“Vanqa nənə məni görən kimi soruşdu: “Niyə az yazırsan?”  

 

“BƏZİ QADINLARI DÜNYAYA TANRI ÖZÜ GÖNDƏRİR, HANSISA MİSSİYA İLƏ...”

 

 Pərvinin həmsöhbəti Rusiya Yazıçılar Birliyinin katibi, yazıçı Valeri İvanov-Taqanskidir.

Camaat dünyanın sonuna hazırlaşır, mənsə durub Moskvaya gəlmişəm... Dodağım altında mızıldana-mızıldana, qırmızı çamadanımı qaraçı uşağı kimi ardımca sürüyərək Peredelkino yaradıcılıq evinə girirəm... “Xaricdə Yaşayan Rusdilli Yazıçıların II Forumu”na jurnalist kimi dəvət olunmuşam. Açılış mərasimində uzun illərdir vətəndən ayrı yaşayan rus yazıçıların kövrək çıxışlarını dinləyib düşünürəm. Hər birinin səsindən həsrət, qürur qarışıq sevinc duyulur. Hər kəs yaşadığı ölkədə Vətənini, dilini, ədəbiyyatını necə təbliğ etməsindən danışır. Bunlara qulaq asıb ürəkdolusu darıxa bilərsən... Heç fərqi yoxdur, bir gündü uzaqdasan, ya bir ildi... Uzaqlıq elə ... darıxmaqdı.

... Açılış mərasimindən sonra Puşkin muzeyini ziyarət gözləyir bizi. Moskva soyuqdu. Çox soyuq. Mənfi iyirmi dərəcədən aşağı düşür bəzən temperatur. Bu SOYUQda yaşlı bir yazıçının paltosuz, papaqsız, sadəcə kostyumda qonaqları aparan avtobusların arasında var-gəl edib kimisə axtarması diqqətimi çəkir. Avtobusdakılar zarafatlaşıb gülürlər: Taqanski xanımını itirib, onu axtarır. Nəhayət, bu adam həyat yoldaşını tapıb arxayınlaşır... Və biz muzeyə yollanırıq. Muzeydə də Puşkinə aid eksponatlara, şəkillərə hansı maraqla baxıramsa, bir az qabaq “yenidən qovuşmuş” cütlüyü eyni maraqla müşahidə edirəm. Yazıçı Valeri İvanov-Taqanski və xanımı tərcüməçi Diana Borisovna. Diana Borisovna ilə ötən il Peredelkinoda Gənc Yazarların I Beynəlxalq Seminarında tanış olmuşduq. Hekayələrimin ruscaya tərcüməsini oxuyub çıxış etmişdi. Bakıya qayıtdıqdan sonra da arabir internet vasitəsiylə yazışırdım onunla. Mehriban, gülərüz, maraqlı bir qadındı. Amma onun obrazı məhz həyat yoldaşının yanında bütöv göründü mənə.

Valeri İvanov-Taqanski kifayət qədər nüfuzlu sənətkardır. On ildən çox (1966-1977-ci illərdə) Taqanka Teatrının aktyoru olub. Sonralar rejissor kimi çalışıb və qısa müddətdə ondan çox tamaşa qoyub. Bir neçə il Vətənindən kənarda, Bolqarıstanda yaşayıb. “Həyata məhkumlar”, “Vətən ailəsi”, “Sokrat üçün dırmıq” və s. romanların müəllifidir. Uzun müddət Rusiyanın birinci telekanalında “Arayanlar” layihəsinin rəhbəri və aparıcısı olmuşdur. Tarix elmlər doktorudur. Rusiya Yazıçılar Birliyinin katibi, Yazıçılar Birlikləri Beynəlxalq İttifaqının şöbə müdiridir.

...Seminarlararası fasilədən istifadə edib yazıçıyla söhbətləşirəm.

Pərvin: Valeri Aleksandroviç, hərbçi ailəsində doğulmağınız və incəsənətin bir neçə yönündə – aktyorluq, rejissorluq, yazıçılıq və başqa sahələrdə uğur qazanmağınız maraqlıdır...

Valeri İvanov-Taqanski: Doğrudur, atam hərbçi idi... Stalinqradda döyüşmüşdü. Amma anam çox həssas və zərif bir qadın idi. Gitarada, fortepianoda gözəl ifa edir, mahnılar oxuyurdu. Düzdür, onun incəsənət təhsili yox idi. Amma anam mənim üçün həmişə əlçatmaz bir kamillik nümunəsi, ideal olub. Deyim ki, o filmlərdən birində Lyubov Orlovanın dublyoru olmuşdu. İndi müəyyən məqamları yadıma salanda görürəm ki, anam sənətin xəstəsi idi və məni də bu xəstəliyə yoluxdurmuşdu... Və mən hələ uşaq yaşlarımdan şeirlər yazmağa başlamışdım. Amma sonra boksla məşğul oldum və uzun müddət yaradıcılıq barəsində düşünmədim.

Pərvin: Bəs sonra necə oldu ki, fikrinizi dəyişdiniz? Ananızdan keçən xəstəlik güclü çıxdı...

Valeri İvanov-Taqanski: Bilirsiz, indi məşqçimin dedikləri yadıma düşür və maraqlı görünür mənə. Boksda çox böyük nailiyyətlərim vardı. Və günlərin birində məşqçimə boksu atmaq istədiyimi bildirəndə o heyrət içində fikrimdən döndərməyə çalışdı məni... Deyirdi ki, başqa sahədə o cür uğur qazana bilmərəm. Amma sənət eşqim çox güclüydü. Və yəqin ki, o kömək oldu.

Pərvin: Sonralar peşman olmadınız ki?

Valeri İvanov-Taqanski: Məncə, yox, peşman olmadım. Atamdan gələn möhkəm xarakterim var. Heç vaxt təslim olmuram. Gördüyüm işə, getdiyim yola çox inanıram. Sadəcə hərdən o vaxtları xatırlayıram, onda necə formada və səliqəli olduğumu yadıma salıb fikir edirəm. (gülür) Yaradıcılıq və oturaq həyat yüz kilodan artıq çəki gətirib mənə... Amma bir məqamı da deyim ki, televizorda ancaq idman verilişlərinə, xüsusən boksa baxıram. Burda çox maraqlı bir dramaturgiya var. Telekanalları bürümüş o şitliyə, bayağılığa tamaşa etməyi boş vaxt itkisi hesab edirəm. 

Pərvin: Bir müddət siz özünüz televiziyada çalışdınız, çox ciddi və maraqlı layihənin aparıcısı oldunuz. Mübahisəli tarixi hadisələri araşdırırdı sizin “Arayanlar”ınız...

Valeri İvanov-Taqanski: Bəli. Bu layihə böyük maraqla qarşılanırdı. Amma deyim ki, çox zəhmət və gərgin iş tələb edirdi. Bəzən bir mövzuyla bağlı aylarla araşdırmalar aparılırdı. Lakin hər bir gözəl işin sonu olduğu kimi bu layihə də başa çatdı. İndi telekanallarda belə verilişlər azalır. Bu bayağılığa, mənasız dedektivlərə, savaşa, güllələnmələrə meyl hardandı bilmirəm. Ona görə də çalışıram televizora az baxım. Həyat gözdən bir damla yaşın düşməsi qədər qısadır, onu mənasız işlərə sərf etmək olmaz. Bir də, tale məni həmişə istedadlı, dərin adamlarla yaxınlaşdırıb, bəlkə ona görə çox kaprizliyəm.

Pərvin: Bu adamlardan biri Vladimir Vısotskidir. On ildən çox Taqanka Teatrında çalışmısınız. Bu əfsanəvi şəxsiyyətlə eyni qrim otağını bölüşmüsünüz...  

Valeri İvanov-Taqanski: Bəli. Vısotski məhz əfsanəvi idi. Mən onunla hələ Şukin adına Teatr məktəbində oxuduğum vaxtlarda yataqxanada tanış olmuşdum. O zamanlar Vısotski Puşkin Teatrının aktyoru idi, amma az tanınırdı. Mən ilk dəfə onu dinləyəndə temperamentinə, düşüncəsinə və ümumiyyətlə, yaratdığı obraza heyran qalmışdım. Amma ilk tanışlığımızdan sonra bir neçə il görüşmədik. İllər keçdi, daha doğrusu, 4 il sonra mən Taqanka Teatrına işləməyə gələndə onunla yenidən qarşılaşırıq. Bəxtim çox gətirdi onda. Yuri Lyubimovun mənə çox isti, inamlı, doğma münasibəti vardı. Ardıcıl olaraq maraqlı rollar verirdi mənə. “Dünyanı heyran qoyan on gün”də Kerenski, “Hamlet”də Laert, “Puqaçov”da Qlumov, “Ana”da Vesovşikov və başqa rollarım yaradıcılığımda, avtobioqrafiyamda işıqlı səhifələrdir. Bu tamaşaların bəzilərində, əsas da “Hamlet”də Vısotski ilə tərəf-müqabili olmuşam. Ölümündən sonra Vısotskinin “dostları” sürətlə çoxaldı. Yerindən duran – “mən onunla dost idim...”, “oturub birgə içirdik...”, “gecələri birgə şeir yazırdıq...” motivli danışır. Amma bunlar hamısı yalandı. Onun dostları çox deyildi. Özü çox sadə və bir az da qəribə idi. Məsələn, bizim qrim otağımızın pəncərəsindən gözəl bir mənzərə açılırdı. Amma o bundan ilhamlanmırdı. Qulağına qulaqcıqları taxırdı, üzünü divara çevirirdi, az qala burnu divara dəyəcək məsafədə otururdu və belə də yazırdı. Sonra bir az idman edib oxuyurdu mənə yeni yazdıqlarını...

Pərvin: Marina Vladi müsahibələrindən birində deyirdi ki, “Mən olmasaydım, Vısotski on üç il öncə ölərdi. Kimsə bunu dansa, əngini əzərəm...”

Valeri İvanov-Taqanski: (düşünür) Razıyam onunla. Amma mən yuxarıdan, Allahın, ya hansısa bir ilahi qüvvənin Marina Vladinin özünü yönəltdiyinə çox inanıram. Lakin Marinanın çox güclü və hökmlü qadın olmasına heç kim şübhə edə bilməz. Onu deyim ki, Marina ilə münasibətdə Vısotskinin  fransız dilini yaxşı bilməsi çox rol oynamışdı. Fransızca müsahibələr verirdi, sərbəst danışırdı. Amma bunu heç vaxt reklam etmirdi. Ümumiyyətlə, əgər soruşsanız, Vısotskidən nə öyrənmək olardı, mən düşünmədən cavab verərəm ki, təvazökarlıq... O incə, gözəl jestlər etməyi bacaran adam idi. Onunla münasibətim, ünsiyyətim sənətə baxışıma, rejissorluq fəaliyyətimə də təsir etmişdi. 

Pərvin: Mənə rejissorluqdan yazıçılığa keçid maraqlıdır. Biri çox hərəkətli, digəri yazı masasına bağlanmağı, oturmağı tələb edən işdir.

Valeri İvanov-Taqanski: Bütün günahlar Vanqa nənədədir... (gülür)

Pərvin: Vanqada? O sizə məsləhət gördü yazmağı?

Valeri İvanov-Taqanski: Bəli. Nəinki məsləhət gördü, həm də inandırdı. Məni Bolqarıstanda onun yanına apardılar və o məni görən kimi soruşdu: “Niyə az yazırsan?” O zamanlar mən rejissorluq edirdim və kiçik pyeslər yazırdım. Sonra o əli ilə qalın kitabı işarə edib dedi ki, əgər çox yazsan, dahi olacaqsan... Təsəvvür edirsiz, Pərvin, mən də inandım (gülür).

Pərvin: Elə həmin gündən başladınız yazmağa, çox yazmağa...

Valeri İvanov-Taqanski: Hə dəə... Evə gəldim, Dianaya dedim ki, mənə mane olma, çoxlu yazmalıyam. Dahiliyə doğru gedirəm... Oturub beş aya “Heçliyə gedirik” romanımı yazdım. Kitab çapdan çıxdı. Və qısa vaxtda 12 resenziya yazıldı kitaba, hamı tərifləyir, hamı təbrik edirdi... Bolqar dilinə tərcümə olundu əsər. Geniş prezentasiyası keçirildi. Mərasimdə oğlum yerdə uzanıb oynayırdı, sataşırdı mənə. Mənsə hələ nə baş verdiyini anlamırdım və oğluma “Az qalıb, məşhurluğuma mane olma...” deyib zarafatlaşırdım. Hər şey belə başladı və indiyə kimi fasiləsiz davam edir. Yəni yazmağım, çap olunmağım...

Pərvin: Tənqidçilər sizi Vladimir Nabokovun mənəvi tələbəsi adlandırırlar. Razısınız onlarla?

Valeri İvanov-Taqanski: Bir vaxtlar Nabokovu çox oxuyurdum. Demək olar ki, bütün əsərlərini oxumuşam. Hansısa mənada razıyam tənqidçilərlə... Ona görə ki, mən də sözü Nabokov kimi melodik, musiqili deməyi sevirəm. Amma yenə də hesab edirəm ki, Nabokovun mənəvi, ruhi tələbəsi olmağım tənqidin tapıntısı, yaxud baxışıdır. Sabah tamam bir nəticə çıxarıla bilər. Deyək ki, Azərbaycan ədəbiyyatından kiminləsə mənim aramda ruhi bağlılıq da tapa bilərlər.

Pərvin: Bu günlərdə Xaricdə Yaşayan Rusdilli Yazıçıların II Forumunu keçirirsiniz. Avropanın bir çox ölkələrindən, Amerikadan rusdilli yazıçılar foruma qatılıblar. Əsas təşkilatçılardan biri kimi belə forumların faydası barədə fikirləriniz maraqlıdır...

Valeri İvanov-Taqanski: 2007-ci ildə rus tənqidçi-publisisti Vladimir Bondarenkonun məqaləsini oxumuşdum. O rusdilli yazıçıların London görüşündə iştirak etmişdi. O görüşdən sonra dediyim məqalədə xaricdə yaşayan həmyerlilərimizin Rusiyadan necə gileyli olduğunu təsvir etmişdi. O yazırdı ki, kənarda yaşayan yazıçılarımız üçün Rusiya ögey anaya çevrilib. Mən çox təsirləndim bu məqalədən və çıxış yolu axtarmağa başladım. Dostlarımızla müzakirələr aparıb qərara gəldik ki, forumlar, konqreslər keçirək və belə yazıçıları dəvət edək.

Pərvin: Valeri Aleksandroviç, bəlkə də mən çox skeptik yanaşıram. Amma nədənsə, bəzən forumlar, seminarlar mənə nəticəsiz görünür...  

Valeri İvanov-Taqanski: Siz bir neçə gündür ki, ananızı görmürsünüz, onun üçün darıxmısınız?

Pərvin: Əlbəttə, çox!

Valeri İvanov-Taqanski: Onun yanına gedəndə ilk öncə nə duyacaqsınız?

Pərvin: ... Çətin sualdır. Məncə, tamlıq, bütövlük...

Valeri İvanov-Taqanski: Vəssalam! Daha heç nə deməyin. Bu adamlara da o lazımdır. Həmin tamlığı hiss eləmək. Yazıçı Amerikada yaşayır. Məsələn, çox istedadlı yazıçı Qari Karalinski. Gəlir Moskvaya, foruma qatılır, uzun illərdir görüşmədiyi adamları görür, kitablarının prezentasiyasını keçirir, xoş sözlər eşidir. Bax, budur forumun faydası, nəticəsi. İnsanlara, istedadlı həmyerlilərimizə o tamlıq hissini yaşatmaq.

Pərvin: Siz özünüz də bir müddət Bolqarıstanda yaşamısınız. Yəqin ona görə bu adamları daha yaxşı başa düşürsünüz...

Valeri İvanov-Taqanski: Vətəndən uzaqlıq yazıçı üçün daha ağırdır. İzah edim niyə... Mən on il Bolqarıstanda yaşamışam. Rahat yaşamaq üçün hər şey vardı. Varlı qaynana, gözəl həyat yoldaşı və ən əsası da zirzəmidə tonlarla şərab...

Pərvin: Maraqlıdı... Daha nə lazımdı ki?

Valeri İvanov-Taqanski: (gülür) Elə onu deyin... Amma çox qəribədir ki, mən darıxırdım. Doğma torpaqsız yazıçı yazıçı deyil. Sən qapını açıb bayıra çıxanda ayağını doğma torpağa qoymalısan. Vətəndən uzaqda istedad çox nadir hallarda məhv olmur.

Pərvin: Valeri Aleksandroviç, sizi müşahidə etdikcə, söhbətləşdikcə məndə belə fikir yaranır ki, hər an yaradıcılıq ruhundasınız... (bu məqamda Diana Borisovna bizə yaxınlaşır və həmsöhbətim anındaca söhbəti lazımi istiqamətə yönəldir...)

Valeri İvanov-Taqanski: Əlbəttə. Siz çox diqqətli müşahidəçisiniz. Amma mənim xanımım məni pomidor almağa göndərirsə, yaxud evin qabağını təmizləməyi tapşırırsa, bu ruhu, yaradıcılıq enerjisini necə qoruya bilərəm?! Proza rejim tələb edir. Hər səhər saat 6-dan qalxıb yazıram. Amma bizim evdə həyat saat 12-dən başlanır. Çünki Diana saat 12-də, günorta 12-də yuxudan ayılır və ilk sualı belə olur: “Mənim kofem hardadır?” Ona görə mən səhər tezdən kofeni dəmləyib hazır saxlayıram. Bax, belədir, əziz Pərvin. Siz də deyirsiz yaradıcılıq ruhu...

(Bu mövzuda dialoqu davam etdiririk. Diana Borisovna bir az söhbətimizi dinləyir, gülür. “Sizin söhbətiniz maraqlı bir teatr fraqmentinə bənzəyir” – deyib gedir.)

Pərvin: Bir evdə iki yaradıcı adam... Necə xarakterizə edərdiniz belə ailəni?

Valeri İvanov-Taqanski: Səbr! Sevgi! Etibar! Bu üç məfhum qadında, xüsusən yaradıcı adamın qadınında varsa, hər şey gözəl olur. Bu mənada bəxtim çox gətirib. Diana özü nə qədər yaradıcıdırsa, bir o qədər də mənə aiddir, mənim yaratdıqlarımla yaşayır. Tarixdə çoxdur belə faktlar. Yəni qadınların yazıçıları, sənət adamlarını xilas etməsi. Bayaq Marina Vladidən danışdıq. Mən doğrudan da hesab edirəm ki, belə qadınları dünyaya Tanrı özü göndərir, hansısa missiya ilə...

Pərvin: Daha doğrusu, yaşatmaq missiyası ilə...

Valeri İvanov-Taqanski: Bəli. Bu məqamda Anna Qriqoryevna yadıma düşür – Dostoyevskinin xanımı. Yazıçının həyatının çox çətin bir məqamında çıxmışdı bu qadın onun qarşısına. Gənc, balaca bir stenoqramçı idi. Dostoyevski “Oyunçu” romanını, demək olar ki, o sısqa qızın köməyi ilə yazıb. Sadəcə diktə edib və qız onun dediklərini yazıya alıb. İşin sonunda Dostoyevski Anna ilə üz-üzə oturub və deyib: “Əziz Anna, əgər bu yaşlı adam (onda Dostoyevskinin cəmisi 46 yaşı vardı, amma artıq qoca sayırdı özünü) gənc qıza vurulsaydı və ona evlənmək təklifi etsəydi, siz buna necə baxardınız?” Anna cavab verir: “Mən xoşbəxt olardım və bu yazıçıya bütün həyatımı həsr etməyə hazır olardım...” (pauza)

Sizin gözləriniz yaşarır, mənsə bunu oxuyanda az qala hönkürmüşdüm. Bax, səadət budur. Xilaskarının yanında olması, səninlə, sənin olması.

Pərvin: Daha sualım yoxdur. Sözüm bitdi. Təşəkkür edirəm sizə.

Valeri İvanov-Taqanski: (gülür) Mən də sizə təşəkkür edirəm. Ölkənizə salamlarımızı aparın. Sizə və xalqınıza növbəti ildə gözəl, səadət dolu günlər diləyirik.

P.S. Domodedovo hava limanına getməzdən öncə Diana Borisovnaya yaxınlaşıb qonaqpərvərliklərinə görə təşəkkürümü bildirirəm. Qarşılıqlı minnətdarlıqlardan sonra marağımı boğa bilməyib soruşuram:

– Valeri Aleksandroviçlə neçə ildir bir yerdəsiniz?

– 25 ildir artıq. Amma mənə elə gəlir dünən tanış olmuşuq. Bu cür baxıram ona.

– Sevgini illərlə belə qoruyub saxlamağınızın sirri nədədir?

– Bilmirəm. Xüsusi bir qaydam yoxdur. Sadəcə səmimiyəm. Heç istəsəm də, aldada bilmərəm onu... 

Hiss edirəm ki, doğrudan da bilmir səbəbini. Mövzudan yayınır. Sonda hələ üzrxahlıq da edir:

– Bağışla, sənə istədiyim kimi diqqət göstərə bilmədim. Yoldaşım şəkər xəstəsidir. Dərmanlarını unutmuşuq. Dərman da atmayanda əsəbi olur, ona görə onun yanından çəkilmirəm ki, hirslənəndə sakitləşdirim, adamlarla kobud danışmasın.

...Belə adamlara görə səhv çıxır Mayyalıların proqnozları. Belə adamlara... Belə birgəliklərə görə...

 

 

525-ci qəzet.- 2013.- 19 yanvar.- S.20-21.