Bolluqda batan sözlərimiz..

 

 ƏLİ MƏSİMLİ: “MƏHSUL VƏ XİDMƏTİN KEYFİYYƏTİ FİRMANIN ADINDAN DAHA ÖNƏMLİDİR”

 

 Yeni ilin ilk günü belə bir SMS aldım: “Salam, “treider”, sizi Yeni il münasibəti ilə təbrik edirik!” Reklam xarakterli bu mətndə bir söz diqqətimi dərhal çəkdi: bu “treider” nədir, axı? Sözü hərfi mənada tərcümə eləyəndə, mənə “alverçi” deyirdilər. Yox, o qədər də, türkün sözü, gerizəkalı deyiləm, anlayıram ki, SMS göndərən bu sözü “istehlakçı” mənasında işlədib.Amma işi niyə bu qədər qəlizləşdirirlər, axı? Nəticədə SMS  mətnini göndərən də, qəbul edəndə biz özümüzük. Bu mətni Azərbaycan dilində yazmaq olmazdımı?

Əcnəbi sözlərə paytaxtımızın hər bir köşəsində rast gəlmək olar. Elan və reklam lövhələri, satış-iaşə obyektləri, müxtəlif istehlak məhsulları əcnəbi dildə adlandırılması əhalinin əksəriyyəti üçün anlayışsız qalır. Vəziyyət o həddə çatıb ki, yerli əhali nişan və işarələrdən agah olaraq hər hansı bir satış obyektinə – ixtisaslaşmış mağazalara daxil olurlar. Bir vaxtlar dilimizə, ədəbiyyatımıza hopmuş əcnəbi sözlər, artıq yediyimiz çörəyə qədər gəlib çıxıb. Paytaxta nəzər saldıqda insan öz şəhərində özünü qərib kimi hiss eləməyə başlayır.

Dünyaya inteqrasiya edilən bir dövrdə yaşadığımız üçün bu tip halların baş verməsi qaçılmaz olduğunu düşünən marketinq mütəxəssisi Orxan Abbasov hesab edir ki, istənilən şəraitdə Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmuş çərçivədə işlərin aparılması vacibdir: “Alternativ olaraq brendlərin, sloqanların və digər sözlərin mümkün olan qədər Azərbaycan dilində yazılması və təbliğ edilməsi yaxşı olardı. Bəzi ölkələrdə, hətta xarici brendlerin də lokallaşdırılması siyasəti həyata keçirilir ki, bu da birbaşa dövlət tərəfindən dəstəklənir. “Dövlət dili haqqında” qanunda da təsbit olunmuş xidmət sahələrində reklam və elanların işlənməsinə dair bır sıra müddəalar var. 7.1. maddədə Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilməsi qeyd olunub. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Əlbəttə, Azərbaycan dilində əks olunmuş isim daha gözəçarpan, digər dildə yazılmış söz isə kiçik ölçüdə olmalıdır”.

Qeyd edək ki, ötən il Azərbaycan Dil Qurumu İctimai Birliyi dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinə müraciət edib. Müraciətdə ADQ bundan sonra qeydiyyata alınacaq hüquqi şəxslərin firma adlarının dövlət dilinin normalarına uyğun olmasına xüsusi nəzarət edilməsi ilə yanaşı, mövcud firma adlarının tədricən “Dövlət dili haqqında” qanunun tələblərinə uyğunlaşdırılmasını Vergilər Nazirliyindən xahiş edib. “Dövlət dili haqqında” qanunun 17-ci maddəsinə əsasən, “hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdı. Mövcud vəziyyətdə bu cür halların qarşısını almaq isə bir o qədər də asan deyil. Çünki dünyaya inteqrasiya mühiti, eyni zamanda da texnologiyanın inkişafı ilə əlaqədar xarici söz axını sürətlə davam edir. Bu axının qarşısını almaq mümkün olmasa da əslində buna zərurət də yoxdu. Məsələ ondadır ki, əcnəbi sözlər öz dilimizdə heç bir sözə alternativ kimi qəbul edilməməlidi. Yeni söz yeni anlayışı ifadə etməlidi.

Gündən-günə avropalaşan, ingilisləşən dünyamızda qəbul edilən haldır ki, bir çox alınma sözlər əksər dövlətlər kimi bizim də lüğət tərkibimizin bir hissəsinə çevrilərək, beynəlmiləl söz statusu daşıyır. Lakin bir çox hallarda ehtiyac olmadan dəyişikliyə məruz qalan sözlər dilin quruluşuna olduqca mənfi təsir göstərir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sozial İnnovasiyalar İnsitutunun rəhbəri Əli Məsimli qeyd edir ki, “bu məsələni Milli Məclisin komissiyalarının iclasında qaldıranda qarşı tərəf bildirdi ki, bizi həmin adla tanıyır və qəbul edirlər. Sizin təklifinizi qəbul edib adımızı dəyişdirsək, heç kəs bizi tanımayacaq və maddi itgilərə məruz qalacağıq. Təbii ki, mən bunu əsalandırılmış arqument hesab etmirəm. İlk mərhələdə məhsul və xidmətin keyfiyyəti firmanın adından daha önəmlidir”.

Mütəxəssislər də öz dilimizdən olan sözlərin əcnəbi sözlərlə əvəz olunmasını yaxşı hal hesab etmirlər. Onsuz da bir əsrdə 4 əlifba dəyişmiş xalqımızın dilinin bütövlüyünü qorunması çətin mərhələlərdən keçib. Və heç şübhəsiz ki, xarici dil təsirindən də yan ötüşməyib. Görəsən doğrudanmı anlamırıq ki, bura nə ingilis torpağı, nə də Hindistan deyil ki, yolda bir inək görəndə onu müqəddəs sanıb heç öz dilimizdə də çağıra bilməyək. Ya da qoymayaq elə olsun, bütdəşməyək, bütdəşdirməyək.

Söhbət ölkənin çox mühüm atributu – Dili haqqında idi. Onsuz da saat hesabı sürətlə dəyişən, inkişaf edən dünyamızda bir də dilsizlik xausu yaşamayaq, gələcək nəsillərə yaşatmayaq. Dil bir millətin imanı, keçmişi, bu günü, gələcəyidi.

 

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2013.- 22 yanvar.- S.5.