylə

Riza-məmnun, razılıq

Müqərrər-qərarlaşdırılmış

İktisab-kəsb etmə, qazanma

Zimədxəl-dəxaləti olan, dəxalət sahibi

 

 

AZƏRBAYCAN DAVASI

 

28 May 1918, Milli Azərbaycan Hərəkatının ən böyük günüdür. Bundan 34 il öncə, Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu. Bu tarixdə Türk və Müsəlman aləmində, ilk dəfə Milli Xalq Hakimiyyətinə dayanan bir Cümhuriyyət qurulmuşdur.

Yüz il öncə, ayrı-ayrı 9 xanlıq halında Çarlığın hakimiyyəti altına düşən Azərbaycan Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya imperatorluğunun ənqazı (xarabası) altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı.

12 ocak (yanvar) 1920-də Böyük Dövlətlər tərəfindən istiqlalının tanınması üzərinə, Azərbaycanın davası millətlərarası bir məsələ halına gəldi.

Azərbaycan Cümhuriyyəti sadəcə dünya ensiklopediyaları ilə Birinci Dünya Hərbindən bəri dürlü lisanlarda basılan kitab, xəritə və atlaslarda qeyd edilməklə qalmayıb, eyni zamanda böyük-kiçik, uzaq-yaxın ilgili bütün dövlətlərin arxivlərində Azərbaycan davasına aid dosyalar (sənədlər toplusu) vardır.

Siyasi “Carte du vistie”i (dövlətlərin təqdimat kartında) 1918-də dünyaya təqdim olunan Azərbaycan Hərəkatının ömrü sadəcə 36 il deyildir, əlbəttə!...

Azərbaycan Türk xalqının tarixi gəlişmə (inkişaf prosesi) seyrində 28 May 1918, siyasi bir olqunluğunun (kamilliyinin) mühüm bir mərhələsidir.

Aləmşümul kültür dəyərlərinə və dürlü (müxtəlif) çağlarda yaşanmış siyasi istiqlal və hakimiyyət xatirələrinə malik olan Azərbaycanın tarixi bilxassə Yaxın Doğu İslam şərtləri daxilində gəlişmişdir (inkişaf etmişdir). Son yüz il içində bu gəlişmə Qafqasiya müqəddəratı ilə ilgili olaraq müəyyən özəlliklər əxz etmişdir.

Cümhuriyyətin qurulmasına təqəddüm (keçid) dövründə Azərbaycan topluluğunda əsaslı üç fikir cərəyanı təbəllür etmiş (formalaşmış) olurdu. Bunlardan biri dini düşüncəyə görə, milliyyət fikrinə xor baxan İslami ittihadçılıq idi. Buna müqabil yenə milliyyət ayrılığını rədd edən kosmopolit bir fikir cərəyanı – sosializm vardı. Biri sağçı, digəri solçu bu hər iki kosmopolit cərəyana Azərbaycan çərçivəsi daxilində qalmaq çox dar gəlirdi. Azərbaycan məfhumu onları təmin etmirdi. Onlar üçün ya “Rusiyada Müsəlmanlıq”, ya da “Rusiyada Sosializm” vardı. Milli olmayan bu cərəyanların arasında milli Azərbaycan milliyyətçiliyi mərkəzi bir mövqedə dururdu.

Tarix və kültür anlayışında türkçü olan bu milliyyətçi zümrə, siyasi alanda (sahədə) Azərbaycan muxtariyyət və istiqlalını hədəf tuturdu.

Azərbaycan Türk özəlliyinin formulunu verən və Rusiya hakimiyyətindəki Türk elləri üçün milli-məhəlli muxtariyyətlər halında öz müqəddəratlarını müstəqil idarəetmə tələbini irəli sürən canlı bütün qüvvətlər Azərbaycanda “Müsavat” Xalq Firqəsi ətrafında birləşmişdilər.

1911-ci ildən bəri gizli fəaliyyətdə olub, Rusiyada baş verən inqilab nəticəsində, 1917-ci ildə təşəkkül edən “Türk Ədəmi Mərkəziyyət Firqəsi” ilə birləşən “Müsavat” partiyasının Bakıda toplanan ilk konqresi sadəcə Azərbaycan tarixində deyil, Rusiya məhkumu bütün Türk ellərinin yaxın tarixində dəxi mühüm bir hadisə olmuşdu. Qəbul etdiyi proqramında Azərbaycan muxtariyyatını cəsarət və sərahətlə (səhihlik, aydınlıqla) təsbit edən bu firqə, o gündən etibarən, gürcülərdə Menşevik, ermənilərdə Daşnak partiyaları kimi Mavərayi-Qafqasiya həyatında Azərbaycan Türklüyünü təmsil edən üçüncü bir qüvvət halına gəlmişdi. Daşnak, Menşevik, Müsavat isimləri dost, düşmən bütün dillərdə dastandı. Bu üç ismi təsrif etməyi (istədiyi kimi dəyişməyi) bolşeviklər bilxassə sevərlər. Gərək düşmən, gərəksə Azərbaycandan əlaqə ilə bəhs edən dostlar üçün “Müsavatizm” Azərbaycan patriotizminin bir müradifidir (sinonimidir).

1917-ci ilin aprelində Bakıda toplanan Qafqasiya Müsəlmanları Qurultayı ilə eyni ilin mayında bütün Rusiya Müsəlmanlarının Moskvada toplanan qurultayında bu tezisi müdafiə edənlər “Müsavat” firqəsinə mənsub idi.

Rusiya Qurucular Məclisinə yapılan seçim əsnasında bu seçimdə iştirak edən Azərbaycan partiyalarından yalnız “Müsavat” firqəsinin bəyannaməsində Azərbaycan muxtariyyatından bəhs edilirdi.

Sonra 1918 Mavərayi-Qafqasiya Seymində eyni Azərbaycan tezisini yalnız “Müsavat” firqəsi ilə “Tərəfsizlər Bloku” naminə oxunan açıqlamada görürük.

Seymin dağılması üzərinə Azərbaycan Cümhuriyyətinin istiqlalını elan edən Şurayi-Millidə bütün partiyaların artıq istiqlalçı olduqlarını görürük.

Azərbaycan davasının yaxın tarixində müəssir (təsirli) bir rol oynayan fikir cərəyanları ilə müəssisələrinin tarixi məsnədləri (dayaqları) bunlardır. “Davamız”ın yaxın tarixindən bəhs açanların hər şeydən əvvəl, bu obyektiv hadisə və vaqeələr üzərində durmaları lazım gəlir. Belə edilərsə, dava tarixi əsaslara, fikirlərə və fikir müəssisələrinə bağlanmış olur.

Milli Böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və ya hökumətdə bulunmuş olan bir sıra münfərid (tək-tək) insanların vərəsəlik malı kimi ədd etmək (qəbul etmək) çox xətalı bir anlayışdır. Şurayi-Millidən də, parlamentdən də öncə Azərbaycan muxtariyyat və istiqlal fikrini təəzzi (əziyyət çəkmə) etdirən və bunu sağdan-soldan gələn bütün müxalifətə qarşı savunan (müdafiə edən) bir müəssisənin varlığını inkar və ya ehmal etmək (əhəmiyyət verməmək) milli davaya zərərdən başqa bir şey verməz. “Davamız”ı fikir müəssisələrində deyil, münfərid şəxslərə bağlayanlar, mənsub olduqları millətin inkişaf etməmiş ibtidai bir cəmiyyət olduğunu bəlirtmiş (qabartmış, nəzərə çarpdırmış) olduqlarının fərqində olmayanlardır. “Davamız”ın yaxın tarixini tariximizdəki fikir müəssisələrindən təcrid edərək izaha qalxışanlar bilərək və ya bilməyərək tarixi təhrif edənlərin ta özləridir.

Tarixdə fikirlərin əhəmiyyəti var da, şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir müəssisələrinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ulaşdırır. Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən fikir cərəyanlarına və müəssisələrinə bağlanan, onlara simvol olan şəxsiyyətlərdir.

“Davamız”ı anladırkən onu hal-hazırda yalnız “üç kişi”nin baqi qaldığı bir dəstəyə bağlamaq və bu yaşayanları o ölənlərin yeganə siyasi varisi kimi görmək salim bir düşüncənin əsəri sayılamaz, təbii!..

Davamız, Azərbaycan davasıdır, bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz. İçlərində milli ideala, Azərbaycan fikrinə, yəni “Davamız”a ihanət (xəyanət) etmiş olanların da, məəttəssüf bulunduğu bu təşəkküllər dışında, şairimizin “Buzlu Cəhənnəm” dediyi sürgün yerlərində şəhadət camını içən, Xəzərin qanlı sularında ayaqlarına daşlar bağlanaraq boğdurulan neçə qurbanlarımız, şəhidlərimiz vardır.

Sadəcə hökumət və ya parlament üzvü olmaq, insana özəl bir imtiyaz və şərəf verməz. Əsl imtiyaz, əsl şərəf ideyaya  sədaqətdə və ona hüsnü-niyyət və səmimiyyətlə bağlı qalmaqdadır.

Parlament və hökumət dışında Firudin Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə Vəsilə xanımlar, Qasımzadə Qasım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir raporunda qeyd olunduğu kimi 52-dən çox qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da unutmayaq. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları, Süleyman Paşa Sulkeviçləri, Dilxas Murad Gərayları, İbrahim Ağaları, Səlimov Həbib Bəyləri və bir çox digərlərini də zikr edəlim.

İsimləri və xatirələri hamımıza əziz olan Fətəli Xan, Nəsib bəy, Həsən bəy, Səməd Paşa, Əbuzər bəy, Məhmət Bağır bəy, Museyib bəy, Murtuza bəy, Rəhim bəy və sairə kimi şəxslərlə bərabər, düşmən tərəfinə keçmiş və milli iradəyə xəyanət etmiş Qarayevlər, Qarabəyovlar kimi bədbəxtlər də məəttəssüf, Parlamentin üzvü olmuşlardır.

Ümumi bir xülasə yapılırkən, ana fikir müəssisələrindən və bunları təmsil edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zərurətdir. Tarixdə isimlərini fikir müəssisələrilə sımsıxı bağlamış şəxsiyyətlər vardır. Bunlardan bəhs etmək qədər təbii və normal bir şey ola bilməz. Bu bütün fəaliyyətləri bir tək şəxsə ətf etmək (istinad etmək) demək deyildir, əlbəttə!..

Davanı əsas fikir sistem və müəssisələrindən ayıraraq, avtomatik surətdə, müəyyən dövrdə, rəsmi hər hansı bir sifət və ya ünvan daşımış insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki Azərbaycan davası belə üç-beş kişinin həyatilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis edilmiş (müqəddəs sayılmış) fikir müəssisələri vardır. Bu müəssisələr baqidir, Azərbaycan parlamentini də, hökumətini də doğuran bu fikir sistemi, qızıl istila altında bilavasitə qüvvətlənmiş istiqlalçı gənc nəslin müqavimətilə çəlikləşmiş (poladlaşmış) və mühacirətdə illərdən bəri davam edən mücadilə sayəsində sarih (açıq, aydın) formulunu tapmışdır. Milli nəşriyyat və müəssisələr tərəfindən bu davanın ideoloji bütün səhifələri incədən-incəyə işlənmişdir. Belə bir hərəkatın müqəddəratı, şübhəsiz ki, üç-beş faninin həyatına münhəsir (həsr edilə) qala bilməz.

Ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət və həyatiliyi, bu böyük fikrin, istiqlal ideolojisinin nəsildən-nəsilə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu idealı mənimsər və bu ideal uğrunda çalışmış başlıca fikir müəssisə və şəxsiyyətlərini idealizə edərsə, bunu dava naminə, müsbət bir hadisə olaraq qəbul etməliyik.

Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəssisələrini ehmal ilə sadəcə münfərid şəxslərə mal etmək Azərbaycan topluluğunun gəlişməmiş ibtidai səviyyədə olduğunu söyləmək olur. Halbuki 1918-də istiqlalını elan edərkən, Azərbaycan Türklüyü, siyasi fikir cərəyanlarına malik olqun bir topluluqdu. Orta Rusiya əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq milli demokrasi ideolojisilə siyasi bir firqə vardı ki, Türklüyün federalist cərəyanını təmsil edirdi.

O zamankı şərtlər daxilində Türkçülüyün  “Müsavat” firqəsində təmsil olunan bu cərəyanı, hadisələrin gəlişməsilə, Türkiyədə Atatürk Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk Cümhuriyyətlərinin qurulması ilə həyatiliyini isbat etmişdir.

Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmış və ya yaşadan fikir sistem və müəssisələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və mərəzi hisslərdən sıyrılaraq ana fikrə önəm vermək lazımdır.

Yaxın keçmişi inkar və müşəxxəs (tanınmış) ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir. Bu xüsusda hamımızın son dərəcə ciddi və diqqətli olmamız icab edər.

Bunu bilməliyik ki, “Davamız” fani üç kişinin inhisarına alınacaq qısır bir dava deyildir. O, nəsildən-nəsilə dövr edilən fikir müəssisə və şəxsiyyətlərinə sahib vələd (nəsli) bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı gənclərini qopmaz ideal və fikir təsanüdüylə bir-birinə sımsıxı bağlayan bir dava!..

Dünənki idealist nəsil ilə bugünki idealist nəsli bir-birinə bağlayan, bundan 36 il öncə, 28 May 1918-ci ildə İstiqlal Bəyannaməsini intac etdirən (nəticələndirən) böyük fikir hərəkatıdır.

İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər gənc olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun, bütün azərbaycanlıların bu müəzzəm hərəkatdakı mövqe və şərəfləri, əsas ideologiyaya göstərdikləri və göstərəcəkləri sədaqət, bağlılıq və hizmətlərilə mütənasibdir.

Bütün məsələ, bu xüsusda son dərəcə incə davranmaqla bərabər, mötədil bir ölçüyə malik olmaq, hadisə, müəssisə və şəxsiyyətləri təqdirdə vətənsevərlik icabı olaraq, ədalət və insaf hissindən ayrılmaqdadır.

Məhəmməd Əmin Rəsulzadə

“Azərbaycan” aylıq kültür dərgisi

Sayı – 2-3 (26-27), 1954

Mövlud bayramı xüsusunda

Keçən məqaləmizdə mövlud bayramının günü xüsusunda yazmış idik. Bu dəfə bu böyük bayramın keyfiyyəti-icrası həqqində yazmaq istiyoruz.

Hər şeydən əvvəl mövlud rəsmiyyətdən ziyadə səmimi və mənəvi simaya malik bütün xüsusiyyatı ilə ruhlu və tam milli bir gün olmalıdır. Buna “reut” rəngi vermək, bu gün başqa millətlərin, rəsmi hökumət adamlarının, bələdiyyə və sair müəssisat rəisinin də məclisimizə gəlib bizi təbrik etmələrini gözləmək bicadır. Bərabər yaşadığımız ruslar, ermənilər dəxi milad bayramında böylə rəsmi bir “reut” düzəltdikləri yoxdur. Bu reut ancaq tazə ildə oluyor ki, buna müqabil bizim əskidən bəri “novruz reut”imiz vardır. Orucluq, qurban bayramları nə kibi milli və dini bir mənada isə, mövlud da öylə olmalıdır. Eydi-fətr ədasında, bayram namazı qıldıqda və yainki aşura matəmi saxladıqda, necə ki, rəsmiyyət gözləmiyor, kimsədən təvəqqe etmiyoruz ki, məclisimizdə bulunsun, mövludda da böylə yapmalıdır. Hətta demək istiyorum ki, mövlud mərasimi xüsusi binalarda yapılacağına məsciddə, məscidi-camedə icra olunursa, daha münasib və daha müvafiq olur.Şimallı rəfiqlərimizdən birisinin mövlud münasibətilə yazmış olduğu baş məqaləsində denilir ki: “bayramını saxlaya bilən milləti dünyada yaşamağa hazırlanmış bir millət sayıyorlar”. Bu sözdə böyük bir hisseyi-həqiqət var. Əlimizə bu ölçüyü alaraq mövlud bayramlarımızı vəzn etsək, əcəba, həqqimizdə verilən hökm nə ola bilər? Biz müsəlmanlar “ən böyük, ən işıqlı” dedigimiz bu bayramımızı saxlaya bilərmiyiz?

Məəttəəssüf “İsmailiyyə” binasında gərək “Səfa”, gərək “Səadət” tərəfindən icra olunan bayramları görüncə bu suala “bəli” (əvət) deyə cavab vermək imkanında degiliz. “Səfa”nın builki mövludu bildirkindən yaxşı idi. Fəqət o qədər. Ancaq bildirkindən yaxşı idi. Çünki musiqisi yox, “ura”sı yox, valsı yox, qədəh qaldırıb da şərab nuşluğu da yox idi. Fəqət nəyi var idi? Qazi həzrətlərinin quru və olduqca rəsmi nitqlərindən və təsadüfi olaraq oxunan möhtərəm Hacı Zeynalabdin məktubundan və bir də “Boje tsarya xrani” nəğmeyi-rəsmiyyəsinin türkcə tərcüməsindən başqa heç bir şey!! Əcəba, “İsmailiyyə”nin böyük salonunu ta sabahdan gözləyərək xıncaxınc ilə dolduran və bütün səmimiyyət və ürəgi ilə Peyğəmbərinin işıqlı mövlud günündə ruh və vicdanına ğəza aramaq üçün gələn cəmaət bu rəsmiyyətlərdən nə anladı?..

Bu sual yalnız bizi degil, milli və dini həyata və bu həyatdakı görünüşlərə həssas bir surətdə mütəvəccih olmaları ilə baisi-ümid olan studentlərimizi belə məşğul etmiş, “Səfa” mövludundan mütəhəyyir olduqlarını qəzetəmizlə elan eləmişlərdi.

“Səfa”nın bildirki marşı, valsı və “ura”sı müqabilinə, “Səadət” qəsidə, milli şerlər, dəgərli nitqlər, mənidar moizələrlə çıxmışdı. Bu il birincisi tərəqqi eləmiş: musiqi ilə “ura”nı proqramından çıxarmışdı, ikincisi isə tənəzzül eləmiş: qəsidələrə, şer və nitqlərə birər qələm çəkərək əvvəlki ilə bir çəkiyə gəlmiş və mənasız rəsmiyyətdə ikisi də biri-birinin eynini təşkil etmişlərdi. Aralarında yalnız bu qədər bir fərq qalmışdı ki, ayın 12-dəki məclisin zinəti bafta ilə paqon, 17-dəkinin bəzəgi isə əba ilə əmmamə idi. Əfvinizi istərəm, bir fərq daha vardı: “Səfa”da pulu səssiz yığıyor, “Səadət”də işi “Allah evini abadan eləsin”nə salırdılar.

Bu halları görüncə insan heyrət ediyor. Getdikcə tərəqqi etməkdənsə çaşıb sərkələfi itirdigimizə heyran qalıyor.

“Səfa” nə qədər ki, Nəbi mövludunu məktəbi dairəsində icra ediyordu, səmimi, milli bir rəngə malik idi. “Səadət”in qabaqkı illərdə bundan daha səmimi və daha ruhlu məclisləri oluyordu...

“Ən böyük bayramımız”ın gününü təyinində, mənasını dərkdə, keyfiyyəti-icrasını anlamaqda bu qədər kahillik, qalınlıq göstərdigimizi görüncə insan milli bir həyatla “yaşamağa daha hazırlaşmadığımıza” hökm vermək istiyor: istəmək degil, böylə bir hökm vermək məcburiyyətində qalıyor.

Fəqət hər şeyi göstəriş üçün yapıb da, yapılan şeyin müvəffəqiyyətini ancaq o şey vasitəsilə yığılan pulun miqdarilə ölçən boş, bütün mənasilə riyai məclislərin müqabilində bərəkət versin ki, həyat başqa ümidli əlamətlər göstəriyor. İştə, Bibiheybətdə əmələlərin tərtib elədigi məclis; iştə, tələbələrimizin ruhi-aşina qətnamələri, iştə, “Səfa”nın “sivilizə”lərilə “Səadət”in mollalarına ən parlaq nümunə olacaq bir mövlud məclisi daha mütəəllimlərlə mütəəllimələrin qurduğu o parlaq məclis, mövlud nə olduğunu həqqilə dərk edəməyən atalara “Açıq söz”ün 362-ci nömrəsini oxuyub da “mövlud”un necə gərək olduğunu öz babalarından ögrənməyi tövsiyə edəriz.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 1 yanvar 1917, ¹365

Revü (revüt) – tamaşa, baxış

Ğəza – cahad

Kahil – tənbəl

Riya – ikiüzlülük

Mütəvəccih – birinə rəğbəti olan

Mütəhəyyir – heyrətə düşmüş, çaşmış

 

(Ardı var)

 

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 19 yanvar.- S.26-27.