Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

 

 (davamı)

 

 Onun anası Luinin bu sözlərinə bərkdən güldü, axı onun əylənməsinə və qumar oynamasına, kral sarayındakı qulluqçu qızların yatağına girməsinə yaxşı bələd idi. Lakin Lui tam ciddi idi, möhkəm hökmdar olmaq üçün hər cür haqqı ödəməyə hazır idi. O, gündəlik işlərlə vicdanla məşğul olmaq qaydasını qoydu və bundan nadir hallarda uzaqlaşırdı. O, öz kral sənətini “böyük, nəcib və sevimli bir iş” hesab edirdi. Şöhrət qazanmaq naminə o, Versal sarayında böyük və möhtəşəm tamaşa yaratmışdı. Kralın ölümündən bir neçə onillik sonra Volter 1661-ci ildən 1715-ci ilə qədər olan dövrü “XIV Lui erası” adlandırmışdı. Tarixçilər də o vaxtdan həmin dövrü belə adlandırmağa üstünlük verirlər.

Həqiqətən də o, Fransanı qeyri-məhdud şəkildə idarə etmişdi. Gənc kral bəyan etmişdi ki, bu vaxtdan etibarən “özüm birinci nazir olacağam”. O, əmin idi ki, monarxın hər bir arzusu onun təbəələri üçün qanundur. Kralın hakimiyyətinin təbəələri tərəfindən məhdudlaşdırılması onun üçün böyük biabırçılıqdır. Yalnız təkcə monarx dövlətin faydasının nədə olduğunu bilir, öz əməllərinə görə o, yalnız Allah qarşısında cavabdehdir. XIV Lui dövləti özü ilə eyniləşdirirdi (“Dövlət mənəm”). Ondan bir əsr sonra taxt-taca gəlmiş Prussiya kralı Böyük II Fridrix isə bu məsələdə öz düşüncəsini belə ifadə edirdi: “Dövlətin birinci nökəriyəm”.

Günəş Kralın dövründə ölkənin idarə olunması kral şurasında mərkəzləşmişdi. Parlamentlərin hüquqları 1667-ci il və 1673-cü il ordinansları ilə məhv edilmişdi, onların məhkəmə səlahiyyətləri, fövqəladə məhkəmələrin yaradılması ilə məhdudlaşmışdı.

Kral iqamətgahı sonralar Versal oldu. Versal sarayı öz möhtəşəmliyinə görə bütün digər sarayları kölgədə qoyurdu. Kral sarayı Fransanın mənəvi həyatının mərkəzi rolunu oynayırdı. XIV Lui özünə xidmətə görkəmli rəssamları və yazıçıları cəlb edirdi. Sarayın zövqü fransız incəsənətinin və ədəbiyyatının inkişaf istiqamətini müəyyən edirdi. XIV Luinin siyasəti Fransanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmişdi.

O, ilk anlarda böyük nazirləri olan Jan Batist Kolberə – markiz Luvuayaya və Uqo de Liona arxalanırdı, həm də onların arasında ayrı-seçkilik yaradırdı. Sonralar isə nisbətən aşağı qabiliyyətli adamlara bel bağlamalı oldu. 54 il ərzində Lui özünü hər gün səkkiz saatlıq işə həsr etdi. Onun diqqətindən çox xırda detal da yayınmırdı. O, saray etiketindən tutmuş, qoşunların hərəkətinə qədər, yol çəkilişindən ilahiyyat barədə disputlara qədər hər şeyə nəzarət etmək istəyirdi. O, uğur qazanırdı, çünki Fransanın əhval-ruhiyyəsini gəncliyə xas olan cəsarətlə və parlaqlıqla əks etdirirdi.

1666-cı ildə XIII Luinin arvadı, az yaşlı XIV Luinin regenti olan anası Anna Avstriyalı vəfat etdi. Bu qadın Mazarindən beş il artıq ömür sürdü. Lakin bu hadisələr kralı siyasətdən ayıra bilmirdi. 1671-ci ildə o, Şimali Amerikanın daxili kontinental hissəsinə sahib olmaq hüququnu irəli sürdü.

Pensionlardan və cəzalardan istifadənin əksinə, bunlarsız monarxiya kübarları özünə tabe etməyə qadir deyildi, o, 40 il ərzində 11 vətəndaş müharibəsinə start verdi, bu əsasən kübarlığa qarşı çevrilmişdi. Lui onları sarayına  cəlb edirdi, qumarla pozurdu, bədxərclik nəticəsində onları ağır vəziyyətə salırdı, qabiliyyətlərini isə özünün xoşuna gəlib-gəlməməsindən asılı etmişdi. Kral hesab edirdi ki, hər şeydə o, düzgün hərəkət edir. XIV Lui inanırdı ki, taxt-tacı ona Allah vermişdir və özünü Yer üzərindəki allah hesab edirdi.

Sen-Simon hersoqu isə bildirirdi ki, saraya gələn kübarlar onu tərifləməsə, Lui onlara qarşı təsir etmək qaydasında hərəkət etməyi bacarır. O, yazırdı: “O, təkcə yatağına getmək üçün qalxanda deyil, yemək yiyəndə də, otaqlarından keçəndə də, bağlarında gəzəndə də sağına və soluna baxırdı. O, kübarları saraydan qovmuşdu, bunun səbəbini isə bilirdi və heç vaxt onların üstünə yerimək üçün fürsəti əldən vermirdi və belə təsadüf ona ədalətli görünürdü”.

Yaltaqlıq XIV Lui sarayının fərqləndirici xüsusiyyətinə çevrildi. Krala yaltaqcasına tərif hədd bilmirdi,onun ən adi sualına da yalnız ona xoş gələn sözlərlə cavab verilirdi. O,əyanlarından birindən arvadının nə vaxt doğacağını soruşduqda, həmin adam ona belə cavab vermişdi : “Sizə nə vaxt xoş gəlirsə,o vaxt, Sir”.

Onun çox sevdiyi məşğuliyyətlərdən biri ovçuluq idi. Fransanın əvvəlki kralları da ovçuluqla əylənmişdi, XIV Luinin isə ova aludəçiliyi hansısa başqa bir nümunə ilə müqayisə oluna bilməzdi. O,gündə üç dəfə ova gedirdi, həmin qaydadakı intensivlik onun digər sevimli məşğuliyyətində də özünü biruzə verirdi. O, gündə üç dəfə həm də məhəbbətlə fiziki qaydada məşğul olurdu və bu, onun qüvvətli kişi olduğunu sübut edirdi.

Kralın məşuqəsi madam Montespan ərli qadın idi, sonrakı illər ərzində doqquz uşaq doğmuşdu, ona görə də əvvəlki fiqurasını qoruyub saxlaya bilməmişdi. Bu səbəbdən də kralı artıq elə ehtirasla özünə cəlb edə bilmirdi. Fransızlar deyirlər ki, ”Chaque femme a ses charmes”- “ Hər qadın öz lətafətinə malikdir”. Görünür, markiza Montespan malik olduğu lətafətlərini təbiətin qanuna uyğun olaraq itirmişdi. Həm də XIV Lui bu vaxt artıq  xeyli qaydada dindarlığa meyl etmişdi, ərli qadınla intim əlaqəsini bağışlanmaz günah hesab etməyə başlamışdı. Ona görə də o, özünün qanundan kənar doğulmuş uşaqlarının tərbiyəçisi madam Mentenona diqqət göstərməyə başladı. Özündən üç yaş böyük olan bu qadının kralı valeh edən xüsusiyyətləri var idi, qadın lətafətindən də xali deyildi. Onun bir üstünlüyü də onda idi ki, o, dul  qadın  idi, əri ölmüşdü. Dindar qadın olan madam de Mentenon onu inandırmışdı ki, o, özünə xilas yolu tapa bilər. Arvadı Mariya Terezanın vəfatından sonra kral evlənə bilərdi. Lakin Mentenon dvoryan əsilli olmadığına görə kral onunla qanuni şəkildə evlənə bilməzdi. Ona görə də o, madam de  Mentenonla gizlində evləndi.

Saraydakı qaydalar, davranış tərzi sarsılmaz qanun hüququ qazanmışdı. Kralın yeni yaranan adətlərə güzəştsiz nəzarət etməsi hamıya yaxşı məlum idi.  Versal saray məkanına çevrildikdən sonra bura həqiqətən də nümunə timsallı etiket yarmarkasına çevrilmişdi. Etiket idarəetmə mənası kəsb etmişdi. Həmin vaxtdan kübarlıq Fransa həyatında mühüm faktor rolu oynamasını dayandırdı. Bununla da millət müəyyən dərəcədə zəiflədi.

Versal özünün binalarının, parkının və fəvvarələrinin möhtəşəmliyi ilə yanaşı, saray ora köçdükdən sonra artıq birja təsiri bağışlayırdı. Buna görə də Versal qalmaqal məkanına çevrilmişdi. Kral bu nəhəng saray qarşısında rol oynamağı bacarırdı.

Luinin yaxşı taleyi, öz təbəələrinin müxtəlif fəaliyyət dairələrindəki qeyri-adi qruplara məxsus olması ilə bağlı idi. O, bu adamlardan necə istifadə etməyi bilirdi. O, yazıçıların, xüsusən Molyerin və Jan Rasinin himayəçisi idi, özünü tərifləməyə həsr olunmuş nəğmələr yazmaq barədə onlara göstəriş verirdi. O, incəsənət adamlarına gözəllik haqqında öz baxışlarını təlqin edirdi. Fransanın görünüşü və həyat yolu dəyişilmişdi. Böyük şəhərlər metamorfozalara uğramışdı, peyzaj dəyişilmişdi, hər yerdə monumentlər qoyulurdu. Kral yeni iqamətgahlar tikməyə güclü surətdə aludə idi. Onun möhtəşəm sarayları olan Sen Jermen və Marlidən az şey qalmışdır. Versal isə, – hətta hələ tikiləndə lənətlənmişdi və milləti məhv etməyə görə ittiham edilmişdi, – indiyədək öz mükəmməl gözəlliyini saxlayır.

Versal təqribən müasir aeroportun tikilməsi xərcinə başa gəlmişdi. Bu saray hamı üçün ümumi valeh olma obyekti idi və Fransanın nüfuzunu daha da artırdı. Hökumətin bütün gücü Versalın tikilməsinin ağırlığını öz çiynində daşımağa yönəlmişdi.

XIV Lui, özünü Parisin qeyri-sağlam havasından və səs-küyündən uzaqlaşdırmaqda səhv etməmişdi, lakin o, bəzilərinin ittiham etdiyi kimi əcdadlarının ənənəsini pozmaq kimi bir iş görmüşdü. Monarxiya xalqdan artan dərəcədə izolyasiya olunmuşdu və bu, mifik bir keyfiyyətə yüksəlmişdi.

Onun sarayını dəstəkləyən Versalın və qəsrləri andıran digər binaların tikintisi, həmçinin apardığı müharibələr XIV Lui üçün böhranlı maliyyə vəziyyəti əmələ gətirdi. Maliyyə naziri Kolber Fransanın sərvətini və qüdrətini artırmaq üçün yollar axtardıqda, merkantilizmə üstünlük vermişdi. Bu dövlətin xeyrinə iqtisadi fəaliyyəti nizamlamaq idi. İdxala olan ehtiyaclar azaldılır, ixrac artırılırdı. Kolber fransız manufaktura mallarının istehsalını artırmağa və keyfiyyətini yaxşılaşdırmağa cəhd edirdi. O, çox sayda yeni istehsal sahələri yaradırdı, buna Bovedəki kral şpaler fabriki, Venetsiyadan şüşə qayıranları və Flandriyadan parça istehsalçılarını Fransaya dəvət etməsi misal ola bilərdi. Fəhlələrin hazırlanmasına olan ehtiyacı görürdü. Yeni istehsal sahələri yaradanlara xüsusi imtiyazlar verilirdi, bura vergi güzəştləri, borc vermə və subsidiya ayırma daxil idi. İdxal həcmlərini birbaşa azaltmaq üçün xarici manufaktura mallarına, xüsusən ingilis və holland parçalarına tarifləri artırdı. Ticarət donanması yaratdı ki, fransız mallarını xaricə daşısın.

Versal fransız mütləqiyyət dövlətinin və Günəş Kralın qüdrətinin simvoluna çevrildi. Versal həm də praktiki siyasi niyyətlərə xidmət edirdi, yüksək kübarlar və qan prinsləri üçün ev rolunu oynayırdı.

Lui öz sarayının yüksəldiyini müşahidə etdikdə, inşaata nəzarət edən Kolber ixracı maksimum artırmaqla, ondan Fransanın iqtisadi cəhətdən özünü təmin edən ölkəyə çevrilməsinə kömək edən iqtisadi inqilabın icrasına  razılıq əldə etmişdi. Manufakturalar, hərbi-dəniz və ticarət donanması, yeni polis təşkilatı, yollar, limanlar və kanallar məhz bu vaxt meydana gəldi. Lui hər detala nüfuz edirdi, eyni zamanda baş gicəlləndirən əyləncələr təşkil edirdi, həm də bu illərdə Luiza de la Valyer ilə məhəbbət macəralarını yaşayırdı.

1667-ci ildə o, İspaniya Niderlandına müdaxilə etdi, onu öz arvadının irsi hesab edirdi. Beləliklə, müharibələr seriyası başlandı və bu, onun hökmranlığının yaxşı dövrünü əhatə etdi. Lui ölüm yatağında olarkən demişdi: “Mən müharibəni çox sevirdim”. Öz təbəələri onun sakitliyini və mülayimliyini qeyd etsələr də, Fransanın sərhədlərini möhkəmləndirmək üçün qüvvələrdən istifadə etməməsini anlaya bilmirdilər. Parlaq kampaniyadan sonra kral ingilislərin, xüsusən hollandların təzyiqi qarşısında 1668-ci ildə geri çəkilməyə məcbur oldu. O, heç vaxt hollandları unutmadı və and içmişdi ki, onların protestant merkantil respublikasını məhv edəcəkdir. Belə sonluqda o, ingiltərəli II Çarlzla ittifaq bağlayıb, 1672-ci ildə Niderlandlara hücum etdi. Uzun çəkən müharibə 1678-ci ildə başa çatdı, birinci Nicmegen sazişi ilə Lui zəfər çaldı.

Günəş Kral öz şöhrətinin zenitində idi. Demək olar ki, o, qorxulu koalisiyanı təklikdə məğlub etmişdi. İspaniya və Müqəddəs Roma imperiyası ona qarşı hollandlara qoşulmuşdular. O, öz düşməninə sülh şərtlərini diqtə etdi. O, Fransanın sərhədlərini şimalda Flandriyanı anneksiya etməklə və şərqdə isə Lotaringiyanı və Franş-Konteni tutmaqla xeyli genişləndirdi. Onun donanması İngiltərənin və Hollandiyanın donanmalarına bərabərləşdi. Paris onu “Böyük” adlandırırdı. Sarayda o, aludə olunmaq obyekti idi və 40 yaşı olanda o, özünü bütün adamlardan üstün hesab edirdi.

XVII əsrin ortalarından kral XIV Luinin fransız sarayı moda qanunvericisi oldu. Mütləqiyyətin modada meydana çıxması saray və kral modası kimi özünü göstərdi. Bu isə ispan modasının fransızların zövqünə uyğunlaşdırılmış qaydasındakı davamı idi.

Bu vaxtdan fransız zövqü və modası bütün Avropanı bürüdü və bütöv əsr ərzində ona sahibliyini saxladı. Paltar çox bəzəkli idi. Qadın paltarında fantaziya, həm də eksentrizmə və dəbdəbəyə can atma təcəssüm olunurdu.

1676-cı ildə XIV Luinin sərəncamı ilə tikilən Əlillər evinin inşası başa çatdı, burada 7 min müharibə veteranı yerləşdiriləcəkdi.

Elə həmin vaxtlarda onun şəxsi həyatında böyük dəyişikliklər baş verdi. 1680-cı ildə markiza Montespan, o, Luinin 13 illik məşuqəsi madam de la Valyeri əvəz etmişdi, zəhərləmə işinə cəlb edildi və bu biabırçılıqda bir neçə görkəmli adam cadugərliyə və qətlə görə ittiham edildi. Öz nüfuzu üçün qorxan kral, digər səbəblərlə yanaşı madam Montespanı buraxdı və öz ətrafında dindarlığı bərqərar etdi. Qumar oyunları və əyləncələr yoxa çıxdı, saray özünü belə göstərməyə üstünlük verməyə başladı. Burada riyakarlıq ağalıq edirdi.

 

(Ardı var)

 

 

Orucov Telman

 

525-ci qəzet.- 2013.- 19 yanvar.- S.18.