Sinəmdə
dağ silsiləsi, bu dağları kim siləsi?!
YURD XİFFƏTİ
Dəlidağda
qalan ömrüm,
Gündə
yüz yol çağır məni.
Unutdumu
yal-yamacda
O
saldığım cığır məni?!
Yurdsuzların
həlakı var;
Dərd
mənimdi, hər nə ki var.
Çiynimdə
həsrət yükü var:
Bilin
dağdan ağır məni.
Sinəmdə
dağ silsiləsi.
Bu
dağları kim siləsi?!
Səyridi
gözüm giləsi:
Xiffət
necə boğur məni.
İstəyimə
hey dən düşür.
Ürək
duyub, heydən düşür,
Yerdən
çıxır, göydən düşür:
Qəm
tanıyıb fağır məni.
Yarım
mənəm, yarım adım;
Yarım
buzdu, yarım odum.
Bir
yoğurdun, yarımadım;
Dünya,
bir də yoğur məni!
18.XII.2012,
Sumqayıt.
SAZIN TACİDARI
Sazımızın
Təbrizdə zirvələnmiş
tacidarı
Çingiz Mehdioğluna.
Sazla,
sözlə pərvazların
Cəmini
Təbrizdə gördüm.
Bir
divanə saz aradım:
Mehdipur
Çingizdə gördüm.
Saz
Leylidi, Çingiz – Məcnun!
Bir-birindən
necə məmnun!
Sevgilər
dastana uyğun:
Yazda
gördüm, güzdə gördüm!
Saz igidə
yar olanda;
Çingizə
qəmxar olanda,
Of da deməz
yorulanda,
Bir
özgə hal sazda gördüm!..
Çingiz
coşar, axar da,
Şimşək olub çaxar da.
Özünü
toyda-mağarda;
Öygüsünü sazda gördüm.
Dərin
dəryaya dalmışdı:
Adlar
silib, ad almışdı!
Bağrında
saz od almışdı
Çiçəkli bir düzdə gördüm.
Biləmmədim
nə qəsdində,
Nəydi sayrışan şəstində?!
Sazı
gah başı üstündə;
Gah nazlanır dizdə gördüm.
İnsdi-cinsdi, bu nə sazdı?!
Haqdan gələn
bir murazdı!
Gah Qurbani,
gah Abbasdı:
Yolda gördüm, izdə gördüm.
Saz ərənlər
qardaşıdı!
Koroğlunun
sirdaşıdı!
Pərvazlanıb
sirr daşıdı;
Çingizlə
bir üzdə gördüm!
Bir
tilsimdi: qanadlanıb,
Xan
çinardı: budaqlanıb!
Saz dil
açıb, dodaqdanıb:
Bizdə
gördüm, bizdə gördüm!
Gözəlliyin saz ilkimi?!
Keçsin
anım bir il kimi!
Ötür
susmaz bülbül kimi
Gecədə, gündüzdə gördüm.
Saz Kərəmdi:
qan-yaşladı,
Gah
yayladı, gah qışladı...
“Çoban-bayatı”
başladı,
Toxdadı
dənizdə gördüm!
Yerdən-göyə,
göydən-yerə:
Gah
layladı, gahdan nərə!
Saz
odlandı minbir kərə,
Dağ-dağ oldu közdə gördüm.
Barmaq səkər
simdən-simə:
Bu tilsimdən
– o tilsimə...
Məmməd
Aslan, baxsam kimə
Çingizi hər gözdə gördüm.
Bakı.
12.XII.2012.
ÇİÇƏK ÖMRÜNÜN
ÇİÇƏK NAĞILI
Özünə
məftun çiçək
Bildi xəzan
gələcək:
Solduracaq
gülşəni;
Əlinə
hər düşəni –
Rəngləri
uda-uda;
Solduracaq onu da.
Sonra,
sonra da bir gün
Yox olacaq
büsbütün...
lll
Dönüb
kəpənək oldu,
Ta bənək-bənək
oldu:
Qanadları ləçəkdən.
Seçilmədi
çiçəkdən...
Uçan
çiçək sayağı
Dolandı bağça-bağı.
Çəmənzarla
iç-içə...
Günlər
keçdi beləcə...
Azmış
kəpənək ömrü;
Neylər bu gödək ömrü?!
lll
Döndü
xallı pişiyə,
İsnişdi
ev-eşiyə:
Gah yumaqla
oynadı,
Gah uşaqla oynadı.
Ülkərə
qardaş oldu,
Turana sirdaş oldu.
Evin əziz-xələfi,
Gəzir taxçanı, rəfi.
Həm
pişikdi, həm çiçək...
Xeyli
ömür sürəcək!
Sumqayıt,
31.XII.2012.
SƏFƏRDƏN SALAMAT
Zəlimxan
Yaqubun Avropada
səhhətinə
qovuşub Vətənə
qayıtmasına gözaydınlığı
Bizi
intizarda qoyub getmişdin,
Zəlimxan,
xoş gəldin, sən xoşa gəldin!
Qartaldan
borc alıb qoşa qanadla,
Buludlar
üstündən birbaşa gəldin!
Dolaşan
kələfin çözüm ucu var,
Qulun
haqqı varsa, Haqqın öcü var!
Sözün
nəfəsində Loğman gücü var,
Ağır
dərdi çalıb bir daşa, gəldin!
Çatdığın
məqama, durduğun yerə
Asan çatmadın ki, sən birdən-birə.
Qızıl
teşt içində gəlmədin şerə,
Dərdlə qəxmar olub, bu yaşa gəldin.
Ruhundan, əzmindən
enmə aşağı,
Zirvəyə
şığıdın, durmadan şığı!
İynə
ulduzundan umdun işığı,
Dərdin ləşkəriylə döş-döşə
gəldin.
Bol sevgi
görürsən millətdən, şair,
Qəlbin dağa dönür ülfətdən,
şair.
Tək sən
qurtulmadın zillətdən, şair,
Arzuyla,
imanla tən qoşa gəldin!
Çatdı
imdadına Çərxin çənbəri,
Yoluna
gül səpdi alnının təri!
Qəlbinin
nuruyla qayıtdın geri,
Barı
innən belə min yaşa, gəldin!
Bakı,
28.XI.2012.
ƏCƏLDƏN-MACAL
Xətirləri yanımda uca olan
şair Rəşad Məcid və nasir Aqil Abbas ikisi bir
avtomobildə üzləşdikləri qəzadan xətərsiz
xilas ola bilmişlər.
Radiodan bu
gözaydınlığını eşidincə xəbəri
əlüstü olaraq qoşma sığalına gətirmək
fikri keçdi ürəyimdən.
Kimsəyə
acımaz, ay Rəşad Məcid,
Cumuxar hər fərdə, hər şefə əcəl.
Baxmaz bu
sultandır, ya hər nəçidir,
Qəflətən son qoyar hər kefə əcəl.
İnlədər
bəşəri dərd inim-inim,
(Əcəllə
qovğadı mənim də günüm)...
Yoxluğa
hərisdi, varlığa qənim,
Yağıdı şöhrətə, şərəfə
əcəl.
Onun nə vecinə yanvar, İlbaşı?!
Tökməz ətəyindən bir hovur daşı.
Cəhd
elər bu daşla çox yarsın başı;
Tanımaz bayramda ərəfə əcəl.
İki qələm
əhli, iki bəyzadə:
Nə
Aqildə zədə, nə səndə zədə...
Allaha
şükr olsun, axır ləhzədə
Çəkindi
qələmdən bir dəfə əcəl!
Bu da bir
heyrətdir, bu da möcüzə:
Əcəl təslim olmuş qələmlə sözə.
Bu gün
nə mübarək gün oldu bizə:
Açıldı, dəymədi hədəfə əcəl.
Bir
vayın toy oldu, ey dünya, sevin!
Sevgiylə,
gülüşlə şənlənsin evin!
Nəfi
can almaqdı bu doymaz divin,
Ey
kaş, yetişməyə bir nəfə əcəl!
Bakı,
30.XII.2012.
İZ
Tikilər,
sökülər, dəyişər aləm;
Dünyamı iz saxlar, izmi dünyanı?!
Özünə
qaytarar öz izin səni:
İzsiz abad gördünüzmü dünyanı?!
İzləri
silməyə zaman güdükdə,
İzlər yoxa çıxar yalda, gədikdə.
Şeytanın
barmağı müdam tətikdə,
Özgəmi bilmisən, özmü dünyanı?!
Zəhmətlə,
zillətlə iz olur cığır:
İz enib, dərədən zirvəyə
çıxır.
Cığır
hamar yola çevrilir axır:
Dikəldir
insanın əzmi dünyanı!
Onsuz da
ümid yox hər izdən yola,
Zərrədən çıx yola, hər cüzdən
yola.
Çıxdım
bənövşədən, nərgizdən yola...
Seçimə aldanır gözmü dünyanı?!
Bakı,
05.I.2013.
SADƏLİYƏ NƏ OLUB
Kİ?!
Teleekran
aparıcısı olan bir nəfər, dünya şöhrətli
müğənnimiz Alim Qasımovun sadəliyindən
narahatlıq keçirərək deyirdi: “Niyə bu qədər
sadəsən?..”
Kökü
dərində olanın
Başı
göylərdə görünər!
Gah
dumandan, gah buluddan
Üzündə pərdə görünər.
Öyüdü
var ərənlərin:
Sadəlikdi
mülkü ərin!
Kür adına baxma Kürün,
Dərinlik Kürdə görünər.
Sadəlik
bir Haqq bəxşişi!
Sadəlikdən
qalxar kişi!
Ucaların
parlaq işi
Bu dərin sirdə görünər.
Sadələrdən
sadə Alim!
Səsi
uca, qəlbi həlim!
Sadəliyi
nur biləlim:
Dərgahda, pirdə görünər.
Sadələr
xalqa gərəkli,
Sadələr xoşlamaz cəhli.
Sadə
olan iman əhli:
Xeyirdə-şərdə görünər.
Sumqayıt,
24.XII.2012.
YALAN QORXUSU
“Qorxuram
ki: yalan deyəm...”
İndi bunu çox kəs deyir.
Yalan gedib
– yalan gələn
Neçə yalan nəfəs deyir.
Qatıq
qara, kömür bəyaz;
Düz sözündə düz tapılmaz.
Yalan kəlmə,
yalan avaz;
Dediyini tam tərs deyir.
Nədi
qoydun yalan dəmə?..
Daş dəm
almaz, yalan demə!
Başdan-başa
yalannamə,
Neyləməli, nakəs deyir.
Düz dərində,
yalan üzdə,
Yalan bitər
yalan izdə
Heç
şübhəsiz, Rəbbimiz də:
“Yetər,
insan, ta kəs!..” deyir.
“Qorxuram
ki: yalan deyəm...”
Doğru deyən azmı bəyəm?!
“O
doğrunu görüb öyəm!” –
Haqdan gələn
gur səs deyir!
Sumqayıt,
04.I.2013.
BARMAQ İŞARƏTİYLƏ
Rahat dil
tapmışdım sözlə-söhbətlə,
Qəfil kim caladı bu dərdə məni?!
Bədxahım
kölgəmi qoy qılınclasın;
İnşallah,
Haqq saxlar nəzərdə məni!
Söz
bir yana düşdü, mən də bir
yana.
Xəyalım
dağıldı mindəbir yana...
Mal bir yana getdi, bəndə bir yana;
Zəndim
əldən salar, əzər də məni...
Bunu yad eləməz,
simsar eləməz!
Səgrəqib
eləməz, kəmsər eləməz!
Demək
caizdirsə, “əmsar” eləməz! –
Onlar
şam-çıraqla gəzər də məni!
O
tuşlanan barmaq kimin barmağı?!
Bacarmasın
bir mənzilə varmağı!
Öz
ağzına çatmasın öz barmağı:
Etməsin
bu qədər bizar da məni!
Bu, necə soydaşlıq, necə həmrəylik?
Bu, necə məzhəbdir, necə biröylük?!
Bu necə
zorbalıq, necə “geroyluq?!”.
Yorar bu
sorğular, üzər də məni...
Sakit hənirtili
bir axşam idim;
Gahdanbir
sayrışan kəhkəşan idim...
Söz ilə
yol yorub, dağ aşan idim,
İndi kim üfürə, közərdə məni?!
Selmi, ya
sunami gəlir üstümə?!
Qənim
çıxıb alovuma, tüstümə...
Necə
sağdan-soldan durub qəsdimə:
Minbir rəzalətlə bozarda məni.
Sumqayıt,
27.III.2012.
YASTIĞIN YÜNGÜL
Qənbər Bəybalayevə
Yorğana
bürümə ora-buranı;
Ələ
düşməz bu dünyanın bir anı!
Qalx
Şahdağa: geyin qarı-boranı,
Sən
ki, bərkimisən şaxtada, Qənbər!
Bir insan
ki, dərddən-qəmdən usandı,
Demək:
onun unudulub öz andı.
Başqasına “bərk ol!” – demək
asandı,
Kişi gərək
özün toxtada, Qənbər!
Adam var:
mitildi, adam var: qoçu.
Hər dərdin
bu başı, hər dərdin ucu...
Hər kəsin
ağrısı özünün suçu;
Günah
var doxsanda, qırxda da, Qənbər...
Sıyrıl
yatağından! – Ləzəyə birbaş!
Yanında
qəmxarın mən olaydım kaş!
Öpüş
buz bulaqla, zirvəyə dırmaş,
Qubada hər
şey var, yoxda da, Qənbər!
Dolan o
dağları yamacla-yalla;
Kimdən
gəlib zökəm, ona da yolla!
Harda ki,
su gördün: bir tilov salla,
Qismət
var çayda da, arxda da, Qənbər!
Bu qaya səkildi,
o dağ da qaşqa;
Qıy
vursan, dağlar da başlayar məşqə!..
Yatmağın,
qalxmağın aləmi başqa:
Bir fərq var dəvədə, “xıx”da da, Qənbər.
İstəmirəm:
xiffət səni əridə;
Cücəyə
döndərər yatmaq nəri də!
Yenə
çöl çöldədir, iç
içəridə;
Başqalıq duymazsan çarxda da, Qənbər.
Çoxdan-çox
dostun, nankor ləcin var;
Arana-yaylağa
qəfil köçün var;
Gərəkli
səfərin, işin-gücün var:
Fınxırır köhlənin noxtada, Qənbər.
Qımıldan
Məmmədin zarafatıyla,
Zirehlən
Şahdağın yeddi qatıyla!
Dəmlə
kəkotunu dazıotuyla:
İnşallah,
yetişər Haqq dada, Qənbər!
Sumqayıt,
6.I.2013.
VAXT ÖLDÜRƏNLƏRİN QƏFLƏTİ
“Gedək
vaxt öldürək...” Bu qəflət
çağırışı ilə indi curların
çoxu
bir-birilərinin ömrünü gödəltməyə
çalışır.
Ölmək
deyildir ömrümüzün ən fəci işi;
Müşkül
budur ki: ölmədən əvvəl ölür kişi!
Yəhya
Kamal Bəyatlı
Bu ölən
vaxt sənin ömrünün vaxtı!
Vaxtını
öldürmək billah, günahdı!
Canitək,
cəlladtək vaxtı öldürmə;
Görərsən:
qum kimi ömür-gün axdı...
Öldürdüyün
vaxtla bir parçan ölür,
Duymazsan:
vaxt haçan, gün haçan ölür...
Vaxtı
zərrəcən də öldürmə, qafil,
Ölən
hər öldükcə zərrəcən ölür...
Min yol
boğazlarsan vaxtı sən azı,
Nə bəndə
bir razı, nə Allah razı...
Zaman
çimdik-çimdik ölür əlində,
Amma bir yol dəyər vaxtın qapazı.
Vaxt –
qızıl sərmayə! Vaxtı öldürmə!
Ölən
vaxt taledi, bəxtdi: öldürmə!
Vaxtı
öldürərsən, ömrün talanar,
Vaxtdan
sonra vaxtın yoxdu, öldürmə!
Vaxtı
öldürərsən, cəhlinə heyrət!
O ölən
özünsən, özünü seyr et!..
Vaxt səni
dipdiri yaşadan qüdrət!
Öldürmə,
yazıqsan, vaxtı öldürmə!
Sən
özün özünə vaxtın şahısan!
Gah özün olursan, özgə gahı sən.
Unutma Qibləni,
Qibləgahı sən! –
Öldürmə,
öldürmə, vaxtı öldürmə!
DOLUĞSUNMUŞ DAĞLARIN
KÖNTÖY NAĞILI
“Sərdara
söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar”.
Aşıq
Ələsgər
“Dağlar deyir: pullulardan qorxuram:
Əyər
məni yaqut, əyər məni dürr...”
Aşıq
Allahverdi
Allahın
verdiyi uca dağları
Qıydıq əlimizlə itə-qurda biz.
Barı
bir daşına söykənmək üçün
İndi dağ tikirik xırda-xırda biz.
“Sırıqsız”
torpaqda gül dura bilmir,
Gülsüz torpaq, üzü güldürə bilmir.
Dünya
bir çuxuru doldura bilmir,
“Zirvə toxuyuruq” vurhavurda biz.
Qalmadı
dağlarda xınalı bir daş:
Darğa bağlarına daşındı birbaş.
Dağ da
dil açıban danışaydı kaş...
Dağa qan uddurduq – olsaq harda biz.
Möhtəşəm
qayası, daşı var dağın,
Kökü-köməci
var, başı var dağın,
Min illəri
yoran yaşı var dağın,
Qış boyu dağ donar; bir hovur da biz.
Nəymiş törəyişi, dağın doğumu?!
Axır
ki, tapılmış dağın “toxumu”:
Bu da yelpənəyi...o da tağımı?!
Bir vaxt ov ovlardıq, indi torda biz.
Dağlar
müqəddəsdi, dağlar qibləgah!
Dağı
öz nuruyla süsləmiş Allah!
Cənnətin
qucağı, bu ulu dərgah
Kimə
qiblə oldu?!. Ahu-zarda biz...
Selləmə
yağışa gərək dağ dözə!
İldırım
şığıyar, silahı — nizə!
Dağ Məkkə-Mədinə,
dağ bir möcüzə!
Möhkəm arxa bildik dağı yurda biz.
Hər
qayğıdan uzaq insan kimiydik!
Dağlara hökm edən sultan kimiydik.
Zirvədə
qıy vuran tərlan kimiydik!
Bəxtəvər yaşardıq gözü nurda biz.
Xülasə
ki:
Kündə
kəsən kimi... dağ kündəsi çim,
Yaşıl kündələrdən bir ətək pərçim.
Soldu kəsəklərdə
gül əlçim-əlçim,
Görün ki, neylədik çal-çağırda
biz?!
Dağ
yonun, dağ qurun!.. Axırda hətta
Xalqa bir
dağ qurun: “Dəlidağ” adda!
Havasız
qalmayaq göylərin altda:
Yayın
tüğyanında, cırhacırda biz...
Tikdiyiniz
dağda qala da qurun:
Qala sipərindi,
qala – qürurun!
Sönməsin
qalada ocağın-qorun!
Ələnib çıxmayaq o çıxarda biz.
Məmmədlik
bu dərd də Aslana dursun,
Hirs vursun
başına, qoy yana dursun!
Mənəvi
dəyərlər bir yana dursun,
Dağı
diz çökdürdük ən axırda biz...
Sumqayıt,
17.XII.2012.
QINAQ
“Yüz ölç – bir
biç!”...
Yolçu,
bir sözüm var – sənə girişdə:
Sənin nə işin var ərş ilə kürşdə?!
Otur,
horranı iç (tapsan əriştə!);
Uzat ayağını yorğana görə.
Taxtadan nə
qılınc; qoy qında qalsın,
O
yorğun beygirin yorğun da qalsın!
Boynun
boş dağarcıq altında qalsın:
Fərli
qoz əkmədin qarğana görə...
Sahib ol özünə; ər ol haqqına!
Qoyma şəkərinə milçəklər qona.
Ağlına
öyüd ver, gözünü qına:
Bu yük
çox ağırdı yorğuna görə!..
Bazarda bu
nırxa kim verdi rəvac?!
Pozma
tarazını, büdrəmə, yavaş...
Mən də
nalbənd idim, guya ki, qardaş;
Nal kəsə bilmədim darğana görə.
Sən quzu
güdərdin yamacda – yalda,
Qəlbin ağrımazdı qovğada-qalda.
Başını
papaqlı saxla, hər halda:
Barı
cücən də yox qırğına görə...
Hər
kolun dibində bir tülkü yatır:
Sayqısız
yolçunu dərələr udur;
Bir az kənar dayan, ehtiyatlı dur:
Dibi əjdahalı yarğana görə.
Dünya
qan qusduqca bir hala yetdi:
Bilmirsən:
ya divdi, ya xəyalətdi?!
Millət
xıncım-xıncım əzildi getdi,
Kimsə
suç daşımır qırğına görə...
Qalxdı
əmniyyətdən hər dürlü çətir:
Cırraşdı
nəzakət, qalmadı xətir...
Məmməd
Aslan desin: sən ibrət götür:
Hər kəs
ova çıxar uğruna görə...
Bakı,
30.XII.2012.
ÜZDƏNİRAQ
Hardan belə
öyrənmisən
Böyür-böyür böyürməyi?
Yalan-palan
əlçimləyib,
Asta-asta əyirməyi?!
Hay-küy
ilə baş qatmağı;
Taxta
qılınc oynatmağı;
Dibsiz
qazan qaynatmağı;
Boş yüyrüyü yüyürtməyi?!
Vayda
içib, kefdə içib;
Lap
hamıdan siftə içib;
Müftə
yeyib, müftə içib;
Müftə doyub gəyirməyi?!
Fağır
görsə, qazılanıb;
Qozu-qozu
qozulanıb;
Qoç
görəndə quzulanıb,
Oğlaq kimi bəyirməyi?!
Boğazını
arıtlayıb;
Dil-dodağın
barıtlayıb;
Altdan-altdan
marıtlayıb
Qəfil qılınc siyirməyi?!
Sən
bir qırğı, şikarın qaz;
Canayğından
qurtarammaz!..
Quzğun
səntək bacarammaz –
Leş
üstünə yüyürməyi...
Bakı,
30.IX.1974.
TANRI GÖRKÜ
Xosrov Sərtibinin
mənə həsr etdiyi
təkərləməyə gəraylı üstündə cavab
Ay Təbrizdən
əsən nəsim,
Sən
Xosrovu-Sərtibisən!
Səndən özgə kimim var ki?! –
Çiynim
üstdə sər kimisən!
Gül
baharım, seyrü-səfam!
Sən
safsan ki, mən də safam!
Mehrin ilə
müşərrəfəm!
Sevmədin ki, hər kimi sən.
Nəbatinin
təşnəsisən!
“Yeki” sənsən,
“şeşi” sən!
Dağda qaya çeşməsisən.
İlhamınla
zər kimisən!
Şairlik
Tanrı görküdür!
Misra
gözəllik bərqidir!
Hər
yazdığın söz şərqidir;
Davam etdir
şərqini sən!
Yaxşı
qismət oldu görüş!
Gəzdik
yurdu qarış-qarış...
Qoşman
itsə, məndən soruş:
Ruhumda əzbər
kimisən!
Ərənlərin
məsəliylə,
Dünyan
dolu təsəlliylə!
Şəhriyarın
öz əliylə
Yazılmış
əsər kimisən!
Kəleybərdə
bağça-barsan!
Dağ
deyilsən, dağca varsan!
Fərhad
olub, dağ çaparsan,
Sözünlə
kəsər kimisən!
Salam
göndər ətək-ətək:
Salamınla
sənə yetək!
Səsin
gəlmir əvvəlki tək:
Haçandı küsər kimisən.
Qucaq
açar göylər sənə,
Məmməd
salam söylər sənə.
Ləşkər gəlsə, neylər sənə?! –
Bir yenilməz
ər kimisən!..
Bakı,
07.XII.2012.
Məmməd Aslanın
525-ci qəzet.- 2013.-
19 yanvar.- S.28-29.