Azərbaycanın təhsil sahəsində
beynəlxalq əlaqələri...məqsədyönlü
addımlar, mühüm nailiyyətlər
Müstəqillik dövründə
təhsil sahəsində Azərbaycanın Fransa ilə əlaqələri
1993-cü ildən başlanıb.
Bu əməkdaşlıqda birinci istiqamət Azərbaycanda
fransız dilinin tədrisinin təkmilləşdirilməsi və
genişləndirilməsi ilə bağlı olub. Fransanın
köməyi ilə Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə
Dövlət Universitetində fransız dili şöbələri
açılmış və ilkin mərhələdə bu
işin təşkili və tədrisi prosesinin
aparılmasına fransalı mütəxəssislər cəlb
olunublar. Hazırda Azərbaycan Dillər Universiteti, Bakı
Dövlət Universiteti, Azərbaycan Memarlıq və
İnşaat Universiteti və Azərbaycan Dövlət Neft
Akademiyası ilə Fransa universitetləri arasında
birbaşa əməkdaşlıq əlaqələri
yaranmış, Paris Şərq Dilləri İnstitutunda Azərbaycan
dili bölməsi yaradılb.
Təhsil
naziri Misir Mərdanovun dediyinə görə, Azərbaycan Dillər
Universitetində Fransa səfirliyinin köməyi ilə
“Fransız Dil Mənbə Mərkəzi” yaradılıb və
hər cür müasir avadanlıqlarla təchiz olunub.
Artıq 1999-cu ildən bu universitetə fransız dili
ixtisası üzrə qəbul olunmuş tələbələr
Fransanın Strasburq Universiteti və Mark Blok Universiteti ilə
bu ali məktəb arasında bağlanmış
razılaşma əsasında xüsusi proqramla filyer
qruplarında təhsil alırlar. Bu proqram əsasında təhsilini
başa vuran məzunların diplomları qeyd olunan universitetlərin
verdiyi diplomlara bərabər tutulur.
Fransa ilə
təhsil sahəsində əməkdaşlığın
başqa bir istiqaməti isə bu ölkənin hökuməti
tərəfindən Azərbaycan vətəndaşlarına
verilən və Azərbaycandakı səfirlik tərəfindən
idarə olunan təqaüd proqramlarıdır. 1993-cü ildən
etibarən 100-dən artıq belə təqaüd
proqramları həyata keçirilmişdir ki, onların da
hamısı diplomdansonrakı pillələr üzrə ən
müxtəlif ixtisasları əhatə edirlər. Bu təqaüd
proqramlarının məzunları hazırda Azərbaycanın
müxtəlif dövlət qurumlarında, Prezident
Administrasiyasında, Xarici İşlər Nazirliyində,
Gömrük Komitəsində, Mədəniyyət və
Turizm Nazirliyində uğurla çalışırlar.
M.Mərdanov
deyir ki, son bir neçə ildə Azərbaycan gənclərinə
ayrılan belə təqaüdlərin sayı daha da
artırılıb. Təkcə 2007-2008-ci dərs ilində səfirliyin
keçirdiyi müsabiqə nəticəsində 20-dən
artıq azərbaycanlı gənc qeyd olunan təqaüdlər
çərçivəsində Fransada təhsil almaq
hüququ qazanıb. Onların təhsili və
yaşayışı ilə bağlı bütün xərclər
Fransa hökuməti tərəfindən ödənilir. 2008-ci
ildə Təhsil Nazirliyi ilə Fransanın Ali Təhsilin Təşkili
Mərkəzi (CNOUS) arasında imzalanmış sazişə əsasən
Dövlət Proqramı çərçivəsində azərbaycanlı
gənclərin Fransanın ali məktəblərində təhsili
imkanları daha da genişlənib. Belə ki, hazırda
Fransada 54 nəfər Dövlət Proqramı çərçivəsində
təhsil alır. Almaniya ilə ali təhsil sahəsində əməkdaşlıq
əlaqələrinin təməli hələ sovet
dövründə Zigen Universiteti ilə Azərbaycan Dövlət
Neft Akademiyası arasında əməkdaşlıq əlaqələri
və “Alman Akademik Mübadilə Xidməti (DAAD)” təşkilatı
vasitəsilə qoyulmuşdur. Sonralar Köln Tətbiqi Elmlər
İnstitutunun bu istiqamətdə fəaliyyəti xüsusi qeyd
edilməlidir. Son illər isə bu əlaqələrin
genişləndirilməsi üçün şərait daha da
yaxşılaşmış, qarşılıqlı əlaqə
və görüşlər daha intensiv xarakter alıb. 2009-cu
ilin aprelində Azərbaycan nümayəndə heyətinin
Almaniyaya səfəri, oktyabrında isə Almaniya ali təhsil
işçilərinin çoxsaylı nümayəndə heyətinin
Azərbaycana səfəri bunu bir daha təsdiq edir: “2009-cu ilin
avqustunda Baden-Vürttenberq Torpağının Baş nazirinin
Azərbaycana rəsmi səfəri və ölkə Prezidenti
ilə görüşündən sonra Azərbaycan-Almaniya təhsil
əlaqələrinin daha da genişləndirilməsi istiqamətində
bir sıra addımlar atılıb. 25-29 oktyabr 2009-cu il tarixlərində
Azərbaycan nümayəndə heyəti Almaniyada rəsmi səfərdə
olmuş, səfər çərçivəsində Bonn
Universitetində “Azərbaycan iqtisadiyyatında keçid mərhələsi
və təhsilin beynəlmiləlləşməsi (Boloniya
prosesi)” mövzusunda keçirilən beynəlxalq simpoziumda
iştirak ediblər. Qeyd etmək
istərdim ki, dünyanın ayrı-ayrı ölkələrində
belə beynəlxalq simpoziumların keçirilməsi Azərbaycan
həqiqətlərinin, son illərdə ölkəmizdə həyata
keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticələrinin
dünya ictimaiyyətinə çatdırılmasında
böyük əhəmiyyəti vardır.
Nümayəndə
heyətinin Ştutqart Şərabçılıq üzrə
Təhsil və Elmi-Tədqiqat Mərkəzinə səfəri
nəticəsində qərara gəlinmişdir ki, 2010-2011-ci dərs
ilində Azərbaycandan 3 nəfər ali məktəb tələbəsi
(Azərbaycan Aqrar Universiteti və Azərbaycan Texnologiya
Universitetindən) 2 il müddətinə Təhsil və Elmi-Tədqiqat
Mərkəzinə təhsil almaq üçün göndərilsin.
Bu məqsədlə cari dərs ilində qeyd edilən
universitetlərdə ikinci kurs tələbələri
arasından əla oxuyan və xarici dilə daha çox meyili
olan iki nəfərin seçilib ilin sonunadək intensiv alman
dili kursuna cəlb olunması istiqamətində tədbirlər
görülür. Eyni zamanda o da müəyyənləşdirildi
ki, Azərbaycan Aqrar Universitetinin mütəxəssisləri
qısamüddətli ixtisasartırma üçün bu
müəssisəyə ezam edilsinlər. Bununla yanaşı,
nəzərdə tutuldu ki, mərkəzin müəllimləri
Azərbaycanın müvafiq ali məktəblərində
mühazirələr oxusunlar. Danışıqlar zamanı o
da qeyd olundu ki, hər iki məsələ ilə bağlı
müvafiq müəssisələr arasında anlaşma
memorandumu hazırlansın və imzalansın.
Baden-Vürttenberq Torpağının dövlət katibi ilə
rəsmi görüşdə təhsilin ayrı-ayrı sahələrində
bu Torpaqdan olan konkret tərəfdaşlarla – universitetlər,
Elm və Təhsil Nazirliyi, eləcə də tədqiqat
müəssisələri ilə birbaşa əlaqələrin
qurulması, əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsi və konkret nəticələrin
əldə olunması üçün təhsil üzrə
mütəxəssislərdən ibarət birgə ekspert
qrupunun yaradılması məqsədəuyğun hesab
edildi. Nümayəndə heyətinin
Ştutqart Ali Peşə Məktəbinə səfəri nəticəsində
qərara alındı ki, Almaniya modeli əsasında Azərbaycanda
peşə təlimi mərkəzinin yaradılması
üçün birgə layihə işlənsin.
Baden-Vürttenberq Torpağının Eslingen şəhərində
İxtisasartırma Təhsili Akademiyasında nümayəndə
heyətinin görüşü oldu. Akademiyanın rəhbərliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin ixtisasartırma
təhsili ilə məşğul olan 2 nəfər əməkdaşının
akademiyaya göndərilməsi və Almaniya təcrübəsinin
daha geniş öyrənilməsini təklif edib. Azərbaycan
nümayəndə heyətinin Almaniyaya səfərinin nəticələrinə
əsasən iki ölkə arasında təhsil əlaqələrinin
inkişaf etdirilməsi istiqamətində bi sıra təkliflər
irəli sürülüb. Bunlar Almaniyanın, o cümlədən
Baden-Vürttenberq Torpağının nüfuzlu, həmçinin
ingilisdilli təhsil proqramları təklif edən ali məktəblərinin
adlarının xaricdə təhsil üzrə Dövlət
Proqramı üçün təsdiq olunmuş prioritet xarici
ali məktəblər sırasına daxil edilməsi, xaricdə
təhsil üzrə Dövlət Proqramı çərçivəsində
tibb, mühəndislik, iqtisadiyyatın müxtəlif sahələri,
kənd təsərrüfatı, emal sənayesi, ekologiya kimi
istiqamətlər üzrə kadr hazırlığında
Almaniya ali məktəblərinin prioritet olaraq müəyyən
olunması. Almaniyanın ali məktəblərində
təhsil imkanlarından daha səmərəli istifadə etmək
üçün Azərbaycanın orta və ali məktəblərində
alman dilinin tədrisinin genişləndirilməsi, Azərbaycan
ali təhsil sisteminin Avropa məkanına inteqrasiyası və
Boloniya prinsiplərinin tətbiqi çərçivəsində
Almaniya ali məktəbləri ilə birgə layihələrin
həyata keçirilməsi, Almaniya modeli əsasında Azərbaycanda
Texniki peşə təhsili mərkəzinin yaradılması.
Azərbaycanda pedaqoji kadrların ixtisasının
artırılması üzrə yeni modelin tətbiqi istiqamətində
Almaniya təcrübəsinin öyrənilməsi, Avropa
İttifaqının, eləcə də Almaniya universitetlərinin
təhsil və elmi-tədqiqat proqramları çərçivəsində
Almaniya ilə birgə layihələrin həyata keçirilməsi
istiqamətində tədbirlərin görülməsi”.
M.Mərdanov
qeyd edib ki, Azərbaycanın Almaniya ilə təhsil əlaqələrinin
böyük hissəsi Alman Akademik Mübadilə Xidmətinin
(DAAD) fəaliyyəti ilə bağlıdır. Bu təşkilatın
proqramları alman dilinin öyrənilməsi və tələbələr
üçün Almaniyada yay məktəblərindən
başlamış ali məktəblərin akademik heyəti və
elmi-tədqiqat işçilərinin Almaniyada elmi təcrübə
və tədqiqat aparmasına qədər çoxprofilli
proqramları əhatə edir. DAAD-ın əsas məqsədi
Almaniya ilə tərəfdaş ölkələr arasında
akademik münasibətlərin inkişaf etdirilməsidir. Hələ
ötən əsrin 60-cı illərindən Azərbaycanla tələbə
mübadiləsi proqramlarını həyata keçirən
DAAD hazırda Dövlət Proqramına əsasən azərbaycanlı
gənclərin Almaniya universitetlərində təhsilinin təşkilatçısıdır:
“Cənubi Koreya ilə əlaqələr 2007-ci ildə hər
iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərindən
sonra daha intensiv xarakter almışdır. Qısa müddət
ərzində Azərbaycanla Cənubi Koreya arasında 40-dan
çox layihənin, o cümlədən təhsillə əlaqədar
layihələrin həyata keçirilməsi sahəsində sənədlər
imzalanmış, Azərbaycanla Cənubi Koreya arasında təhsil
sahəsində əməkdaşlığın əsası
qoyulmuşdur. 2007-ci ilin iyununda Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndə heyəti Koreya Respublikası Əmək
Nazirliyi nəzdindəki İnsan Ehtiyatlarının
İnkişafı Təşkilatının dəvəti ilə
həmin ölkədə səfərdə olmuş, peşə
təhsili sahəsində əməkdaşlığın
konkret istiqamətləri müzakirə olunub. Cənubi Koreyaya
səfər çərçivəsində nümayəndə
heyəti “Daewoo” beynəlxalq şirkətinin prezidenti ilə
görüşmüşdür. “Daewoo” şirkəti Azərbaycanda
peşə təhsilinin inkişafında maraqlı olduğunu
və bu sahəyə sərmayə qoymağa hazır
olduğunu bildirmişdir. Görüşdə həmin
şirkət tərəfindən təqdim olunmuş Azərbaycanda
peşə təhsili üzrə treninq mərkəzinin
yaradılması məsələsi müzakirə olunub. 2007-ci ildə Cənubi Koreyanın
“Daewoo” beynəlxalq şirkətinin geniş tərkibdə
nümayəndə heyəti ölkəmizə səfər
etmiş, şirkətin mütəxəssisləri Azərbaycanda
bir sıra texniki peşə təhsili müəssisələrində
olmuş, peşə təhsili üzrə treninq mərkəzinin
yaradılması imkanlarını öyrəniblər. 2007-ci
ilin avqustunda Təhsil Nazirliyi ilə “Daewoo” şirkəti
arasında imzalanmış memoranduma əsasən Bakı
şəhərində “Yüksək Texnologiyalar üzrə
Peşə Tədris Mərkəzi”nin yaradılması irəli
sürülüb. Layihənin əsas
məqsədi Azərbaycanda peşə təhsili sisteminin
müasir standartlar səviyyəsinə çatdırılması
və artıq özünü təsdiq etmiş Koreya modelinin
üstünlüklərindən istifadə edilməsi, Azərbaycanda
yaxın gələcəkdə yaradılacaq və mövcud
olan sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin
edilməsi probleminin həll edilməsidir. Birgə layihəni həyata
keçirməklə 7 əsas hədəfə çatmaq nəzərdə
tutulub. Azərbaycan iqtisadiyyatının inkişafına
yardım, yüksək gəlirli yeni iş yerlərinin
açılması, ölkə sənayesində baş verən
dəyişikliklərə çevik uyğunlaşa bilən
kadrların hazırlanması, xarici sərmayə
üçün ilkin zəmin formalaşdırılması, sənayə
işçilərinin bilik və bacarığının
artırılmasına yönəlmiş texniki təhsil,
peşə təhsili sahəsində işləyən müəllimlərin
bilik və bacarıqlarının artırılması, Koreya
ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq.
Onu da qeyd
etmək lazımdır ki, Cənubi Koreya son 30-40 il ərzində
dünyada ən dinamik inkişaf edən ölkələr
sırasındadır. Bu inkişafın əsas səbəblərindən
biri ölkədə peşə təhsilinə xüsusi
önəm verilməsi olmuşdur. 1950-ci ildə
adambaşına düşən milli gəlirin 100 ABŞ
dolları olduğu kasıb kənd təsərrüfatı
ölkəsi olan Cənubi Koreyada təbii resursların və
maliyyə imkanlarının olmadığı bir şəraitdə
beynəlxalq maliyyə qurumlarının kreditləri əsasında
iri şəhərlərdə texniki peşə təhsili mərkəzləri
təsis edilmiş, bunların əsasında peşəkar
kadrlar yetişdirilərək ölkə sənayesi, həmçinin
beynəlxalq əmək bazarının ixtisaslı kadrlarla təmin
edilməsi mümkün olmuş, bu da Koreya
iqtisadiyyatının inkişafında əsas aparıcı
qüvvəyə çevrilib. Azərbaycanda texniki peşə
təhsili sahəsində 3 il ərzində həyata
keçiriləcək layihənin dəyəri 32 milyon ABŞ
dollarıdır. Onun 22 milyonu Cənubi Koreya hökumətinin
krediti, 10 milyonu isə Azərbaycan hökumətinin
payıdır.
Təlim
mərkəzində hər il 7 ixtisas üzrə (elektrik,
elektronika, mexanikləşmə, informasiya, kompüter
texnologiyası, avtomobillərin təmir olunması,
avtomatlaşdırılma, qaynaq etmə və dərinliyi
ölçmə) 1050 nəfərin öyrədilməsi nəzərdə
tutulur. Müəssisənin tikintisi başa çatanadək
mühəndis-pedaqoji heyətin hazırlanması, tədris
ediləcək ixtisaslar üzrə peşə standartları,
kurikulum, dərsliklər, dərs vəsaitləri
hazırlanacaqdır. 2008-ci ildən
başlayaraq Cənubi Koreya hökumətinin maliyyə
yardımı ilə həmin ölkədə təhsil alan azərbaycanlıların
sayı xeyli artmışdır. Hazırda Koreyanın Seul,
Busan, Daecon, Daequ, İksan, çoncu və Quanqcu şəhərlərində
yerləşən universitetlərdə Azərbaycanın
müxtəlif universitet, dövlət və özəl
qurumlarını təmsil edən 60-dan çox tələbə
təhsil alır. Onlardan 25 nəfəri xaricdə təhsil
üzrə Dövlət Proqramı əsasında təhsil
alanlardır. Beş il əvvəl bu ölkədə bir nəfər
də olsun azərbaycanlı tələbə təhsil
almırdı, 2007-ci ildə Koreyada təhsil alan azərbaycanlı
tələbələrin sayı cəmi 7 nəfər idisə,
indi bu rəqəm dəfələrlə artmışdır.
Azərbaycanın ali təhsil müəssisələrində
də 6 nəfər cənubi koreyalı tələbə təhsil
alır”.
M.Mərdanov
bildirib ki, 2009-cu ilin oktyabrında Cənubi Koreya Təhsil
Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə
olub. Cənubi Koreyanın ən tanınmış universitetlərinin
rəhbərlərinin iştirak etdiyi səfərin əsas məqsədi
iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq
əlaqələrinin daha da möhkəmləndirilməsi, azərbaycanlı
gənclərin Cənubi Koreya universitetlərində təhsilinin
təşkili olub. Bununla yanaşı, 2008-ci ilin martından
etibarən Koreya Xarici Dillər Universitetində fəaliyyət
göstərən türk dili fakültəsində Azərbaycan
dilinin tədrisinə başlanmışdır. Azərbaycan
dilinin tədrisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin
təqdim etdiyi dərsliklər və digər materiallar əsasında
həyata keçirilir. Azərbaycanın
iki ali məktəbində – Bakı Dövlət Universitetində
və Azərbaycan Dillər Universitetində Koreya dili tədris
olunur. Eyni zamanda həmin universitetlərdə Koreya mərkəzləri
də yaradılıb: “Malayziya və Sinqapurla Azərbaycan
arasında təhsil əlaqələri son illərdə
yaradılıb. 2008-ci ilin oktyabrında İSESKO və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı
ilə Bakıda keçirilmiş İslam ölkələrinin
Ali Təhsil və Elmi-Tədqiqat nazirlərinin 4-cü
Konfransı zamanı Bakıda səfərdə olan
Malayziyanın Ali Təhsil naziri ilə ikitərəfli
görüş çərçivəsində təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsi
istiqamətində müzakirələr aparılıb, Azərbaycan
və Malayziya arasında təhsil sahəsində əlaqələr
bu görüşdən sonra yeni mərhələyə qədəm
qoyub. 2008-ci ilin noyabrında
Malayziya Ali Təhsil Nazirliyinin və Bakı Təhsil Məlumat
Mərkəzinin təşəbbüsü ilə Bakıda
Malayziya təhsil yarmarkası keçirilib.
Yarmarkanın
məqsədi maraqlı tərəfləri Malayziya universitetlərində
təhsil almaq imkanları barədə məlumatlandırmaq
idi. Eyni zamanda Malayziyanın beş ali təhsil müəssisəsi
Dövlət Proqramı çərçivəsində Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq
olunmuş “Azərbaycan gənclərinin xaricdə təhsil
almaları məqsədi ilə seçilmiş ali təhsil
müəssisələrinin siyahısı”na daxil edilib. Təhsil
Nazirliyinin nümayəndə heyəti 2009-cu ilin may – iyun
aylarında Malayziya və Sinqapurda rəsmi səfərdə
olub. Səfərin məqsədi bu ölkələrin ali təhsil
müəssisələri ilə müzakirələr aparmaq,
xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində
həmin ölkələrin ali məktəbləri ilə əməkdaşlıq
perspektivlərini müəyyənləşdirmək olub.
Nümayəndə heyəti Malayziyanın Ali Təhsil
Nazirliyinin müvafiq qurumlarının rəhbərləri ilə
yanaşı, bu ölkənin qabaqcıl ali təhsil müəssisələrinin
rektorları ilə də müzakirələr aparıb.
Danışıqların əsas mövzusu Malayziya tərəfindən
təqdim olunmuş “Azərbaycan Respublikası hökuməti
və Malayziya hökuməti arasında ali təhsil sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsinin
müzakirəsi və Azərbaycan gənclərinin Malayziya
ali təhsil müəssisələrində təhsil almaq
imkanları olub. Malayziya tərəfindən təqdim
olunmuş “Azərbaycan Respublikası hökuməti və
Malayziya hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu” layihəsi müvafiq dövlət
qurumları ilə razılaşdırılması
üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə
təqdim edilib. Nümayəndə heyəti Kuala-Lumpur
Politexnik Kollecində olmuş, Azərbaycanın orta-ixtisas təhsili
müəssisələri ilə Malayziya kollecləri
arasında birbaşa əlaqələrin yaradılması
imkanları nəzərdən keçirilib. Sinqapura səfər
zamanı nümayəndə heyəti bu ölkənin ali təhsil
müəssisələrində təhsil alan səkkiz azərbaycanlı
tələbə ilə də görüşüb.
Görüş zamanı tələbələrimizin Dövlət
Proqramı çərçivəsində təhsillərini
davam etdirmələri məsələsi ətraflı
müzakirə olunub. Bütövlükdə bu səfər Azərbaycanla
qeyd olunan iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq
üçün geniş perspektivlərin olduğunu göstəriblər.
Səfərin nəticəsi olaraq Malayziya ilə Azərbaycan
arasında təhsil sahəsində əməkdaşlığın
ali təhsil və elmi-tədqiqatlar, İKT, yüksək
texnologiyalar, iqtisadiyyat və elektronika sahələrində azərbaycanlı
tələbə və tədqiqatçıların bu ölkələrdə
təhsil alması imkanlarının genişləndirilməsi
qərara alınıb. 2008-ci ilin yanvarında İordaniya
Krallığı Təhsil Nazirliyinin nümayəndə heyətinin
Azərbaycana səfəri iki ölkə arasında təhsil əlaqələrinin
inkişafına müsbət təsir göstərib.
İordaniya-Azərbaycan arasında təhsil əlaqələri
İKT-nin tətbiqi, “qardaşlaşmış məktəblər”,
müəllim, tələbə, şagird mübadiləsi,
elmi tədqiqatların aparılması, ərəb dilinin tədrisi
və digər sahələri əhatə edib. Eyni zamanda
2009-cu ilin aprelində Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndə heyətinin İordaniya
Krallığına səfəri olmuşdur. Səfər
çərçivəsində iki ölkə arasında təhsil
sahəsində əməkdaşlığa dair Niyyət
Protokolu imzalanıb. Bununla yanaşı, 2009-cu ilin
oktyabrında Əmman şəhərində “Azərbaycan
Respublikası hökuməti və İordaniya Haşimilər
Krallığı hökuməti arasında 2010-2012-ci illər
üçün elm və təhsil, mədəniyyət və
incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə
və media sahələri üzrə İcraedici Əməkdaşlıq
Proqramı” qəbul edilib. Qeyd etmək lazımdır ki,
hazırda 19 nəfər iordaniyalı tələbə Azərbaycan
universitetlərində təhsil alır.
Göründüyü kimi, Azərbaycanın ayrı-ayrı
ölkələrlə təhsil əlaqələri son illərdə
hissolunacaq dərəcədə genişlənmişdir və
bu tendensiya davam etməkdədir. Beynəlxalq əlaqələr
ölkə təhsilinin inkişafında böyük əhəmiyyət
kəsb etdiyindən Azərbaycanın təhsil siyasəti və
strategiyasında aparıcı yerlərdən birini tutur.
Qətiyyətlə
deyə bilərik ki, yaxın gələcəkdə təhsil
sahəsində əməkdaşlıq əlaqələri
yaradacağımız ölkələrin coğrafiyası
daha da genişlənəcəkdir. Əlbəttə, tələbə
mübadiləsi və azərbaycanlı gənclərin xarici
ölkələrin aparıcı universitetlərində təhsili
beynəlxalq əlaqələrin əsas istiqamətini təşkil
edir. Məhz bu səbəbdən son illərdə dövlət
xəttilə ayrı-ayrı ölkələrdə azərbaycanlı
gənclərin təhsili sahəsində ciddi nailiyyətlər
əldə edilib. Lakin ölkəmizin gələcək
inkişaf strategiyası baxımından təhsil sisteminin
müasir tələblərə cavab verən kadr
bazasının gücləndirilməsi, modern idarəetmə
və istehsal texnologiyaları əsasında fəaliyyət
göstərən sahələrin kadr ehtiyacının ödənilməsi,
qeyri-neft sektorunun inkişafının gələcəkdə
sürətləndirilməsinin təmin olunması Azərbaycan
vətəndaşlarının dünyanın qabaqcıl ali təhsil
ocaqlarında təhsil almaları prosesinin daha sistemli və səmərəli
aparılmasının təmin edilməsi ilə bağlı
xüsusi proqramın həyata keçirilməsi zərurətini
meydana çıxarıb”. M.Mərdanov qeyd edib ki, ölkə
üçün vacib sahələr üzrə peşəkar
kadrların hazırlanması, “qara qızıl”ın insan
kapitalına çevrilməsi və Azərbaycanın gələcək
inkişafının məhz bu amildən asılı
olması ölkə Prezidenti
İlham Əliyevin daim diqqət mərkəzindədir.
Bu istiqamətdə prezidentin19 oktyabr 2006-cı il tarixində
imzaladığı “Azərbaycan Respublikası gənclərinin
xaricdə təhsil almalarına dair Dövlət Proqramı
haqqında” sərəncamı əhəmiyyətli addım
oldu. Sərəncama əsasən Təhsil Nazirliyi digər
aidiyyəti qurumlarla birlikdə qısa müddət ərzində
Dövlət Proqramını hazırladı və Azərbaycan
Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli
sərəncamı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” təsdiq edildi. Proqramın əhəmiyyətli cəhətlərindən
biri bu idi ki, əgər Proqram təsdiq olunana qədər Azərbaycan
gəncləri dövlət xətti ilə yalnız partnyor
ölkələrin bizə təqdim etdiyi universitetlər və
ixtisaslar üzrə təhsil alırdılarsa, artıq bu
Proqram həm ölkəni, həm ixtisası, həm də ali
məktəbi seçmək imkanlarını yaratdı. Sərəncamla
Dövlət Proqramının maliyyələşdirilməsinin
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti
hesabına həyata keçirilməsi nəzərdə
tutuldu, Proqramın icrasına nəzarət isə Azərbaycan
Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya
həvalə edildi. Dövlət
Proqramının əsas məqsədi ölkədə rəqabətqabiliyyətli
iqtisadi sistemin formalaşdırılması və davamlı
inkişafın təmin edilməsi baxımından müasir tələblərə
cavab verən kadrlara ehtiyacın ödənilməsi, Azərbaycanın
istedadlı gənclərinin dünyanın nüfuzlu
universitetlərində ali təhsil almaları
üçün lazımi şəraitin
yaradılmasını təmin etməkdən ibarətdir: “ Həmin
məqsədlərin reallaşdırılması
üçün Dövlət Proqramı çərçivəsində
bir sıra vəzifələrin həyata keçirilməsi nəzərdə
tutulurdu. Bunlar əənclərin xarici ölkələrin
nüfuzlu ali məktəblərində təhsili prosesinin
normativ-hüquqi bazasının yaradılması. Gənclərin
xarici ölkələrin ali məktəblərində təhsili
prosesinin maliyyələşdirilməsi mexanizmlərinin
yaradılması, ixtisas və təhsil proqramları üzrə
ölkənin ehtiyaclarının müəyyənləşdirilməsi. Ölkənin ehtiyaclarına
uyğun olaraq xarici ölkələrin ali məktəblərinin
müəyyənləşdirilməsi. Seçim
meyarlarının müəyyənləşdirilməsi.Xaricdə
təhsil alan gənclərin təhsilalma keyfiyyətinin
monitorinq və qiymətləndirilməsinin aparılması və
müvafiq məlumat bazasının yaradılması. Məzunların
potensialından səmərəli istifadə edilməsi
mexanizminin yaradılması. Proqramda xaricdə dövlət
hesabına təhsil almağa göndərilən Azərbaycan
gənclərinin təhsilin bütün pillələri
üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə,
onların ümumi sayının isə 2007-2015-ci illərdə
5000 nəfərə çatdırılması, ayrılan
maliyyə vəsaitləri çərçivəsində
bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə
də ixtisasartırma və yenidənhazırlanma təhsili
üzrə bölünməsi, hökumətlərarası
müqavilələr və ali təhsil müəssisələri
arasında beynəlxalq tələbə mübadiləsi əsasında
mütəxəssis hazırlığının
respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə
alınmaqla təmin edilməsi əsas hədəflər kimi
müəyyənləşdirilmişdi.
Dövlət
Proqramının icrasından aşağıdakı nəticələr
gözlənilir: –gənclərin xarici ölkələrin
nüfuzlu ali məktəblərində təhsili prosesinin
normativ-hüquqi bazasının yaradılması nəticəsində
prioritet istiqamətlər üzrə xaricə tələbə
göndərilməsi işi təkmilləşəcək, xaricdə təhsil almağa
göndərilən istedadlı gənclərin seçilməsi
mexanizmi təkmilləşəcək, –Azərbaycan
Respublikasında iqtisadi inkişafın və əmək
bazarının tələblərinə uyğun ixtisaslar
müəyyən ediləcək. Ortamüddətli perspektivdə
ölkənin əmək bazarının tələblərinə
uyğun yüksəkixtisaslı kadrlarla təmin olunması
probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə
olunacaq, ölkənin elmi və elmi-pedaqoji potensialı
güclənəcək, intellektual mülkiyyətinin ixrac
potensialı artacaq. Azərbaycan Respublikasında beynəlxalq
standartlar səviyyəsində mütəxəssislərin
hazırlanması üçün pedaqoji kadrlar yetişəcək,
ölkədən kənarda təhsil alan mütəxəssislərin
məlumat-informasiya bazası yaradılacaq, Azərbaycan
Respublikasında insan kapitalı inkişaf etdiriləcək ki,
bu da, öz növbəsində, əmək məhsuldarlığının
artması vasitəsilə ölkənin rəqabətqabiliyyətinin
yüksəlməsinə və davamlı
inkişafının təmin olunmasına səbəb
olacaq. Proqramın icrası ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın 2007-2008-ci tədris
ilində maliyyələşdirilməsi haqqında 5 sentyabr
2007-ci il tarixli, 2377 nömrəli, “Azərbaycan Respublikası
Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı
ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın icrası ilə
bağlı əlavə tədbirlər barədə” 7 aprel
2008-ci il tarixli, 2746 nömrəli sərəncamları
imzalandı. Eyni zamanda Proqramın icrası ilə
bağlı normativ-hüquqi bazanın yaradılması istiqamətində
əhəmiyyətli addımlar atıldı, aidiyyəti
dövlət qurumları ilə birgə Təhsil Nazirliyi tərəfindən
aşağıdakı sənədlər hazırlandı və
hökumət tərəfindən təsdiq edildi: “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il 25 oktyabr tarixli, 230 nömrəli qərarında
dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 30
dekabr 2007-ci il tarixli, 222 nömrəli qərarı. “Xarici
ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin
seçim qaydaları”nın təsdiq edilməsi haqqında”
Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı.
“Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi
ilə seçilmiş ali təhsil müəssisələrinin
siyahısının təsdiq edilməsi barədə”, “Azərbaycan
gənclərinin xaricdə təhsil almaları üzrə
prioritet sahə, ixtisas və proqramların
siyahısının təsdiq edilməsi barədə” Nazirlər
Kabinetinin 3 iyun 2008-ci il tarixli, 204s nömrəli sərəncamı. “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan
gənclərinin xarici ölkələrin ali məktəblərində
təhsil haqlarının ödənilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında”, “Təhsil
Nazirliyi ilə təhsil alan arasında bağlanmış
müqavilə formasının təsdiq edilməsi barədə”,
“Gənclərin xarici ölkələrdə təhsili üzrə
aylıq xərc normalarının cədvəlinin təsdiq
edilməsi barədə” Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il
tarixli, 261 nömrəli qərarı. “Azərbaycan gənclərinin
xaricdə təhsil almaları məqsədi ilə
seçilmiş ali təhsil müəssisələrinin siyahısının
təsdiq edilməsi barədə”, “Azərbaycan gənclərinin
xaricdə təhsil almaları üzrə prioritet sahə,
ixtisas və proqramların siyahısının təsdiq edilməsi
barədə” Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli, 7s
nömrəli sərəncamı. Qeyd edim ki, bu sənədlərin
təsdiq olunması xüsusi əhəmiyyət
daşıyırdı. Belə ki, beynəlxalq reytinqlərdə
yüksək yerləri tutmuş universitetlər prioritet ali təhsil
müəssisələri siyahısına daxil edildi, eyni
zamanda Azərbaycan üçün kadr
hazırlığı vacib olan sahə, ixtisas və proqramlar,
gənclərin seçim meyarları, təhsil haqqının
ödənilməsi qaydaları müəyyənləşdirildi.
Dövlət
Proqramının həyata keçirilməsi istiqamətində
daha bir əhəmiyyətli addım bu sahədə
böyük təcrübəsi olan tərəfdaş təşkilatlarla
saziş və müqavilələrin imzalanması oldu: –Alman
Akademik Mübadilə Xidməti (DAAD) ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyi arasında Azərbaycan tələbələrinin
Almaniyada təhsili üzrə təqaüd proqramı ilə
bağlı 16.06.2008-ci il tarixli Saziş, Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Fransa Dövlət Ali və
Orta təhsilinin Təşkili Mərkəzi (CNOUS) arasında
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində Fransaya göndərilən
tələbələrə ayrılan təqaüdlərin
inzibati idarəedilməsi barədə 16.07.2007-ci il tarixli
Saziş, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
ABŞ-ın Beynəlxalq Təhsil İnstitutu arasında 1
iyul 2009-cu il tarixli inzibati xidmət Müqaviləsi. Koreya
Yüksək Elm və Texnologiya İnstitutu (KAİST) və
ACCELS-lə əməkdaşlıq haqqında razılaşma
layihəsi hazırda müzakirədədir. Daha iki xarici tərəfdaşla
(Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya
Şurası arasında “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”na Britaniya
Şurasının dəstəyi; Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Kanada Universitetlər və Kolleclər
Assosiasiyası arasında Təqaüd Proqramı üzrə
Müqavilə) sənədlərin imzalanması
üçün dövlətdaxili razılaşdırılma
prosedurları başa çatdırılıb. Ötən
müddət ərzində Proqramın həyata keçirilməsi
sahəsində uğurlu nailiyyətlər əldə
olunmuşdur. Belə ki, 2007-2008-ci dərs ilində xaricdə
təhsilə göndərilən azərbaycanlıların
sayı 74 nəfər olmuşdusa, 2008-2009-cu dərs ilində
onların sayı 120-yə, 2009-2010-cu dərs ilində isə
303 nəfərə çatdırıldı. Hazırda
Dövlət Proqramı əsasında təhsil alanların
ümumi sayı 500 nəfərə yaxındır. Proqram
çərçivəsində xaricdə təhsil
alanların 23 faizi tibb, 20 faizi iqtisadiyyat, 14 faizi isə texniki
və mühəndislik ixtisaslarına yiyələnirlər.
Dövlət Proqramı çərçivəsində xaricdə
təhsil alanlardan 44 nəfəri artıq məzun olmuşdur.
Sevindirici haldır ki, hazırda həmin məzunlar Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasında, Mərkəzi
Bankda, Vergilər, İqtisadi İnkişaf nazirliklərində,
digər dövlət və özəl strukturlarda məsul vəzifələrdə
çalışırlar”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2013.- 19 yanvar.- S.14-15.