“Əbədiyyət dastanı”na oxunan nəğmə
Xalq şairi Zəlimxan Yaqubun dahi şəxsiyyət
Heydər Əliyevin xatirəsinə həsr etdiyi möhtəşəm
“Əbədiyyət dastanı”
poeması işıq
üzü görəndə
öndərimizin xalq qarşısında misilsiz
xidmətlərini, xalqın
xilaskarı məqamında
durduğunu dərindən
dərk edən təfəkkür və qələm sahiblərindən
biri – Əli Rza Xələfli əsər barədə ürək sözlərini
mətbuatda bəyan etdi: “Son iki il Zəlimxan Yaqub üçün böyük dastan dövrü, poeziyanın
epos dövrü kimi xarakterizə oluna bilər. Şairin yaradıcılığında
şah əsərlərdən
sayılacaq “Əbədiyyət
dastanı” bu dövrün məhsuludur.
Lider və xalq, şəxsiyyət və cəmiyyət, şəxsi iddia və ictimai mənafe, cəmiyyətin
özünəməxsus təzadları,
ağrılar və acılar, ümidlər və üfüqlər...
bütün bunlar “Əbədiyyət dastanı”nın görünən
tərəfləridir. Görünməyən tərəflərdə isə
şair iztirabları,
söz odunda külçə-külçə əriyən insan taleyi dayanır. İnsan bu əzablara qatlaşaraq idealı yaradır və nəticədə özünü
təsdiq edir, idealına qovuşur”.
Şair və publisist Əli Rza Xələfli
bir məqaləyə
sığmayan lider və xalq, şəxsi
iddia və ictimai mənafe, cəmiyyətin özünəməxsus
təzadları, ağrılar
və acılar, ümidlər və üfüqlər kimi böyük mətləbləri
gündəmə gətirəndə
onun bununla kifayətlənməyəcəyini duyurdum. Lakin onun nə yazacağını fəhm
edə bilmirdim. Sən demə bütün bu müddət ərzində
o, “Ölməzlik nəğməsi”
adlı əsər üzərində işləyirmiş (“Ölməzlik
nəğməsi” Bakı, “Vətən” nəşriyyatı,
2013, s. 352 səh.) İlhamla,
məhəbbətlə yazılmış
bu əsər “Əbədiyyət dastanı”na nəğmədir
– desək səhv etmərik. Redaktoru olduğum əsəri
oxuyan kimi məndə onun haqqında yazmaq istəyi baş qaldırdı.
Düşündüm ki, buna mənəvi haqqım var. Nədənki
öndərimiz haqqında
“Xilaskar”, “Tarix qurub-yaradanları yaşadır”,
Dövlət mükafatına
layiq görülən
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına
öndərimizlə bağlı
yazdığım məqalələrim
vardır. Zəlimxanın
yaradıcılığına həsr etdiyim yazılarım da az deyil.
Bununla belə, ürəyimdə
bir narahatlıq da keçirdim. Bu, səbəbsiz deyildi. Ulu öndərimizə həsr
etdiyim məqalələrimin
birində göstərdiyim
kimi, tarixi şəxsiyyətlər haqqında
yazmaq nə qədər şərəfli
və məmnunluq gətirən bir iş olsa da,
o qədər də çətin və məsuliyyətlidir. Azərbaycan tarixində
bir epoxa olan, misilsiz xidmətlərinə görə
xalqın xatirəsində
əbədilik qazanan,
onun qürur və güvənc yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevə əsər həsr etmək daha böyük məsuliyyət
və istedad tələb edir. Doğrudur, Zəlimxan Yaqubun bədii sözün intəhasız
imkanlarından məharətlə
istifadə edərək
Azərbaycan salnaməsində
qızıl hərflərlə
yazılmış bu bənzərsiz tarixi şəxsiyyətə həsr
etdiyi, hər misrası dərin mənalar kəsb edən möhtəşəm
“Əbədiyyət dastanı”
poeması özü də bənzərsiz əsərdir.
Odur ki, dahi şəxsiyyət haqqında yazılmış
möhtəşəm əsərə
əsər həsr etmək böyük cürət, bilik, istedad və təfəkkür, öndərimizə
və Zəlimxan poeziyasına sonsuz məhəbbət tələb
edir. Zəlimxan
Yaqubun ali
sevgisinə bənzər
məhəbbət.
Xoşbəxtlikdən narahatlığım uzun çəkmədi: Əli
Rza Xələflinin “Ölməzlik nəğməsi”
əsərini oxuyub qurtaranda bir rahatlıq hiss etdim. Hətta sevindim də. Bəzən hətta publisistikasında
da ilham pərisi şair Əli Rza Xələflini
qanadları üstünə
alıb real həyatdan
uzaqlaşdırır. Zəlimxanın “Əbədiyyət dastanı” real həyat həqiqətlərindən bəhs
etdiyinə görə
Əli Rza sərhədsiz duyğulara
uymamış, ortaya həqiqətən də gərəkli bir əsər qoymuşdur.
Bax, buna görə sevindim.
Otuz iki bölmədən ibarət
bu fəlsəfi əsər 350 səhifəni
əhatə edir. Əsəri həyəcansız
oxumaq olmur. Mənə qalırsa, əsərin ən böyük məziyyəti insanı düşündürməsidir. Əsərdən əxz elədiyim
başlıca qənaət
odur ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətlər
dünyalarını dəyişdikdən
sonra da, onların fikir və ideyaları yaşayır, aktuallığını
itirmir, bütün zamanlar üçün gərəkli olurlar.
Əsərin “Kədərin zirvəsindən
başlayan elegiya” adlanan 1-ci bölümündə
müəllif tarixən
şairlərlə hökmdarlar
arasındakı münasibətlərdən,
onların, o cümlədən
də Heydər Əliyevin yaradıcı adamlara qayğısından
və onların himayədarlarına çevrilməsindən,
öndərimizin Zəlimxan
Yaqub yaradıcılığına
verdiyi yüksək qiymətdən söz açır. Əsərin
“Hikmətə baş
əydim” bölməsində
müəllif “Əbədiyyət
dastanı”nı misra-misra təhlil süzgəcindən keçirdikcə,
fikirlərini izhar etdikcə, özünün
də ulu öndərə sonsuz məhəbbətini açıqca
görmək olur. Zəlimxan Yaqub kimi hələ
o da kədəri dilinə gətirmir.
Öndərimizə ali sevgini şairlə birgə yaşayır:
Xalqı
zirvələrə qaldırmaq
üçün
Sevgi şahlığının
taxtına çıxdın.
Oğul
xalq üçündür,
zirvə dağ üçün,
Nə yaxşı bu xalqın baxtına çıxdın
– deyən Zəlimxan
Yaquba qoşulur. O, ali kədəri
də şairlər birgə bölür. Xüsusi vurğulayır ki, “Əbədiyyət dastanı”nı yaradan ali kədər
və ali sevgidir. Ali kədərin zirvəsində dayanan Zəlimxan onun ümumxalq kədəri olduğunu dərindən dərk etmiş, onu sözün zərgər dəqiqliyi ilə cilalamış, ali kədərin
və ali sevginin sonsuzluğunu inanılmaz ürək çırpıntıları ilə
vəsf edə bilmişdir. Şairin vəsf etdiyi ali kədər
və ali sevgi real həyat hadisəsi ilə bağlıdır. Bu isə Zəlimxanın bir sənətkar kimi həyat həqiqətlərinə sadiqliyindən
xəbər verir.
“Əbədiyyət dastanı”
kədər dağının
zirvəsindən oxunan
elegiyadır:
Sazın
sinəsi yandı,
muğamat xal itirdi,
Bülbüllər yaşıl çəmən,
çiçəklər bal itirdi.
Qaya xınalı kəklik,
zirvə
qartal itirdi, –
“Heydər köçdü”
deyəndə
Əli Rza Xələfli “Əbədiyyət dastanı”nı demək olar ki, bütövlükdə
tədqiqat süzgəcindən
keçirmiş, bəzən
ayrı-ayrı misralar
barədə fikir yürütməkdən belə
çəkinməmişdir.
Bəd xəbəri deyəndə
insanlar
fağır olur,
Bir sözün ağırlığı
min dağdan
ağır olur –
misralarına iki səhifə həsr edən Əli Rza Xələfli göstərir ki, Zəlimxanın poeziyasındakı
çoxqatlılıq, daha
dərinliklərdəki məna
tutumu, nisbətən üzdəki mənalarla zəncirvari bağlıdır...
Qəfil
xəbər, doğrudan
da ildırım kimi çaxır. Ağır xəbər öz dəhşəti ilə o
qədər miqyaslı
olur ki, onu ilk anda qavramaq,
soyuqqanlı qarşılamaq
mümkün olmur.
Dağdan ağır olan
inanılmaz xəbər
şairi sarsıdır.
Dişi dodağını kəsir,
göz yaşları yanaqlarını yandıra-yandıra
dodağına bulaşır.
Məlum olur ki, şair illərlə
öncə bir dəfə də belə ağlayıbmış:
Mən belə ağlamışam
qanlı
fələk ilk dəfə
Ürəyimi qıranda.
Yetim qalıb atamı torpağa
tapşıranda –
deyərək fəryad
edən şairə Əli Rza “Ölməzlik
nəğməsi”ndə həyan
olur. Müəllif haqlı olaraq
qeyd edir ki, “Əbədiyyət dastanı” ədəbiyyatımıza,
incəsənətimizə, ümumiyyətlə, mədəniyyətimizə
daim qayğı göstərən, müasir
Azərbaycanımızın qurucusu ulu öndərimizə
mənəvi borc kimi qələmə alınmışdır. Əli Rza
Xələfli onu da doğru olaraq
göstərir ki, “Əbədiyyət dastanı”
mədhiyyəçilikdən çox-çox uzaqdır.
Bunu Zəlimxan Yaqubun səmimi və ağrılı-acılı
sözlərindən də
görmək olur: “Ölümünə heç
vaxt inanmadığım,
ölümsüzlüyü ilə ömrüm boyu öyünəcəyim
bir şəxsiyyətlə
bağlı üstümüzü
alan, qapımızı
qəfil döyən qara xəbər hamı kimi məni də dərindəndərinə sarsıtdı.
Bu sarsıntılar içində
əlimə nə vaxt qələm aldığımdan heç
özümün də xəbərim
olmadı. O vaxt özümə gəldim ki, artıq sonuncu misranı yazıb, son hissəni tamamlamışam”.
Deyilənləri möhtəşəm “Əbədiyyət dastanı”
poemasının son misraları
da təsdiqləyir:
Həsrətini çəkəcəyəm illər boyu,
Kövrək qəlbim oyum-oyum oyulacaq.
Eşqin
ilə yaratdığım
bu dastanın
Son nöqtəsi mən
öləndə qoyulacaq.
Mən Əli Rza Xələflinin “Ölməzlik nəğməsi”
əsərini bütövlükdə
araşdırmaq fikrindən
uzağam. Burada təkcə onu demək istəyirəm ki, müəllifin şəxsi düşüncə
və qənaətlərini
içinə alan bu zəngin
və düşündürücü
əsəri maraq və şükranlıqla
oxudum.
Qəzənfər Paşayev,
Filologiya elmləri doktoru,
Professor
525-ci qəzet.-
2013.- 19 yanvar.- S.24.