Ötən ilin bir ədəbi hadisəsi: “Zəlimxan Yaqub” fotoalbomu
DÜŞÜNCƏLƏR... TƏƏSSÜRATLAR...
Azərbaycanın
Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun hər təzə
sözü, yeni kitabı xalqın ruhuna bir qaynarlıq,
qüdrət bəxş edir. Həmişə xalq həyatı,
Vətən sevgisi ilə çağlayan qəlbinin harayı
insanda mənəvi saflıq, təmizlik yaradır. Onun otuz ildən artıq bir vaxtda ərsəyə
gətirdiyi bütün əsərləri əzəmətli
çağırışın həmişəyaşar
ünvanlarıdır. Bu ünvanların cərgəsinə
yeni bir kitab – “Zəlimxan Yaqub” adında bir fotoalbomu da
qoşuldu. Poliqrafik icrasına, bədii-nəfis tərtibatına,
ən başlıcası da mövzusuna və ideyasına
görə dəyərli, möhtəşəm olan “Zəlimxan
Yaqub” fotoalbomunu neçə gündü hər cür
qayğılardan kənar bir vaxtda, bu möhtəşəm
abidə ilə yalnız olacağım asudəlikdə vərəqləməyə
macal gəzirdim. Axır ki, belə macalı bir gecənin səssizliyi
ilə dan üzünün ağarmağa
başladığı bir arada tapdım...
Onu
deyim ki, Zəlimxan Yaqubun yaradıcılığı ilə
şairin ədəbi mühitdə boy göstərdiyi
vaxtlardan tanışam. Vaxtaşırı əsərləri
ilə təmasda olmuşam. Bu fotoalbom məndə xoş təəssürat,
zərif duyğular oyatmaqla yanaşı, həm də bir oxucu
kimi məni bu yaradıcılıq yolunun qət etdiyi məsafəni
şairin öz xatırlamaları, sənət
adamlarının onun şəxsiyyəti və
yaradıcılığı haqqında söylədiyi fikirləri
və nəhayət, əsərlərdən verilən
nümunələrin təsiri ilə ötüb-keçməyə
ruhlandırdı.
Bu
fotoalboma hansı istiqamətdən yanaşdımsa,
qarşımda bədii, ensiklopedik ədəbi bir salnamə
gördüm. Kitabı aramla, tutiya bir maraqla, gözdolusu həvəslə
vərəqləyirəm. İlk səhifədə şairin
həcmcə yığcam, dəyərcə dərin olan
fikirləri məni çəkib saxlayır. Mən o cümlələri
başdan sonacan burda səsləndirmək istəsəm də,
fikrimdən daşındım. Elə təkcə o səbəbdən
ki, kitab boyu sənətkarın bütün fikirləri,
xatırlamaları insanı vəcdə gətirir. Hansı
birinə yer verəsən... Amma şairin
yaradıcılıq yolunun, həyat amalının manifesti
kimi gördüyüm bu bir səhifəlik hesabatın ilkin sətirlərini
gözümdən-dilimdən kənarda saxlaya bilmədim:
“Ayağım yer, əlim qələm, dilim söz tutan
gündən qulağıma mübarək səslər gəldi.
Ata sözü, ana laylası, ağsaqqal kəlamı, ustad kəlməsi,
ozan öyüdü, Quran avazı, Tanrı duası, dərviş
oxşaması, saz sehri... Allahın mənə
ayırdığı möhlət çərçivəsində yıxıla-yıxıla yeridim,
yeriyə-yeriyə bərkidim, bərkiyə-bərkiyə mətinləşdim.
İlahi səslərin mənə
pıçıldadığı, dediyi,
tapşırdığı nə vardısa, yerinə yetirməyə
can atdım...” O, Tanrıdan gələn bu mübarək səslərə
elə Yaradanın özünün bəxş etdiyi
şairlik fəhmi, istedadı, zəhmətilə cavab verməyə
çalışıb.
Filologiya
elmləri doktoru, professor Teymur Əhmədov Zəlimxanın
bulaq kimi qaynayan poeziyasının işığında tərtib
etdiyi bu fotoalboma “Azərbaycanın nəğməkar ürəyi”
adlı dəyərli bir “Ön söz” yazıb. Bu əsərlərdən
asta-asta, usta-usta topladığı inci fikirlərlə,
köhlən atını tarixlərin qırış
düşmüş yaddaşının içiylə səyirdən
Məcnunun, qüdrətli söz sərkərdəsinin
axarlı ömrünü fotolarla nizama düzüb. Bu təqdimat
Zəlimxanın yaradıcılıq yolunu kinolenti kimi göz
önündən keçirməyə şərait
yaradır. Professor şairin yaradıcılıq yolunu ilk başlanğıcdan
mükəmməl bir formada izləmiş, bu
yaradıcılığın milli-mənəvi, bəşəri
dəyərlərindən sistemli şəkildə bəhs
etmişdir. Şübhəsiz, Azərbaycanın ictimai fikir
tarixində özünün yeri olan və taleyini xalqın
taleyində yaşayan sənətkarın ömür yolunu dərindən-dərinə
izləmək, əsərlərinin yaranma tarixinə və
şəraitinə bələd olmaq, bütün bunlara həm
də müasirlərinin şairin
yaradıcılığı və ədəbi şəxsiyyətinə
verdikləri dəyərin fonunda aydınlıq gətirmək
böyük araşdırmanın nəticəsidir.
Teymur
Əhmədovun buna qədər “Nəriman Nərimanov”, “Səməd
Vurğun”, “Süleyman Rüstəm”, “Xəlil Rza Ulutürk”
fotoalbomları ictimai-ədəbi mühitdə maraqla
qarşılanıb. Haqqında bəhs
açdığımız kitab isə tərtibçinin
indiyə qədər bu sahədə qazandığı
böyük təcrübənin ən gözəl, kamil bir
nümunəsi kimi diqqəti çəkir. Onun bir ədəbiyyatşünas
təfəkkürü, şair təbiəti,
yazıçı səriştəsi, naşir təcrübəsinin
bəhrəsi kimi ərsəyə gətirdiyi “Azərbaycanın
nəğməkar ürəyi” insanı bu şairi dərindən
duymağa, oxumağa, təəssüratlarını
yaddaşında hifz etməyə həvəsləndirir. “Azərbaycanın
nəğməkar ürəyi” əlimdən, fikrimdən
yapışaraq məni böyük yolun axarına saldı. Mən
də Kəpənəkçidən başlamış,
dünyanın bir çox məmləkətlərini dərviş
təki dolaşan aşığın keçib-getdiyi
yolların ağına düşdüm.
“Ön
söz” şairin Azərbaycan ədəbiyyatı tarixində
açdığı Zəlimxan Yaqub səhifəsinin ədəbi-ictimai
siqlətini, ideyasını dolğun şəkildə ifadə
edib. Bu ədəbi şəxsiyyətin kökdən-rişədən
gələn saz sənətinə gətirdiyi təptəzə
rəngləri, çalarları bütün əlvanlığı
ilə təqdim edib. Müəllif şairin yaradıcılıq
nümunələrinin sadəcə adını çəkmir,
onların hər birinin qələmə gələnəcən
hazırlıq dövrünü, ömür keçidlərində
ruhunu dindirən hikmətləri, bədii-fəlsəfi
düşüncələrini bir ədəbiyyatşünas nəzərləri
ilə şərh edir.
Teymur müəllim onun sənətə
gəlişindən başlamış, əsərlərinin
yaranma tarixinə işıq salıb. Müəllif şairin
kitablarının ideya sənətkarlıq
xüsusiyyətlərindən dolğun şəkildə bəhs
etdiyi məqamların birində deyir: “Milli müstəqillik, vətəndaşlıq,
tarixi kökə, ənənəyə bağlılıq
fikrinin poeziyada güclənməsi Zəlimxan Yaqubun ürəyindən
xəbər verirdi. Şünki bir şair kimi onun
yaradıcılığı mübarizlik ruhu ilə köklənmişdi.
Onun gənclik ehtiraslı romantik duyğuları, dəryanın
coşqun dalğaları kimi məcraya sığmır,
üçrəngli bayrağın, istiqlaliyyətin eşqilə
çırpınırdı”. Mən niyə “Ön
söz”ün üzərində bir qədər ətraflı
dayanmağa üstünlük verdim? Çünki hər
hansı bir sənətkarın yaratdıqlarını göz
önünə almaq, bütövlükdə
yaradıcılığını izləmək, oxumaq sadəcə
mümkün deyil. Odur ki, belə nəşrlərdə kitaba
yazılan giriş sözü qəhrəmanın həyatına,
yaradıcılıq yoluna kompleks şəkildə
yanaşılması böyük əhəmiyyət kəsb
edir. Bu da tərtibçidən sənətkarın sənət
dünyasına yaxından bələd olmasını tələb
edir.
Mən
bu fotoalbomu 2012-ci ilin ən uğurlu nəşrlərindən
sayıram. Əzəli, bu janrda yüksək zövqlə, nəfis
tərtibatla nəşr olunmuş kitablar ümumiyyətlə,
ədəbiyyat tariximizdə barmaq sayına gələr.
İkinci bir tərəfdən, kitab maraqlı bir mövzuya,
xalqın çox sevdiyi şairinə, Zəlimxan Yaquba həsr
olunduğundan ictimai-ədəbi maraq
doğurur. Elə ustad sənətkara həsr olunmuş
bu fotoalbomu yüksək zövqlə, şairin
yaradıcılıq yolunu maraqlı, həm də əhatəli
bir formada tərtib etməyin
özü bir sənətkarlıq nümunəsidir.
Şübhəsiz, belə bir ustad sənətkarın
yaradıcılığına ürək söykəmək,
poetik duyğularını zəngin, rəvan bir təhkiyənin
dili ilə təhlil etmək böyük bir tədqiqatın mənəvi
yüküdür. Bu yükə çiyin vermək də məsuliyyətli
və hünərli bir işdir. Gərək
sözünü o kəslər
haqqında deyəsən ki, onlar böyük ideallarla
yaşayan fitri əməllər sahibi olsunlar. Nizami kimi,
Füzuli, Nəsimi, Vaqif, Sabir, Səməd, Mirzə Cəlil...
və Zəlimxan kimi münəvvər insanların, öz
talelərini xalqın taleyində yaşayan ədəbi şəxsiyyətlərin
yaradıcılığına işıq çiləmək
həqiqətən də böyük zəhmət tələb
edən faydalı işdir.
Açığı,
bu albom-kitab torpağın dərin qatlarına işləmiş,
yüzillərin yaddaşına rişə atan qos-qocaman
yaradıcılıq yoluna üz tutmağıma bir vəsilə
oldu. İlahi bir eşqdən nur alan belə bir
yaradıcılıq ecazını duymaq, onun sehrinə, hikmətinə
siqlətinə varmağın özü də mənəvi saflığa,
təmizliyə qovuşmaqdır. Bu kitab mənim
üçün Zəlimxan Yaqubun sənət məbədinin
qapısından içəri keçməyimə bir
açar oldu. Saz çalmağa, şeir qoşmağa, dastan
yazmağa hünərim olmasa da sazın nişan verdiyi elləri
gözlərimin qarşısında canlandırmağım,
gördüyüm yerləri oymaq-oymaq gəzməyim,
görüb-duyduqlarımdan təsirlənməyim var. O,
havalarda oxunan dərdlərimizin açdığı
yaralardan köz-köz olub oyulmağım var. Zəlimxanın
sənət ecazını duymağa ən azından bir oxucu
zövqüm var...
lll
Kitab
hansı özəlliklərə malikdir? Burada maraqlı görünən tərəflərdən
biri budur ki, fotolar qəbul etdiyimiz ənənələr
üzrə deyil, orijinal bir üslubda təqdim olunub. Burda sanki
bir şah əsərin süjeti qurulub. Süjetin
açılması, onun çoxşaxəli hadisələr
üzrə inkişafı zaman anlayışının,
keçmişlə gələcək arasındakı
bağlılığın nizamı ilə sıralanıb.
Bu fotoalbom mənə həm də salnamə janrında
yazılmış epopeyanı xatırladır. Minilliklərin
səsini, mühitini günümüzlə bağlayan,
ictimai-bəşəri fikirləri ilə səsləndirən
bir epopeyanı. Çünki bu bədii-sənədli əsərin
qəhrəmanı olan Zəlimxan Yaqub minillərin və
çağdaş ədəbiyyatımızın mühitində
yaşayan bir sənətkardır.
Təbiidir
ki, Zəlimxanın çoxsaylı və çox dəyərli
əsərlərində qəhrəman təbiətin
yaratdığı möcüzələrdən tutmuş xalqın milli-bəşəri faciələri,
ulu sənətkarların ədəbi-ictimai taleyi olub. Bu
fotoalbomda isə qəhrəman şairin özüdür. Onu
boya-başa çatdıran yurdun təbiəti, gənclik illəri
və sonrakı dövrün ədəbi
axtarışları, yaradıcılıq
uğurlarıdı. Tanrı sevgisinin nurunda
yaratdığı ədəbi abidələr də qəhrəmanın
şəxsində işıqlandırılıb. Bütün bunlar şairin həyatını,
sənət dünyasını, bu sənətin
varidatını bir epopeyanın inkişafı fonunda
açır. Tərtibçinin ustalığı da
ondadır ki, sənətkar ömrünə həm də bir ədəbi
ekskurs olan belə bir monumental əsərin süjetini məharətlə
işləyib. Zəngin faktlarla, orijinal bir üslubda və zərgər
incəliyi ilə işlənmiş fotoalbom oxucuda şairin əsərlərini
yenidən oxumağa, öyrənməyə və bu
yaradıcılıq yolundan faydalanmağa maraq doğurur.
1967-ci
ildə Bolinisidə çıxan “Qələbə bayrağı”ndakı
ilk çıxışı, Bakının qaynar ədəbi
mühitinə düşməsi, sənət adamlarıyla
görüşləri, ədəbi əlaqələri, Zəlimxan
yaradıcılığı haqqında ustad sənətkarların
sözü şairin ömür yollarına səpilmiş
çiçəklər qədər ətirli və rəngarəngdir.
Ayrı-ayrı vaxtlarda deyilmiş bu fikirlərlə
ardıcıllıqla tanış olanda Zəlimxan sənətinin
ecazı, qüdrəti yaradıcılığının
fonunda gözümüz önündə pərdə-pərdə
açılır. Kimlər bəhs edib onun
yaradıcılığından? Osman Sarıvəlli, Kamal
Talıbzadə, Hüseyn Arif, Tofiq Bayram, Xəlil Rza Ulutürk,
Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Nəriman
Həsənzadə, Sabir Rüstəmxanlı, Nizami Cəfərov,
Anar, Vaqif Səmədoğlu, Səlahəddin Xəlilov,
Rüstəm Kamal... Bu ədəbi şəxsiyyətlər Zəlimxan
yaradıcılığına hər zaman yaxın olublar.
Şairin sənətə gəlişinin yeni
çağlarından yaradıcılığına
böyük ümidlər bəsləyən, şeirlərindən
vurğunluqla bəhs edən ustadların fikirlərinin kitabda
yer alması alboma bir forma bitkinliyi verir. Ədəbi məclislər,
rəsmi görüşlər içərisində günlər
yaşayan, ictimai səfərlər, yollar, məsafələr
qət edən şairin ədəbi
yaradıcılığında böyük mövzuların
yaranmasına və onların sənətkarlıqla,
ustalıqla işlənməsinə, ərsəyə gətirilməsinə
geniş meydan açıb.
Kitabdakı
fotoların sıradan adi bir foto olmadığı, hər
birinin mahiyyətində bir ictimai fikir, bədii
düşüncənin ədəbi axtarışları
qarşımızda varaq-varaq açılır. Bu fotolar qəhrəmanın
bütövlükdə yaradıcılığının, ərsəyə
gətirdiyi əsərlərinin yaranma tarixinin salnaməsidir.
Təəssüratlarla zənginləşib
dolğunlaşdıqca onu da hiss etdim ki, sözə söykək
kimi bu yaradıcılıqdan bir yarpaq fikir, nümunə vermək
çətindir. O səbəbdən ki, Zəlimxanın
bütün şeirlərində fikirlər başdan-başa
qüdrətdən doğulub, burada təsvirlər, ictimai və
bəşəri düşüncənin özünəməxsus
ifadəsi çox güclüdür Kitabda hansısa bir fikri,
misranı, bəndi daha təsirli bilib, onu nümunə
göstərmək doğrudan da çətindir. Mən burda
şeirlərin seçiminə diqqət edəndə
kitabın ruhuna hopmuş bənzərsiz səliqə-sahmana
heyrət etdim.
Fotolar
dil açır, qəhrəmanın uğurundan, barlı-bəhərli
illərindən danışır. Mən bu fotoların
içərisində birinin üzərində ayrıca
dayanmaq istərdim. Şairin valideynləri Yusif müəllimlə
Güllü xanımın birgə çəkdirdikləri
şəklə baxıram. Bir cüt göyərçinə
bənzəyən bu xoşbəxtlərin gözlərinin
aynasında təmizlik, saflıq görürəm. Bəlkə
də ilıq bir yaz günündə çəkdirdikləri
bu şəkildən gözümü çəkə bilmirəm.
Aralarında tutduqları bir dəstə qızılgül
sevgilərinin, mehr-məhəbbətlərinin rəmzidir.
Güllü xanımın baş örtüyünün
aşağı ucunu yaşmaq kimi bağlaması, üstən
qoyduğu güllü-tikməli başlığı gəlin
xanıma gözəl yaraşır. Gəncliyindən
müdriklik yağan göyçək gözlərinin dərinliyində
sezdiyim vəfa, sədaqət, ocağına
bağlılığı qəlbimi riqqətə gətirdi.
Yusif müəllimin bu gözəlliyin yanında
vüqarlı bir görkəmdə əzəmətlə
dayanması cütlüyün iki canda bir ürəyin
döyüntüsü kimi doldu qəlbimə. Yanaşı səhifədə
balaca Zəlimxanın mehriban baxışlarında, gülər
gözlərində valideynlərinin saflığını,
paklığını, qürurunu gördüm.
Düşündüm ki, mayası saflıqdan, ülvi məhəbbətdən
yoğrulmuş sevginin meyvəsi də saf olar...
Salnamə
janrında ilk dəfə rastlaşdığım uğurlu cəhətlərdən
biri də çox fotoların özünün
xatırlamaları ilə bu yaradıcılığın ana
xəttini ifadə etməsi idi. Şairin uzaqlara dikilmiş
baxışları, odlu-alovlu
çıxışlarının fotoda əks olunmuş
anları, böyük şəxsiyyətlərlə, sənət
dostları ilə bir sırada görünməsi, xatirələrə
işıq çilədiyi zamanlar həm də şairin
çağdaş dövrümüzün ictimai-ədəbi
mühitindəki varlığının var olduğunu
göstərir. Şeirə, sənətə, ümumən ədəbiyyata
marağı onu bu mühitin adamları ilə qaynayıb-qarışdırır.
Hər birinin könül dünyasına,
yaradıcılıq aləminə yaxınlaşdırır.
Ədəbi görüşlər, söhbətlər,
polemikalar da başqa bir istiqamətdən şairi vətən,
torpaq, yaddaş ağrıları ilə
duyğulandırır. Heç kimə bənzəmədən
öz yolunu gedir, ruhunun səsi ilə yazıb-yaradır.
Bütün bunları onun bir-birindən maraqlı tarixi, nadir
fotolarından da duymaq mümkündür. Həm fotolar, həm
də əsərlərindən nümunələr, ustad sənətkarların,
ziyalıların şair haqqındakı fikirləri,
xatırlamaları bir-birini elə bir nizamla tamamlayır ki, bu ədəbi
formaya, bədii səliqəyə həqiqətən heyran
qalmaya bilmirsən. Şübhəsiz, burda qəhrəmanla tərtibçinin
zəhməti, birgə əməyi salnamənin unukal bir
formada ərsəyə gəlməsini reallaşdırıb.
Şairin bir çox əsərlərinin yaranmasına,
yazılma tarixinə, şəraitinə aydınlıq gətirilməsi
də oxucuda maraq doğurur. Yəni bu mövzuların göydəndüşmə
olmadığını, hər birinin bir tarixi hadisəyə
söykəndiyini ifadə edir.
Bu
kitab elm-sənət, ədəbiyyat, mədəniyyət sahəsinin
neçə-neçə şəxsiyyətinin də nurlu
simalarını, xatirələrini yaşadır. Zəlimxan həyatının
çağlayışını, ömrünün qaynar, məhsuldar
illərini bu ədəbi şəxsiyyətlərlə birgə
yaşayıb. Süleyman Rəhimov, Osman Sarıvəlli, Rəsul
Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Hüseyn Arif... bu
gün də ədəbiyyatın, mədəniyyətin, incəsənətin
qaynayan mühitində yazıb-yaradan ədəbi şəxsiyyətlərlə
təmasda yaşayıb-yaradır.
Burada
onun haqqında deyilmiş fikirlər də Zəlimxan
yaradıcılığının özəlliklərinə
işıq salır. Nizami Cəfərov yazır: “O, yalnız
“öz şeirini” yazıb-oxumaqla kifayətlənmədi, nə
qədər böyük istedad sahibi olsa da, yalnız
özündən demədi, Azərbaycan xalqının “Dədə
Qorqud”dan, Nizamidən, Füzulidən, “Koroğlu”dan, Vaqifdən,
Aşıq Ələsgərdən, Səməd Vurğundan,
Şəhriyardan... başlayan tükənməz poetik
istedadına yiyə durdu və ustadları özündə
ehtiva etdiyinə görə özü də
ustalaşdı”...
Təbii
ki, bu qədər zəngin və mənalı bir şair həyatı
yaşayan Zəlimxan Yaqubun ədəbi
ömürlüyünü bir salnaməyə
sığışdırmaq mümkün deyil.
Ancaq
salnamə janrında maraqlı olan bir cəhət də odur
ki, qəhrəman özü çox fotolarda əks olunmuş
xatirələrini dilləndirir, yada salır.
lll
Zəlimxan Yaqub təkcə son iki əsrin
qovuşuğunun şairi deyil. O minillərin ustad sənətkarlarının
çağdaşıdır. Hərdən mənə elə
gəlir ki, Zəlimxan Nizaminin,
Mövlananın, Nəsiminin, Yunus İmrənin, Sarı
Aşığın, Dədə Ələsgərin
müasiridir. Şairin bütün əsərləri, ələlxüsus
poemaları, dastanları böyük ömürlərin, ədəbi
talelərin araşdırılması baxımından diqqəti
çəkməklə yanaşı
oxucuya bədii zövq, heyrətamiz dəyər bəxş
edir.
Sənətdə
bənzərsiz bir ömür yaşamaq, söz varidatından
əzəmətli dağ yaratmaq, yaratdıqlarınla
türkün adına şərəf gətirmək və belə
bir ömrün mənəvi davamını görmək sənətkarın
xoşbəxtliyidir. Xalq şairi Zəlimxan Yaqub belə
xoşbəxt sənətkarlardandır.
P.S.
Yanvarın 21-i Zəlimxan Yaqubun doğum günü idi. Bu
münasibətlə hörmətli şairimizi təbrik edir,
ona Tanrıdan can sağlığı və yeni
yaradıcılıq uğurları diləyirəm.
Şəfəq Nasir
525-ci qəzet.- 2013.- 22 yanvar.- S.7.