Vətənin köksündə güllə
yarası...
(Elegiya)
Bakıya
qanlı Yanvar şənbəsindən üç gün sonra
daxil ola bildim. Şəhər
oğlu ölmüş ana kimi matəm libasında idi. Uğrunda bu qədər şəhidlər qanı
axıdılan ulu yurdumuz Qarabağdan ta Bakıya qədər
ürəyim sinəmdə yetim uşaq kimi
hönkürürdü. Donmuş, taqətdən
düşmüş canımı metronun pis üzlərdən
sərt və soyuq olan mərmər sütununa söykəyib
uzun-uzadı lal kimi dayandım. Gözlərimə
dünya qan gölü kimi görünürdü. Mavi gözləri neçə-neçə qan-qada
görmüş, dərindən-dərin olan Xəzər
başını qanlı daşların üstünə qoyub
elə ağlayırdı ki, adamın ciyəri pörşələnirdi.
Həmişə xoşsifətli, gülər
üzlü adamların sir-sifətindən tökülən
nifrət, qəzəb, kin şıdırğı leysanı
xatırladırdı. Aman allah,
doğma sifətlər, üzlər ölüm yolu kimi
göm-göy göyərmişdi. Divarlar ürəyimiz
kimi namərd düşmən gülləsindən
deşik-deşik olmuşdu. Qeyri-ixtiyari
böyük şairimiz Səməd Vurğunun “Soyuq divarlarda
güllə nişanı” misrasına, “Allah da götürməz
bu nahaq qanı”-sözlərini əlavə edirəm.
... Hamı bir-birinin qoynuna
sığınmışdı. Bütün
həyat buz kimi donmuşdu. Bütün
şəhər sanki ölüm yuxusuna getmişdi.
Bu
qanlı qırğından beş-on gün əvvəl
ürəyimdə aşağıdakı misralar közərmişdi:
Qeyrət
qanda yuva salar,
Qılınc qisas üçün qalar.
Son
döyüşüm elə olar
Kəfənim
qandan biçilər!
Neynim... Xalqımın bu dözülməz müsibəti bəlkə
də ürəyimə dammışdı. Oğuz igidlərinin al qana bələnməsi
heç tanrının da yuxusuna girməzdi. Günahı nə idi mənim məğrur, igid, əməksevər,
qeyrətli, namuslu, allahı, haqqı-ədaləti sevən
xalqımın?! Heç nə, heç nə, vallah
heç nə! Bu xalq müqəddəs ata-baba
yurdu üstündə ulayan bayquşa daş atmaq istəmişdi.
Dahi Üzeyirin, Bülbülün, Qaryağdı oğlunun,
Natəvanın və neçə-neçə igid, cəsur
oğul və qızlarımızın, ulularımızın
ruhu murdarlıqdan qorunmuşdu. Xalq ayağa
qalxıb əllərini göyə tutub Göy tanrını
səsləmişdi. “Mən
haqqam”,-demişdi. Xalq Vətən
torpağını qanlı köynək kimi əyninə geymək
istəmişdi. Heç kəsdən bir
tikə çörək, bir çimdik duz, bir udum hava, bir
baxış səma, bir ovuc torpaq təmənnası olmayan xalqım
haqsız qana düşmüşdü.
Həmişə səsli-küylü Bakı əli
qoynunda elə hüzünlü, elə dərdli, ələmli
dayanmışdı ki, adamın yazığı gəlirdi. Şəhərin
üzünə baxmaq olmurdu. Az
qalırdı bu uludan ulu yurdun soyuq, qana bələnmiş
daşları da anam kimi ağı desin. Vahimə
içində uzanan yollar kürəyindən yara almış
şəhid oğullar kimi üzü-üstə
yıxılıb ağlayırdı. O gün mavi
buludları insaflı gördüm. Tökülən
günahsız qanları yumamaq üçün təkcə
buludlar ağlamırdı. Dənizdə həyəcan
işarəsi verib dünyanı köməyə
çağıran gəmilər şəhidlərin
anasından-bacısından və ümumən kövrək
ürəkli, nəcib, sadə torpaqcanlı xalqımızdan
çox fəryad qoparırdı. Yeriməkdən
qorxurdum. Qorxurdum ki, ayaqlarım əzizlərimizin
al qanına toxunar. Ruhum od tutub, qiyamət
gününə qədər alışıb yanar. Ürəyimi ağrı yeyirdi. Ağır
yerişlərlə dərd yüklü pilləkanları
güclə çıxırdım. Gözlərimdə
yaş donur, damarlarımda qanım. Götürmə,
allah-deyirəm. Bu süd qoxulu körpənin,
bu toyu tutulu oğulun, qızın qanını yerdə qoymaq
olarmı?! Az qaldı ağ
saçlı, nurani, oğlu, qızı ölmüş ananın
ağısı içində əriyib külə
dönüm. Cavan bir gəlin
saçlarını yolub yelə verirdi. Qorqud
simalı bir ata elə ağlayırdı ki, adamın
ayağının altından yer qaçırdı. Qoca dünya bu yaşadək belə ədalətsiz
faciə və zülmlə üz-üzə göz-gözə
dayanmamışdı. Dəsmal
çıxarıb ağı demək istəyirdim.
Günahsızlarıma, canıma, ruhuma, qanıma və Azərbaycanıma!..
Dırnağı
ilə üzünü şırım-şırım
etmiş ananın başını köksümə
sıxıb misra-misra közərirəm:
Elə
açma qollarını,
Bu
zülümün yollarını,
Açan namərd hanı, hanı?!
Göz
yaşımız olmur aram,
Anam, dayan, mən ağlaram!
Saç
yolaraq vermə yelə,
Dərd
üz verib bütün elə,
Belə
getməz, vallah belə,
Sızlar
canım, sızlar yaram,
Bacım
sən dur, mən ağlaram!
O güllərin
rəngi qandı,
Başıma
yer-göy dolandı,
Dilimdə yurd, Vətən andı.
Toyu yasa
dönən balam,
Sən
ağlama, mən ağlaram!
Dağın-düzün
geyib qara,
Oğuz
elin düşüb dara,
Arzu
bütöv, Vətən para,
Qövr
elədi köhnə yaram,
Vətən,
sən dur, mən ağlaram!
... Şəhidlərin portretlərinə güclə
baxıram. Adam xəcalət çəkir.
Bu nakamları ölümün quduz
ağzına hansı namərdlər atdı? Hansı müdhiş səs onları vəhşi
tank döyüşünə səslədi? Nəhayət,
min rəhmət onlara! Ağlar gözlərim önündən
Xankəndindəki talanlar, Qabağın taleyi üstünə
kabus kimi qanad gərən mənfur niyyətlər, ulu və
müqəddəs yurdumuz Göyçənin viran qalması, Ələsgərin
ağlar sazı, qaçqınlar, ölümlər, işgəncələr,
dəmir boruların içinə doldurulub ağzı qaynaq
edilən və sinəsinə min bir dağ çəkilən
körpə bacı və qardaşlarımız,
ağbirçəklərimiz keçir! Ağıyıram, od tutub yanıram. Vaxtında
başını qaldırıb bu elin-obanın taleyini həll
edən başbilən olmadı. Onlar elə
bil ki, bu torpağın oğlu deyildilər. Kütbeyin,
yaltaq, ikiüzlü, riyakar, alçaq, qorxaq, mənsəbsiz,
cılız, mənsəbpərəst adamlar belə qüdrətli
xalqı güdaza verdi. Onlar
sanki qış yuxusunda idilər. Onların gözü
önündə erməninin hiylə dəyirmanında
Qarabağ un kimi
üyüdülürdü. Gözümüz
kor olmuşdu. Qeyrətimiz kəsərsiz! Yeri
gəlmişkən böyük Teymurləngi yada salaq. Deyirlər o müdrik hökmdar həmişə
gözüaçıq yatarmış. Nə
yatanda və nə də ayıq vaxtı kiprikləri
çalınmazmış. Bir gün ən
yaxın adamı cürət edib deyir ki, ey böyük
hökmdar, sizin kipriyiniz axı heç vaxt
çalınmır. Bu sizdə göz xəstəliyi
törətməzmi? Teymurləng deyir: Kipriklərim
çalınan anda sərhədlərim keçilər.
Baxın, nə ağıllı, nə qeyrətli, nə cəsarətli
söz! Məhz buna görə də o, Teymurləng səviyyəsinə
yüksəlib!
Bəli, bizim başdilənlər isə həmişə
yatmış, xalqın sürüsünü düşmən
qurduna etibar etmişlər. Xalqı
yubatmışlar. Sərhədlərimizi
başlı-başına buraxmışlar. Torpağımızı qurban tikəsi kimi kəsib
paylamışlar. Əgər onlar... elə ilk anlardan bu
Qordi düyününü kişi cəsarəti
ilə kəssəydilər, bu qanlı yol, illər boyu
uzanardımı? Bu faciələr törənərdimi?
Alçaq erməni dığaları
Qarabağda at oynadıb igidlərimizi qana bələyərdilərmi?
Yollarımız qorxulu, ürəyimiz səksəli,
köksümüz ağrılı, imkanımız qolu
bağlı olardımı? Yox, əsla yox! Balıq başdan iylənər. Qoy bu şəhidlərimiz,
Göyçə, Zəngəzur və Qarabağda bədənləri
güllə yarasından göz-göz olanlarımız o
zamankı qeyrətsiz “rəhbərlərimizi” zaman-zaman lənətləsinlər!..
.. Qan yuxulu əbədiyyat ağrılı, Vətən
həsrətli qəbirlərdən ayrıla bilmirəm.
Təkrar-təkrar deyirəm: Allah sizə rəhmət eləsin,
nakam qardaş, bacılarım! Ölümsüzlərim! Getmək mümkün deyil. Elə
bil ürəyimdən və ayaqlarımdan dünyanın ən
ağır daşı asılıb. Bir məzarın
önündən saatlarla keçmək olmur.
Analar
gözündən çəkilib dara,
Bacılar üz cırıb, saçın didirdi.
Ürəyim
sinəmdən enib məzara,
Nakam
şəhidlərlə söhbət edirdi!..
.. Heyf və
təəssüf! Qəbirlərin birinin
üstündəki qərənfil qana bulanmışdı.
Onsuz da qərənfillər qan rəngində
idi. Bəlkə elə o güllər
vaxtı ilə bu torpaq uğrunda canından keçən
yüzlərcə, minlərcə şəhidlərin
qanından pöhrələnib?!
... Şəhidlər Xiyabanından hüzünlü
şəhərə baxıram. Yollar, rizlər,
daşlar, kəsəklər, yaralı evlər hamısı əli
qoynunda, boynubükük, sinəsi dağlı
görünür, hər şey mənə qanlı
görünür. Beynimdə qanlı misralar közərir:
Qandı,
çiçəklər qandı,
Qandı,
ürəklər qandı,
Niyə
qanda yoğruldu,
Xalqımın birlik andı?!
Qandı, həyatım qandı.
Nəğmən, bayatım qandı.
Dilim
azadlıq dedi,
Qanım qana calandı?
Qandı,qanlımın gözü,
Qandı,qanlımın sözü.
Qanlım
basdı sinəmə,
Bu
qanlı odu, közü!
Qandı,torpağım, daşım,
Qandı,tarixim, yaşım.
Qanlı
tabutda yatdı,
Körpə
bacım, qardaşım!
Qandı,
baxışım, qandı,
Qandı, naxışım, qandı.
Qanlımı
qana düşsün,
Könlüm
evi talandı!..
Qandı,
bu dərə, bu dağ,
Qandı
burda bağça, bağ
Gülümü
qanla suladı,
O
gözü qanlı ancaq!!!
... Aralıda Dədəm Qorqud simalı, qəzəbli,
yorğun, taqətsiz bir qoca görünür. Bütün qəbirlərə baş əyir.
Sonra toyları tutulu qalan Fərizə ilə
İlhamın qəbirləri önündə diz
çökür. Sifəti mis kimi
qızarıb. Ovucları elə
sıxılıb ki, dırnaqları bıçaq kimi ətinə
işləyib. Alnının
qırışlarında min dərdin ağrısı gizlənir.
Nə qədər müdrik və
dözümlü görünür. Qəribədir,
qoca öz dərd odunda qovrulsa da bizə-minlərlə,
milyonlarla sinəsi dağlılara, gözü leysan
yaşlılara, üz-gözü
şırım-şırım olan gəlinlərə və
qızlara, dərdkeş analara, atalara, oğullara
başsağlığı və təskinlik verir. İlahi,
xalqda ürək böyüklüyünə, qəlb
genişliyinə bax! Ələm selində
boğulan qoca bizim sızıltılarımıza,
ağrılarımıza dözmür. Həm
də bu mərd, cəsarətli qoca elə bil
alışır. Tüstüsü ərşə
yüksəlir. Soyuq daşın üstündə oturub
qəlyanına od vurur. Sanki
dünyanın bu amansız dərdini tüstü kimi sinəsinə
çəkir. Ahından adam titrəyir.
Yumruğunu tez-tez göyə qaldırır.
Sanki yaralı pələng kimi qızmış
xalqını qisas andına çağırır.
... Hərarətsiz qış günəşi
yavaş-yavaş qüruba addımlayır. Xəzərdən baş qaldıran soyuq sazaq yaralı
iliklərə işləsə də ürəklər odlu, qəzəblidir.
Qərənfillər üşüyür.
Gözlər bulud kimi dolub-boşalır. Ancaq hamının ürəyində bir inam var. Vaxt
gələcək, günahsız tökülən hər
damla şəhid qanı qızıl güllə olub əsl
günahkarların ürəyinə, gözünə
tuşlanacaq. Azadlıq ideyaları nəhəng
çinar kimi bizim mənəvi dünyamızda əbədi
kök atacaq. Xalq öz əbədi, əzəli
torpağının üstündə əl-ələ, ürək-ürəyə,
kürək-kürəyə verib birləşəcək.
Böyük Üzeyir bəyin vahid Azərbaycan
himni oxunacaq. O himnin şaqraq sədaları əcdadlarımızın
müqəddəs beşiyi sayılan bütün Azərbaycanımızın
daşına, torpağına, havasına, suyuna və nəhayət,
məğrur Vətən övladlarının qanına və
iliyinə hopacaq! Onda şəhidlərin də
ruhu qızıl qərənfillər kimi pardaqlanacaq.
Qardaş və bacılarımız! Ata və
analarımız! Yolunda qan tökdüyünüz ulu
Qarabağınız və ümumən o taylı-bu taylı
bütün Azərbaycanımız sizə əbədiyyət
evinədək yas tutub, matəm saxlayacaq!..
Onda sizin müqəddəs ruhunuz Azərbaycan adlı himnin
oduna, közünə qızınacaq:
Yaşa,
məğrur Azərbaycan,
od
ürəkli ulu diyar,
Sinən
üstə tarixlərin qayalaşan
yaddaşı
var.
Qaldır,
qaldır ucalara
haqq
adlanan bayrağını!
Qoy ruhumuz
alqışlasın
sənin
birlik növrağını!
1990-mart
Ənvər Əhməd
525-ci qəzet.- 2013.-
19 yanvar.- S.11.