Nisyə
hekayəsi
Adətən,
gecəyarıya qədər mağazanın ağzında
üç-beş nəfər olardı. Xoşbəxtlikdən
bu dəfə heç kəs yox idi. Mağazanın iri pəncərəsindən
baxanda içəri aydın görünürdü: cəmi
bir müştəri vardı. Səlim qapıdan boylanıb
astadan dedi:
–
Axşamınız xeyir.
Girişdən
soldakı hündür soyuducu içəridəki
alıcını görməyə mane olurdu.
Piştaxtanın arxasından təkcə başı
görünən satıcı Rəşid marionet kuklalara bənzəyirdi.
Elə bil kimsə onu o yan-bu yana dartırdı.
– Hər
vaxtın xeyir, – alıcı dedi.
Rəşidlə
üzbəüz dayanmış müştəri ona sarı
çevrilib dilucu söylədi. Bir anlıq
baxışları toqquşdu. Üzlərində ani təbəssüm
peyda oldu, qeyri-ixtiyari qabağa gəlib əl verdilər.
– Necəsən?
–
Sağ ol, sən necəsən?
–
Burda yaşayırsan?
– Hə.
– Mən
də təzə köçmüşəm.
–
Hansı tərəfə?
– Bu
yoldan yuxarı qalxanda. Əşrəfgilin qonşusuyam. –
Alıcı əlini uzadıb pəncərədən
qarşı yolu göstərdi.
–
Tanımıram ki. Rəşid də bilir, mən burda
çox adam tanımıram. Səhər çıxıram,
bir də axşam qayıdıram.
– Məhləyə
çıxırsan ki, tanıyasan? – Bayaqdan dinməzcə
müştəriləri dinləyən Rəşid dedi.
– Nə
bilim, vaxt olmur.
Bu
qısa hal-əhvaldan sonra ikisi də susub, söhbətin
ardını gətirmək üçün gözlərini
döydülər. Yaxşı ki, Rəşid, duyuq
düşmüş kimi, ikicə hərflik sözlə
onları bu yersiz sükutdan xilas elədi:
– Hə.
– Qoy
qardaş alsın, mən çox şey alasıyam.
–Tanış dedi.
– Yox,
narahat olma. Al. Mənim də işim çoxdur.
–
Qaçaqaç deyil ki. Buyur sən al.
Səlim əslində çox şey alası deyildi. Arvadı bayaq
“səhər yeməyinə mürəbbə ilə
çörəkdən başqa heç nə yoxdur” deyəndə
əlindəki kitabdan gözünü ayırmadan ötəri
cavab vermişdi ki, eybi yox, bir səhər də mürəbbə-çörək
yeyərik.
Onsuz da nə səhər yeməyə iştahası
olurdu, nə də, yuxudan gec durduğundan, vaxtı. Bircə stəkan
çayı ayaqüstü qurtumlayıb çantasını
götürəndə ertədən durub süfrə
hazırlayan arvadı hədər gedən zəhmətinə
görə deyinərdi. O isə bəhanələr gətirib
həqiqəti gizlədərdi; səhər yeməyini təkcə
mürəbbə-çörəklə
ötüşdürmək heç özünün də
ürəyincə deyildi.
– Sənə
görə demirəm, uşaqlar üçün deyirəm.
–
Uşaqlar da mürəbbə yeyərlər. İki günə
maaş olacaq.
– Nə maaş e. Maaş alanda da elə ikicə
gün normal yeyirik. Deyirəm, uşaqlar səhər
yumurtadan başqa heç nə yemirlər, tutmusan ki, mürəbbə
yesinlər.
– İkicə gün. – Səlimin eşitməyə adət
etdiyi bu söhbətlərə reaksiyası hazır olduğu
üçün başını qaldırmadan cavab verdi.
– Əl çəkmirsən də kitabdan. Onsuz da
bütün günü görmürəm üzünü, zəng
edirik, deyirsən, işim var. Axşam da gəlib ya
kompüterdən yapışırsan, ya da kitabdan.
– Neyləyim
bəs? Yaxşı, de sözünü. –
Birdən o biri otaqda oynayan uşaqlar dalaşmağa
başladılar. Yoldaşı söhbəti
yarımçıq qoymayıb burdanca onlara acıqlandı:
– Kəsin
orda səsinizi. Feysbukdakılar məndən
artıqdı? Onlarla danışmağa
vaxtın olur amma.
–
Yaxşı bağladım kitabı, danış. – Kitabı
örtüb arvadının üzünə baxdı.
– Daha
heç nə.
– Bax,
görürsən? Nə özün bir işlə məşğulsan,
nə də mənə imkan verirsən bir iş görüm.
–
Kompüterdə danışmağa vaxtın olur...
–
Görürsən ki, kitab oxuyuram.
– Get
yumurta al, heç olmaya, “squşonnı moloko”. Uşağın
“pampersi” də qurtarıb.
– Cəmi
3 manatım var. O da yolpuludu, bir də sabah
nahara.
– Nisyə
götür.
–
Utanıram.
– Tay
özün bilərsən. Amma bilmirəm bizim
axırımız hara gedir.
Qanı qaraldığından daha heç nə oxuya
bilmədi. Termonun üstündən siqareti götürüb
qapıya çıxdı. Siqaret
yandırıb dükana sarı getdi.
Yoldaşını da qınamalı deyildi. Maaşı
ayın axırına güclə çatırdı. Məvacibi
alan kimi ər-arvad supermarketə gedib toyuq, yumurta, qənd,
şəkər tozu, kolbasa, sosiska,
qatılaşdırılmış süd, düyü,
qarabaşaq, makaron, sabun, şampun, diş məcunu, yuyucu
toz..., evə nə lazımdırsa, alırdılar.
Maaş
alınan günün səhəri süfrəyə
qayğanağın yanında bir nimçə
qatılaşdırılmış süd, yağ,
pendir, şəkər tozu, dilimlənmiş kolbasa
qoyulardı. Belə səhər yeməyindən kim boyun qaçırardı?! Səlimin
də iştahası açılardı. Vay
o gündən ki, işə gecikəydi. Onda
gözləri süfrənin arxasınca qalardı.
Bazarlıqları bircə həftəni ancaq
görürdü. Elə bircəcə həftə səhərlər
düz-əməlli yemək olurdu. Əvvəl süfrədən
kolbasa yox olurdu, ardıyca pendir, sonra süd, ən axırda da
yağ. Yumurta qurtaran kimi tədbir
görülürdü. Başqa xərclərindən
qınqırdıb, arada məhəllədəki xudmani
dükandan yumurta alırdı. Yumurta
uşaqların sevimli yeməyi idi, onsuz olmazdı. Balaca
ondan “Kinder” istəyəndə o “alacam” deyib uşağı
ovutsa da, bədxərclik etməyib “Kinder”in puluna da yumurta
alırdı. Yaxşı ki, hələ
körpə idi, yumurtaya “muta” dediyi kimi, həyatı da
yarım-yapalaq görürdü.
Rəşiddən bir-iki dəfə nisyə
götürsə də, hər dəfə bunu utana-utana
etmişdi.
Dükanda heç kəsin olmamasını gözləyir, təklikdə
qalmağa məqam güdür, sifarişlərini paketə
yığdırıb astaca Rəşidə deyirdi ki, iki ya
üç günə maaş alan kimi, gətirib
pulunu verəcək.
Rəşid də, sağ olsun, yox demirdi, amma nisyə dəftərini
açıb adını yazanda Səlimi pərtlik boğurdu. Elə bil
adını borc dəftərinə yazmırdılar, şəklini
polisin axtarış lövhəsinə
yapışdırırdılar.
Rəşid çəkic tutmaqdan bərkiyib hansısa
ağır dəzgahın bir hissəsinə çevrilmiş
əlilə hərfləri naqolay şəkildə bir-birinin
dalına düzənə kimi o içini yeyirdi. Tanış-bilişlərdən
kiminsə dükana girib adını nisyə dəftərinə
yazdırmağını görməsindən ehtiyat edə-edə,
bir gözü qapıda, o biri gözü dəftərdə,
Rəşidin onun adının qabağına yazacağı məbləğə
baxırdı. Buna görə də
köhnə nisyəni qaytarmamış yenisini götürmək
daha sərfəli idi. Rəşid bir
göz qırpımında dəftəri açıb
adının qabağına yeni məbləği
yazırdı, vəssəlam.
Pəncərədən baxanda piştaxtanın
önündə dayanmış adamı tanımayıb
toxtamışdı. İçəri girib dörd cərgə
düzülmüş vitrinə baxar, o vərəvürd edənə
kimi də müştəri gedərdi. Di gəl,
müştəri də köhnə tanışı
çıxmışdı. İndi ha
fırladırdı ki, köhnə tanışı alverini
bitirib tez getsin, tərslikdən o da üzə durmuşdu elə
bil. Bəlkə bir azdan təzə müştərilər
dolacaqdılar dükana...
Tanış deyəndə, yaxın deyildilər. Məktəb
illərinin tanışı idi. Bayaqdan adını
yadına sala bilmirdi. Təkcə
qardaşının adı yadında idi – Xəyal.
Xəyal ondan bir sinif yuxarıda oxumuşdu. Avaranın
biri idi. Məktəbin yanında olurdular.
Səlim bu qardaşları həmişə məktəb
binası həndəvərində sülənən,
dava-dalaş edən görmüşdü. Quruca “salamməleyk”ləri vardı. Səlim dərsə gələndə onlar məktəbin
həyətində dayanıb məktəbli qızlara
baxardılar. Eyni hal dərsdən
çıxanda da təkrar olunardı. Bir
də gördün, hansısa qızın üstündə
möhkəm dava düşdü. Bütün
oğlanlar məktəbin arxasına axışardılar.
Söz-söhbət başlayardı. Həmin söhbətlərdə Xəyal həmişə
baş idi. Zalım oğlunun yaman kəllə
atmağı vardı. Səlim belə
davalarda, adətən, tamaşaçı olardı. O, əlaçı
idi, şuluq işlərlə arası olmazdı. Bərkə düşsəydi, adını
unutduğu tanışının yanında Rəşidə
“on yumurta ver, yaz dəftərə, iki günə verəcəm”
– deyə bilərdi. Amma istəmirdi Xəyalın
qardaşı fikirləşsin: “Məktəbdə sənin
başına and içirdilər, bizi isə məktəbin həndəvərindən
də qovurdular. Hamı sənə qibtə ilə
baxırdı, müəllimlər səndən, sənin
parlaq gələcəyindən ağızdolusu
danışırdılar. On il
keçib üstündən, bu idimi o “parlaq gələcək”?
On dənə yumurtanı da nisyə alırsan...”
– Mən
hələ çox şey alacam, qaqa, sən al. Məni
gözləmə. – Deyəsən, Xəyalın
qardaşı da onun adını unutmuşdu, bayaqdan eləcə
“qaqa, qaqa” deyirdi. On il az müddət deyil.
Kim idi onun adını on il yadında
saxlayan? Arada nəvələrinə görə
yolu məktəb tərəflərə düşən
anası gəlib fəxrlə danışırdı ki,
müəllimlər səni xeyli təriflədilər. Deyirlər, ondan sonra elə şagird gəlməyib
bu məktəbə. O bu sözlərə inanmırdı.
Yəqin, müəllimələr adını
baş hərfini də unutmuşdular.
– Narahat
olma. Elə mənim də işim çoxdu.
– Xəyalın qardaşı az qala
bütün vitrini yığdırmışdı
piştaxtanın üstünə. Soyuducudan “Səba”
toyuğu çıxartdırıb, sonra “Siyəzən”lə
dəyişdirtdirmişdi. İki
çörək qoydurmuşdu zənbilə. Sonra iki
“Kinder”, on ədəd yumurta, bir banka
qatıq, bir parça günəbaxan halvası, yarım kilo
pirojna, bir ədəd tubikli mayonez, bir ədəd ketçup,
bir qutu “LD” siqareti. İndi də kolbasalara
baxırdı. Piştaxtadakı salofan
paketlər dolmaqdaydı.
– Qaqa, al.
Evdən çox şey tapşırıblar. Mənə
görə sən də avara qalma. – Tanışı
vitrindəki kolbasalara baxa-baxa Səlimə dedi.
– Elə
mənə də.
– De, sənin
üçün də yığım, onsuz da müəllim
kolbasa seçir hələ, – Rəşid dedi.
Səlimin başqa əlacı qalmamışdı, deyəsən,
tanışı hələ çox şey alacaqdı.
–
Yaxşı, hələlik on dənə yumurta ver.
– Sonra...
– Rəşid yumurtaları saya-saya dedi. Sonrası
o idi ki, Səlimi “Rəşid, bunları nisyə yaz” deməyin
dərdi götürmüşdü.
Xəyalın qardaşı əlini vitrinə uzatdı.
–
Halaldı?
– Elə
deyirlər. İndi halal nə var ki, halal kolbasa da ola. – Rəşid vitrinin şüşə
qapısını çəkib müştərinin göstərdiyi
kolbasanı götürdü.
– Kəsim,
ya hamısını verim?
– Dayan hələ,
sən qardaşı yola sal, o biri kolbasalara da baxım.
–
Yaxşı. Bax. Sonra nə verim,
Səlim? – Rəşid dedi.
– Dayan, mən
də bir evə zəng edim, öyrənim görüm
başqa nə lazımdı, yadımdan çıxan bir
şey qalmayıb?
Üçü də bir-birinə baxıb
qımışdı.
Səlimin yadından heç nə
çıxmamışdı. Alacaqlarından bir banka
qatılaşdırılmış süd qalmışdı,
üç ədəd də 4 nömrə uşaq bezi. Zəng bəhanəsilə, Xəyalın
qardaşı gedənə kimi vaxt qazanmaq istəyirdi.
Səlim:
– O “squşonnı”dan da birini qoy, – deyib nömrəni
yığa-yığa bayıra çıxdı. Qapıdan çıxaçıxda “No” düyməsini
bassa da, telefonu gicgahından çəkmədi.
Noyabr üçün hava xoş idi. Qısaqolda
üşümürdü. O biri əlini döş cibinə
aparıb siqaret çıxartdı. Gözləri
dükanın pəncərəsində qalmışdı.
Xəyalın qardaşı piştaxtanın
qarşısında dayanıb Rəşidlə
danışır, tez-tez başını qapıya sarı
çevirirdi.
Belə yerdə necə deyirlər? “Bir an
bir il kimi uzun gəlirdi”.
Səlim dükanın qabağında var-gəl gedir,
özünü elə aparırdı, guya telefonla
danışır. Arada ucadan “hə,hə” deyirdi.
–
Yaxşı, qaqa, sağ ol. – Xəyalın qardaşı
qapıda göründü.
– Sağ
ol, sağ ol, qardaş. – Səlim onun arxasınca dedi. Əlində balaca paket tutmuşdu. Səlim tez özünü içəri saldı.
– “Squşonnı” da qoydun?
– Hə.
–
Üç dənə pampers ver, bir paçka da adi “Vest” .
– Sonra? –
Rəşid əlini arxaya siqaretlər qoyulmuş vitrinə
apardı.
–
Heç nə. – Səlim qapıya boylanıb dedi. – Bunları
dəftərə yaza bilərsən? İki
günə verəcəm. Olar?
– Əlbəttə.
– Ay
çox sağ ol. – Bilirdi ki, Rəşid
heç vaxt ona rədd cavabı verməz. Ancaq
yenə hər dəfə bu sözləri deyənəcən
dili ağzında pörtürdü, rəngi dəyişirdi.
Rəşid dəftəri götürüb
açdı.
Səlim salofan paketi tərəzinin
üstündən götürə-götürə
gözünü dəftərə dikmişdi. Paketin ucu tərəzinin qırağından
qırmızı papağı boylanan ketçup bankasına dəyib
onu aşırtdı. Xəyalın
qardaşının bayaq yığdırdıqlarının
hamısı piştaxtada qalmışdı. Təkcə toyuqla çörəkdən başqa.
Ketçup bankasını dikəldə-dikəldə
dəftərə baxdı. Rəşid
axırıncı adın altından onun adını
yazırdı.
–
Qoşqar. Axır ki. Bayaqdan
adını yadıma sala bilmirdim.
– Dostun
deyil ki? – Rəşid dedi.
– Məktəbdən
tanıyıram. Elə-belə.
– Eh, mən
də sənə görə ona nisyə verdim. Bilsəydim... Bayaqdan nə illah edirdi, vermək istəmirdim.
Rəşid
Səlimin arxasınca dedi:
– Səlim,
o necə oğlandı, atıb eləməz?
Bu
razılaşdırılmamış oyundakı qələbəsindən
qəddar bir məmnunluq duyan Səlim arxaya baxmadan cavab verdi:
– Qaytarar,
qaytarar.
Mirmehdi AĞAOĞLU
525-ci qəzet.- 2013.-
19 yanvar.- S.30.