Bütün Azərbaycanın göründüyü zirvə  

 

O ZİRVƏNİN ADI ŞƏHİDLƏR XİYABANIDIR

 

Sürücü Ali Sovetin qarşısında əyləci basdı. Mən təşəkkür belə etmədən maşından düşərək komitənin girişinə doğru hərəkət etməyə başladım. Qapıda “BTR” markalı zirehli texnika dayanmışdı. Maşının üstündəki pulemyot ətrafdakı mülki adamlara doğru tuşlanır və əsgər sanki bundan zövq alırdı. Mən komitənin girişinə daxil olanda tanımadığım bir nəfər dedi:

— Heç kim içəri daxil ola bilməz. Bəxtiyar Vahabzadə keçib bəsdir. Əgər aranızda komitənin işçiləri varsa sənədini göstərsin.

Elə bu vaxt atəş səsləri eşidilməyə başladı. Atəşin komitənin həyətindən, yoxsa Dağüstü parkdan açıldığı bəlli deyildi.

Girişdə toplaşanlar Dağüstü parka tərəf qaçdılar.

Çox aşağıdan vertolyot uçurdu. O, vərəqələr səpələyirdi.

Əyilib vərəqlərdən birini götürdüm. Rusca əhalini sakitliyə çağıran kiçik bir mətn yazılmışdı. İmza isə Bakının hərbi komendantı Dubinyaka məxsus idi.

Dağüstü parkdan metronun “Bakı Soveti” stansiyasının yanına çatanda daha bir qələbələyin şahidi oldum. Əsgərlərin atdığı güllələr başımızın üstündən vıyıldayırdı. Mən də bir neçə nəfərə qoşularaq Qoşa Qala qapısına doğru qaçdım. Qaçanları içəri şəhərə tərəf sıxışdırdılar. Birtəhər vəhşiləşmiş sovet ordusunun qaniçənlərinin əlindən canımızı qurtara bildik. Ancaq yüzlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, güllələrlə dəlmə-deşik edilmiş, zirehli maşınların tırtılları altında qalaraq əzilmişdi. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dəhşətli qırğınları törədən əsgər və zabitlər arasında ermənilərin çox olduğu şahidlər tərəfindən təsdiqlənirdi. Ermənilər növbəti dəfə Azərbaycan xalqına divan tutmuşdular. Bakı öz şəhidlərini ağlayırdı — Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canını qurban verənləri.

 

lll

 

Bakı qan çanağında boğulmasına baxmayaraq intiqam

 

hissini nümayiş etdirdi. Azərbaycan xalqı yenilməzliyini sübut etdi. Azadlığına və müstəqilliyinə qovuşacağına şəhidlərinə düzənlədiyi görünməmiş matəm mərasiminin müşaiyəti ilə bir daha qərar verdi. Və qanlı 20 Yanvar faciəsində birbaşa günahkar olan SSRİ prezidenti Mixail Qorbaçovun Mərkəzi Komitənin önündəki tribunanın qırmızı mərmər sütunları üzərinə ağzında insan sümükləri olan portretinin həkk olunması yaddaşlarda əbədi iz buraxdı. O dövr üçün bundan artığını etmək, bəlkə də, mümkün deyildi.

Şəhid cənazələri Azadlıq meydanından qaldırılaraq Mərkəzi Komitənin önündən keçməklə Şəhidlər Xiyabanına gətirilirdi. Və milyonlar MK-nın önündə mərmər sütunlar üzərinə çəkilmiş Qorbaçovun nifrət doğuran portretini görürdü —SSRİ prezidenti ağzında insan sümükləri gəmirirdi. Görəsən, o portretin müəllifi kim idi? O portretin müəllifi hər kim olubsa, qeyrətli bir və təndaş, namuslu bir azərbaycanlı olub. O, bütün Azərbaycan xalqının ürəyindən keçənləri ümumiləşdirərək mərmər daşlar üzərinə həkk etmişdi. Görəsən, o indi sağdırmı?

Şəhidlər Xiyabanı necə yarandı?

Şəhidər Xiyabanının necə yaranması ilə bağlı Dəfn Komissiyasının üzvü Azər Nəbiyevlə bir dəfə Təhsil Nazirliyində görüşdük. Olub-keçənlər, qanlı 20 Yanvar faciəsilə bağlı söhbətimiz oldu. O mənə bunları dedi:

– Yanvarın 20-də, dan yeri söküləndə MK-nin qarşısında matəm mitinqi başlanmışdı. Mən təxminən saat 8 radələrində ora gəldim. Adamlar şok vəziyyətində idilər. Elə mən özüm də nə edəcəyimi kəsdirə bilmirdim. Bu zaman yaşadığım ərazinin sahə həkimi ağlaya-ağlaya mənə yaxınlaşıb soruşdu ki, Azər müəllim, bu nə müsibət idi başımıza gəldi? Onun az qala qeyri-adi hönkürtüsü ətrafdakıların diqqətini cəlb etdi. Adamlar başımıza toplaşdılar. Hamı bir-birinin üzünə baxır, bir-birlərinə sual verirdi: “Niyə belə oldu? indi nə edək, neyləyək, kimə müraciət edək?”. Doğrusu, MK-nın qabağına toplaşanların hamısı gecəki müsibətdən, şəhid olmuş adamlardan danışırdı. Bu zaman bir nəfər dilləndi: şəhidləri Dağüstü parkda dəfn etmək lazımdır. Bu, Nəriman Əliyev idi. Eşitdiyim təklif şəxsən mənim ürəyimdən oldu. Sabir Rüstəmxanlıdan eşitmişdim ki, 1918-20-ci illlərdə erməni daşnakları tərəfindən öldürülən soydaşlarımız Dağüstü parkda dəfn olunublar. Sonradan onların cəsədləri çıxarılıb başqa-başqa yerlərdə basdırılıb. Bu tarix bir də təkrar olunmasın deyə biz Nəriman Əliyevin təklifinin həyata keçirilməsinə cəhd göstərmək qərarına gəldik. Bu zaman tanımadığım bir adam üzünü mənə tutub dedi ki, Azər müəllim, işə başlamaq lazımdır. Gəlin komissiyanın tərkibini müəyyənləşdirək. Cibimdən kağız-qələmi çıxarıb birinci öz adımı yazdım. O biri adamlarda adlarının Dəfn Komissiyasına salınmasını xahiş etdilər.

Beləliklə, qısa bir müddət də aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdül Səlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov. Sonradan təklif olundu ki, Şeyxülislam Allahşükür Paşazadəni də komissiyaya daxil edək. Qüdrət Əbdülsəlimzədəni komissiyanın sədri seçdik. Bundan sonra komissiya üzvləri mənə tapşırıq verdilər ki, şəhidləri dəfn etmək üçün yer almaq məsələsi ilə məşğul olum.

O vaxtlar 26 Bakı Komissarları rayonunun I katibi mərhum Vəli Məmmədov, İcraiyyə Komitəsinin sədri isə Əli Məmmədov idi. Mən çox çətinliklə rus əsgərlərini başa salıb rayon partiya komitəsinin binasına daxil ola bildim. Təklifimizi Vəli Məmmədova bildirdim. Mənimlə razı olduğunu bildirən Vəli müəllim İcraiyyə Komitəsinin sədri ilə əlaqə saxladı. Əli Məmmədov da sadə xalq nümayəndələrinin təklifinə şərik çıxdı. Birlikdə maşına oturub Dağüstü parka getdik. Orada şəhidləri harada dəfn etməyi müzakirə edən zaman “Bərpaçı” idarəsinin rəisi Malik Mehdiyev bizə yaxınlaşıb dedi ki, onları sel-su düşməyən, torpaq sürüşməsi olmayan hündür bir sahədə basdırmaq lazımdır.

Beləcə, azadlıq qurbanlarının indi uyuduqları sahə o vaxt müəyyən olundu. Bundan sonra xalq könüllü olaraq qəbirlərin qazılmasına başladı. Məsələ bundadır ki, bizim heç bir göstəriş-filan olmadan, ürəyimizin səsi, qəlbimizin hökmü ilə başladığımız bu xeyirxah iş çoxlarının xoşuna gəlməmişdi. Məlum Ali Sovetin fövqəladə sessiyası başlayanda mən ayaqqabılarımın palçığını da silmədən Ali Sovetə — iclas zalına daxil ola bildim. Gördüyümüz işlər barədə məlumat verdim.

Rayon katiblərindən kimsə ayağa durub çox qəzəbli bir şəkildə üzünü mənə tutub dedi: “Siz niyə özbaşına iş görmüsünüz?

Biz indi məcburuq ki, qazılmış qəbrləri dolduraq”. Nə deyə bilərdim? Sözsüz ki, qəzəbimi boğa bilmədim. Məni ağılsız adlandırırsınız, – dedim, siz ağıllı olun, gedin qəbrləri doldurun. Adını və sayını bilmədiyiniz adamların yaxınlarına başsağlığı vermək istəyirsiniz. Lakin hərəkətlərinizlə dedikləriniz heç bir məntiqə sığmır.

Sessiyaya sədrlik edən Bəxtiyar Vahabza də mənə tərəfdar çıxaraq üzünü o adama tutub dedi ki, sizə ayıb olsun!.. Bu sözlərdən sonra hörmətli şair iclasa sədrlik etməkdən də imtina etdi. Qalan vaxtda mərhum İsmayıl Şıxlı sessiyanın iclasına sədrlik etməyi öz boynuna götürdü.

 

lll

 

...O vaxt Şəhidlər Xiyabanında dəfn mərasimi zamanı Azərbaycan xalqı böyük bir mütəşəkkillik, böyük bir yenilməzlik, böyük bir məğlubedilməzlik nümayiş etdirdi. Bir hadisəni də heç vaxt unuda bilmərəm. Xiyabanda dayanıb televiziya və radionun bir neçə işçisi ilə xısın-xısın söhbət edirdik. Qədd-qamətli, qısa saqqalları olan iki cavan oğlan bizə yaxınlaşdı. Bizim onlara sual dolu nəzərlərlə baxdığımızı hiss edib özləri dilə gəldilər. Onlardan biri irəli çıxıb dedi:

— Mənim adım Qəhrəman, dostumun adı isə Sənandır.

Təbrizdən gəlmişik. Sizlərə kömək üçün gəlmişik. Təbriz də sizin yanınızdadır. Təbrizi də illər öncə belə qırıblar. Lakin ayağa durmuşuq. Siz də ayağa duracaqsınız. Biz birlikdə ayağa duracağıq. Yeni Azərbaycan yaradacağıq. Nə iş deyirsiniz eləyək. Yaxşı pulumuz var, sizə verə də bilərik.

Onun bu sözündən sonra televiziyanın işçilərindən biri:

— Bizə heç nə lazım deyil, qardaşlar. Elə burada olmağınız yetər. Siz də özünüzü qoruyun. Düşmən gülləsi sizi də haqlaya bilər, — deyə minnətdarlığını bildirdi. Təbrizli balası isə:

— Ölərik də ölərik. Qürbətdə ölməyəcəyik ki?! Öz doğma Bakımızda öləcəyik, — deyib hönkür-hönkür ağladı.

Qəlbləri parçalayan bir səhnə idi. Hamımız qara bulud kimi tutulmuşduq. Bir tərəfdən də radio və televiziyanın aparıcı jurnalistlərini arayıb, axtarıb tapıb komitəyə dəvət edirdilər. Müxtəlif verilişlər hazırlamaq və Dubinyakın əmrlərini efirə oxumaq lazım idi. Lakin radiodan bircə nəfər də tapıb efirə çıxara bilmədilər işğalçılar. Beləcə, günlərlə Azərbaycan dilində çox böyük qüsur, ləhcə və xəta ilə danışan birisi komendantın əmrlərini, rəsmi məlumatları efirə oxudu. Biz matəm içindəydik, Azərbaycan xalqının bir parçası kimi. Sovet qoşunlarının Azərbaycan paytaxtını işğal etməsi nəticəsində rəsmi rəqəmlərə görə Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralan mış, 841 nəfər qanunsuz həbs olunmuş, sovet hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, külli miqdarda dövlət və şəxsi əmlak talan edilmişdir. Görünməmiş faciə baş vermişdi. Qan tökən ordu uşaqları, qocaları, qadınları, təcili yardım maşınlarını gülləbaran etmişdi. Qəddarlığın həddi-hüdudu olmamışdı. Şəhidlər Xiyabanında bədən orqanlarının biri və ya bir neçəsi olmayan şəhidlər dəfn edildi. Xiyabanın lap kənarında naməlum bir qəbir var. Bu qəbirdə ayrı-ayrı adamların əzaları dəfn edilib: orada qol da var, qıç da var, göz də var.

Tarixin ironiyasına baxın ki, Azərbaycan xalqını qanına qəltan edən Qorbaçov bir neçə ildən sonra “Dünyada sülhün qorunmasın da xidmətlərinə görə” Nobel mükafatına layiq görüldü.

 

lll

 

1990-cı ilin yanvarında sovet qoşunları Azərbaycanın demək olar ki, bütün bölgələrində ağlasığmaz dəhşətli faciələr törətdilər. Bakıdakı qırğınlardan sonra Lənkəranda və Neftçalada qırmızı ordunun müstəqillik mücahidlərinə verdiyi işgəncələr də xüsusilə ağır olub. Vaxtilə Neftçala Uşaq Gənclər İdman məktəbinin direktoru vəzifəsində işləmiş, həmin hadisələr zamanı AXC-nin üzvü olan Əbülhəsən Dadaşov mənə bunları söyləmişdi:

— 1990-cı il yanvarın 25-də sərhəd qoşunlarının komandiri Rasporin bir nəfər kapitan rütbəli hərbçi ilə AXC rayon təşkilatının qərargahına gəldi. Doğrusu, onunla münasibətlərimiz pis deyildi. Vəziyyətdən çıxış yolları barədə fikir mübadiləsi edirdik ki, güllə səsləri eşidildi. Başkəsənlər qərargaha daxil olub avtomatlardan atəş açmağa başladılar. Otaqdakı televizor partladı. Biz yerə uzanmışdıq. Onlar bizi də, Raspolinlə gələn kapitanı da bərk döydülər. Ağır yaralananlar oldu.

Sonra başkəsənlər 21 nəfəri maşınlara doldurub Bankədəki hərbi hissəyə apardılar. Onlar yol boyu qışqırır, söyür və deyirdilər: “Hə, siz erməni və rusları qırmaq istəyirdiniz, eləmi? İndi sizə göstərərik”!

Bizi Bankə hərbi hissəsindəki hamama doldurdular. Tankları işə saldılar ki, səs eşidilməsin. Onlar bizi sıraya düzüb güllələmək istəyirdilər ki, “Otstavit!” komandası gəldi. AXC rayon təşkilatının sədri Əbülfəz Cəfərov ağır yaralı olsa da, qaniçənlər ona işgəncə verməkdə davam edirdilər. O isə “qardaşlar, Vətən yolunda, Azərbaycanın müstəqilliyi yolunda gedirəm!” deyə son nəfəsinədək bu sözləri təkrar etdi. Bu, həm milli mücadilə yolunda nümayiş etdirilən qəhrəmanlıq nümunəsi, həm də olduqca dəhşətli bir səhnə idi.

Bankədən bizi vertolyotla Bakıya — Binə aeroportuna apardılar. Birinci 5 nəfəri zirzəmiyə salıb güllələmək istəyirdilər ki, yenidən “Otstavit!” komandası gəldi. Sonra bizi Şüvələn təcridxanasına apardılar və biz aclıq elan etdik. Bir neçə deputatla birlikdə Bakıda təcavüz əməliyyatına rəhbərlik edənlərdən biri — SSRİ daxili işlər naziri Bakatin də görüşə gəlmişdi. İşgəncəyə məruz qalan yoldaşlarımızdan biri — Abdulla Ağayev əlil idi. Onun bir qolu yox idi. O, Bakatinə müraciətlə “axı, mənim bir qolum yoxdur, mən necə silah işlədə bilərəm?” dedi. Bakatin isə “amerikada tək əllə basketbol oynayan oyunçu var və heç də pis basket atmır”, deyə üzünü yana çevirdi. Bax belə..

 

 

 Səyyad AĞBABALI,

“Arena” qəzetinin baş redaktoru

 

525-ci qəzet.- 2013.- 19 yanvar.- S.10.